“Qərbi Avropa ölkələrilə
müqayisədə Macarıstanda Qarabağ münaqişəsi
haqda daha güclü məlumat var”
SƏFİR VİLAYƏT QULİYEV: “RƏSMİ
BUDAPEŞTİN ENERJİ RESURSLARI BAXIMDAN DA AZƏRBAYCANA
BÖYÜK MARAĞI VAR”
Azərbaycanın Macarıstandakı səfirliyi
paytaxt Budapeştin mərkəzində qədim və tarixi bir
binada yerləşir. Üçrəngli
bayrağımızın dalğalandığı bu tarixi
bina 2007-ci ildən Azərbaycanın mülkiyyətindədir.
Amma bu ölkədə bizə məxsus olan təkcə bu
kiçik ərazi deyil. Azərbaycanın Macarıstandakı
səfiri Vilayət Quliyev “525”ə müsahibəsində
burada həm də Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ətraflı məlumatın olduğunu
bildirir.
– Qərbi Avropa ölkələri ilə müqayisədə Macarıstan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha güclü məlumata malikdir. Təbii ki, bu işdə səfirliyin də böyük rolu var. Əvvəla, bəlkə də Macarıstan yeganə ölkədir ki, burda BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamə macar və ingilis dillərində ayrıca kitab şəklində və büroşurda çap olunub. Biz onu bütün görüşlərdə həmsöhbətlərimizə, macar mətbuatına, dövlət strukturlarına təqdim edirik. Bütövlükdə münaqişə barədə macar ictimaiyyətində geniş məlumat var. Bundan əlavə, Azərbaycan səfirliyi artıq beş ildir ki, hər il Macarıstan və Azərbaycan alimlərinin iştirakı ilə “Macarıstan- Azərbaycan mədəniyyətləri dialoqu” forumunu təşkil edir və bu dialoqda iştirak edən alimlərin Dağlıq Qarabağ münaqişəsi barədə də müəyyən məlumatlar əldə etmək imkanı olur. Ümumilikdə münaqişəyə münasibətdə Macarıstanın mövqeyi Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür.
İstər Azərbaycan prezidentinin Macarıstana rəsmi səfəri zamanı, istər Macarıstanın keçmiş baş nazirinin ölkəmizə səfəri zamanı imzalanmış sənədlərdə də Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır və ölkəmizin bu ərazilərdə suveren hüquqları rəsmi Budapeşt tərəfindən dəstəklənir. Ümumiyyətlə, bu məsələnin macar mətbuatında geniş işıqlandırılmasına çalışırıq. Mənim bir neçə gün əvvəl səfirlikdə tanınmış macar hüquqşünası, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Budapeştdəki Elton Universitetinin kafedra müdiri Qabro Hamzayevlə görüşüm oldu. O, Avropa miqyasında tanınmış hüquqşünasdır. Mən təklif etdim ki, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri barədə kitab hazırlasın. Səfirlik olaraq onu müəyyən materiallarla təchiz edə bilərik. Ehtiycı yaranarsa, onun Azərbaycana səfərini də təşkil edə bilərik. O kitabda təbii ki, Dağlıq Qarabağ münaqişəsinin yaranması, BMT-nin məlum qətnamələri, münaqişənin dinc yollara aradan qaldırılması istiqamətində Azərbaycanın göstərdiyi səylər, eyni zamanda Ermənistan tərəfin dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklər, Xocalı soyqırımı öz əksini tapmalıdır.
– Bəs bu il ticarət dövriyyəsinin
həcmində artım gözləniləndirmi?
– Bu bizdən asılı olan məsələ deyil. Əgər səfirlik xətti ilə ticarətin, iqtisadi əlaqələrin inkişafına hər hansı dəstək vermək lazımdırsa, biz onu edirik. Tutaq ki, Azərbaycanın iqtisadi uğurlarını təbliğ etməyə çalışırıq. İqtisadi göstəricilərimiz barədə müxtəlif məlumatları özündə əks etdirən materiallar, büroşurlar təqdim edirik. Bizimlə əlaqə saxlayan macar iş adamlarını Azərbaycana getməyə təşviq edirik. Hər halda ticarətin, iqtisadiyyatın inkişaf qanunları, qaydaları var. Üstəlik, indiki hökumətin Azərbaycana marağı böyükdür. Baş nazir Urban da yeni seçkilərdən sonra ilk səfərlərindən birini Azərbaycana etdi. Bütövlükdə həm hökumət, həm biznes strukturları səviyyəsində maraq var. Yəqin ki, bu maraq böyük ölçüdə reallaşsa, ticarətin həcmi də artacaq.
– Macarıstanda Azərbaycanın
enerji sektoruna maraq nə dərəcədədir? Rəsmi
Budapeştin Nabukko layihəsində iştirak istəyi
varmı?
– Macarıstan daha çox AQRİ layihəsi ilə maraqlanır. Bilirsiniz ki, ötən ilin sentyabrında Bakıda ilk AQRİ sammiti keçirildi. Əslində əvvəlcə bu sammit 3 ölkənin dövlət başçılarının- Azərbaycan, Gürcüstan və Rumıniyanın- görüşü kimi nəzərdə tutulurdu. Amma son məqamda Macarıstan da bu proyektə qoşulmağı qərara aldı. Çünki Macarıstanda da enerji resurslarının difersifikasiyası gündəlikdə durur. Yəni Macarıstan Avropa enerji ehtiyatlarının 80 faizini Rusiyadan idxal edir. Amma ölkə bir xətli enerji asılılığından xilas olmaq istəyir. Ona görə ki, yeni istiqamətlər açmağa çalışır. Bu istiqamətlərdən biri də Azərbaycandır. Ona görə də Macarıstan AQRİ layihəsində iştirakına razılıq bildirib. Və müvafiq sənədi, niyyət protokolunu baş nazir imzalayıb. Eyni zamanda Macarıstan Nabukko-dan da imtina etmir. Amma bilirsiniz ki, bu layihə hələ gerçəkləşməyib və bu məsələ təkcə Azərbaycanın iradəsindən asılı deyil. Gələcəkdə Nabukko reallığa çevrilsə, yəqin ki, bu müstəvidə də Azərbaycan Macarıstan əməkdaşlığı olacaq. Amma bütövlükdə enerji resursları baxımdan Macarıstanda digər şərqi və qərbi Avropa ölkələrində olduğu kimi Azərbaycana maraq çox böyükdür.
