Yaqub Zurufçu: “Mənim dinləyicilərim əsasən səviyyəli musiqini sevən insanlardır”

 

“MƏNDƏKİ MUSİQİ DUYUMU, İFA QABİLİYYƏTİ HƏLƏ İNSANLARA TAM AYDIN OLMAYIB, BUNUN ÜÇÜN ZAMAN GƏRƏKDİR”

 

Azərbaycanın bənzərsiz diyarlarından olan, lakin hazırda ikiyə bölünən torpağının o tayından həmvətənlərinə baxan Təbrizimiz bizlərə bir çox görkəmli şəxsiyyətləri, bənzərsiz incəsənət xadimlərini, sözün əsl mənasında sənətkarları, sənətinin vurğunlarını qazandırıb. Onlardan biri də doğma yurddan uzaqlarda uzun müddət vətən eşqi ilə alışıb yanan, bənzərsiz səsə, zəngin yaradıcılıq potensialına sahib olan Yaqub Zurufçudur. İran inqilabının fəal iştirakçısı olan, sonra isə vətənindən uzaq düşən bu sənətkarın vətən həsrətinə 1989-cu ildə son qoyuldu və o, öz doğma xalqı ilə qovuşdu. Bu böyük uğurunu, sevincini müğənni Azadlıq meydanında dəfələrlə canlı oxumasıyla ifadə edərək, Azərbaycan xalqı ilə paylaşdı və bununla da daha Azərbaycansız yaşaya bilməyəcəyini vurğuladı.

Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyən sənətkarın bu arzusu 15 iyul 2009-cu ildə, Prezident İlham Əliyevin iradəsi əsasında həyata keçdi. Bundan öncə ABŞ vətəndaşı olan müğənni 17 sentyabr 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görüldü.Sənətkarla söhbətimizdə onunla bağlı bizi və yəqin ki, oxucuları da maraqlandıran bir çox suala cavab almağa çalışdıq. 

 – Yaqub Zurufçu üçün musiqi və musiqi mədəniyyəti nə deməkdir? 

– Musiqi ilahi bir vergidir. Tək səslə insan o vergiyə, musiqi mədəniyyətinə mükəmməl sahib ola bilmir. Bundan başqa gərək insanda başqa səviyyələr də öz əksini tapsın ki, bunların da hamısı birləşərək musiqi mədəniyyətini formalaşdırsın. Musiqi mədəniyyətinə sahib olan kəs həm də gərək xalqına hörmət və xidmət edə, xalqını çox istəyə, xalqın hərəkatına qoşula, xalq sevən musiqini oxuya. Özünü elə bir səviyyədə apara ki, o mədəniyyətə həqiqi mənada sahib ola. Bax, buna mən deyirəm musiqi mədəniyyəti. 

– Keyfiyyətli musiqi nədir? 

– Keyfiyyətli musiqi o musiqidir ki, insanın tamam vücuduna təsir edir. O musiqi ki, insana hər hansı təsir bağışlaya bilmir, ona yaxşı, keyfiyyətli musiqi demək olmaz. Və o musiqidən ki, insan zövq alır, həmin musiqini həyatının bir hissəsinə daxil edə bilir, deməli, keyfiyyətli musiqidir. 

– Azərbaycanda bu cür keyfiyyətli musiqi varmı? 

– Keyfiyyətli musiqilər, mənə görə, Azərbaycanda keçmişdə yaranan musiqilərdir. Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Emin Sabitoğlu və digər adlarını çəkmədiyim, keçmişdə yazıb-yaradanların hamısının musiqiləri əvəzsizdir.

 İndi də hərdən gözəl musiqiləri dinləmək olur. Amma mənim beynimə, musiqi duyumuma uyğun gəlməyən, zövqsüz musiqilər hazırda daha çoxdur. Ona görə də çox az hallarda qulaq asıram. Məni hərəkətə gətirmir indiki musiqilər.

– İndiki dövrdə Azərbaycan dinləyicilərinin səviyyəsindən necə, razısınızmı? 

