Müsahibə“Mənim təsəvvürümdə
ideal azərbaycanlı daxilində millətçiliyini qoruyan,
amma çox gözəl liberal görüntüsü olan
insandır”
ORXAN AMAŞOV: “O YƏHUDİLƏR AZƏRBAYCANIN
DOSTLARI CƏMİYYƏTİNƏ ÜZV YAZILDILAR”
Son illər xaricdə təhsil alan tələbələrimizin sayı artmaqdadır. Mövcud sahədə xüsusi dövlət proqramı da həyata keçirilir. Bəs bu tələbələrin qürbətdə günü necə keçir? Oradan Azərbaycan necə görünür? Böyük Britaniyada, Londonda (University College London – UCL) hüquq fəlsəfəsi ixtisası üzrə təhsil alan Orxan Amaşov həmin gənclərin Azərbaycanın inkişafında böyük rol oynayacağını söyləyir...
– İngiltərədəki azərbaycanlı tələbələrin günləri necə keçir?
– Azərbaycanlı
tələbələrin həyatları əsasən
universitet daxilində olur. Yeri gəlmişkən deyim ki, əsası 1826-cı ildə
qoyulan UCL (University College London) Londonun ən qədim təhsil
ocağıdır. Dünya reytinqində 4-cü pillədə
qərarlaşan universitet anqlo-sakson məkanında unikal
mövqeyə malikdir. Mənəvi atası Jeremy Bentham olan bu
ali məktəb müxtəlif dövrlərin ən radikal
mütəfəkkirlərini yetişdirib. İngiltərədə
ilk dəfə tələbələri dini, cinsi, irqi və
siyasi ayrı-seçkilik olmadan qəbul edib. UCL-in məzunları
içərisində 30-dan çox Nobel
mükafatçısı var.
Tələbələrin həyatında
kitabxana çox mühüm yer tutur. Bəzən olur ki, onlar
səhər saat 8-dən axşam saat 12-dək kitabxanada
olurlar. Azərbaycanlı tələbələr İngiltərədə
daxili resurslarını, imkanlarını daha aydın şəkildə
görə bilirlər. Ölkələrində mövcud olan
stereotiplərdən uzaqlaşırlar və bu, onlara peşəkar
kimi irəliləməyə geniş imkan verir. Eyni zamanda,
insan kimi təkmilləşmələrinə də səbəb
olur. Yəni söhbət tək peşəkar deyil, insan kimi
yetişməkdən, özünü tapmaqdan gedir. Ona görə
də hesab edirəm ki, orada ünsiyyət qurduğum insanlar
kifayət qədər xoşbəxtdirlər və
proqressivdirlər. Əksəriyyəti ilə söhbətdə
sanki bir işıq görünür. Vətənə liberal
patriotik dəyərlərlə yanaşırlar. Bu, köhnə
sxematik patriotizm deyil, daxildə anlaşılan və praktik fəaliyyətdə
özünü göstərən düşüncə tərzidir.
– Tələbələrimiz
diaspor fəaliyyəti ilə məşğul olmağa, Azərbaycanı
o ölkədə tanıtmağa nə dərəcədə
meyllidirlər? Bu istiqamətdə təşkilatlanıb, nə
isə edə bilirlərmi?
– Müqayisəli
yanaşsaq, ötən əsrin 90-cı illərində azərbaycanlı
tələbələrin İngiltərədə, xüsusilə
Londonda mövqeləri kifayət qədər zəif olub. Bizim
yüksəlişimiz ilk növbədə 21-ci əsrin ilk
onilliyinə təsadüf edir. İngiltərədə tələbələr
təşkilatlanmağa meyllidirlər. Amma hansısa təşkilata
üzvlük formal xarakter daşımır. Tələbələrimiz
məsələlərlə bağlı sadəcə,
diskussiya etmirlər. Çalışırlar ki, mövqelərini
universitet elitasına çatdırsınlar və həmin
elitada ölkəmiz barədə müsbət təsəvvür
formalaşsın. Həmçinin yüksək intellektə
sahib gənclər kimi tanınmağa
çalışırlar ki, burada əsas məqsəd Azərbaycanı
böyük ziyalı potensialına malik ölkə kimi təqdim
etməkdir.
– Universitetdən kənarda
Azərbaycanın problemlərini İngiltərə ictimaiyyətinə
çatdırmaq üçün tələbələrimiz
işlər görə bilirlərmi?
– Bir çox böyük təşkilatlarla
işləyirik. Azərbaycanlı tələbələr bu
yaxınlarda Xocalı faciəsinin ildönümü ilə əlaqədar
Trafalqar meydanından Vestministrə qədər yol qət etdilər,
etirazlarını aksiyaları ilə ortaya qoydular.
Müəllimlərimizlə
çox yaxşı münasibətlərimiz var. Bundan
yararlanaraq Xocalı soyqırımının gündəliyimizə
salınmasına çalışırıq. Əgər
tarix fakültəsində 20-ci əsrin tarixinə, o cümlədən
soyqırımlarına dair xüsusi bölmə varsa, tələbələrimiz
ciddi cəhdlə Azərbaycanla bağlı məqamların
obyektiv çatdırılmasına çalışırlar.
