“Müsavat” qurultayında
“MÜSAVAT” PARTİYASI – 100
Bu ilin oktyabrında
“Müsavat” partiyasının yaranmasının 100 ili tamam
olur. “Musavat” partiyası təkcə Azərbaycanda deyil,
bütün türk və İslam aləmində yaranan ilk həqiqi
demokratik istiqlalçı bir siyasi partiya idi. Qısa müddətdə
Zaqafqaziyanın ən güclü siyasi partiyasına
çevrilmiş “Müsavat” hər şeydən əvvəl
müstəqil milli dövlətimiz – 1918-ci il 28 mayda elan
edilmiş AXC-nin yaradıcısıdır.
XX əsr Azərbaycan
tarixi salnaməsinə “Müsavat dövrü”, “Müsavat
hakimiyyəti” anlayışları təsadüfi daxil
olmamışdır. Müsavatçılıq təkcə
partiya anlayışı ilə məhdudlaşmır. Bu
müstəqillik, müasirləşmək, azərbaycançılıq,
dünyanın demokratik dövlətlər cərgəsində
öz yerini tutmaq anlayışıdır.
Yubileylə əlaqədar
partiyanın 1919-cu ilin dekabrında – yəni müstəqillik
dövründə keçirilmiş yeganə II
qurultayının Ü.Hacıbəylinin redaktoru olduğu “Azərbaycan”
qəzetində dərc olunmuş rəsmi hesabatları
böyük maraq doğurur. Qeyd edim ki, elə qurultayı mətbuat
adından da Üzeyirbəy təbrik etmişdi. Ərəb əlifbasından
müasir əlifbaya çevirdiyim həmin yazıları
“525-ci qəzet”in oxucularına təqdim edirəm. Transliterasiyanın
redaktoru professor Şamil Vəliyevdir.
4-cü iclas
5 kanuni–əvvəl
İclas Məhəmməd
Əmin Rəsulzadənin sədarətilə açılaraq,
əvvəlcə: təşkilat, əmələ və topraq
komisiyonları seçilir. Sonra yenə məruzələr
başlanaraq aşağıda qeyd olunan zəvat tərəfindən
məruzələr təqdim ediliyor:
1 – Parlaman rəis müavini doktor Həsən bəy Ağayev firqə təşkilatı həqqində məruzədə bulunuyor. Millət, milliyyət, dövlət və hakimiyyət həqqində geniş məlumat və nəzəriyyəyi havi bir müqəddimədən sonra firqə fəaliyyətinə haman bu nöqteyi-nəzərlərdən yanaşır və bu nəzərlə də firqə təşkilatı qurmayı tövsiyə nəticəsində firqə təşkilatı barəsində bir layihə təqdim ediyor.
2 – Piri Mürsəlzadə Bakıətrafı köy şöbələri tərəfindən məruzədə bulunaraq mart və sentyabr hadisələri əsnasında Bakıətrafı köylərinin fəaliyyət və xidmətlərini, çəkdikləri zəhmət və məşəqqətlərini qeydlə hazırki əhvallarının ağırlığını təsvir ediyor. Nəhayət, yenə məmurların sui-rəftarından, məktəblərin halından, yolların fənalığından şikayətlə kəndlilərin bu ağır vəziyyətinin yüngülləşdirilməsi həqqində tədbir və təşəbbüslərdə bulunmayı rica ediyor.
3 – Süleyman Abdullayev Bibiheybət şöbəsi tərəfindən oradaki türk-islam, xüsusən musavatçı fəhlələrin vəziyyətini və yabançı ünsürlər ilə nə qədər fəna şərait altında, nə qədər qeyrətlə mübarizə etdiklərini təsvirdən sonra fəhlələrimizin daima böylə fəaliyyətdə bulunacaqlarını vədlə kəndilərinin əhvalının bir qədər yüngülləşdirilməsini gözlədiklərini bildiriyor.
4 – Məlikbəyli Cavad – dəmiryol fəhlələrinin və yol boyundaki islam əhalisinin halını təsvirlə suya və yol məktəblərinə olan ehtiyacları qeyd ediyor və diyor ki, əhalinin sudan təmin, Gəncə, Ağstafa və Ağcaqabul mövqelərində dəmiryol məktəbləri açılması və Gəncədəki konduktorlar məktəbi nəzdində bir gecə kursu açıb türkcədə tədris edilməsi lazım olduğunu göstəriyor. Bədə dəmiryol boyu yerlərin qızdırmalı olduğunu bəyanla orada külli miqdarda dərman, həkim və feldşerlərə ehtiyac görüldügünü bəyan; Ağcaqabul mövqeindəki Zəngəzur qaçqınlarının fəna halını təsvir və bunlara çarə təşəbbüsləri istida ediyor. Nəhayət dəmiryolunda pensiyə kassası olduğunu və fəhlələri yalnız məaşlarından ayda faiz çıxmaqla kəndi qüvvələrilə təmin etmək istədiklərini bəyanla fəhlələrin sığorta edilməsi həqqində çalışılmasını istida ediyor.
