Şirvan şahlarının əzəmətli məkanı: keçmişdən gələcəyə misilsiz yadigar kimi...

 

ŞƏRQ MEMARLIQ ÜSLUBUNDAN İNCƏLİKLƏ İSTİFADƏ OLUNARAQ TİKİLMİŞ ŞİRVANŞAHLAR SARAY-KOMPLEKSİ ORTA ƏSR MEMARLIĞININ ŞAH ƏSƏRLƏRİNDƏNDİR

 

Zamanın, dövrün daşlaşmış yaddaşını özündə əks etdirən abidələr tarixin dərin qatlarından xəbər verən ən etibarlı şahidlərdir. Özü-özlüyündə çox dərin mahiyyətə malik olan və insan əməyinin məhsulu olan bu abidələr elə tarixin özüdür. Bəzən bir abidə bütöv bir əsri özündə əks etdirir və insan onu seyr etdikcə, mahiyyətinə vardıqca, həmin illərin sirli-sehrli təsirinə düşür. Azərbaycanda belə möhtəşəm tarixi abidələrdən biri də 15-ci əsrdə İçərişəhərdə tikilən Şirvanşahlar saray kompleksidir. 

Orta əsrlər Azərbaycan memarlığının incisi sayılan Şirvanşahlar sarayı İçərişəhərin ən hündür nöqtəsində qüdrətli Şirvan hökmdarı 1-ci Xəlilullah ibn Şeyx İbrahim tərəfindən ucaldılıb. Yaxın Şərqdə oxşarı olmayan bu möhtəşəm kompleksdə 52 otaqlı saray binası, divanxana, alim Seyid Yəhya Bakuvinin türbəsi, Şərq üslubunda portal, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən minarəli məscid, şahın ailəsinin dəfn olunduğu türbə, qədim saray hamamı, 70 pilləli yeraltı su anbarı – şah ovdanı yerləşir.

Bunların hər biri barədə ayrıca məlumat verəcəyik. Öncə isə onu vurğulayaq ki, tarixi mənbələrin verdiyi məlumata görə, 1420-ci ildə inşasına başlanılan bu əzəmətli sənət abidəsi 30 il müddətinə hissə-hissə tikilib başa çatdırılıb.

Şirvanşahlar sarayı hündür portalı, minarəli günbəzlə tamamlanan binaları, ornament və kitabələrinin təkraredilməz incə oyma təsvirləri, yüksək bədii zövq və ustalıqla yaradılmış detalları, son dərəcə zərif və qüsursuz daş hörgüsü ilə bu gün də insanları heyrətləndirir.

Sarayın Şərq arxitekturasının nadir incilərindən sayıla biləcək nəbati və həndəsi ornamentlərlə süslənmiş əzəmətli portalını donmuş musiqi adlandıranlar da yanılmırlar.

Ekspertlərin fikrincə, bu abidə 15-ci əsrdə tikilməsinə baxmayaraq onun bu günə qədər də qorunub saxlanılmasına səbəbi də ən yüksək memarlıq xüsusiyyətidir. Elə bil ki, saray bir əsrin memarlıq nümunəsidir. Çox kamilliklə işlənmiş tikilinin hər bir daşı, hörülmə forması, daşlar üzərində incə Şərq üslubu ilə həkk edilmiş ornamentlər bütünlüklə həmin dövrü insan üçün açır və 15-ci əsrin sehrinə salır. Şirvanşahları gəzərkən özünü 21-ci əsrdə deyil, məhz 15-ci əsrdə hiss edirsən. Məhz buna görədir ki, Şirvanşahlar bu gün də təkcə bu abidənin məxsus olduğu xalqı deyil, əcnəbiləri də heyrətləndirir.

 

ŞİRVANŞAHLAR SARAY KOMPLEKSİNİN MEMARLIQ ÜSLUBU MARAQ DOĞURUR

 

