“Bir vaxt səcdəgah idi atəşpərəstlərə...”
“ATƏŞGAH MƏBƏDİ” AZƏRBAYCANIN DÜNYADA
MƏŞHUR OLAN TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ
SIRASINDA ÖN YERLƏRDƏN BİRİNİ TUTUR
Azərbaycanın qiymətli
maddi mədəniyyət abidələrindən biri olan və
dünyada böyük maraq doğuran “Atəşgah məbədi”
Dövlət Tarixi-Memarlıq Qoruğu Abşeron
yarımadasındakı Suraxanı kəndinin cənub-şərq
qurtaracağında, neft mədənlərinin
yaxınlığında yerləşir. Hazırda bu məkan
hər tərəfdən neft buruqları ilə əhatə
olunub. Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Qeyd edək
ki, tarixi mənbələr “Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunun 17-19-cu əsrlərə
aid atəşpərəst məbədinin qalıqları
üzərində inşa olunduğunu xəbər verir. Amma ərazidə
aparılan son tədqiqatlar isə abidənin tarixinin 16-cı əsrin
sonları ilə bağlı olduğunu göstərib. Bu barədə
bir az sonra söhbət açacağıq.
Onu xatırladaq ki, qoruq
ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı
ilə yaradılıb. 1 iyul 2009-cu il tarixdə isə prezident
tərəfindən “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı
barədə sərəncam imzalanıb.
“Atəşgah” UNESCO-nun “Dünya irsinin ilkin
siyahısı”na daxil edilib
Bu tarixi abidə öz
od-alovu ilə atəşpərəstlərin ən müqəddəs
ziyarətgahı hesab olunub bir vaxtlar. Onlar əsrlər boyu
dünyanın ən müxtəlif ölkələrindən
bu ocağı ziyarətə gəliblər.
Tarixi mənbələrdə
yazıldığına görə, “Atəşgah” 17-18-ci əsrlərdə
təbii qazın çıxdığı əbədi,
sönməz alovların yerində inşa edilmiş müqəddəs
ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən
eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah
isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti
ilə tikilib.
Ümumilikdə isə
Suraxanı “Atəşgah”ı əsas məbədin
özündən, hind guşənişinlərinin hücrələrindən
və zəvvarlar üçün otaqlardan ibarətdir. Bəzi
tarixçilərin qənaətinə görə, Atəşgahı
hindlilərin planı əsasında yerli ustalar tikilib. Amma son
araşdırmalar sübut edib ki, qədim dövrlərdə
atəşpərəstlərə xidmət edən atəşgah
sonralar hindlilərin sitayiş yeri olub. Azərbaycana o vaxt ticarət
məqsədilə gələn hindlilər Abşeronun
aparıcı qüvvəsinə çevriliblər. Bu
dövrdə onlar Atəşgahdan öz dini etiqadlarına
uyğun istifadə etməyə başlayıblar.
İslamaqədərki şərq
memarlığının mövcud elementləri və
stilistikası ilə o qədər də uyuşmayan Atəşgah
bütün dövrlərdə səyyahların,
yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini
xüsusilə cəlb edib.
Burdakı hücrələr
və ibadətgah 17-19-cu əsrlər ərzində müxtəlif
vaxtlarda tikilib.
Hücrələr 17-ci əsrin
sonlarında ümumi hasara alınıb. Karvansaranı
xatırladan bütün tikili planda qapalı beşguşə
formasında olub, vaxtilə zəvvarlara xidmət
üçün istifadə edilən 24 hücrədən və
bir otaqdan ibarətdir. Qapalı beş guşəli
divarların əmələ gətirdiyi həyətin
ortasında rotonda şəkilində ibadətgah var. Onun
ortasındakı quyudan məbədin gümbəzin dörd
küncü üzərində də yanan qaz (metan)
çıxardı. Məbəd özü hər tərəfdən
açıq olan dördbucaqlı tikilidən ibarətdir. Məbədin
Balaxanıya baxan şimal divarındakı tağın
üstündə hind dilində kitabə
quraşdırılıb. İyirmi belə kitabədən
biri farscadır. Məbədin şimal-şərq tərəfdən
yaxınlığında, hazırda tamamilə daşla
doldurulmuş dördkünc çala var. Vaxtilə burada
ölmüş hindlilərin cəsədləri “müqəddəs
od”da yandırılırdı. Cənub-şərq tərəfdə
isə yenə də daşla doldurulmuş su quyusu var.