Təbii ki, bunu müəllimlərlə yaxşı
münasibətlər quran tələbələr edə bilirlər.
– Londonda erməni tələbələrlə
həqiqətlərimizin yayılması istiqamətində
mübarizə necə gedir?
– Ermənilərlə
çox gərgin mübarizə gedir. Əlbəttə, uzun
illər bu məsələdə geri qalmışıq.
Xüsusilə sovetlər birliyi dönəmində ABŞ və
Avropa ölkələrində yaşayan ermənilər
mövqelərini kifayət qədər möhkəmləndirməyi
bacarıblar. Həmin erməni tələbələrin
çoxu heç erməni dilində yaxşı
danışa bilməyib, sonradan öyrəniblər. Ancaq onlar
Ermənistanla bağlı inandıqları məqamları
universitetlərdə professorlara çatdırmağa
çalışıblar və ali məktəblərdə
Erməni Mərkəzi yaratmaq istiqamətində iş
aparıblar. Məsələn, Londonda SOAS Universitetində Erməni
Mərkəzi fəaliyyət göstərir. Biz buna əks
addım kimi UCL-də Azərbaycan Mərkəzinin
yaradılmasına çalışırıq.
Hesab edirəm ki, son 7-8 ildə
ermənilərlə rəqabətdəki geriliyi
azaltmışıq və indi demək olar ki, bərabər səviyyədə
mübarizə aparırıq.
– Azərbaycan xaricdən necə
görünür?
– Ölkədə
yaşayarkən hər şey sənə toxunur. Hadisələrə,
proseslərə real, soyuq qiymət verə bilmirsən. Kənardan
isə müsbət və mənfi keyfiyyətləri daha dəqiq
görürsən. Kənardan baxanda Azərbaycan mənim
üçün özünü təsdiqləmək qabiliyyəti
ilə seçilən, bir növ özünü tapmaqda olan,
problemlərini həll etmək üçün ciddi daxili
resurslara sahib ölkə kimi görünür.
– Səncə, xaricdə təhsil
alan tələbələr Azərbaycanın inkişafı
üçün nə verə biləcəklər?
– Çox şey edə bilərlər
və artıq fayda verməyə, imkanlarını ifadə
etməyə başlayıblar. İlk növbədə
sualınızın cavabı baxımından açar rolunu
oynayacaq bir məqama toxunmaq istərdim. İngiltərədə
universitet sistemində müəllimlərlə tələbələr
arasında münasibətlər çox fərqli qurulub.
Müəllimlər tələbələrə tələbə
yox, daha çox opponent kimi yanaşır,
baxışlarının onlar tərəfindən tənqidinə
çox sevinirlər. Çünki gözəl başa
düşürlər ki, mövqelərinin gələcəkdə
işıqlandırılması və həyati qüvvə əldə
etməsi üçün tələbələrin tənqidi
mütləqdir. Məsələn, mənə universitetdə
dünyanın bu sahə üzrə ən böyük mütəxəssisləri
dərs deyirlər. Professor Dvorkin bu sahənin böyük
mütəxəssislərindən biridir. O, öz müəllimi
Hartın nəzəriyyəsini tənqid edərək,
özü bir məktəb formalaşdırıb. Hart buna
çox sevinib. Hart 20-ci əsrin birinci yarısının ən
böyük hüquqşünasıdır. Dvorkin isə 20-ci
əsrin ikinci yarısının ən böyük
hüquqşünasıdır. Onlar arasında məşhur Hart-Dvorkin
debatı var. Bu, hüquq fəlsəfəsinin mərkəzi
mövzusudur. Məsələn, mənim tezisim Dvorkinin əsərinin
tənqidinə yönəlib və bunun üzərində
işləyirəm. Professor Dvorkin bu barədə eşidəndə
çox sevindi və ona tənqidi
yanaşdığımız üçün təşəkkür
etdi.
Mənə elə gəlir
ki, biz Azərbaycanda mövcud istiqamətdə lazım olan səviyyəyə
çatmamışıq. Ola bilsin, universitet səviyyəsində
bu cür tənqidlərdən qorxuruq. Amma belə tənqidlərin
arealı artmağa doğru gedir. Məncə, xaricdə
oxuyan, opponentlik, mübarizə mühitindən bəhrələnən
insanlar inkişafları üçün çox prinsipial rol
oynayacaqlar. Təbii ki, burada individual məqam da var. Ola bilsin
ki, o tələbələrin müəyyən qismi həmin
keyfiyyətlərini sonradan fərqli, bizim üçün məqbul
olmayan istiqamətə yönəldəcəklər. Amma o keyfiyyətlər
lazımi istiqamətə yönələndə, o tələbələr
Azərbaycan üçün sərvət olacaqlar.
– Necə hesab edirsiniz, xaricdəki
tələbələrimizin əksəriyyəti sonradan Azərbaycana
qayıdacaqlarmı? Müşahidələriniz nə göstərir?
– Müşahidələrimə
görə, əksəriyyət geri qayıdacaq.
