Karvansaralar: uzaq yolların tozunu, yorğun
yolçuların izini bugünə daşıyan abidələr
Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan tarixən geniş ticarət əlaqələrinə malik olub. Ölkənin qədim karvan yolları üzərində yerləşməsi, əlverişli coğrafi mövqeyi və iqlimi ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə təkan verirdi. İqtisadi əlaqələrin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən karvan yolları üzərində tacirlərin rahatlığı üçün hamamlar, kəhrizlər, məscidlərlə yanaşı, karvansaralar da inşa olunurdu.
Hələ orta əsrlərdə Azərbaycan ticarət mərkəzi kimi tanınırdı. Şərqlə Qərbin müxtəlif ölkələri ilə ticarət aparan Azərbaycandan neft, duz, ipək, yun, mis qablar və xalçalar müxtəlif ölkələrə ixrac olunurdu. Həmin dövrlərdə ölkəyə gələn tacirlər karvanlarının təhlükəsizliyi, onların ölkədə qala bilmələri üçün müxtəlif bölgələrdə karvansaralar tikilirdi. Əsrlər boyu böyük şəhərlərdə, o cümlədən də Böyük İpək Yolu üzərindəki karvansaralar bugünkü mehmanxana funksiyasını daşıyıb. O dövrdə karvansaralar 2 qrupa bölünürdü –şəhər və yolüstü karvansaralar. Yolüstü karvansaralar daha çox istehkamı, qalanı xatırladırdı. Qalın divarları olan həmin karvansaraların bir qapısı vardı və gecələr bağlanırdı. Şəhər karvansaralarının isə əsasən iki qapısı olub və daha yaxın məsafələrdə yerləşirdi.
İlk karvansaralar 5-6 min il əvvəl inşa olunmağa
başlayıb. Tarixi mənbələrə
görə, karvansaraların Azərbaycanın qədim və
iri ticarət mərkəzlərində – Bakıda, Gəncədə,
Şəkidə, Abşeron yarımadasında və başqa
yerlərdə hələ orta əsrlərdən əvvəl
fəaliyyət göstərib. Tarixi mənbələr
bölgədə ilk karvansaraların e.ə. 6-3 minillikdə,
yəni 5-6 min il əvvəl inşa
olunduğu barədə xəbər verir. Eradan əvvəl
550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər
imperiyası qədim dövrün ən böyük imperiyalarından
biri olub. Bu imperiya şimal-şərqi Afrikadan tutmuş
(Misir də daxil olmaqla) Hindistana kimi, şərqdə Hind
okeanından, cənubda İran körfəzindən tutmuş
şimali Qafqaz dağlarına qədər böyük bir ərazini
əhatə edirdi. Həmin dövrlərdə
Azərbaycanın ərazisi də bu imperiyanın tərkibinə
daxil idi. Eramızdan əvvəl 5 əsrdə
yaşamış yunan tarixçisi Herodot Əhəmənilər
imperiyasının tərkibində yaşayan 70 xalq və
tayfanın adını çəkir. İran
hökmdarı imperiyanın idarə olunmasını
asanlaşdırmaq məqsədilə hərəkət
üçün rahat yolların yaradılmasına və
onların təhlükəsizliyinin təmin olunmasına
xüsusi diqqət yetirirdi. Bu məqsədlə
imperiya ərazisində əsas ticarət yollarında bir
günlük yol məsafəsində karvansaralar və gözətçi
dəstələri üçün məntəqələr
tikilirdi.