Kompleksə daxil olan binalar bir-birinin arasında 5-6 metr hündürlük fərqinə malik olan üç həyətdə yerləşdirilib. Yuxarı həyətin sol tərəfində sarayın divanxanası, ondan sol tərəfdə isə saray, yəni şah ailəsinin yaşayış binası yerləşir. Tarixi məlumatlara görə, səkkizguşəli zaldan ibarət olan bu divanxanadan bir sıra məqsədlər üçün istifadə olunurmuş. Belə ki, bu binada həm məhkəmə işi, həm də rəsmi qəbulların aparılması ilə yanaşı onu dörd tərəfdən əhatə edən eyvanda əsasən tanınmış feodalların yığıncağı keçirilərmiş. Diqqəti çəkən məqam kompleksin üzərində olan bütün ornament və yazıların İslam dinini özündə əks etdirməsidir. Məsələn, yəqin ki, divanxananın qapı keçidləri üzərində 6 guşəli medalyonlar heç kimin diqqətindən yayınmayıb. Bu medalyonların içərisində 6 dəfə “Əli” adı oxunur. Tikilinin 4 tərəfində bir-biri üzərində tikilmiş ikimərtəbəli otaqlar saray mirzələrinin iş otaqları olub. Gözəl ornamentlərlə bəzədilmiş əsas qapı keçidinin yuxarı hissəsində Quranın 10-cu surəsinin 27-ci ayəsindən sözlər yazılıb. Dəhlizin qərb hissəsini yüksək əzəmətli portal təşkil edir ki, bu da oyuqlarla, Şərq xalçalarının ornamentlərini xatırladan naxışlarla, həm də ki, Abşeron florasına uyğun olan əncir və üzüm yarpaqlarını xatırladan elementlərlə bəzədilib. Portalın aşağı hissəsində iki 6 guşəli medalyon və sol tərəfdəki 6 guşəli medalyonun içərisində 6 ədəd həndəsi fiqur əmələ gətirən gül şəklində rombun olması divanxananın memarlığına xüsusi gözəllik qatır. Həyətdə dərinliyi 3 metrdən 15 metrə qədər olan çoxlu quyuların olması isə maraq doğurmaqla yanaşı, divanxananın digər funksiyasını aşkarlamış olur. Demə, bu quyulardan vaxtilə saray əhlinin yeyinti məhsullarının saxlanması üçün istifadə olunub. Belə ki, quyularda saxlanılan ərzaq məhsulları xarab olmurmuş və bu da il boyu saray əhlinin bu ərzaqdan istifadə etməsinə imkan verirmiş.

Yuxarı həyətin mərkəzində yerləşən 2 mərtəbəli

 

BÖYÜK SARAY VƏ YA ŞAH AİLƏSİNİN YAŞAYIŞ BİNASI

 

tariximizdə baş verən faciələri də özündə yaşadır. Qeyd edək ki, 15-ci əsrin əvvəllərindən Şirvanşahlar dövlətinin təqribən 100 il davam edən müstəqillik və inkişaf dövrü başlanır. 50 ilə yaxın hökmdarlıq etmiş Şirvanşah 1-ci Xəlilullah möhkəm idarəçilik qanunlarına əsaslanan güclü dövlət aparatı, inzibati-amirlik və vergi sistemi yaratmağa müvəffəq olur. Şah ölkəsinin abadlığı və çiçəklənməsi üçün qalalar, qəsrlər, qala divarları, saraylar, karvansaralar, körpülər tikdirir.

Qüdrətli Xəlilullah ən mühüm qərarlarını da məhz bu sarayda verirdi. Ömrünün ən xoşbəxt anları da elə bu sarayla bağlıdır.

İkimərtəbəli saray binası kompleksin ən qədim tikilisidir. Birinci mərtəbədə 27 otaq, ikinci mərtəbədə 25 otaq yerləşir. Bina öz lakonik forması, daşların düzülüşündəki işıq oynaqlığı, portalının möhtəşəmliyi, birinci və ikinci mərtəbənin pəncərə və mazğallarındakı şəbəkə ilə diqqəti cəlb edir. Bu möhtəşəm sarayın divarları Şirvanşahların şanlı tarixini günümüzə qədər gətirib çıxarıb.

Sarayın 1-ci mərtəbəsinə yalnız gözləmə zalı adlanan girişin sağ tərəfindən aşağıya doğru pilləkənlərlə düşmək olur. 27 otaqlı bu mərtəbə şahın qulluqçuları və kənizlərin yaşaması üçün istifadə olunub.

 

ŞAH İSƏ ÖZ AİLƏ ÜZVLƏRİLƏ BİRLİKDƏ İKİNCİ MƏRTƏBƏDƏ YAŞAYIB

 

 Əvvəllər sarayın bu hissəsində 25 otaq olsa da, indi onların sayı cəmi 16-dır. Çünki 10 fevral 1828-ci il Türkmənçay müqaviləsindən sonra bütün saray kompleksi rus hərbi qərargahına verildiyindən burada hərbi sursatların saxlanması üçün bir sıra təmir işləri aparılır, divarların araları götürülür və cəmi 16 otaq qalır.