– Qeyd edildiyi kimi Macarıstan həm
də bu il Avropa İttifaqına sədrlik edir. Siz Azərbaycanın
bu quruma inteqrasiyası, Qarabağ məsələsinin
nizamlanması baxımından rəsmi Budapeştin sədrliyindən
nə gözləyirsiniz?
– Açığını desəm, bu baxımdan Macarıstanın imkanları o qədər də böyük deyil. Hələ Macarıstanın sədrliyinin başlanması ərəfəsində, ötən ilin noyabr ayında bu ölkənin xarici işlər naziri burdakı diplomatlar üçün brifinq təşkil etmişdi. Brifinqdə Macarıstanın sədrliyi dövründə prioritet saydığı istiqamətlər barədə məlumatlar verilirdi. Mən nazir Yanoş Martonini yaxşı tanıyıram. Çünki o 2000-2003-cü illərdə də xarici işlər naziri olub. Azərbaycan Avropa Şurasına daxil olanda onun böyük dəstəyi olmuşdu. Mən ona dedim ki, Avropa məkanında ciddi problemlərdən biri 20 ildən bəri həllini tapmayan Qarabağ münaqişəsidir və bu istiqamətdə nə kimi planları var. Macarıstan bu məsələyə nə yenilik gətirə, hansı töhfəni verə bilər. Təbii ki, cavab gözlədiyim kimi oldu və o bildirdi ki, bu məsələdə Avropa Birliyinin dəst-xəttini müdafiə edirlər. Digər tərəfdən isə münaqişə tərəfləri öz aralarında razılığa gəlsələr, bu mövqeyə dəstək verməyə hazırdırlar.
– Macarıstanda Azərbaycan diasporunun vəziyyəti necədir?
Ümumiyyətlə burda nə qədər azərbaycanlı
yaşayır?
– Macarıstanda Azərbaycan
diasporu o qədər də böyük deyil. Səfirlikdə
apardığımız hesablamaya görə, bu ölkədə
daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın
sayı 50 nəfərə yaxındır. Ola bilsin
tanımadıqlarımız var, amma bu da böyük say deyil.
Diasporaya gəlincə, burada Azərbaycan Cəmiyyəti fəaliyyət
göstərir. Macarıstanda Millətlər Cəmiyyəti deyilən
bir qurum var və təxminən Azərbaycanın Diasporla
İş üzrə Dövlət Komitəsinə bənzəyir.
Azərbaycan Cəmiyyəti də həmin qurumun tərkibində
qeydiyyata düşüb və müəyyən işlər
görməyə çalışırlar. Cəmiyyətin sədri
Sveta Abdullayevadır, onun həyat yoldaşı macardır. Bu
xanım azərbaycan, rus və macar dillərini bilir. Burda tələbələrimiz
təhsil alır. Onların qüvvəsindən,
imkanlarından maksimum istifadə edirik. Tələbələrin
köməyi ilə orijinal bir şəkildə Xocalı
aksiyası keçirdik.
– Macarıstanda ermənilərin sayının çox
olduğu bildirilir. Belə tədbirlər zamanı onların
hansısa təxribatları ilə
qarşılaşırsınızmı?
– Ermənilərin sayı o
qədər də çox deyil. Onlar da əsasən
rumıniya erməniləridir. Burda Ermənistanın səfirliyi
də yoxdur. Digər tərəfdən Azərbaycan səfirliyi
Həsən Həsənovun vaxtında kifayət qədər
fəal olub, müəyyən işlər görüb və
indi də o tempi qoruyub saxlamağa
çalışırıq. Ona görə də hesab edirəm
ki, macar cəmiyyətində bütövlükdə Azərbaycana
və Mərkəzi Asiyaya maraq var. Burda bir həssas məsələ
var, o da Ramil Səfərov məsələsidir. Ona görə
də biz həmişə ayıq olmalı, ermənilərdən
müəyyən provokasiyalar gözləməliyik. Amma indiyə
qədər onların belə provokasiyaları keçməyib.
– Bu il Azərbaycan dövlət müstəqilliyinin 20
ilini qeyd edəcək. Səfirlik hansı tədbirləri nəzərdə
tutub?
– Əlbəttə, bir
sıra tədbirlər planlaşdırmışıq. Əvvəla,
artıq 3 ay ərzində iki kitab çap etmişik, bu
işi davam etdirəcəyik. Röya Tağıyevanın “Azərbaycan
xalçası” kitabını macar dilində nəfis şəkildə
çap edəcəyik. Noyabr ayında “Üçüncü
respublikanın 20 ili” adlı konfrans keçirəcəyik,
bura Azərbaycan, macar və digər ölkələrdən
alimlər, ziyalılar dəvət edəcəyik.
P.SUTANOVA
Bakı-Budapeşt-Bakı
525-ci qəzet.- 2011.- 19
aprel.- S. 1, 3.