Məlum olduğu kimi, Bakı
bölgəsi hələ erkən orta əsr mənbələrində
əbədi odların yandığı yer kimi qeyd edilib. Bu
haqda ilk məlumata 5-ci əsr Bizans müəllifi Panili Priskdə
rast gəlinir. Abşeron yarımadasında – Pirallahı
adasında, Suraxanı kəndində, Bakı buxtasında,
Şubanı dağında yanar qaz çıxmasını
7-10-cu əsr əsrlər ərəb müəllifləri-Əl-İstəxri,
Məsudi və digərləri, daha sonrakı dövr Şərq
və Qərbi Avropa mənbələri də göstəriblər.
Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaralarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.
Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni Zərdüşt dininə sitayiş edirdi. Hətta qədim Azərbaycan dövləti olan Atropatenanın dövlət dini Zərdüşt dini olub. Bu baxımdan atəşpərəstlərin qədim abidələrindən biri Azərbaycanda yerləşir. Bura öz odu-alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilirdi. Onlar dünyanın ən müxtəlif ölkələrindən ocağa ziyarətə gəlirdilər. Məbədin kahinləri müqəddəs alovu gün ərzində tez-tez yoxlayıb onu sönməyə qoymurdular. Bu ənənə ərəb istilasına qədər davam etdi. Ərəblərin Azərbaycanı istilasından, əhalinin islamı qəbul etməsindən sonra zərdüştlərin ibadətgahı unuduldu. Zərdüşt dinindən dönmək istəməyənlər isə təqib edildiyindən ölkəni tərk etdilər. Nəticədə ibadətgah baxımsızlıqdan uçub dağıldı.
Suraxanıda oda sitayiş 15-ci əsrdən sonra Hindistanla iqtisadi və mədəni əlaqələrin inkişafı ilə əlaqədar yenidən başlayıb. Hindistanla hələ qədimlərdən əlaqələr mövcud olmuşdur. Bunu Azərbaycanın bir sıra rayonlarında və Abşeronda “kauri” balıqqulağının tapılması da göstərə bilər. Bu balıqqulağı Xəzər faunasına mənsub deyil. Hind okeanında və digər ölkələrdə təsadüf edilən həmin balıqqulağından qədim dövrlərdə mübadilə vasitəsi, pul-sikkə kimi istifadə olunurdu. Mingəçevirdə və Azərbaycanın digər yerlərində Tunc dövrünə və erkən orta əsrlərə aid çoxlu kauri tapılması Azərbaycanın Hindistanla, ehtimal ki, İran vasitəsilə ticarət əlaqələrinin mövcudluğuna dəlalət edir. Hindistanla iqtisadi və mədəni əlaqələr orta əsrlərdə xüsusilə güclənib. Rusiyadan Çinə qədər bütün torpaqların monqol hakimiyyəti altında birləşdiyi 13-cü əsrdən etibarən beynəlxalq ticarət üçün şərait yaranması ilə bağlı olaraq Azərbaycanın uzaq ölkələr – Hindistan və Çinlə əlaqələri xeyli genişləndi. 15 əsrdə Bakıda, Şamaxıda, Təbrizdə və Azərbaycanın digər şəhərlərində hind tacilərinin koloniyaları mövcud olub. Bu şəhərdə onların öz karvansaraları var idi. Köhnə Bakı qalasında (İçəri şəhərdə) 15 əsrə aid Multanı hind karvansarası bu günədək qalıb. Başlıca olaraq, Şirvanda, Şamaxıda, Ərəşdə və digər yerlərdə istehsal olunan xam ipək alan hind tacirləri Azərbaycanda 15 əsrdə və sonralar ticarət ediblər. Mənbələrdə 18-ci əsrdə Hindistandan Bakı yaxınlığındakı Suraxanıya əbədi oda sitayiş üçün hind zəvvarlarının gəldiyi qeyd edilir. Varlı hind tacirləri Suraxanıda nadir abidə-od məbədi və hindli zəvvarlar üçün hücrələr tikdirdilər. Atəşgahdakı kitabənin oxunması Suraxanı atəşpərəstlərin hind mənşəli olmasını, eləcə də, hücrələrdən, karvansaradan və ibadətgahdan ibarət olan Atəşgahın ən yüksək tərəqqiyə çatdığı 18-ci əsr ərzində müxtəlif vaxtlarda tikildiyini dəqiq müəyyənləşdirir. Hücrələr 18-ci əsrin sonlarında ümumi hasara alınıb. Məbəd bu günədək həmin şəkildə qalıb.
Suraxanı Atəşgahının
beş kitabəsi
tədqiqatçı V.M.Sısoyev tərəfindən Hindistana göndərilib və orada oxunub. Həmin kitabələr ingilis dilindən rus dilinə tərcümə olunaraq 1946-cı ildə dərc edilib. İngiltərə səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd edib. Onlardan on beşi ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu 1827-ci ilə aiddir. Kitabələrdə hücrələrə yardım göstərmiş şəxslərin adları xatırlanır.
