Dünyanın yorğun yolçusu

 

Valeh Hacılar haqqında uzun müddət yaza bilmədim. Mənə elə gəlirdi, yazsam, öz-özümə cismani yoxluğunu sübut edəcəyəm, bunu da heç istəmirdim. Amma gerçəklikdən kim sonacan qaça bilib ki?! Günlərin birində o maneəni keçməli, yaddaşımın Valeh Hacılar köşəsində qalanları işığa çağırmağı, ona öz duyğularımı əlavə eləməli oldum.

Altmışına yetməmiş ömrün mənə bəlli olan cizgiləri o qədər dolğundu ki, heyrətlənməyə bilmirsən.

Valeh Hacıları ötən əsrin 80-ci illərinin ortalarında əməkdaşlıq elədiyim, onun da tez-tez gəlib-getdiyi “Sovet Gürcüstanı ” qəzetində tanıdım. Yaddaşım aldatmırsa, 1985-ci il idi, qəzetdə “Cavanlar kənddən gedirlər” adlı publisistik yazım çap olunmuşdu, qəzet əməkdaşlarından kimsə bizi tanış eləyəndə: “Məqaləni hekayə kimi yazıbsan, – dedi, – səhv eləmirəmsə, sənin bədii yazıların da olmalıdı”. O vaxt nəsr yazdığımı boynuma almadım, amma sonrakı illər qəzetdə, “Dan Ulduzu” toplusunda hekayələrim çap olunanda Valeh müəllim zarafatla və səmimiyyətlə deyirdi: “Bilirdim ki, nəsr yazacaqsan, elə ilk cümlədən mənə aydın oldu”.

Onda Valeh Hacılar Bakıda, Azərbaycan Elmlər Akademiyasında namizədlik dissertasiyasını təzəcə müdafiə eləmişdi. Haqqında tələbəsi olmuş Eyvaz Ələzoğlu çox danışmışdı, erudisiyasından, insanlığından, səmimiyyətindən, tədqiqatçılıq qabiliyyətindən xeyli danışmışdı, iç dünyamda Valeh Hacıların tutumlu portreti yaranmışdı, bircə təsadüf də o portreti tamamladı, indi yaddaşımda onun mükəmməl portreti var.

Valeh müəllimin tələbələri ilə dostluğu məndən ötrü yeni bir aləm idi. İlk dəfə şahid olurdum ki, müəllim tələbələri ilə oturub-durur, etik qaydaları gözləməklə zarafatlaşır, yataqxanaya gəlir, cibinin pulunu bölüşür. İlyas Məmmədlinin, Rafiq Hümmətin, Murtuz Fərhadoğlunun... yataqxana otağında Valeh müəllimə ədəbiyyatdan – poeziyadan, nəsrdən, folklordan, aşıq yaradıcılığından dönə-dönə söhbət eləmişik, İlyasın, Rafiqin çaldığı havalara qulaq asmışıq.

Valeh Hacılar təbiətindən süzülən İşıqla, Allahın bəxş elədiyi səmimiyyətlə, sözə sonsuz sevgiylə qəlbimdə öz yerini tutdu, elə indi də mənə əziz olan insanların cərgəsində qalır...

O illər Gürcüstanda gözəl ziyalı və ədəbiyyat mühiti vardı. Arif Mustafazadə, Eyvaz Əlləzoğlu, Lətif Mustafa oğlu, Teymur Kəlbiyev, Şahvələd Eyvazov, Tapdıq Yolçu, Allahverdi Təhləli, Rafiq Hümmətin... sənətə gəldiyi dövr idi. Şübhəsiz, Valeh Hacıların da yaradıcılığının ən qaynar çağları o illərə düşürdü. Hamımız “Sovet Gürcüstanı” qəzetinə Arif Mustafazadənin rəhbərlik elədiyi mədəniyyət şöbəsinin ətrafına yığışmışdıq. Türkçülüklə bağlı söhbətlər də həmin illərdə geniş miqyas almışdı.