Bu gün Azərbaycanın,
demək olar ki, əksər bölgələrində qədim
karvansaraların qalıqlarına rast gəlinir. Müxtəlif
ərazilərdən tapılan karvansara qalıqları eyni
zamanda ərazinin tarixini öyrənməyə də imkan
verir. Məsələn, Sumqayıt şəhəri
ilə bağlı müxtəlif yazılı məlumatlarda
7-ci əsrin əvvəlində Sumqayıtın ərazisindən,
Sumqayıtçayın hər iki sahili boyunca karvan
yollarının keçdiyi bildirilir. Ərazidə
arxeoloji qazıntılar zamanı aşkar olunmuş karvansara
qalıqları bu fərziyyəni təsdiq edən əhəmiyyətli
mənbədir. Bakı buxtasında suyun
altında qalmış Karvansara adasına əsasən belə
nəticəyə gəlmək olar ki, 12-13 əsrlərdə
Xəzərin səviyyəsi bugünkündən çox
aşağı olub. Bu həm də Xəzərin
tarixini öyrənməyə imkan verir.
Ermənilərin
tarixi Azərbaycan torpaqlarına nə vaxt, necə köçürülməsi
barədə çox yazılıb. Amma bəlkə
çoxları bilmir ki, tarixin müxtəlif dövrlərində
Azərbaycana köçürülən ermənilər bir
müddət qədim tarixi tikililərdə – karvansaralarda məskunlaşıblar.
Azərbaycan
Dövlət Arxivindəki mənbələrdən məlum
olur ki, Naxçıvan şəhərində çoxlu sayda
tikililər – məscid, bazar, dükan, hamam, körpü olub. Bunlardan ikisi
karvansara olub. Karvansaraların birində 31 ədəd
dükan, digər yarıuçuq vəziyyətdə olan
karvansarada isə köçürülmüş ermənilər
məskunlaşıbmış. Bu, ermənilərin
bu torpaqlara sonradan gəldiklərinə dair yüzlərlə
sübutdan biridir.
BAKININ KARVANSARALARI
Quru və dəniz
yollarının qovuşduğu əlverişli yerdə yerləşən,
zəngin təbii sərvətləri olan Bakı orta əsrlərdə
Qərblə Şərq arasında tranzit ticarət mərkəzi
rolunu oynayırdı. Şəhərin əsas gəlir mənbəyi
ticarət idi. Bölgədə ticarətin
inkişafına Şirvanşahlar, şəhər hakimləri
və tacirlərin özləri nəzarət edirdilər.
Karvansaralarda şəhərə gələn
tacirlərin qalmaları, mallarını saxlamaları
üçün hər cür şərait
yaradılırdı. Tacirlər xüsusi
tikililərdə – karvansaralarda yaşayırdılar. Burada onların və mallarının təhlükəsizliyi
təmin olunurdu. Karvansaralar bir növ
qalanı xatırladırdılar. Onların
qapalı həyəti hündür lal divarla əhatə
olunmuşdu və gecələr kilidlənən bir
qapısı var idi. Bakı
karvansaraları ticarət üçün də
uyğunlaşdırılmışdı. Çox vaxt karvansaralar eyni ölkədən gələn
tacirlərə xidmət edir və məhz onlar
üçün tikilirdi.
Karvansaraların
yanında bu tacirlərin dini etiqadına uyğun məbədlər
də inşa olunurdu.
MULTANİ KARVANSARASI
hindlilərin yadigarı sayılır və
bu, İçərişəhər, Qız Qalasının
yaxınlığında üzbəüz qoşa
karvansaralardan biri olmaqla Multani tikilmə üslubuna görə
qədim Bakı memarlığına xüsusi rəng
qatır. Ənənəvi karvansara üslubundan
fərqli formada tikilən və Suraxanı Atəşgahını
xatırladan Multani vaxtilə 16-cı əsrdə Bakıya gəlmiş
hindlilər tərəfindən inşa edilib. O zaman
Hindistanda eyniadlı kənd mövcud imiş. Hazırda
isə bu kənd Pakistanda yerləşir. 1949-cu
ildə Pakistan Hindistanın tərkibindən ayrıldıqda
bu kənd də
Bu baxımdan
Multani karvansarasının memarlıq üslubu ilə
Suraxanıda hindlilər tərəfindən tikilən Atəşgahın
arasında mühüm oxşarlıqlar var. Sadəcə, fərq
ondan ibarətdir ki, Atəşgah karvansaraya nisbətən
böyük olmaqla yanaşı, həm də onun ortasında
alov yanır.
