Zahid Oruc: “Parlament üzvləri də and içsinlər!”
MÜSAHİBİMİZ ANA VƏTƏN PARTİYASININ
(AVP) SƏDR MÜAVİNİ ZAHİD ORUCDUR
– Zahid bəy, parlamentdəki
çıxışlarınızdan birində ölkədə
sosial amnistiyanın verilməsini nəzərdə tutan qanun
layihəsinin hazırlanması və qəbul olunması təklifi
ilə çıxış etmişdiniz . Sizcə, belə sənədin
qəbulu cəmiyyət üçün nə verə bilər?
– Bu məsələni dilə
gətirərkən ondan əvvəlki dövrdə nə qədər
onun ictimai əhatə dairəsinə malik olduğunu,
hansı xarakterdə sosial- iqtisadi məna
daşıdığını görməkdəydim və
heç şübhəsiz ki, ölkənin böyük bir
quruculuq prosesi paralel fonda bu standartlara ayrı-ayrı məkanların,
məskunlaşmanın uyğunlaşdırılmasını
tələb edirsə, amma bu proses qanun və hüquq müstəvisində
aparılmalıdır. Ona görə sosial amnistiya məsələsini
dilə gətirdim və düşünürəm ki, bunun
dövlətin ümumi siyasətilə də bir
bağlantısı, üzvi əlaqəsi var idi. Bundan əvvəlki
dövrdə biz ayrı-ayrı, fərdi olaraq, yəni,
hansısa cinayət törətmiş şəxslərin əfvindən
danışırdıq, bunu ciddi bir hüquqi amnistiya
sayırdıq, o cümlədən, hansısa şəkildə
enerji daşıyıcılarının borclarının
bağışlanması da əhaliyə yönələn
mühüm bir addım kimi dəyərləndirilə bilərdi.
Sosial amnistiya isə bilavasitə əhalinin həyat şəraitindən
doğan bir məsələydi. Nəzərə
almalıyıq ki, bu məskunlaşmanın özünün
təbii əsasları olub...
– Hansı əsaslardan söhbət
gedir?
– Bilirsiniz, dəmir yolu kənarlarında,
digər infrastruktura ərazilərdə əhalinin bəzən
qanunsuz da məskunlaşması baş verib. Bu, minlərlə,
onminlərlə deyil, bu, mənim bildiyim qədər 400 mindən
artıq insanı əhatə edir. Odur ki, dövlət
başçısı tərəfindən bu məsələyə
mühüm önəm verilməsi şübhəsiz ki,
kütləvi mühitdə, ictimai şüurda daha yüksək
rəğbət yaratmış oldu. Çünki bu ötən
illər ərzində onları ciddi şəkildə narahat
etməkdəydi, onların hüquqi vəziyyətini, sosial
durumunu təyin etməyə imkan vermirdi, o cümlədən,
gələcək hüquqa hansısa xarakterdə
addımlarını atmağa çətinlik
yaradırdı. Həmin insanlara məxsus evlərin
sökülməsı qərarı verilərkən də təbii
ki,bu, o qədər sayda insanların problemlərinin dövlətin
üzərinə qayıtması demək olardı. Belə
olan halda, prezidentin məlum yanaşması nə deməkdir?
Onların vəziyyəti təyin olunur, yəni, onlara bildiyim
qədər, səhv etmirəmsə, 2010-cu ilə qədərki
dövrdə bütün bu tikililərin hamısının vətəndaşların
xeyrinə qanuniləşdirilməsi addımı atılacaq.
Yeri gəlmişkən, bu göstərişdən sonra proseslər
geniş vüsət alıb,amma paralel şəkildə demək
lazımdır ki, hələ çətinliklər
ortadadır...
– Məmur
özbaşınalıqları yenə davam edir, yəni?..
– Bunu təkcə məmur
özbaşınalığı kimi dəyərləndirməzdim.
Hətta, o insanlar şəffaf bir idarəçiliyi istəyirlər,
tutaq ki, istər reyestr idarəsində,istərsə icra
hakimiyyətlərində, lakin proses özü hüquqi cəhətdən
tam aydın olmadığından bu problemlər hələ də,
bu günün özündə də ortadadır. Ona görə
ki, məsələn, sərəncamın alınması, eskiz
layihələrinin hazırlanması, digər texniki sənədlərin
çıxarılması və sair, böyük prosedurlar deməkdir.
