İqtisadiyyat“Azərbaycanda
bələdiyyələr: çətinliklər
və inkişaf imkanları”
“Bələdiyyələrin
inkişafı naminə” QHT Alyansının təşkilatçılığı
ilə “Azərbaycanda bələdiyyələr: çətinliklər
və inkişaf imkanları” mövzusunda konfrans keçirilib.
Konfransda dövlət orqanlarının,
bələdiyyələrin, xarici ölkə səfirliklərinin,
beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri
və müstəqil ekspertlər iştirak edib. Konfransı
giriş sözü ilə açan “Vətəndaş cəmiyyəti
uğrunda” Mərkəzin rəhbəri Eldar İsmayılov
Alyansın əsas missiyasının Azərbaycanda bələdiyyələrin
real yerli özünüidarə institutu kimi inkişafı
istiqamətində səyləri birləşdirməklə əksmərkəzləşmənin
və demokratik proseslərin sürətlənməsinə təkan
vermək olduğunu bildirdi.
Sonra konfransa maliyyə dəstəyi
verən Böyük Britaniyanın Oksfam təşkilatının
ölkə üzrə nümayəndəsi Şövkət Əlizadə
çıxış etdi.
Oksfamın təmsilçisi
Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində
həyata keçirdikləri fəaliyyətdən
danışaraq bələdiyyələrin gücləndirilməsinə
xüsusi diqqət ayırdıqlarını bildirdi. Oksfam təmsilçisinin
çıxışından sonra “Bələdiyyələrin
inkişafı naminə” QHT Alyansının koordinatoru Abil
Bayramov Alyansın hazırladığı Azərbaycanda yerli
özünüidarənin mövcud vəziyyəti ilə
bağlı rəy haqqında məlumat verdi. O, bildirdi ki, Alyans
hər il öz rəyini yeniləməyi
planlaşdırır. A. Bayramov ilk növbədə sənədin
strukturu haqqında danışaraq rəyin
aşağıdakı bölmələrdən ibarət
olduğunu bildirib: yerli idarəetmənin sistemi: yerli icra
hakimiyyətləri və bələdiyyələrin statusu; bələdiyyələr
birləşmədən sonra, bələdiyyələrin
maliyyə resursları; bələdiyyələrin əmlakı;
Bakının statusu; bələdiyyələrin kadr
potensialı; bələdiyyə orqanlarının təşkili
və onlar arasinda səlahiyyət bölgüsü; bələdiyyə
assosiasiyalarının fəaliyyəti; bələdiyyələrin
hesabatlılığı və bələdiyyə
orqanlarının fəaliyyətinə nəzarət; nəticə
və tövsiyələr. Koordinator Azərbaycanda yerli
özünüidarə sahəsində mövcud problemlərin
və həmin problemlərin həllinə yönəlik
tövsiyələrin də sənəddə öz əksini
tapdığını bildirdi.
Sonra İqtisadi Təşəbbüslərə
Yardım İB-nin sədr müavini Rövşən
Ağayev “Azərbaycanda bələdiyyələrin status, səlahiyyət
və maliyyə problemləri” mövzusunda təqdimat verdi. R.
Ağayev mövzu ilə bağlı
aşağıdakıları qeyd etdi: “Nə konstitusiyada, nə
də bələdiyyə qanunverirciliyində yerli
özünüidarənin statusu və ölkənin ümumi
idarəetmə sistemində bu qurumların yeri səhih şəkildə
aydınlaşdırılmayıb (qeyri-müəyyənlik
problemi). Qanunvericilikdə “yerli idarəetmə”, “yerli idarəetmənin
əhatə dairəsi”, “yerli idarəetmənin subyektləri”
kimi hüquqi normalar əks olunmayıb. De-fakto bələdiyyələr
və yerli icra hakimiyyəti orqanları yerli idarəetmənin
müxtəlif xarakterə və statusa malik iki fərqli
subyektidir. Amma de-yure onlardan 1-cinin hakimiyyət statusu yoxdur, 2-ci
isə fəaliyyət göstərdiyi ərazi çərçivəsində
yerli idarəetmə ilə bağlı bütün həlledici
qərarları qəbul edən, hər cür
rıçaqlara malik real hakimiyyət subyektidir. Dövlət
idarəetmə sisteminə aid edilməsindən asılı
olmayaraq bələdiyyələr ictimai idarəetmənin bir
elementidir və inkişaf etmiş ölkələrdə onlar
yerli idarəetmənin həlledici subyekti kimi hakimiyyət
statusu daşıyırlar. Bələdiyyələrin
konstitusion statusu aydınlaşdırılmalı, bu
qurumların ümumi idarəetmə sistemində dəqiq yeri
və rolu müəyyənləşdirilməli, onların
yerli hakimiyyət statusu təsbit olunmalıdır. Avropa
Xartiyasının tələblərinə uyğun olaraq
subsidiarlıq prinsipinin qanunvericilikdə effektiv və tam həcmdə
tətbiqi təmin olunmalıdır. Müstəsnalıqla
bağlı problemlərin aradan qaldırılması
üçün dövlət hakimiyyət orqanları ilə
bələdiyyələr arasında dəqiq səlahiyyət
bölgüsünü özündə əks etdirən
qanunvericilik aktları hazırlanmalıdır. Qanunvericilikdə
“yerli əhəmiyyətli məsələlər”
anlayışının dəqiq hüquqi çərçivələri
müəyyən olunmalıdır. Bələdiyyələrin
maliyyə resurslarına gəlincə, 2010-cu ildə
bütün ölkə üzrə bələdiyyələrin
illik gəlirlərinin adambaşına düşən həcmi
təxminən 3,2 manat olub. Bələdiyyələrin əlverişli
şərtlərlə kreditləşməsi
üçün uyğun mexanizmlər işlənib
hazırlanmalıdır”.
Sonra Qafqaz Universiteti Bələdiyyə
araşdırmaları Mərkəzinin rəhbəri doktor
Fikret Elma “Bələdiyyələrin sosial-iqtisadi və siyasi
inkişafda rolu” mövzusunda çıxış etdi və
Türkiyə təcrübəsindən maraqlı nümunələr
gətirdi. Daha sonra tədbir müzakirələrlə davam
etdirilib.
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2011.- 19 aprel.- S. 6.