Ümumi tam orta təhsil səviyyələri üzrə sonuncu yoxlama imtahanı keçirilib

 

Təhsil Nazirliyi aprelin 17-də Azərbaycanda ümumi orta və tam orta təhsil səviyyələri üzrə sonuncu yoxlama imtahanı aparılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda keçirilib. Ölkə üzrə orta məktəblər və peşə liseylərində yoxlama imtahanlarının keçirilməsinə fevralın 13-dən başlanılıb. Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılır. Şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. İyunun 2-dən başlayaraq isə artıq ölkə üzrə ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq. İlk imtahanlar iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayılda olacaq. İyunun 4-də Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda, iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda, iyunun 10-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtərdə, iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçalada, iyunun 17-də Bakıda keçiriləcək. Peşə liseylərində buraxılış imtahanları isə aprelin 24-də olacaq.

Attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək. Məlumatda bildirilib ki, Nazirlər Kabineti təhsildə xüsusi nailiyyətlərə görə veriləcək qızıl və gümüş medalların təsvirini təsdiq edib. Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanacaq. Medalların üz tərəfində Azərbaycanın gerbi, gerbdən yuxarıda “Azərbaycan Respublikası” sözləri simmetrik yerləşdirilməklə həkk olunacaq. Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk ediləcək. Medalların yan səthində çevrə boyunca, böyük çap hərfi ilə “QIZIL MEDAL” və “GÜMÜŞ MEDAL” sözləri nəqş olunacaq. Bürünc metaldan hazırlanmış medalların səthinə qızıl və gümüş suyu çəkiləcək və qırmızı rəngli plastik qutulara qablaşdırılacaq.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2011.-19 aprel.- S. 2.