Sarayın gözləmə zalı adlanan və sarayın girişində yerləşən 8 guşəli zal isə ilkin görünüşünü olduğu kimi saxlayıb. Zalın divarları arasında olan bir çox yarıqlar diqqətdən yayınmır. Bu yarıqlar vaxtilə birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan əlaqəni təmin edib. Dəftərxananın daş şəbəkələrlə bəzədilmiş pəncərələri Bakı buxtasının gözəl mənzərəsinə açılır. Sarayın digər hissələrində şahın taxt-tac salonu, ziyafət salonu və yaşayış otaqları yerləşir. Qeyd edək ki, vaxtilə saray yadelli hücumuna məruz qaldığından onun içərisində olan bütün əşyalar ya talan edilib, ya da saraydan aparılıb. Tarixi mənbələrdə sarayda zəngin kitabxana olduğu da bildirilir. Hazırda isə sarayın içərisində heç bir avadanlıq və eksponat yerləşdirilməyib.

Divanxana Şirvanşahlar sarayının əsas binasına yaxın yerləşir. Təyinatına görə divanxanada rəsmi qəbul mərasimləri, şahın və əyanlarının iştirakı ilə dövlət şurasının iclasları keçirilərdi.

 Əsas girişin hündür, simmetrik biçimli portalı ornamentlə, qeyri-adi dərəcədə zərif və gözəl yazı ilə bəzədilib. Ornamentin naxışları əncir və üzüm yarpaqlarının hörülməsindən ibarətdir. Bundan əlavə, portal iki medalyonla bəzədilib, onların içərisində ərəb dilində, kufi qrafikası ilə yazılar var.

Divanxanaya daxil olan yerdə, qapının üstündə Quranın 10 surəsi əks olunub. Mübarək kəlamların birində deyilir: “Allah öz istədiyi insanları düz yola aparır ”.

Divanxana həm içəridən, həm də çöldən daş günbəzlə örtülmüş səkkiz guşəli zaldan ibarətdir.

Memar Əmirşahın yaratdığı Şərq darvazası Şirvanşahlar ansamblının 14-cü əsrə aid olan yeganə tikilisidir.

 

 MƏRDLİK RƏMZİ ŞİR, BOLLUQ RƏMZİ BUĞA

 

Kompleksin orta həyətində, belə demək mümkünsə, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, Keyqubad məscidi, Xəzər dənizinin dibindən tapılan daşlar və 16-cı əsrə aid olan yeganə tikili- Murad darvazası var. Deyilənlərə görə, əvvəllər Bakuvinin türbəsi önündə Keyqubad məscidi olub. Lakin 1918-ci ildə ruslar tərəfindən yandırılıb. Çox da böyük olmayan günbəzlə örtülmüş səkkizbucaqlı türbə xalq arasında “Dərviş türbəsi” kimi tanınır. Bu türbədə saray alimi olmuş Seyid Yəhya Bakuvi uyuyur. Bakuvinin həyat və yaradıcılığı xeyli zəngindir. 30 adda sufi-mistik xarakterli əsəri günümüzə qədər gəlib çatıb. Onun “Həqiqəti axtaranların sirri”, “İşarələrin rəmzi” kimi əsərləri fəlsəfə, astronomiya və riyaziyyat elmlərinin öyrənilməsi sahəsində dəyərli mənbələrdir.