– Demək olar ki, dinləyicilərin də səviyyəsi aşağı düşüb. Ümumiyyətlə, bunu qeyd edim ki, nəinki Azərbaycanda, dünyada dinləyicilərin dinləmə qabiliyyəti aşağıdır indi. Amerikada 25 il yaşamış adam kimi cəsarətlə deyə bilərəm ki, bütün bunlar kapitalist sistemin qoyduğu tələblər, qanunlardan irəli gəlir. Bu sistem insanları mədəniyyətsiz, mənəviyyatsız, hörmətsiz, nadürüst edir və pis istiqamətlərə yönləndirir ki, bu da kapitalizmin qanunlarından doğur. Təbiidir ki, bu qanunlar çərçivəsində yaranan, formalaşan insanların da 90 faizi elə o cür həyat tərzinə malikdir. Qalan 10 faiz normal səviyyəli həyat tərzi sürənləri isə kapitalist sistem öz himayəsinə götürür və gələcəkdə kadr potensialını təmin etmək, idarələrdə, səfirliklərdə, o cümlədən digər dövlət qurum və orqanlarında işlətmək üçün yetişdirir. Həmin bu 10 faiz hələ orta təhsil zamanı – məktəbi bitirmədən seçilir və “High school”lara cəlb olunurlar. Misal üçün, onlara məktəbi bitirmədən məktub gəlir ki, sən filan universitetə qəbul edilibsən. Qeyd edim ki, mənim oğlum da orta məktəbi yaxşı oxuyurdu. O da məhz həmin üsulla universitetə qəbul edilib və hazırda təhsilini tibb sahəsində davam etdirir. Qalan 90 faiz isə, qeyd etdiyim kimi, çox pis mühitdə formalaşır. Təbii haldır ki, ona görə də formalaşdıqları mühitə uyğun musiqini də dinləyirlər. Çünki onların savadı, zövqü yoxdur. Gərək yaxşı musiqini seçə, onu anlaya biləsən ki, yaxşı musiqi də dinləməyi, ondan zövq alaraq, həyatına məhz bu cür musiqilərlə rəng qatmağı da bacarasan. Lakin təəssüf ki, həmin kapitalist sistem bir ağacın şaxələri kimi dünyaya yayılır. Azərbaycan da bu dünyanın bir parçası olduğundan həmin sırada yer alır. Diqqət yetirsək, görərik ki, keçmiş sistem, əvvəlki quruluş daha möhkəm idi. O zamanlar musiqi dinləyən insanları da daha çox bəyənirdim. İndi isə onların – keyfiyyətli musiqi dinləyənlərin sayı azalıb. Ona görə də keyfiyyətsiz musiqi indi dünyanı, o cümlədən Azərbaycanı öz cənginə alıb. İndi dinləyicilərimiz əsl sənətə, sənətkarlara deyil, müvəqqəti “ulduzlara” üstünlük verir, onları dinləyirlər. Bu cür musiqilər və ifaçılar isə insanlara bayağılıqdan başqa heç bir təsir bağışlamır. Məhz bu hallarla əlaqədar olaraq, təbiidir ki, bu gün bizim kimi sənətkarların dinləyiciləri azlıq təşkil edir. Bu həm də ondan irəli gəlir ki, müasir dövrdə insanlarımız az kitab oxuyur, mütaliə ilə məşğul olmur, özlərini inkişaf etdirmirlər. Mövcud dünyamızın bu kimi təzyiqləri nəticəsində insanlar öz normal həyatlarından uzaqlaşırlar. 

– Cənubi Azərbaycan və Şimali Azərbaycan musiqisini, o cümlədən dinləyicilərini müqayisə etdikdə nə kimi ortaq və fərqli cəhətlər görürsünüz? 

– Təbiidir ki, bir millətik və musiqimiz də eyni musiqidir. Lakin hər zaman, bu hökumətdən öncə də orada Azərbaycan musiqisinin yayılmasına, dinlənilməsinə imkan yaradılmayıb. Müxtəlif təzyiqlər, maneələr olub. Həm də Cənubi Azərbaycanda musiqiçilərimiz az, milli universitetlərimiz isə yoxdur. Orada milli musiqiyə meyl, maraq çoxdur. Çünki bu barədə sıxıntı var. Xatırlayıram, o zamanlar Azərbaycan radio dalğasını tutar və orada səslənən mahnıları tez qələmlə dəftərimdə qeyd edər, sonra da böyük həvəslə əzbərləyərdim. O zamanlar yüzlərlə mahnı əzbərləyərək öyrənmişdim. Lakin indikilərdən heç birini də öyrənmirəm, hətta demək olar ki, Azərbaycandakı müasir musiqilərdən zəhləm gedir. Radiolarda efirə gedən aralıq mahnıları, bayağı musiqilər insana xoş gəlmir. Məncə, bu cür mahnıların yayımı dayandırılmalıdır. Hesab edirəm, çox keçməyəcək, dövlətimizin rəhbərliyi də bu məsələ barədə – yaxşı musiqilərin, dinləyicilərin zövqünü oxşayacaq səviyyəli musiqilərin yayımlanması ilə bağlı qəti göstəriş verəcək. Hər şey mədəniyyətdən irəli gəlir. Mədəni insanlar da səviyyəli mahnını daim axtarır, dinləyir və heç zaman ondan imtina etmirlər. O cümlədən də, mənim oxuduğum mahnılar bu sıradadır. 