Valeh Hacılar tələbələrinin folklor ekspedisiyalarına aparır, qızıl külçəsi kimi xalqın yaddaşında yatıb qalan söz qatarını üzə çıxarır, tədqiqatlarını aparır, ortaq türk yaddaşı barədə söz almaqdan yorulmurdu. Dastanlarımızın, nağıllarımızın, əfsanələrimizin, aşıq şeirmizin yayılma və yaşama arealı ondan ötrü heyrətamiz məkan idi. O, folklorun özündən çox kökü, mifologiyası, yaşam ərazisiylə maraqlanırdı. Darvazda kağıza köçürdüyü nümunənin eynisinə, yaxud oxşarına Qarayazıda, Qaraçöpdə, Başkeçiddə rast gələndə, Göyçədə, Dərbənddə, Qarsda, Kərkükdə də izlərini axtarırdı.

Mən qəzetin “Telli saz” folklor səhifəsini başlayanda (ilk buraxılış Qaraçöp folkloruna həsr olundu) Valeh Hacıların sevincinin həddi-hüdudu yox idi. Həm də təkcə təbrik eləməklə qalmadı, bir sayında Darvaz ağız ədəbiyyatı nümunələrini oxuculara çatdırdı. Üstəlik, mənə dönə-dönə dissertant olmağı, folklordan mövzu götürməyi məsləhət gördü, köməyini əsirgəməyəcəyinə söz verdi. Valeh müəllimin səmimiyyətinə zərrə qədər də şübhəm yox idi.

Amma həmin vaxtlar məni publisistika və nəsr çəkirdi. Bununla belə, folklora ünsiyyətimi kəsməyəcəyimi də bilirdim.

Sonralar həmfikirlərimlə “Qaraçöp” ədəbi-etnoqrafik toplusunu üzə çıxardım, el şairlərinin onlarla kitabını çapa hazırladım, Valeh Hacılar demiş, neçə-neçə dissertasiya mövzusunu yelə verdim.

Bu qənaətimi tez-tez dilimə gətirirəm: bəlkə də şairlik yeganə yaradıcılıq sahəsidi ki, onu peşəyə çevirmək olmaz; yəni Tanrının sənə Söz pıçıldamadığı vaxtda da özünü yazmağa məcbur etmək ən azı gücsüzlükdü, o gücsüzlüyün sonucu da gülünc şeirlər olacaq.

Valeh Hacılar nemətdən Şair idi, amma bir dəfə də olsun “mən şairəm” dediyini eşitmədim. Sözlərini qışqırmadı, pıçıldadı, o pıçıltılar Söz qədri bilənlərin könlünə çatdı, yaddaşına yazıldı. Şübhə eləmirəm ki, Borçalının Şair Nəbi, Qaraçöplü Aşıq Musa, Eyvaz Borçalı, Abbas Abdulla, İsa İsmayılzadə, Arif Mustafazadə, Zəlimxan Yaqub, Səməd Qaraçöp, Allahverdi Təhləli, Tapdıq Yolçu, Rafiq Hümmət, Nurafiz... kimi bənzərsiz şairləri arasında Valeh Hacıların öz məqamı var.

Valeh Hacıların şeirlərində o qədər təbiilik, səmimiyyət, müdriklik var ki, onları yalnız xalqın mənəviyyatına və sözünə vurğun adam qələmə ala bilər:

 

...Hələ eşidilmir sözümüz 

  baba,

Hələ yuxudayıq özümüz,

  baba.

Elə yumulub ki, gözümüz,

   baba,

Nə illah edirik, aça bilmirik.

 

Bu, xalq, millət, Vətən sevgisinin bənzərsiz izharıdı. O, kürsülərdə pafoslu çıxışlar eləmir, yaşantılarımızı vətəndaş ağrısıyla qələmə alır...

Valeh Hacılar klassik türk aydınları kimi millətin çəkdiklərini öz cismindən keçirirdi. Bəlkə də bu dünyadan vaxtsız köç eləməsi mənəvi sarsıntılarının sonucuydu...

Valeh Hacılar öz zəhməti, nəhəng təfəkkürüylə elmdə yüksək məqama çatdı, filologiya elmləri doktoru, professor, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının akademiki, Tbilisi Dövlət Pedaqoji Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri oldu. Onun elmi tədqiqatının miqyası isə çox genişdi, təkcə xalq ədəbiyyatını yox, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrini, tarixi-filoloji, leksiko-qrafik axtarışları əhatə eləyir.

Professor Valeh Hacıların folklor və mifologiya yönümündəki tədqiqatları bütövlükdə türkologiyanın nailiyyətidi. Təəssüf ki, bu əsər hələ lazımi dəyərini almayıb.