Bunu hətta, qanuni formada etməyin özü də
böyük zaman itkiləridir. Ona görə
düşünürəm ki, dövlət
başçısının bu məsələ ilə
bağlı addımı, hüquqi cəhətdən qərarı
ondan ibarət olacaq ki, vətəndaşlar bir sıra bu
cür öhdəliklərdən azad olacaqlar, konkret olaraq,
hansısa sənədləri, sərəncamları toplamaq vəzifəsi
onların qarşısında qoyulmayacaq və bununla da
dediyimiz həmin sosial amnistiya qərarı vətəndaşın
xeyrinə işləyəcək.
– Necə hesab edirsiniz, gələcəkdə
sosial amnistiyadan maliyyə amnistiyasına keçilə, daha
doğrusu, ölkədə maliyyə amnistiyası verilə
bilərmi?
– Siz çox güman ki,
çirkli pulların leqallaşdırılması məsələsini
nəzərdə tutursunuz. Yeri gəlmişkən deyim ki,
bu,2000- 2005-ci illər parlament dönəmində bir çox həmkarlarımızın
da ümumi mövqeyini ifadə edirdi, yəni, söhbət
ondan gedirdi ki, hər hansı vasitələrlə bu pullar əldə
olunub, ancaq başlıca məqsəd onları ölkədən
qaçırmaq deyil, əsas vəzifə o olmalıdır
ki, həmin vəsaitlər ölkənin ümumi sosial-
iqtisadi həyatına yönəldilsin və qeyd edim ki, bu da
bir sıra ölkələrin həyatında baş verib.
Ancaq açığını deyim ki, o dövrdə də,
indiki zamanda da parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin məsələyə spesifik və
çox da ciddi əsaslara dayanan arqumentləri var idi. Onlar belə
hesab edirdilər ki, bu, gələcəkdə də
ayrı-ayrı qanunsuz pulların qazanılmasına,
çirkli maliyyənin əldə olunmasına stimul ola bilər.Yəni,
kimlərsə düşünər ki, bu vəsaitləri
qazanmaq gələcəkdə hər hansı bir hüquqi təqibə
səbəb olmur, o səbəbdən də bunun
qazanılmasından daşınmazlar. Ona görə
açıq deyim ki, hazırkı gerçəklikdə həmin
çirkli vəsaitlərə qanuni bir imtiyazın verilməsi
mövqeyini fəal şəkildə ortaya qoymuruq. Amma
inkarolunmazdır ki, bu məsələ hələ ki
ortadadır və çirkli maliyyənin də
qazanıldığını təkzib edə bilmərik.
Dövlət başçısının da antikorrupsiya siyasətinin
mühüm bir hissəsi zənn edirəm ki, eyni zamanda, həmin
pulların leqallaşdırılması təşkil etməlidir.
Bir çoxları buna bolşevikcəsinə yanaşaraq,
ayrı-ayrı şəxslərin həbsə atılması
və bu fonda eyni zamanda,onların bütün mülklərinin,
əmlaklarının, vəsaitlərinin əlindən
alınmasını tələb edirlər. Əlbəttə,
bu düzgün yanaşma olmazdı və hesab edirəm ki, bu,
həmin vəsaitləri ölkədən
çıxarardı, bu, iqtisadiyyat üçün itki
olardı. Pulun fəlsəfəsi var ki, özünə təhlükə
hiss edən kimi, həmin təhlükə məkanını
tərk edir. Odur ki, biz bu məsələdə optimal bir mexanizm
tapmalıyıq. Əgər leqallaşdırma qərarı
vermiriksə, amma nə etməliyik ki, o vəsaitlər
dövriyyədə olsun, istifadə olunsun və Azərbaycanın
xeyrinə işləsin.
– Siz həm də
deputatların and içməsini təklif edirsiniz...
– Bu, çox mühüm məsələdir və başa düşə bilmirəm ki, buna nədən parlament sədarətindən qarşı çıxıldı? Parlament üzvlərinin and içməsi dövlət quruculuğu sistemində təmsil olunanların, konkret, dövlət qulluqçularının, ümumiyyətlə, hakimiyyət qollarının mühüm bir atributu, ritualına çevrilib. Dünyanın əksər ölkələrində belədir, elə bir ölkə tapmazsınız ki, orada parlament üzvləri and içməsinlər. Doğrusu, mən onların adlarını da çəkməyə çətinlik çəkirəm. Hətta, postsovet ölkələrində də bu praktika mövcuddur. Azərbaycanda dövlət qulluqçularının əksəriyyəti and içir, o cümlədən, məhkəmələr və sair. Belə olan halda, nədən parlament üzvləri də and içməsinlər?!
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 12 aprel.- S.4.