– Sizin mahnılarınızın sevilərək dinlənildiyinə əmin ola bilərsiniz. Xüsusilə də öz gənc həmyaşıdlarım arasında “Ayrılıq” və “Dəniz” mahnınızın çox sevildiyini əminliklə deyə bilərəm. 

– Sağ olun. Yeri gəlmişkən, qeyd edim ki, “Dəniz” mahnısının musiqisinin də müəllifi mən özüməm. Bilmirəm, buna nə dərəcədə inanarsız, həmin mahnının sözlərini 2 dəqiqə ərzində yazmışam. Belə ki, şam yeməyi vaxtı idi, ailə üzvlərim, süfrəyə əyləşim deyə, çağırdılar. Lakin imtina edərək, həmin andaca beynimə gələn musiqini heç nota belə almadan, tez maqnitofona yazdım. O günün səhəri mahnı Amerikada aranjeman edildi. Axşam isə oxudum, camaat çox təəccübləndi. 

– Səhv etmirəmsə, övladlarınızın adı da var bu mahnıda, elə deyilmi? 

– Bəli, doğrudur, qızım Dənizin də, oğlum Dalğanın da adı çəkilir həmin mahnıda. Lakin qeyd edim ki, “Dəniz”lə yanaşı, hazırda Cabir Novruzun “Sevgilim” şeirinə yazılan mahnının da yer aldığı eyniadlı albomdakı ilk mahnının – “Azərbaycan”ın da söz və musiqisinin müəllifliyi mənə məxsusdur. Amerikada aranjeman edilib. Bu mahnı ilə əlaqədar dəfələrlə Azərbaycana zəng vurub istədim ki, musiqiyə söz yazılsın. Sözlərin nə ilə bağlı olmasını soruşduqda isə qürbətlə, ürəyimin Azərbaycanla bağlı olması, Azərbaycanımı çox istəməyimlə, vətən həsrətinə dözə bilməməyimlə bağlı olmasını söylədim. Lakin heç nə yaza bilmədilər. Bundan sonra bir gün gecə anidən ürəyimə gələn sözləri qələmə aldım.

– Ən çox dinləyicilər tərəfindən bəyənilən və istənilən mahnınız və ya mahnılarınız hansılardır? 

– Adətən, “Ayrılıq” və “Dəniz”i çox istəyirlər. Qeyd edim ki, mənim dinləyicilərim əsasən səviyyəli musiqini sevən insanlardır. Oxuduğum hansı musiqi maraqla dinlənilibsə, çalışmışam ki, onları konsert və digər musiqi proqramlarıma salım, o mahnıların imkanlarından istifadə edəm. Hansı mahnını oxuyuramsa oxuyum, onu sevə-sevə oxuyuram. Məncə, hər musiqiçi belə olmalıdır. Ümumiyyətlə o söz ki, ürəkdən çıxır, ürəyə də yatır. Mən mahnılarımı ürəkdən oxuyuram, dinləyicilərimin də ürəyinə yatır. Konsertlərimdə də sevə-sevə həmin mahnılarımı oxumağımı məndən tələb edirlər. 

– Sözsüz ki, sənətkar üçün bütün əsərləri doğma, əziz olur. Lakin bilmək istərdik ki, yaradıcılığınızdakı hansı əsəriniz, hansı mahnınız ürəyinizə daha yaxındır? 

– Dəyərli sözləri olan mahnıları daha yaxşı, daha ürəklə oxuyuram. Misal üçün, “Koroğlu” operasından bir ariya var ki, onu çox böyük həvəslə oxuyuram (Ariyadan bir parça ifa edir).

Bu mahnının sözləri çox təsirlidir, insanı fikirləşməyə vadar edir. Ümumiyyətlə, sözlü, hərəkətli musiqilərə daha çox önəm verirəm. “Ayrılıq” da bunlardan biri. Çünki “Ayrılıq”da böyük mənəvi dəyər var – bir ölkənin, millətin o tay və bu taya bölünməsindən, ayrılmasından bəhs edir. Düşünün, bir milləti elə bir vəziyyətə salalar ki, axırı da gəlib çıxa uzun müddət çəkən ayrılığa. Ona görə də tariximiz, millətimizin taleyi ilə bağlı belə bir mahnını oxumaq mənim üçün fəxrdir. Ayrılıq mövzusu elə bir mövzudur ki, hər zaman, hər kəsin   həyatında olub və olacaq. Sözsüz ki, belə anlarda insanlar mövzu ilə əlaqədar mahnılar dinləməyə üstünlük verirlər. Təbii ki, mənim də “Ayrılıq”ımı dinləyənlər olacaq, mənim ifam yada düşəcək. Bax buna görə, özümü xoşbəxt hesab edirəm. Eləcə də bu sırada “Ayrılıq”la yanaşı, “Dəniz”i də qeyd eləmək olar. “Dəniz” mahnısını ifa edəndə mənim ürəyim gedir. Bu mahnıdan da çox xoşum gəlir. Çətin olur bu mahnını oxumaq... İnsanlar burada dənizə bənzədilir, “dalğa, sahil kimi bir-birinizə yaxın gəlin, qovuşun, barışın” – deyə insanlara müraciət edilir. Az öncə qeyd etdiyim kimi, burada övladlarımın da adı keçir. Deyə bilərəm ki, bu mahnı da başqa cür doğmadır mənə.