əyə daxil olduqda isə, göz
önündə tamamilə başqa bir aləm canlanır. Tiklinin aşağı mərtəbəsi yerin
altında yerləşir. Üç
böyük zaldan ibarət olan və tacirlərin
satacaqları heyvanları saxlamaq üçün nəzərdə
tutulan alt mərtəbənin üç qapısı var.
Tacir öz heyvanlarını yalnız dənizə tərəf
açılan qapıdan zirzəmiyə daxil edə bilərdi.
Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə
daxil olanda yol yuxarı qalxdığından, salonun digər
qapısından yalnız tacirlər pilləkənlə
yuxarı, yəni qonaq otaqlarına qalxa bilərmişlər.
Alt mərtəbənin digər zalının
qapısı Qız qalasına açılır. Karvansarada “Sim-sim” adlanan zalın eyni adlı
qapısı da qeyri-adi təsir bağışlayır.
Ona görə ki, qapı “Əlibaba və
qırx quldur” filmindəki məşhur “Sim-sim”
qapısını xatırladır.
Multani
karvansarası öz qədimliyini demək olar ki, olduğu kimi
qoruyub saxlayıb. Sadəcə, daşlar bir qədər
ovulub tökülüb. Divarlarda qədim
Azərbaycan xalçaları, bəzək əşyaları,
xalça və kilimlər, qədim Bakını təsvir edən
rəsmlər asılıb. Burada isə əsas
məqsəd karvansaraya gələn əcnəbilərdə
Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür
yaratmaqdır. “Sim-sim” zalının
girişindəki kiçik dəhlizdə Pakistanın sabiq
prezidenti Pərviz Müşərrəfin karvansaraya
bağışladığı hədiyyələr var. Hədiyyələr
saxlanılan dolabın üzərində “Pakistanın Multani
şəhərindən mətbəx ləvazimatları”
yazılıb. Hədiyyələr keramik
stolüstü lampa, gül vazası, keramik kassa və piyalə,
keramik boşqab, su qazanı, gül vazası, çay dəsti,
qazança, ağzı açıq qazan, güzgüdən
ibarətdir. Orta əsrlərdə
karvansaraya gələn tacirlər öz heyvanlarını yerləşdirdikdən
sonra digər zala keçib pilləkənlə yuxarı –
qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən
ikinci mərtəbənin həyətinə
çıxır. Həyətdə qonaq
otaqları yerləşir. Qeyd edək ki,
Multani karvansarası 70-ci illərdən “Restoran-karvansara kompleksi”
adı altında fəaliyyət göstərir. Hazırda isə Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli
memarlıq abidəsi kimi qorunur.
Məsələn,
adətən karvansaralar dairəvi formada tikilir, alt və
üst qatlar daxil olmaqla, ikimərtəbəli olurdu. Lakin bu
karvansaranın memarlıq üslubu fərqlidir.
Orta əsr
memarlıq üslubuna əsasən, otaqların
qızdırıcı sistemi bir-biri ilə əlaqəli olub. Bu
qızdırıcı sistem isə olduqca gözəl
quraşdırılıb. Hər
otağın divarının altında buxarı var və onun
bacası divarın içərisində yerləşdirilib.
Açıq alov bütün divarı
qızdırır və beləliklə də bir buxarı iki
otağı çox normal şəkildə istilədir.
Soyuq aylarda otaqlar hər zaman isti olur. İndi buxarı müasirləşərək,
odunla deyil, qazla yandırılsa da, sistem olduğu kimi qalır.
Karvansara elə
bir üslubda tikilib ki, qış vaxtı otaqlar isti, yayda isə
sərin olur.
