Rafiq Kaşanlı
“Ömrümü boşuna
yaşamamışam...”
70 YAŞLI MƏDƏNİYYƏT XADİMİ HƏYATI
BOYU SƏNƏT NAMİNƏ VƏ İNSANLAR
ÜÇÜN FAYDALI İŞLƏR GÖRMƏYƏ
ÇALIŞDIĞINI DEYİR
İncəsənət,
teatr onun üçün bir enerji, ilham mənbəyidir. Həyatı
boyu bu sevgisinə sadiq qalan bu insanın mədəniyyətimizdə
özünəməxsus xidmətləri olub. Ömrünün
51 ilini incəsənət aləminə həsr edən bu
işıqlı insan yorulmadan, usanmadan, sənətə olan
sevgisindən bir zərrə belə itirmədən 70
yaşın astanasına gəldi. Haqqında bəhs etdiyim bu
sənət fədaisi əməkdar incəsənət xadimi,
Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini
Rafiq Kaşanlıdır. Rafiq müəllim uzun illərdir ki,
bu sənətin əsl fədaisinə çevrilib. Onun teatra,
incəsənətə olan məhəbbəti 51 il ötməsinə
baxmayaraq hələ də sönməyib. Rafiq müəllim həyatını
məhz teatr və mədəniyyət üzərində quran
insanlardandır. Səhnəyə olan maraq və sevgisi onu
1960-cı ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinə aparıb
çıxarır. Rafiq Kaşanlı bu Universitetin aktyorluq
fakültəsinə daxil olur və günümüzün dəyərli,
korifey aktyorları ilə bir qrupda ustad sənətkarlardan bu sənətin
sirlərini öyrənir. Atası riyaziyyat müəllimi,
anası həkim olan Rafiq Kaşanlının bu arzu və istəyini
valideynləri əvvəl təəccüblə
qarşılasalar da, övladlarının bu fikrinə
hörmətlə yanaşırlar: “Hələ orta məktəbdə
oxuyarkən mən tədbirlərdə aparıcılıq
edirdim, kiçik rollarda oynayırdım. Atam da mənim bu həvəsimi,
qabiliyyətimi hiss edirdi. Ona görə də mənə
qarşı anlayışlı davrandı və seçimimlə
razılaşdı. Mən özümü xoşbəxt hiss
edirəm ki, bu sənəti seçdim. Bəlkə də məni
bu yaşa çatdıran da elə o nəfəs olub. Mən
hər dəfə gedib bir tamaşaya baxanda bu mənim
üçün bir aylıq enerji mənbəyi olur. Mənim
hər zaman səhnəyə böyük bir məhəbbətim
olub. Buna görə də 1960- cı ildə qərara
aldım ki, İncəsənət Universitetinə daxil olum. Ən
böyük xoşbəxtliyim də o oldu ki, mən Həsən
Əbluç, Şahmar Ələkbərov, Səfurə
İbrahimova, Tariyel Qasımov, Ağaxan Salmanlı, Nurəngiz
Gün kimi dəyərli sənətkarlarla bir qrupda Adil
İsgəndərov, Mehdi Məmmədov, Müxlis Cənizadə,
Rza Təhmasib kimi korifeylərdən, ustadlardan dərs
almışam. Tale elə gətirdi ki, təhsilimi başa
vurduqdan sonra peşəkar teatra getmədim, ömrümü
ictimai təşkilatlara həsr etdim”. Əvvəlcə
Respublika Komsomol Mərkəzi Komitəsinin mədəniyyət
şöbəsində işlədikdən sonra Rafiq müəllim
Mədəniyyət Nazirliyində Mədəni Maarif İdarəsinin
rəisi vəzifəsində çalışır. Mədəniyyət
Nazirliyində işlədiyi 17 ilin 6 ilini o, ixtisasartırma
kursunun rəhbəri, qalan illəri isə rəis müavini,
daha sonra isə rəis kimi fəaliyyət göstərir.
“O zamankı mədəniyyət
nazirimiz Zakir Bağırov çox yüksək mədəni
səviyyəyə malik bir insan idi. Mənim bəxtim orda gətirdi
ki, o insanla uzun illər bir yerdə işlədim. O, 70-ci illərdə
nazirliyə gələndən sonra sanki mədəni inqilab
oldu, mədəniyyətə yeni bir nəfəs gətirdi. Sonralar
Mədəniyyət Fonduna sədr müavini keçdim. Burda
da bəxtim gətirdi ki gözəl alim, sənətsevər
insan Kamal Abdulla ilə çalışmalı oldum. Onun rəhbərliyi
ilə biz bir çox işlər həyata keçirdik.
Bildiyiniz kimi, 90-cı illər çox ağır dövr idi.