Dinləyiciləriniz sizdən hansı yenilikləri gözləyə bilərlər? Bir az da hazırkı fəaliyyətinizlə bağlı eşitmək istərdik. 

– İnsan yaşa dolduqca elə əsərlər yaratmağa çalışır ki, tarixdə yaşasın, bir iz qoysun.

Yaxın vaxtlarda yoldaşlarla Biləsuvara – Milli Qəhrəman Mübariz İbrahimovun ata evinə getdik, ailə üzvlərinə baş çəkdik. Yoldaşlarla belə bir qərara gəldik ki, “Ayrılıq” kimi elə bir mahnı hazırlayaq, Mübarizin hərəkətini xalqa nümunə kimi verək. Bu addım bütün Azərbaycan xalqını silkələsin və hər kəs bu yolda – Qarabağın azadlığı uğrunda birləşərək, hərəkətə gəlsin, nəticədə millət öz məqsədinə nail olsun. Məhz bütün bunları ilkin olaraq gərək gözəl musiqi və klip vasitəsilə bütün xalqa nümayiş etdirək. İnşallah, bunu ərsəyə gətirəcəyik. Biz burada məna etibarı ilə Mübariz amalının sönməyəcəyini, bu amalın daha da geniş vüsət alacağını vurğulamaq istəyirik. Azərbaycan xalqı bilməlidir ki, Qarabağ alınacaq, bunun başqa yolu yoxdur. Hətta nə qədər qurbanlar bahasına olursa, olsun, torpaqlarımız azad ediləcək.

O ki qaldı gələcəklə bağlı digər planlara və görüləcək işlərə çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə də dəyərli, insanların hafizəsində qalan musiqilər oxuyum, maraqlı konsertlər verim, səviyyəli kliplər çəkdirib tamaşaçıların ixtiyarına verim.

– Azərbaycanda solo konsertiniz gözlənilirmi? 

– Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyində müavinlərdən biri ilə görüşüm oldu. Bu görüşdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsert təşkil etməklə bağlı da söhbət etdik. İnşallah, bu plan baş tutarsa, yenidən konsert proqramı ilə tamaşaçılarımın qarşısına çıxacağam. 

– Bildiyimizə görə, aprelin 20-də konsert proqramı ilə əlaqədar İsveçə səfər edəcəksiniz. Bir az həmin konsert proqramı, repertuarınızla bağlı məlumat verərdiniz. 

– Bəli, ayın 20-də İsveçə yola düşəcəyik. Konsertin təşkilatçıları isə rəsmi təşkilat nümayəndələridir. İranda həbsdə olanların ailələrinə yardım etmək üçün – xeyriyyə məqsədilə həyata keçirilir. Buradan əldə olunan vəsait həmin insanların ailələrinə təqdim ediləcək.

Aprelin 22-də Malmoda, 23–də Qüttenburqda, 25-də isə Stokholm şəhərində konsert proqramı ilə çıxış etməyi planlaşdırmışıq. Qeyd edim ki, həmin bu şəhərlərdə xeyli sayda həmyerlimiz yaşayır.

– Və nəhayət sonuncu sualım: Yaqub Zurufçu öz xalqından gözlədiyi diqqəti görə bilirmi? 

– Bu suala belə cavab verərdim ki, məndəki musiqi duyumu, hissiyyat, ifa qabiliyyəti hələ insanlara tam aydın olmayıb, bunun üçün zaman gərəkdir. Lakin o zaman gec də ola bilər. Hər şeyə zamanında qiymət vermək daha gözəldir. Fikrimi mərhum şair Cabir Novruzun qızıldan qiymətli sözləri ilə yekunlaşdırmaq istərdim: “Sağlığında qiymət verin insanlara...”

 

 

Vəfa CƏFƏROVA

 

525-ci qəzet.- 2011.- 14 aprel.- S.7.