Gənc xanəndə Nasir Ətapur: “Əsl sənət, xüsusən də muğam ifaçılığı bazar malı deyil, axı!”

 

“MƏN AZƏRBAYCANA SİYASİ XƏRİTƏYLƏ YOX, ÜRƏYİN, RUHUN XƏRİTƏSİYLƏ YANAŞIRAM”

 

Bir neçə il bundan əvvəl keçirilən 2-ci Televiziya Muğam Müsabiqəsində bir səs də var idi – Nasir Ətapurun səsi. Həmin müsabiqə müddətində gənc və istedadlı xanəndə özünəməxsus ifa tərzi və məlahətli səsi ilə tamaşaçıların rəğbətini qazandı.

Nasir Cənubi Azərbaycanda doğulub, orda boya-başa çatıb. Atası Cənubi Azərbaycanın Qaradağından olan Nasirin ailəcə bir tərəfi də musiqinin, muğamatın beşiyi olan Qarabağdandır. Muğama olan sevgisi və məlahətli səsi, yəqin ki, həm də bu diyara bağlı olmasından irəli gəlir. İlk musiqi təhsilini tar üzrə alan Nasirin muğama həvəsi və məlahətli səsi onun tar müəlliminin diqqətindən yayınmır və müəllimi ona xanəndəlik sənətini davam etdirməyi məsləhət görür. Əvvəlcə Təbrizdə dövlət televiziyasında fəaliyyət göstərən “Gənclər” ansamblında iki il oxuyan gənc xanəndə, sonra elə həmin televiziyada yaşlı sənətkarlardan ibarət “Böyüklər” adlı ansamblda bir il solist kimi fəaliyyətini davam etdirir. İranda muğam təhsili almaq üçün xüsusi məktəblərin olmaması və uzun illərin vətən həsrəti onu 2005 ci ildə Bakıya gətirir. Bir il hazırlıq keçdikdən sonra Nasir 2006-cı ildə Konservatoriyaya daxil olur və xalq artisti, professor Arif Babayevdən muğamın sirlərini öyrənir. 2007-ci ildə keçirilən ikinci “Muğam müsabiqəsi” də bəxtini sınayan gənc xanəndə həmin müsabiqənin sevilən iştirakçılarından biri olur. Münsiflərin və tamaşaçıların müsbət rəyi sayəsində seçilən 20 gənc xanəndə arasında 3-cü yerə layiq görülür. 2010-cu ildə təhsilini əla qiymətlərlə başa vuran Nasir hazırda Milli Konservatoriyada magistr pilləsində təhsilini davam etdirir. Oxumağa hələ kiçik yaşlarından həvəs göstərən Nasir anasının da çox məlahətli səsi olduğunu deyir:

“Mən 9- 10 yaşlarımdan oxumağa başlamışam. Amma təbii ki, evimizdə, ailə şənliklərində. Yəqin ki, çox adam bilmir: Mənim anam əslən Qarabağdan – Ağdam rayonundandır. Anamın da çox gözəl səsi olub. Ailə şənliklərində, evdə oxuyardı həmişə. Uşaq vaxtı buna çox da fikir verməmişdim. Sonralar mən Konservatoriyaya gələndə onun səsi olan lent yazıları əlimə düşdü, gördüm ki, anamın necə də gözəl, məlahətli səsi olub. Bəlkə də anam bu sənətin arxasınca getsəydi peşəkar bir xanəndə olardı. Elə kiçik yaşlarımdan başladım bu sənətə maraq göstərməyə. Anamdan öyrənirdim, məşhur xanəndələrin lent yazılarını dinləyib öyrənirdim. Sonra özəl dərnəklər var idi. Təbrizdə. Bir il həmin dərnəklərin birində tar dərsi aldım. Amma sonra gördülər ki, mənim tara nə istedadım var, nə də həvəsim. Qavraya bilmirdim, hətta tar dərsində də mən çox vaxt eləcə oxuyurdum. Axırda tar müəllimim dedi ki, tar sənlik deyil, yaxşısı budu, sən oxuyasan”. 2007-ci ildə keçirilən Muğam müsabiqəsinin həyatında və sənətində böyük dəyişikliyə səbəb olduğunu etiraf edən gənc xanəndə müsabiqəni keçirənlərə və onları layiqli qiymətləndirən münsiflər heyətinə də minnətdardır: “O müsabiqə sayəsində mən tanındım. Bu müsabiqə, demək olar ki, mənim sənət aləminə sıçrayışım oldu. Təşkilatçılar və münsiflər çox sağ olsunlar ki, bu imkanı bizə yaratdılar və biz cəmi 4 ayda böyük nailiyyət qazana bildik. Bu müsabiqə bizim peşəkar səhnəyə gəlməyimiz üçün bir vəsilə oldu. Ancaq müsabiqədə iştirak etmək, qalib olmaq o demək deyil ki, biz artıq sənətkarıq. Bəzi gənc xanəndələr belə qəbul edirlər ki, əgər mən bu müsabiqədə laureat oldum, qalib gəldimsə, artıq sənətkaram. Belə deyil, məncə. Düşünürəm ki, bu müsabiqə yalnız bir başlanğıcdır. Xalq səni tanıdısa, bununla iş bitmir. İnsanlar gözləyirlər ki, bu gənc xanəndə hansı yeniliklər edəcək, daha hansı nailiyyətləri qazanacaq. Bu baxımdan da çox məsuliyyətlə yanaşmalıyıq bu sənətə. Əlbəttə ki, bu çox çətindir. Əsl sənətkar olmaq üçün gecə-gündüz çalışmaq lazımdır. Bir də, mən belə başa düşürəm ki, sənətkar olmaq üçün gərək adamın birinci növbədə ürəyi saf ola, daxilən təmiz, düzgün ola. Ürək təmiz olmasa, sənətdə nə isə etsə də, xalqıq məhəbbətini qazana bilməz”. Nasir Ətapur deyir ki, 4 il əvvələ nisbətən, indi muğam sənətini daha yaxşı dərk edir və oxumağa, ifaya daha ciddi yanaşır: “4 il əvvəlki lent yazılarına baxanda görürəm ki, müsabiqədə oxuduqlarımı dərk edərək, anlayaraq oxumamışam. Hələ indi-indi düşünərək oxumağı öyrənirəm. Oxumağımda, fikrimdə, təfəkkürümdə muğam həm asanlaşır, həm də çətinləşir. Asanlaşır, ona görə ki, hər dəfə yeni bir şey öyrənirəm. Çətinləşir, ona görə ki, tapdıqlarımı genişləndirib xalqa çatdırmağı bacarmalıyam. Sən başa düşdüyün kimi gərək xalq da sənin oxuduğunu başa düşsün. Ümumiyyətlə gündən-günə fərq olmalıdı. Belə olmasa, deməli o sənətçinin yaradıcılığı inkişafdan qalıb”.

Zaman-zaman maddi çətinliklərlə üzləşən gənc xanəndə sənətə əsla sırf maddi gəlir əldə etmək vasitəsi kimi yanaşmadığını deyir: “Düzdür, indiki zamanda bu sənətdə irəli gedə bilmək üçün maddi imkan gərəklidir. Ancaq sənətdən sırf maddi gəlir mənbəyi kimi istifadə etmək də olmaz. İndi bəzi gənclərimiz qaçırlar pul, maşın, dəbdəbəli həyat ardınca. Bütün ölkələrdə, hər dövrdə, incəsənətin bütün növlərində bu belədi ki, əgər daimi rifah, uzun zaman rahatçılıq varsa, onda əsl sənətkarın yetişib ortaya çıxması qeyri-mümkündür. Böyük adamların, dahi sənətkarların hər birinin tərcümeyi-halında çətinlik, aclıq, qıtlıq var. Amma indi qəribə bir fikir yaranıb ki, əksər gənc sənətçilərin nəzərincə, əgər bu gün tanınırsa, filan toylara gedib, filan qədər pul qazanmalıdır, “Cip” minməlidir, villada yaşamalıdır. Belə başa düşülür ki, əgər bunlar yoxdusa, yaxşı sənətkar deyilsən, sənətin də yoxdur. Halbuki bəlkə tam tərsinədir. Firavanlıq çox zaman əsl sənətə mənfi təsir edir”. Tez-tez də olmasa, el şənliklərində hərdən iştirak edən gənc xanəndə indi Azərbaycanda sənətin, sənətkarın meyarının toyların sayı olmasına təəssüfləndiyini bildirir. İndiki zamanda artıq fəxri ad almağın tezləşməsi və asanlaşması da Nasir Ətapurda təəssüf hissi doğurur: “Bizim ustad sənətkarlar 50 yaşdan sonra, 60-da, 70-də yüksək fəxri adlar alıblar. Amma indi bu adı 30- 35 yaşında da almaq olur. Əlbəttə ki, belə olanda həmin gənc sənətçilər arxayınlaşır, tənbəlləşir və daha öz üzərində işləmək istəmirlər. Düşünürlər ki, onsuz da hər şeyim var, ad almışam, təqaüd alıram, tanınıram, toylara çağırırlar, bəsimdir. Mən şəxsən özüm şahidi olmuşam ki, bir gənc xanəndə ilə üç dəfə dalbadal toya getmişik, üçündə də eyni repertuarı ifa edib. Bu, sənətə, xalqa qarşı laqeydlik olmaqdan başqa, həm də özünü və sənətini gözdən salmaqdı. Sənət aləmini bazar mühiti kimi təqdim edirlər. Amma əsl sənət, xüsusən də muğam ifaçılığı bazar malı deyil, axı! Bu sənətdə zövq var, hissiyyat var, xalqın mənəviyyatı, ənənələri, tarixi var. Muğam bizim milli dəyərimizdi, Azərbaycanın sənət gerbidir. Dünyada muğam deyiləndə indi hər kəsin ağlına Azərbaycan gəlir”.