Ümumiyyətlə, isti aylarda da kondisionerdən
çox nadir hallarda istifadə edilir. Demək
olar ki, otaqların quruluşu və içərisində olan əşyalar
da eynidir. Məsələn, otağın
qarşısında olan kiçik dəhlizin yuxarısında
şəbəkə formasında kiçik daş pəncərə
bütün otaqlarda mövcuddur. Bu pəncərə
ilin bütün fəsillərində açıq olur və
otaqların havasını tənzimləyir. Qədim xalçalar, müttəkkələr, kilimlər,
divarlar boyu düzülmüş qədim keramik boşqablar əcnəbi
qonaqlara əsl Azərbaycan tarixini və mədəniyyətini
təqdim edir. Hətta 1992-ci ildə
Bakıya səfər edən Böyük Britaniyanın
keçmiş baş naziri Marqaret Tetçer də karvansaraya
gəlib və bu otaqlardan birində nahar edib.
BUXARA KARVANSARASI
15-ci əsrə
aid edilir və Multani ilə üzbəüz tikilib. Tarixçilərin
bildirdiyinə görə, bu karvansara o zaman Orta Asiyadan
Bakıya gələn tacirlər tərəfindən inşa
edilib. Elə tikilinin adı da həmin
dövrdə Özbəkistanın paytaxtı olmuş Buxara
şəhərinin adından götürülüb. Bu karvansaranın bir mərtəbədən ibarət
olması deməyə əsas verir ki, tikilinin digər mərtəbəsi
yerin altında qalıb. Ona görə ki, bütün
Şərq karvansaralarının özünəməxsus
memarlq quruluşu olub: alt mərtəbə anbar kimi istifadə
olunar, yuxarı mərtəbədə qonaq otaqları, həyətində
isə hovuzu olardı. Multanidən fərqli
olaraq 17 otaqdan ibarət olan Buxara karvansarası dairəvi
formada tikilib. Həyətin ortasında
bütün Şərq karvansaralarına məxsus hovuz yerləşir.
Bu hovuzun özəlliyi ondan ibarətdir ki, tikildiyi
dövrdən bəri, yəni 15-ci əsrdə olduğu kimi
qorunub saxlanılır. Onun tikilmə
üslubu hələ də insanlarda təəccüb və
maraq doğurur. Belə ki, su fontandan
axıb tökülsə də, hovuz dolmur və su müəyyən
səviyyədə qalır. Burda sistem elə
quraşdırılıb ki, suyun hara və necə axıb
tökülməsi bəlli deyil.
Karvansaranın
həyətində diqqəti cəlb edən mənzərə
qədim geyimlərimiz, əl işlərimizdən ibarət
olan qalereyadır. Karvansaraya turistlərin axınının
həddindən artıq çox olduğunu nəzərə
alıb belə bir qalereya təşkil ediblər. Karvansarada deyirlər ki, mart ayında mövsüm
başlayır və demək olar ki, gün ərzində 3-4
turist qrupu qəbul olunur. Dəvə karvansaranın
loqosudur
Bu karvansaraya da
ölkəyə səfər edən prezidentlər və
prezidentin qonaqları daxil olmaqla, yüksək səviyyəli
qonaqlar gəlir.
Buxara
karvansarası kvadrat formalı olsa da, həyəti səkkizguşəlidir. Perimetr üzrə
tikilmiş eyvanlar və otaqlar, hücrələrlə əhatələnib.
Səkkizüzlü
rahat həyət, gündəlik ticarət əməliyyatlarından
sonra səyyahların və tacirlərin
toplaşdığı açıq səma altındakı
zal bura xüsusi gözəllik verir. Düz çərçivəyə
alınmış həyətin daxili məkanının
bütün perimetri boyu kompozisiyanın əsas hissəsini təşkil
edir. 1964-cü ildə aparılmış
təmir-bərpa işləri karvansaranı sonradan əlavə
edilmiş tikililərdən və laylardan tamamilə xilas etdi.