Bakuvinin türbəsi iki hissədən ibarətdir. Yuxarı hissə ibadət üçün istifadə olunub, aşağıda isə alim özü dəfn edilib. İkinci həyəti əhatə edən divarlarda yarıqlar var ki, onlar da mazğallar adlanır. Bu mazğallar əsasən müdafiə rolunu oynayıb. Xəzər dənizinin dibindən tapılan daşlar isə vaxtilə mövcud olan və sonra su altında qalan Bayıl adasında olan qəsrin qalıqlarıdır. 13-cü əsrə aid olan bu daşların üzərində müxtəlif heyvan təsvirlərinə rast gəlmək mümkündür. Üçüncü həyət adlanan aşağı həyətdə sarayın üç tikilisi, saray məscidi, şahın ailəvi türbəsi və sarayın hamamı yerləşir. Hündürlüyü 22 metr olan məscid minarəsinin eyvanı əvvəllər daş məhəccərlə əhatə olunub. Şahın ailəvi türbəsinin portalda olan medalyonlarda ancaq güzgü vasitəsilə oxuna bilinəcək memarın adı yazılıb ki, bunun da çox maraqlı tarixçəsi var. Deyilənlərə görə, əvvəllər memarlara adlarını tikili üzərinə yazmağa icazə vermirdilər. Lakin bir memar hiyləgərlik işlədib öz adını bu yolla medalyonun içərisinə həkk etməyə nail olub. Türbənin girişində iki xidmətçi otağı var. Ailəvi türbə olduğundan vaxtilə burada dini mərasimlər də keçirilib. 1-ci Şirvanşah Xəlilullahın qəbrinin aşağı hissəsindəki iki şir və buğa rəsmi isə öz-özlüyündə dərin əhəmiyyət kəsb edir. Belə ki, iki şir və buğa Şirvanşahlar dövlətinin rəsmi gerbi olub. Şah sarayında iki şir mərdlik rəmzi, buğa isə bolluq rəmzini ifadə edirdi. Türbədə Şirvanşahın anasının, xanımının və dörd oğlunun qəbri var. Qeyd edək ki, şahın 5 oğlu olub, onlardan 4-ü elə onun sağlığı dövründə vəfat edib. Amma böyük oğlu Fərrux Yassar şahın ölümündən sonra hakimiyyəti davam etdirib. O isə Səfəvilərlə müharibədə öldürülür. 1945-46-cı illərdə türbənin içərisində aparılan arxeoloji qazıntılar zamanı qəbirlərin içərisindən bir sıra əşyalar, o cümlədən qızıl sırğa və qızıl sancaq tapılıb.

 

ŞAH MƏSCİDİ

 

Saray məscidi kompleksin aşağı həyətindədir. Yüksək zövq və sənətkarlıqla tikilib. Məscidin minarəsində abidənin 1441-ci ildə tikildiyi göstərilir və daşlara həkk olunmuş yazıda deyilir: “Böyük və qüdrətli Allaha həmd, Məhəmmədə dualarımız olsun. Bu minarənin açılmasını qüdrətli sultan Xəlilullah əmr etdi. Allah onun hakimiyyət və şahlıq günlərini göylərə ucaltsın”.

Allah bəndələrinin dualarını qəbul etdi, Şah məscidindən bu gün də azan səsi eşidilir.Saraya məxsus məscidə üç qapı qoyulması da çox diqqət çəkəndir. Deyilənlərə görə, məscidə sağ tərəfdən şah və onun ailəsi, şimal tərəfdən kişilər, qərb tərəfdən isə qadınlar daxil olurmuş. Məscidin içərisində iki otaq var, böyük otaq kişilər, kiçik otaq isə qadınlar üçün nəzərdə tutulub. Kişilərə aid olan otaqda mehrab var, mehrab qiblənin istiqamətini göstərir. Saraydakı

 

XATİRƏ TÜRBƏSİ

 

isə Şirvanşahların ailəvi məqbərəsidir. Giriş qapısının üstündə sağ və sol tərəfdə yazılı medalyonda “Allah, Məhəmməd” sözləri oxunur. Türbənin giriş qapısına həkk olunmuş başqa bir yazıda isə oxuyuruq: “Mərhəmətli böyük sultan Xəlilüllah hicri tarixiylə 839-cu ildə bu müqəddəs türbəni anasının və oğlunun xatirəsinə tikdirmişdir”.

Ölüm haqdı. Hamının keçdiyi son qapıdır. 1-ci Xəlilullahın anası Bikə xanımın uyuduğu bu türbəyə diqqətlə baxsanız, onun quruluşunda rahat uyuyan və oğluyla fəxr edən bir ananın üz cizgilərini görə bilərsiniz.

Xatirə türbəsində başqa qəbirlər də var. Xəlilullahın saray şairi Bədr Şirvaninin verdiyi məlumata görə, Şirvanşah 1-ci Xəlilullahın 5 oğlundan dördü atasının sağlığında dünyasını dəyişmiş, qüdrətli hökmdar bu ağrıları yaşamışdı. Böyük hökmdar əzizlərinin xatirəsini uca tutmuş, özü və zövcəsi Xanikə Sultanın da son mənzili bu türbə olmuşdu.