Ürəyi Azərbaycana sevgiylə döyünən Nasir doğma vətəndə bir çox halda üzləşdiyi ögey münasibətdən gileylidir, hətta laqeydlik görəndə bəzən sənətdən uzaqlaşmağı da düşündüyünü gizlətmir: “Mən sənətçiyəm və bu yolla vətənimə xidmət edirəm. Mən Azərbaycana siyasi xəritə ilə yox, ürəyin, ruhun xəritəsi ilə yanaşıram. Təəssüflər olsun ki, özümə qarşı burda bir ögey münasibət, yad adam yanaşması görürəm. Məsələn, Beynəlxalq Muğam Festivalında iştirak etməyimə imkan verilmədi ki, İran vətəndaşısan. Yaxşı, bunu başa düşürəm. Deyirəm ki, İranın adından iştirak edim. Onda da deyirlər ki, sən azərbaycanlısan, gəlib İran adından çıxış edə bilməzsən, onda gərək fars muğamı oxuyasan, Azərbaycan muğamını burda özümüzünkülər oxuyur. Doğma vətənimdə qarşılaşdığım belə hallar məndə küskünlük, məyusluq yaradır. Bəzən elə olur, düşünürəm ki, bu sənətdən gedim. Elə vəziyyət yaranıb ki, İranda mənə azərbaycanlı, Azərbaycanda da iranlı kimi baxıb, yad hesab edirlər. Mən uşaqlıqdan bu tayın həsrətilə yaşamışam, hətta bura ilk dəfə gələndə Astaranın torpağını öpmüşəm. Məni 4 ayda bir dəfə efirə çağıranda, başqa yaşıdlarımı bəlkə həftədə bir dəfə çağırırlar. Türkiyədə Təbrizdən gedən tələbələrə təhsildə 30 faiz güzəşt edirlər. Vəsiqənə baxırlar ki, İranın Azərbaycana aid şəhərlərində doğulmusan, azərbaycanlısan, deyirlər ki, sən türk soylusan, bizə qardaşsan. Amma azərbaycanlı ola-ola, Azərbaycanda çox vaxt laqeydliklə üzləşirəm. Mən muğama, qəzəllərə o biri uşaqlardan daha dəqiq yanaşıram. Həm fars dilini, həm ərəbcəni keçdiyimə görə qəzəlləri səlis demək, mənasını anlamaq mənim üçün asandır. İndi gənc xanəndələr niyə Füzuli kimi dahinin qəzəllərinə yaxın durmurlar? Çünki həmin qəzəllərdə ərəb-fars sözləri, tərkibləri var. Bu qəzəlləri düzgün tələffüz edə bilmirlər həmin gənclər. Burdakılar elə 9 milyon azərbaycanlını düşünür. Amma İranda yaşayan 35 milyon da var, onlar da dinləyir axı bizi. İrandakı azərbaycanlılar dəqiq bilir ki, oxuyanda kim nəyi harada səhv oxudu, hansı sözü düz demədi”. Bu yaxınlarda Təbrizdə konsert verən Nasir Ətapur imkan yarandıqca, harda olursa olsun, Azərbaycan muğamını təbliğ etməyi özünə borc bildiyini söyləyir: “Avropaya da gedirəm, Türkiyədə də oluram. Ancaq Təbrizdən olduğuma görə oradan lap çox istəklər gəlir ki, gedib Təbrizdə konsert verim. Bu, Təbrizdə üçüncü konsertimizdi. Birinci dəfə 2008-ci ildə ustad xanəndəmiz Arif Babayevin rəhbərliyi ilə getdik. Onda müsabiqə təzə bitmişdi. Ondan bir il sonra daha bir konsert verdik”. Dediyinə görə, yaxın zaman üçün Nasir Ətapurun Təbriz və Tehranda yeni konsertləri planlaşdırılır. Bizə isə bu istedadlı gənc xanəndəyə müvəffəqiyyət diləmək qalır. Uğurlar olsun, Nasir!

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 15 aprel.- S.7.