Valeh Hacılar Borçalı folklorunun təkcə toplanmasında, işlənməsində yox, həm də sistemləşdirilməsində doğrudan da bütöv bir institutun işini təkbaşına görüb. Onun bu xidmətini tədqiqatçılarımız unutmayacaqlar.

Valeh Hacıların Borçalı Mehralı bəy haqqındakı tədqiqatı hörmətəlayiq təəssübkeşliyin təzahürüdü. O, ağır zəhmət bahasına tarixi şəxsiyyətimizi özümüzə qaytardı, xalqın yaddaşında bütövləşdirdi.

Valeh Hacılar hətta tərcüməylə də məşğul olmağa vaxt tapdı, gürcü ədəbiyyatının layiqli nümunələrini dilimizə çevirdi.

Onun haqqında türkiyəli araşdırmaçı S.Alyılmaz dissertasiya müdafiə edib, monoqrafiya nəşr etdirib.

Valeh Hacılar Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə 1998-ci ildə Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb.

Bütün bunlar parlaq və zəngin ömrün yazıda və yaddaşlarda qalan faktlarıdı...

Son görüşlərimizdən birində dedim, Valeh Hacılar iki millətin (türk və gürcü), üç xalqın (Azərbaycan, türk və gürcü) oğludu. Fikrim xoşuna gəlsə də, təvazökarlığından qalmadı, hələ istədiklərimin çoxunu gerçəkləşdirə bilməmişəm, dedi.

Mübaliğə deyildi, doğrudan da Valeh Hacılar Azərbaycan və gürcü xalqları arasında etibarlı mənəvi körpü yaradan azsaylı aydınlarımızdan biriydi. Gürcü aşıqlarının yaradıcılığının tədqiqi, gürcü-Azərbaycan lüğətinin tərtibində zəhmət sərf eləməsi bir yana qalsın, o, gürcü ziyalı elitasının tanıdığı və hörmət bəslədiyi şəxsiyyətlərdən idi. 90-cı illərin başlanğıcında, araqarışdıranların meydan suladığı vaxtlarda asanlıqla Bakıya, lap elə Türkiyəyə köçə, sərfəli vəzifə tuta, rahat yaşaya bilərdi.

Amma bunu heç ağlının ucundan da keçirmədi, əksinə, bel bağladığı ziyalıları ətrafına toplayıb iki xalq arasında tarixi dostluğun qorunmasına çalışmışdı. Sonralar doğma Darvazda ev tikdirməsi də onun yurd sevgisinin nişanəsiydi.

Valeh Hacılar Türkiyənin ədəbi-elmi mühitində yaxşı tanınırdı, sevilirdi. Bu məmləkəti öz vətəni sayırdı, amma qəlbindəki Borçalı sevgisini heç bir şöhrətə dəyişməzdi. Hətta Tbilisidəki evində də yurd yerinin həsrətini çəkirdi. Sonralar 2006-cı ildə “Darvaz məzarlığına” şeirini də Allah bilir, hansı duyğuyla yazmışdı:

 

Yaşarıq, ömrümüz axar

                                su kimi,

Köçərik, sonu yox

                      bu köçləköçün.

Dünyanın yorğun bir

                        yolçusu kimi,

Gələrik qoynuna

                    dincəlmək üçün.

 

Valeh Hacılar yarımçıq ömrünün azı 35 ilini Azərbaycan mədəniyyəti, mənəviyyatı, ədəbiyyatı xəzinəsinə öz töhfəsini verməyə sərf elədi. Gördüyü işlərin sanbalını, miqyasını tədqiqatçılar hələ bundan sonra araşdıracaqlar...*

Qışın soyuğu məni elə üşütməzdi. Valeh Hacıların – bənzərsiz İnsan və Ziyalının ölüm xəbəri iliyimə işlədi.

İsti-isti heç nə yaza bilmədim, sonralar da varlığıma bir hiss hakim kəsildi: mənə elə gəlirdi, Valeh Hacıların cismani mövcudluğu onunla bağlı fikirlərimi kağıza köçürəcəkdi.

Amma həqiqətdən sonacan kim qaça bilib ki?!

Yazandan sonra inandım ki, onun mənəvi həyatı daha uzunömürlü olacaq, yaddaşlardan silinməyəcək...

 

 

Nəriman ƏBDÜLRƏHMANLI

 

525-ci qəzet.- 16 aprel.- S.28.