Müəllifi memar Məhəmməd Əli olan Şirvanşahlar türbəsi öz gözəlliyi və zəngin ornament bəzəyi ilə bu gün də hər kəsi heyrətləndirir.

 

SARAY HAMAMI HƏM DƏ İSTİRAHƏT MƏKANI OLUB

 

Şirvanşahlar saray kompleksinin ən aşağı hissəsindəki həyətdə, yerin altında tikilmiş hamamxana da xüsusi maraq doğuran tikililərdəndir. 15-ci əsrə aid olan bu tikilidə Şərq hamamlarına xas bütün cəhətlər birləşib. Hamam bizə uçub-dağılmış formada gəlib çatsa da, qalıqlar binanın rasional kompozisiyaya uyğun inşa edildiyindən xəbər verir.

“Çöl” adlanan otaqlar soyunma, “içəri” adlanan otaqlar isə yuyunmaq üçün nəzərdə tutulub. İsti su hovuzu olan yerdə suyun qızdırılması üçün xüsusi qızdırıcı külxana otağı olub. 1733-cü ildə sarayda olmuş avropalı səyyah İ.Lerx hamam haqqında yazırdı: “O xaricdən olduğu kimi, daxildən də gözəl bəzədilib”.

Bütünlüklə o dövrün Şərq memarlıq üslubunu özündə əks etdirən kompleksin tikililərindən biri saray hamamıdır. Qeyd edək ki, əvvəllər sarayın üzərində park olub. Bu tikili 1939-cu ildə aparılan qazıntılar nəticəsində aşkara çıxıb. Hamama daxil olmaq üçün pilləkənlərlə bir neçə metr aşağı düşmək lazım gəlir. Belə ki, temperatur rejiminə görə, yerin altında tikilən hamamın otaqlarında ancaq gümbəzlər görünürmüş. Gümbəzlərin üzərində açılmış yumru dəliklərdən otağın içərisinə işıq düşmək üçün istifadə edirlərmiş. Tikilinin sol hissəsi təmirə məruz qalıb, amma sağ hissə olduğu kimi qalıb. Cəmi 26 otaqdan ibarət olan hamam kompleksi həm də sarayda yaşayan insanlar üçün istirahət məkanı olub. Saray əhli burada istirahət edir, qonaq qarşılayır və hətta müqavilələr imzalayırmış. Hamamda soyunub-geyinmə otağı, masaj otağı, tək adamın yuyunması üçün otaqlar olub. Belə ehtimal olunur ki, pilləkənə yaxın içərisi kaşı daşlarla bəzədilmiş otaq şaha məxsus olub. Hamamdan bir qədər aralıda şah ovdanı deyilən yeraltı su anbarı olub ki, bu da qayadan 70 pilləkən aşağıda düzəldilib. Ovdan təmiz su ilə təmin edilirmiş. Çox ustalıqla düzəldilmiş ovdan elə maili istiqamətdə tikilibmiş ki, su öz axarı ilə sarayın hamamına gəlir, sonra külxanada qızdırılır, saxsı borular vasitəsilə otaqlara paylanırmış. Hamamın otaqlarında hələ də saxsı boruların qalıqları qalmaqdadır.

 

ŞİRVANŞAHLAR XANƏDANI SƏFƏVİLƏRİN HÜCUMU İLƏ SÜQUTA UĞRASA DA,

 

onların yadigarı olan bu saray dünən də yaşayıb, bu gün də və dünya durduqca da yaşayacaq.

Onu da xatırladım ki, 1964-cü ildən qoruq-abidə elan olunan saray 1997-ci ildən UNESCO tərəfindən qorunan abidələr siyahısına daxil edilib.

Prezidentin imzaladığı sərəncamla isə Şirvanşahlar Saray-Kompleksi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun idarəçiliyinə verilib.

Beləliklə, bütün Şərq memarlıq üslubundan incəliklə istifadə olunaraq tikilmiş bu kompleks doğrudan da orta əsr memarlığının şah əsərlərindəndir. Belə bir əzəmətli abidəni yalnız qorumaq lazımdır ki, gələcək nəsillər də tarixin bu heykəlləşmiş yaddaşından ibrət götürsün.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 14 aprel.- S.6.