Bu da onun ətraf tikililər fonunda irihəcmli quruluşunu
üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində
karvansaranın altından Bakını su ilə təmin edən
xəttin keçdiyi aşkar olunub.
Buradakı Xan
karvansarası (o eyni zamanda Kiçik karvansara kimi də
tanınır) 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində
tikilib. O da
kvadrat şəklində inşa edilib və digərləri ilə
eynilik təşkil edən detallardan ibarətdir. Karvansaranın şimal və cənub girişləri
portal formasındadır. Əsas giriş
portalı orta əsrlərdə dəniz tərəfdən
olub. Cənub tərəfdən
karvansaranın fasadı ikimərtəbəli olub, möhtəşəm
istehkam görüntüsünə malikdir. Orta əsrlərdə karvansara ticarət
küçəsi tərəfdən, həyətlə
birbaşa əlaqəsi olmayan dükanlarla əhatə olunub.
Ehtimal olunur ki, bu tikili karvansara kimi fəaliyyət göstərməmişdən
öncə Came məscidinin mədrəsəsi və onun həyətindəki
hücrələrdən ibarət olub.
MİƏCİK, YOXSA QARAÇI KARVANSARASI
Bu karvansara
Abşeron rayonunun, Pirəkəşkül kəndi
yaxınlığında orta əsrlərə aid memarlıq
abidəsidir.
Qədim Bakı-Şamaxı karvan yolunun
üstündədir. 19-cu əsrdən
karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar
olaraq istifadəsiz qalıb. Sonralar
köçəri qaraçılar vaxtaşırı burada məskən
saldıqlarından yerli əhali karvansaranı Qaraçı
karvansarası adlandırıb. Mənbələrdə
isə abidə Miəcik karvansarası adlanır.
Karvansarada qonaq
və xidmətçilər üçün otaqlar, təsərrüfat
binaları var. Qaraçı karvansarası əhəng
daşından tikilib. Karvansaranın darvazası üzərindəki
kitabədə Şirvanşah Xəlilullah adı
yazılıb. Kitabənin paleoqrafiyası
və Şirvanşahın titullarına əsasən onun 2-ci
Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Daha bir
karvansara isə Bakıdakı indiki “Beşmərtəbə”
kimi bilinən binanın yerində Abbasqulu Bakıxanovun
qızı Töhrə xanıma məxsus olan karvansara idi. Bu karvansaraya
Xanım Karvansarası deyirdilər. Bu bir mərtəbəli
karvansaranın qarşısında (təxminən indiki
Füzuli heykəlinin yerində) şəhərin əsas su mənbələrindən
olan yeraltı bulaqlar var idi. Səkkiz metrə
dərinlikdə olan bu bulaqlardan İçərişəhərə
xüsusi Hüseynquluxan kərgizi (su kəməri) çəkilmişdi.
1903-cü ildə
şəhər “upravası” burdakı bazarı ləğv
etmək qərarı aldı. Bunun əsl səbəbi
antisanitariya və idarə olunmaz kriminogen vəziyyət idi.
Bir səbəb də yaxınlıqda olan
Bazarnı küçəsindəki (keçmiş indiki
Hüsü Hacıyev küçəsi) dükanların ucuz
bazar ilə rəqabət apara bilməməsi idi. Nəhayət
bazar dağıdıldı, yol genişləndirildi və daha
sonra burdan konka (atlı tramvay) relsləri
salındı.
Sonralar
burdakı bütün tiryəkxanalar söküldü, bazar
dağıdılaraq park salındı və nəhayət
karvansara xarabalığı yerində “Beşmərtəbə”
kimi bilinən bina tikildi.
Qədim tarixi
yol bələdçiləri olan bu karvansaralar həm də əsrlərin
sınaqlarından çıxmış və zəmanəmizə
gəlib çatmış memarlıq abidələridir. Bu həm də
Azərbaycan xalqının mədəni irsinin zənginliyindən
xəbər verir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 15 aprel.- S.6.