Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı yekunlaşıb

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalının təntənəli bağlanış mərasimi gerçəkləşib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək aprelin 2-dən 8-dək davam etmiş festivalın ölkəmiz üçün vacib əhəmiyyət kəsb etdiyini dilə gətirib. Azərbaycanın artıq beynəlxalq mədəniyyət və incəsənət festivalları mərkəzinə çevrildiyini bildirən Ə.Vəliyev bunun ölkəmizin tanınmasında xüsusi rolunu vurğulayıb. Görkəmli Azərbaycan bəstəkarı, Qara Qarayevin adını daşıyan festivalda 10-dan çox ölkəni təmsil edən musiqi qrupları bir həftə ərzində paytaxtımızda geniş konsert proqramları ilə çıxış ediblər. Konsert proqramlarına Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Fransa, Rusiya və digər ölkələrdən 50-dək bəstəkarın əsərləri səsləndirilib. Beynəlxalq festivalın təntənəli bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Solist kimi isveçrəli violin ifaçısı Patrisia Kopatçinskayanın çıxış etdiyi konsertdə tanınmış Avstriya bəstəkarı Alban Berqin, Qara Qarayevin və Fərəc Qarayevin əsərləri tədbir iştirakçılarına təqdim olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 12 aprel.- S.7.