Atəşgah səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini xüsusilə cəlb edirdi. Möcüzəni görmək üçün atəşgaha Mendeleyev, Vereşşagin, Düma ( ata) və bir çox səyyahlar gəlib. Xüsusilə Düma gördüklərindən çox heyrətlənib. O, “Qafqaz səfəri” adlı əsərində Suraxanıdakı Atəşgahı çox gözəl təsvir edib: “Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək əsdikcə alov zolaqları, dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür oyadırdı ki, külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi”.
Gündoğan tərəfdəki qapıdan (Atəşgahın bir qapısı var) içəri girdikdə yazıçının diqqətini dördbucaqlı tikili-səcdəgah cəlb edir. Bu gün də həmin abidə yerindədir. Üstü gümbəzlə örtülən səcdəgahın divarında hind dilində kitabə var. Onun mərkəzində əbədi od yanır, sitayişlə əlaqədar burada müxtəlif dini ayinlər icra edilir və qurbanlar kəsilirdi. Sonralar səyyahların ibadətin gedişini izləməsi üçün giriş qapısının üstündə balaxana (balaxana – bir sıra Şərq ölkələrində binanın üstündə tikilən otaqdır) tikildi.
Atəşgahın həyətində su üçün hovuz, azuqə saxlamaq üçün isə quyular olub. Quyuların ən dərini 18 metr idi. Bu gün həmin quyular doldurulub. Lakin ona yaxınlaşdıqda qaz iyini hiss etmək mümkündür.
20-ci illərdə məbəd kerosin zavoduna çevrildi,gümbəzindəki alov isə söndürüldü.
Yalnız 70-ci illərin əvvəllərində İndira Qandi müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra məbədin ərazisi bərpa olundu. Ən əsası isə məbəddə alov yenidən yandırıldı. İndira Qandi səfərindən çox razı qaldı.
Onu da qeyd edək ki, bəzi araşdırmaçıların qənaətinə görə, Od Məbədinin tikintisi eradan əvvələ aiddir. Hazırda dünyada yalnız iki yerdə – Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi – ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır.
Hər il Novruz bayramında “Azneft” meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən od götürən milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirilən odla Qız qalasının üstündəki məşəli alovlandırırlar. Bu da Novruzun həm də atəşpərəstliklə bağlılığını göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi prezident “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğunun mühafizəsi və maddi-texniki təminatı üçün 1 milyon manat ayırıb.
“Atəşgah” qoruğunun direktoru Rəşid Babayinin sözlərinə görə, dövlət başçısı tərəfindən imzalanan sərəncam üç mərhələdə icra olunur. Birinci mərhələdə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması idi ki, bu iş artıq yekunlaşıb. İkinci mərhələ Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə arxeoloji-tədqiqat işlərini əhatə edir. Bu mərhələ hələ davam edir. Üçüncü mərhələdə isə “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması nəzərdə tutulur. Bu iş yaxın bir neçə ayda başlanacaq. Bu mərhələdə “Atəşgah” qoruğunun ərazisinin genişləndirilməsi də nəzərdə tutulur.
Hazırda qoruğun ərazisi
1300 kvadrat metrdir. “Arxeoloji qazıntılar nəticəsində
çox maraqlı eksponatlar tapılıb. Bunların hamısı
muzeyə qoyulacaq. İstəyirik muzey maraqlı eksponatlarla zəngin
olsun. Xarici qonaqlar gələndə görməlidirlər ki,
Azərbaycanın nə qədər qədim tarixi var”.
Qoruq ərazisində
aparılan arxeoloji qazıntılar nəticəsində bir
sıra maraqlı faktlar da əldə olunub. Ən maraqlı
yeniliklərdən biri Atəşgahın tarixi ilə
bağlıdır: “Biz indiyədək Atəşgah məbədinin
tarixini 17-18 əsrlərə aid edirdik. Son qazıntılar isə
bu tarixin 16 əsrin sonuna gedib çıxdığını
göstərir. Atəşgaha həmişə xarici qonaqlar
böyük maraq göstəriblər. Bütün ölkələrdən
buranı ziyarət etməyə gələnlər var”.
R.Babayi deyir ki, indiyədək qoruğa gələn
insanların dincəlməsi üçün kiçik bir
istirahət mərkəzi, yüngül qəlyanaltı yeri
belə yox idi: “Bu səbəbdən biz hələlik buraya
çoxsaylı turizm marşrutları reallaşdıra
bilmirik. Atəşgah qoruğunun yenidən konservasiyası məqsədilə
hazırlanan layihə-smeta sənədlərində
bunların hamısı nəzərə alınıb”.