Çünki gözəl başa düşürlər ki, Azərbaycan
onlar üçün ideal ölkədir. Ona görə ideal
ölkədir ki, burada onlara tələbat var. Əgər
London hüquqşünaslar bazarında rəqabətə
daxil olursunuzsa, sizin qalib gəlmək şansınız Azərbaycandakından
azdır. Bu, məsələnin praqmatik tərəfidir. Digər
tərəfdən, səmimi şəkildə demək istəyirəm
ki, oradakı mühitdə bizimkilər kifayət qədər
azərbaycanlılaşır. Onlar sanki daxillərinə
qayıdırlar. Başa düşürlər ki, bir azərbaycanlı
kimi mənsub olduqları dövlətçilik Bakıdan idarə
olunur. Bu, qırılmaz əlaqə yaradır və çox
prinsipial məqamdır. Bu ideya yalnız o insanlarda yüksək
daxili azadlıq ruhuna malik şəxslərdə
formalaşır. Həmin ruh isə liberal patriotizmə gətirib
çıxarır. Bunu yüksək səviyyəyə
çatmış, azadlığı anlayan və dövlətə
münasibəti olan insan icra edə bilər. Mən gənclərdən
bunu gözləyirəm. Hesab edirəm ki, onların əsaslı
qismi Azərbaycana qayıdacaq və ölkəmizin
inkişafında rol oynayacaqlar.
Bir məqamı da vurğulayaraq deyim ki, bəzi azərbaycanlılar başqa millətlərin daxilində özlərini unudurlar. Bu, çox ciddi məsələdir. Hər bir fərdin müəyyən məqamda Azərbaycan üçün etdiyi əməl qlobal nəticələrə səbəb ola bilər. Həmişə yoldaşlarımla danışanda da onlarda Azərbaycan haqqında liberal, inkişafa meylli ölkə təsəvvürü yaratmağa çalışıram. Bu, çox böyük effekt verir. Mənim İngiltərədə oxuyan bir qrup yəhudi dostum var idi, İngilis Yəhudi Cəmiyyətinin üzvləri idilər. Azərbaycanla çox maraqlanırdılar. Onlara bildirdim ki, Azərbaycanda antisemitizm yoxdur, bu sahədə çox irəli getmişik, ölkəmizdə yəhudilərə münasibət çox müsbətdir, ümumiyyətlə, tolerant xalqıq.Bir müddətdən sonra gördüm ki, həmin yəhudilər Azərbaycanın Dostları Cəmiyyətinə üzv yazılıblar. Onların Dağlıq Qarabağ məsələsinə münasibəti də daha çox balanslaşıb. Ona görə də hər intellektual şəxsin bu istiqamətdə praqmatik mövqeyi olmalıdır. Təəssüflər olsun ki, müəyyən problemlər də görürəm. İnsanlar bəzən inanmırlar ki, onların atacaqları addım hər hansı nəticəyə səbəb ola bilər.
Yeri gəlmişkən, Qərbdə millətçiliyə münasibət çox mənfidir. Amma millətçilik deyəndə nasizmdən söhbət getmir. Söhbət millətini sevməkdən gedir. Mənim təsəvvürümdə canlandırdığım ideal azərbaycanlı daxilində millətçiliyini qoruyan, amma çox gözəl liberal görüntüsü olan insandır. Bu insan dünyanın gedişini anlayır, qlobal dəyərlərlə danışır, amma daxilindəki millətçiliyini də saxlayır. Dünyanı idarə edən böyük xalqlar da məhz bu psixoloji struktura malikdirlər. Onlar çox gözəl bilirlər ki, müəyyən məqamlarda güzəştə getmək olmaz. Məsələn, biz bilirik ki, Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilmərik. Çünki torpaq yenidən yaranmır. Ona görə də millətçi olmalı, öz liberal görkəmimizi də saxlamalıyıq.
– Əsl tələbə sualı: xarici mətbəxə uyğunlaşa bilirsiniz, yoxsa Azərbaycan mətbəxi üçün darıxırsınız?
– London çox kosmopolit şəhərdir. Hətta orada yaşayan etnik qrupların sayına görə Nyu-Yorkdan da kosmopolitdir. Ona görə də orada istənilən mətbəxi tapa bilərsiniz. Azərbaycan mətbəxi Türkiyə və İran mətbəxinə yaxın olduğundan Londonda həmin mağazalardan o ərzaqları ala bilərsiniz. Amma mən bununla belə, müəyyən qidalarda sönüklük hiss edirəm. Azərbaycanda olduğu kimi dadlı gəlmir. Londonda mətbəxlə bağlı xüsusi problem yaşamıram, amma Azərbaycandakı kimi sağlıqlı qidalanmıram. Sərbəstliyə, oxumağa görə çox vaxt sağlamlığının qeydinə qalmırsan. Səhər saat 9-dan axşam saat 9-a kimi kitabxanada olursansa, hansı qidanı qəbul etməyin səni maraqlandırmır. Çalışırsan ki, tələbatını ödəyəcək nə isə yeyəsən.
Ramiz MİKAYILOĞLU
525-ci qəzet.- 2011.- 12 aprel.- S.2.