5 – Zabrat şöbəsi üzvü Xaspolad mədən dairəsindəki kəndlərin əhvalı həqqində məruzə verərək bu kəndlərin toprağı əksəriyyən dövri-istibdadda əllərindən bilamükafat alınmış, ən mühüm qismi Sovet Syezdin mədən dairəsindəki inşaatına sərf edilmiş, qismən bəglər adına yazılmış və qismən də neft zayavkası adı ilə ətrafına gedilməsi belə qeyri-mümkün bir halda bulundurulmuş olduğunu və nəticədə mədən dairəsi kəndlərinin əhalisi yersiz, topraqsız qalmış olduğunu ətraflıca bəyanla diyor:
Şimdi biz nə əkinçiyiz, nə fəhlə. İləri fəhlə olsaydıq, heç olmazsa Sovet Syezdin müavinətlərindən istifadə edərdik. Hala bu da yoxdur. Binaənileyh Bakı mədən dairəsindəki köylər qəsb olunmuş hüququnun iadəsi və əhvallarının yüngülləşdirilməsi uğrunda ikinci qurultaya ümidimiz çoxdur.
6 – Xanqışlaq nümayəndəsi Seyid Hüseyn Haşımzadə o yerlərdə su, məktəb və sairəyə ehtiyac olduğunu qeydlə yenə məmurların fəna müamiləsi və İrana kandraband təriqi ilə çox mal keçirilməsi; nəticəsində yerli əhalinin belə ərzağa ehtiyacı olduğunu təsvir ediyor, nəhayət şöbə naminə haman yerlərdə su çıxarılması, topraq məsələsinin rəncbərlər nəfinə həlli, xəstəxanə və məktəblər açılması və ərzaqca kömək edilməsi uğrunda təşəbbüslər ediləcəginə ümidvar olduqlarını bildiriyor və o yerlərə həkimlər göndərilərək bir də xırda istiqraz müəssələri açılması yolunda tədbirlər görülməsini təkidlə arzu ediyor.
7 – Əmirhacıyan şöbəsi tərəfindən Sadık 1916-cı ildən bu vəqtədək Əmirhacıyanlıların vətən və istiqlal uğrunda nə qədər can sipəranə və fədakaranə bir surətdə xidmət etdiklərini qeydlə şikayət ediyor ki, heç onlara kömək edən yoxdur. Fəqət kömək tələb etməyəcəklər də.
8 – Axırda Quba kəsbikarlar ittifaqı nümayəndəsi arabalarının bilamükafat (podvod) aparılması, meşələrin cəmaət üçün bağlı kibi olması və yenə məmurların hərəkəti barəsində şikayət ediyor.
9 – Nəhayət Rəsulzadə Məhəmməd Əmin proqram təhriri həqqində çox vüsətli və ətraflı bir məruzə oxuyur (Bu xüsusda müsaid bir vəqt) və məruzəsi qurtarmıyaraq iclas qapanıyor.
“Azərbaycan” qəzeti,
9 dekabr 1919, ¹ 340
Dördüncü iclasdan mabədi
Dördüncü iclasda Zaqatala nümayəndəsi İslam bəy Qabulova söz verilib məzkur da Zaqatala əhvalı həqqində aşağıdaki bəyanatda bulunuyor ki, qəzetəmizdə əvvəlcə çıxmamışdı.
İnsan yetim olduğu kibi bəzi yerlər dəxi mövqei-coğrafiya nöqteyi-nəzərindən yetim hesab oluna bilir. O cümlədən bizim Zaqatala vilayəti yetim halında olduğundan nə sabiq Rusiya hökuməti bilmək istədi, nə də imdi Azərbaycan hökumətimiz. Bizim oxumuşlarımız Amerika qitəsindəki Amazonka nəhrinin hər bir qolunu bildikləri halda, Zaqatala vilayətinin nə olduğunu məəttəssüf bilmiyorlar. Əgər sabiq rus hökumətinə vilayətimizin o qədər əhəmiyyəti yox idisə, Bakının neft mədənlərindən sonra ümum Azərbaycan daxilində iqtisadiyyə məhsuldar və hər barədə belə faidəli yerin əhalisini, onların əhvali – ruhiyyələrini, ürf və adətini və ehtiyaci-hazirəsini bilmək hər bir azərbaycanlı vətəndaşımıza borcdur. Zaqatala vilayəti, inqilab zamanı başqa yerlərdə hərc-mərclik və anarşiya hökmfərma olduğu zaman, kəndi-kəndini qaidə üzrə idarə etdigi və hər yerdən qabaq əskəri təşkilatını öz xərcilə əncamə gətirib hələ Azərbaycan hökumətində mükəlləfiyyəti-əskəriyyə olmayıb, əxzi-əskər şöbələri olmadığı zaman igirmi yaşından qırx beş yaşına qədər olan Zaqatala əhalisi öz məcburi qərardadına görə hər kənddə əskəri təlim ögrənirdilər. Bakı şəhərinin alınmasında ciddi surətdə fədakarlıq göstərən və Bakı kəndlərində öz qanları ilə vətənimizi müdafiə edən mücahid Zaqatala alayı sözümə böyük şahiddir.