Bizim çox incəsənət xadimlərimiz istər maddi,
istərsə də mənəvi cəhətdən çox əziyyət
çəkirdilər. Muxtar Maniyev, Muxtar Avşarov, Sofa Bəsirzadə,
Məhluqə Sadıqova, Oqtay Ağayev kimi qocaman sənətkarlarımız
teatrdan, səhnədən
uzaqlaşdırılmışdılar.
O zaman Kamal müəllim çox
gözəl bir təklif verdi ki, biz bu sənətkarları
bir yerə toplayıb “Sönməyən ulduzlar” adlı
ictimai bir teatr yaradaq və sübut edək ki, bu sənətkarların
ulduzları hələ də sönməyib. Biz əvvəlcə
bir assosiasiya yaratdıq. Bu assosiasiyanın əsas məqsədi
həmin sənətkarları bir araya toplayıb onların
yubileylərini, yaradıcılıq gecələrini qeyd etməkdən
ibarət idi. Nəhayət 1998-ci ildə teatr yarandı,
1999-cu ildə bizim çox gözəl rejissorumuz, əməkdar
incəsənət xadimi Məmmədkamal Kazımovun köməkliyi
ilə biz yüksək səviyyəli tamaşalar səhnəyə
qoyduq. “Vaqif”, “Solğun çiçəklər”
tamaşalarını hazırladıq. Məmmədkamal
Kazımov rəhmətə getdikdən sonra biz teatra başqa
bir tanınmış rejissoru – Hafiz Fətullayevi dəvət
etdik. Onun quruluşunda Şıxəli Qurbanovun “Sənsiz”,
Hafiz müəllimin öz əsəri olan “Daşları
yığmağın vaxtıdır”, Nazim Hikmətin “Qəribə
adam”, Üzeyir Hacıbəyovun məşhur “Ər və
Arvad” tamaşaları səhnəyə qoyuldu. İşimiz
yenə də davam edir. Bizim teatr Azərbaycanda fəaliyyət
göstərən yeganə ictimai teatrdır. Burdakı
aktyorların hər biri sənət fədaisidir. Onları bu
sənətə olan sevgiləri, vurğunluqları
yaşadır. Mən əlimdən gəldiyi qədər
çalışıram ki, onlara maddi və mənəvi
köməklik edim. Hazırda mənim şəxsi təşəbbüsümlə,
Mir Möhsün Ağa ziyarətgahından burda
çalışan 20 nəfər mədəniyyət və
incəsənət xadimi humanitar yardım alır. Bizim
teatrdakı aktyorlardan bir neçə nəfəri prezident təqaüdçüsü
olsa da, ümumilikdə onların hər birinin qayğıya
ehtiyacı var”.
Rafiq Kaşanlını
tədbirlərdə mahir bir qiraət ustası kimi də
görmək olar. Dəfələrlə onun ifasında dəyərli
poeziya nümunələrini dinləmiş birisi olaraq, Rafiq
müəllimin bu sahədə də əsl peşəkarlıq
göstərdiyini söyləyə bilərəm.
“Mən tələbə
vaxtlarımdan bədii yaradıcılığa da, bədii
qiraətə də böyük həvəs göstərmişəm.
Aktyorluq qabiliyyətinin mühüm bir hissəsi məhz bədii
qiraəti bacarmaqla bağlıdır. Bir çox
yaradıcılıq gecələrində bədii qiraət
nümunələrilə çıxış etmişəm.
Aktyor kimi peşəkar teatrda işləmədimsə də,
“Sönməyən Ulduzlar”da müəyyən rollar
oynamışam. “Solğun çiçəklər” əsərində
baş rolu – Bəhramı, Nazim Hikmətin “Qəribə adam”
tamaşasında rəssamı, “Vaqif” əsərində
Eldarı canlandırmışam. Mən hər bir obrazı
oynayaraq böyük bir ilham alıram. Hafiz müəllim gələcək
tamaşalarda da mənə rol verərsə, yenə də sevə-sevə
iştirak edəcəyəm”.
Keçdiyi ömür yolunun onda
peşmanlıq oyatmadığını deyən Rafiq
Kaşanlı sənətə məhəbbətinin hər
zaman güclü olduğunu deyir: “Mənə elə gəlir
ki, ömrümü boşuna yaşamamışam. Əlimdən
gələni, həm sənət üçün, həm də
insanlar üçün etməyə
çalışmışam. Birdən elə olur ki, hər
şey yuxu kimi gəlir mənə. 70 yaşın necə gəlib
keçdiyini, nə vaxt ötdüyünü sanki
özüm də hiss eləməmişəm. Uşaqlığım,
gəncliyim mənə dünən kimi gəlir. Qocalıq
insanı kədərləndirə bilər. Ancaq hər
yaşın öz gözəlliyi var. İndi mən də
bacardığım qədər çalışıram ki,
ömrün əvvəlki mərhələləri kimi,
qocalıqdan da zövq alım”.
Günel CABİRQIZI
525-ci qəzet.-
2011.- 12 aprel.- S.7.