9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi məsələsi AŞPA-da gündəmə gətirildi

 

QƏNİRƏ PAŞAYEVA: “GÖZLƏYİRDİK Kİ, ERMƏNİ PARLAMENTARİLƏR ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN TÖRƏTDİYİ BU CİNAYƏTƏ – 9 YAŞLI FARİZ BƏDƏLOVUN QƏTLƏ YETİRİLMƏSİNƏ GÖRƏ ƏN AZI ÜZR İSTƏYƏCƏKLƏR”

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk gününün plenar iclasında qurumun Daimi Komitəsinin fəaliyyət hesabatı dinlənilib.Finlandiyalı parlamentar xanım Sinikka Hurskainenin hazırladığı bu hesabatda ümumi olaraq AŞPA-nın son zamanlardakı fəaliyyəti müzakirə edilib. Müzakirələrdə söz alan Ermənistan nümayəndə heyətinin üzvləri David Harutunyan və Armen Rustamyan AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə qarşı çıxaraq, AŞPA daxilində belə bir komitənin yaradılmasını düzgün olmadığını bildirib, Azərbaycanı iki ölkə arasında gedən danışıqlarda qeyri-konstruktiv mövqe tutmaqda ittiham etdilər. Daha sonra çıxış üçün söz alan Azərbaycanın AŞPA –dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun güllələnməsi faktını avropalı deputatların nəzərinə çatdırıb. “Məruzəçiyə hərtərəfli və dolğun məruzəsi ilə bağlı təşəkkür edirəm. Amma məruzədə Avropa Şurası məkanına daxil olan Cənubi Qafqaz bölgəsində son günlərdə baş verən və onsuz da gərgin olan bölgədə vəziyyəti daha da gərginləşdirən bir sıra məsələlərin öz əksini tapmadığına görə həmkarlarına bu barədə məlumat vermək istəyirəm”. Millət vəkili qeyd edib ki, burada Ermənistan nümayəndə heyətinin üzvləri Harutunyan və Rüstəmyan çıxış etdilər: “Biz gözləyirdik ki, onlar Ermənistan Silahlı Qüvvələrinin törətdiyi cinayətə görə, 9 yaşlı Fariz Bədəlovu qətlə yetirilməsinə görə ən azı burada üzr istəyəcəklər. Təəssüf edirəm ki, onlar bunu etmədilər. Və onların dövlətinin apardığı siyasətin simasını bir daha göstərdilər. Bu ilin mart ayının 8-də Beynəlxalq Qadınlar Bayramı günündə Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən (Ağdamın işğal altında olan kəndlərindən) Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlə başından hədəf alaraq qətlə yetiriblər. Ailənin tək övladı olan Fariz Bədəlovun faciəli qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı bir insanlıq faciəsidir. Beynəlxalq Qadınlar Bayramında bir ananın gözləri əbədi olaraq yaşlı qoyuldu. Mən burada Ermənistanla sərhəd bölgəsini təmsil edən bir millət vəkiliyəm. Orada yaşayan insanlar, yeganə övladı qətlə yetirilmiş ana məndən onların səsini, fikirlərini sizə çatdırmağı xahiş ediblər. O ana soruşur: “Axı mənim 9 yaşlı uşağımın günahı nə idi ki, onu qətlə yetiriblər? Bəs mənim 9 yaşlı övladımı qətlə yetirənlər cəzasızmı qalacaq? İnsan haqlarının qorunması təməlləri üzərində qurulmuş Avropa Şurası, onun Parlament Assambleyası niyə susur, niyə Ermənistan Silahlı Qüvvələrinin 9 yaşlı bir uşağı qətlə yetirilməsini pisləmir? Niyə bir bəyanat və açıqlama ilə çıxış etmir? Nə üçün Ermənistandan Avropa Şurasına daxil olarkən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini, AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməni yerinə yetirməsini tələb etmir?” Övladı qətlə yetirilən ana bu suallara cavab istəyir. Onun qətlə yetirilmiş yeganə övladını heç kəs ona qaytara bilməz, amma o ən azı ədalət istəyir və bunu bu təşkilatdan gözləyir. Ümid edirəm ki, 9 yaşlı bir uşağın qətlə yetirilməsinə, yeganə övladını itirmiş ananın çağırışlarına Avropa Şurası, onun Parlament Assambleyası biganə qalmayacaq və 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləməklə yanaşı Ermənistandan cinayətkarların cəzalandırılmasını, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi və AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb edəcək. Ümid edirəm ki, siz bir uşağın qətlinə, bir ananın göz yaşlarına biganə qalmayacaqsınız və bu hadisəni pisləyəcək yazılı bəyanatı imzalayacaqsınız. Ümid edirik ki, siz uşaqların, sivil insanların qətlə yetirilməsinin dayandırılması üçün öz səsinizi ucaldacaqsınız”. Q.Paşayeva sonra bildirib ki, bu, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən birinci hadisə deyil: “Ermənistan Silahlı Qüvvələri tez-tez atəşkəs rejimini pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərindən Azərbaycan kəndlərini, sivil insanları snayperlərlə hədəf alaraq qətlə yetirir və ya yaralayırlar. Günahsız insanlar qətlə yetirilir, bunu törədənlər nəinki cəzalandırılmır, əksinə mükafatlandırılır. Günahsız qətlə yetirilən insanların ailə üzvləri, 15 ildən artıqdır ki, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizi Ermənistandan günahsız insanların qətlə yetirilməsinin dayandırılmasını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməsini, AŞ PA-nın 1416 saylı qətnaməsində deyildiyi kimi işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi və qurumun qəbul etdiyi qətnamələri yerinə yetirməsini tələb etməyə, bu məsələlərə laqeyd qalmamağa çağırır. Seçim sizindir. Mən sizi ədaləti dəstəkləməyə çağırıram”. Millət vəkili çıxışında həmçinin vurğulayıb ki, Ermənistan bu addımları ilə bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib: “Lakin Ermənistanın bölgədə vəziyyəti gərginləşdirən addımları bununla bitmir. Ermənistan dövləti işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq aeroport tikintisini həyata keçirir. Rəsmi İrəvan bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair 4 qətnaməsinə, Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Azərbaycanın işğal olunmuş ərazilərində aeroport tikintisinin həyata keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük bir zərbədir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədəki gərgin vəziyyəti daha da gərginləşdirmişdir. Təəssüflər olsun ki, Azərbaycan tərəfinin bütün etirazlarına baxmayaraq, Ermənistan rəsmiləri bölgədə vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda və açıqlama verməkdə davam edir. Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində inşa olunan aeroporta enəcək təyyarənin ilk sərnişinin özü olacağı ilə bağlı açıqlamaları beynəlxalq hüquqa, Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞPA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport inşa etməsi addımını qətiyyətlə pisləməklə yanaşı, rəsmi İrəvanı aeroportun tikintisini dayandırmağa, Ermənistan rəhbərliyini bu cür addımlar atmaqdan və bəyanatlar verməkdən çəkinməyə, AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırmalı və bunu tələb etməlidir. Biz Ermənistan nümayəndə heyətinin AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin əleyhinə açıqlamalarını anlaya bilmirik. Gəlin xatırlayaq: bu komitə niyə yaranmışdı? Bu komitə AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin necə yerinə yetirilməsinə nəzarət etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi istiqamətində dialoq və müzakirələrin aparılması istiqamətində bir qurum kimi yaradılıb. Azərbaycan bu komitənin fəaliyyətini dəstəkləyir, çünki biz münaqişənin dinc yolla həll olunmasını istəyirik. Ermənistanın bundan imtina etməsi bir daha onun göstərir ki, onlar münaqişənin həllində maraqlı deyillər”.