Milli Elmlər Akademiyası
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi
işçisi, Abşeron Arxeoloji Ekspedisiyasının rəhbəri
İdris Əliyev isə deyir ki, atəşgah qədim
dövrlərdə atəşpərəstlərə xidmət
edib. Sonralar hindlilərin sitayiş yeri olub. Azərbaycana o vaxt
ticarət məqsədilə gələn hindlilər
Abşeronun aparıcı qüvvəsinə çevriliblər.
Bu dövrdə onlar Atəşgahdan öz dini etiqadlarına
uyğun istifadə etməyə başlayıblar. Yerli əhali
İslam dinini qəbul etdiyindən Atəşgaha od
çıxan müqəddəs məkan kimi baxırdı.
Varlı hindli tacirlərin köməyi ilə Bakı xanı
bu ərazini onlara ticarət məqsədilə verib. Həmin
dövrdə hindlilər bu ərazinin ətrafını
abadlaşdırıb özlərinin sitayiş yerinə
çeviriblər. Bu səbəbdən də bəzi tarixi mənbələrdə
Atəşgah hindlilərin adı ilə bağlanır.
Əslində “Atəşgah”
qədimdən ölkəmizdə atəşpərəstlərin
etiqad yeri olub.
Qazıntılar nəticəsində
ərazini qazla təchiz edən qaz sistemi də
aşkarlanıb. “Məlum oldu ki, qazın toplandığı
quyuların üzəri əhənglə, gillə
bağlanıb. Bu quyulardan xüsusi xəndəklər vasitəsilə
hücrələrə qaz xətləri çəkilib. Xəndəklərin
də üzəri gillə örtülüb. Bu, dünyada
unikal hesab edilən bir qazlaşdırma sistemidir. Suraxanı
camaatı qazdan təkcə istilik üçün yox, həm
də evləri işıqlandırmaq məqsədilə
istifadə edirdi. Otağın bir küncünə bir
qamış basdırırdılar və oradan çıxan
qazı yandırırdılar. Əhali hətta qazdan xörək
bişirmək üçün də istifadə edə
bilirdi. Bu, tarixi mənbələrdə də var”.
Aparılan qazıntı
işləri nəticəsində arxeoloq Atəşgahın qərb
tərəfində yerləşən hücrələrin
birində ilkin məbədin binasını təyin edə
bilib. Hazırda məbədin mərkəzində olan abidənin
19-cu əsrdə tikildiyini deyən həmsöhbətimiz
aşkar edilən hücrənin tarixinin daha qədim
olduğunu deyir: “Bu tarix təxminən 17-ci əsrə gedib
çıxır. Saxsı materiallara, tikilmə formasına və
memarlıq elementlərinə görə bu abidəni qədim
Şərq memarlıq üslubuna aid etmək olar. Atəşgah
tədricən bir neçə yüz il ərzində
beşkünc – pentaqrama formasına düşüb. Əsas
ibadətgah hücrələrlə əhatələnib.
Qazıntılar zamanı bu hücrələri su ilə təmin
edən quyunu da aşkarladıq. Quyu Abşeron üslubunda
olub, dördkünc formadadır. Üst hissə daşdan
tikilib, alt hissə isə qayadan çapılıb.
Qazıntı 6 metrədək davam edir. Atəşgahın
başqa bir hücrəsində də quyu aşkar edilib. Vaxtilə
həmin quyunun yerləşdiyi yer həyət olub, sonradan
orada otaq tikilib.
Burada qazıntılar davam
edir.
Bundan başqa, məbədi
odla təmin edən qaz xətləri, 2 qurbangah, atəşpərəstlərin
ölü yandırdıqları yeri aşkar etdik. Bildiyiniz
kimi, atəşpərəstlərin dini qaydalarına görə,
ölünü torpağa qoymaq olmazdı, torpaq müqəddəs
hesab edilirdi. Bu səbəbdən də onlar ölüləri
xüsusi hazırlanmış yerlərdə yandırırdılar”.
Onu da xatırladaq ki, bu
yaxınlarda prezident İlham Əliyevin “Atəşgah” məbədinə
gələrək burada həyata keçirilən bərpa və
abadlıq işlərinin gedişi ilə tanış olub.
Aparılan arxeoloji qazıntılar barədə dövlət
başçısına məlumat verilib. Prezident əlavə
göstərişlərini verib. Hazırda isə Heydər Əliyev
prospekti ilə “Atəşgah” məbədini birləşdirən
küçələrdə əsaslı təmir işlərinə
başlanılıb.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 13 aprel.- S.6.