 Onu da qeyd edək ki, AŞPA-nın yaz sessiyasının plenar iclasında Avropa Şurasının baş katibi Työrborn Yaqland çıxış edərək qurumda aparılan islahatların vəziyyəti haqda məlumat verib və daha sonra o parlamentarların suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Q.Paşayeva bir daha martın 8-də Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə başından hədəf alaraq qətlə yetirdiyini baş katibin diqqətinə çatdırıb: “Ermənistan tərəfinin bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Eyni zamanda bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük zərbədir. Avropa Şurasının baş katibi olaraq sizin bu məsələyə münasibətinizi bilmək istərdik. Avropa Şurası bu cür addımların dayandırılması, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb edən 1416 saylı Parlament Assambleyası qətnaməsinin yerinə yetirilməsi istiqamətində yaxşı rol oynaya bilər və sizcə, oynamalıdırmı?” Baş katibi isə suala cavabında bildirib ki, Q.Paşayevanın söylədikləri faktdır: “Sizin dediyiniz bir faktdır. Hesab edirəm ki, biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, dondurulmuş münaqişələr olan regionlarda yetərincə işləyə bilmirik. Bu istiqamətdə ciddi nəticə və irəliləyişlər əldə etməmişik. Fikrimcə, biz bu problemlərin həllində öz töhfəmizi verməliyik. Necə ki, biz etimad mühiti və insan haqlarının qorunması istiqamətində bunu Rusiya-Gürcüstan münaqişəsi zamanı az da olsa, ortaya qoyduq. Hesab edirəm ki, Avropa Şurası bu regionlarda əzmkarlığını nümayiş etdirmək üçün daha çox səy göstərməlidir”.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 13 aprel.- S.5.