Biz bir kərə yəqin etmişiz ki, vətənimizin abad tərəqqisi, millətimizin səadəti və istiqlaliyyətimizin təmin və bəqası iki şey ilə qaim olacaq. Biri səlah ordusu, digəri qələm ordusu!...
Vilayətimizin türklügə olan məhəbbəti sayəsində öz xahişi ilə 1918 sənədə iyun ayının 28-də Zaqatalada vaqe olan okrujni milli komitənin dörd şürüti üzrə Azərbaycana ilhaq olub. O şürütin biri də Zaqataladan Gəncəyə doğru yol qayırmaqla ərzaq və başqa ixracatı daha Tiflisə – Gürcüstana göndərməkdən əhalimizi saxlayıb Gəncəyə aparmaqla mənfəət dəxi öz hökumətimizdə qalmasına bu günə qədər bir təşəbbüs görülmədigi təəssüf edəcək bir hal degilmidir? Əhalimizin Gürcüstana olan tərəddidi axırda onlara başqa bir meyl və məhəbbət, fəqət Azərbaycana kəmrəğbətlik peyda etməzmi? Ona binaən biz bu sözləri deməklə məsuliyyəti üstümüzdən atırız. Sonra əskəri işlərdə və tamojniya qulluğunda mühüm və məsul mövqelərdə daima bizim əleyhimizə çalışan müzurr adamların əlində olması böyük xəyanət ədd edildigindən, onların yerinə fədakar və vətənpərvər bir türk-müsəlman təyin olunmasını iqtizayi-zəmanə belə tələb edər. Binaənileyh məruzəmi bu arzular ilə xitam ediyorum:
1) Zaqatala vilayətinin əhvali-ruhiyyəsini, mövqei-coğrafiyasını, ürf və adətini hökumət və millət nöqteyi-nəzərindən ögrənmək; 2) Vilayətimizə təcrübəli və namuskar məmurların təyin olunmasını; 3) Yollarımızın təmir edilməsilə çayların daşğınından dolayı əhaliyə vermiş olduğu zərərlərin qabağına lazımi tədbirlər görülməsini; 4) Sənaye məktəbi və başqa müəssisati-xeyriyyələrin tənzim edilməsini; 5) Hüdud və əskəri xidmətlərdə baş və mühüm vəzifələrdən müzürr adamların kənar edilib, onların əvəzində müsəlmanların təyin olunmasını; 6) Əhalimizin ehtiyaci – zəruriyyəsinə bilatəxir müavinət edilməsini; 7) Əhalinin səhiyyə cəhətincə təbib və dərmanca təmin olunmasını.
“Azərbaycan” qəzeti,
15 dekabr 1919, ¹ 344
“Musavat” qurultayında
Qurultayın 8 dekabrda vaqe olmuş iclasında topraq məsələsi müzakirə edilmiş və bu barədə 20 nəfərə qədər natiqlər nitq söyləmişlərdir. Natiqlərin əksər qismi birinci qurultay tərəfindən qəbul edilmiş olan məramnamənin topraq məsələsinin 22 və 25-ci maddələri ləğv olunub komisyon tərəfindən qəbul edilmiş olan təbdil və təğyir ilə qəbul olunması tərəfdarı olmuşlardır. Nəhayət bir çox müzakiratdan sonra qurultay əksəriyyəti – ara ilə topraq məsələsi həqqində komisyon tərəfindən təqdim edilən zildəki qətnaməyi qəbul etmişdir:
“Millətimizin əksəriyyəti rəncbərdir. Rəncbərin məaşi-həyatının təmini topraqladır. Topraq abad olarsa, millət də məsud olur.
Bunun üçün rəncbər olan millətə, zəhmətkeş xəlqə topraq vermək millətin faidəsidir. Əksəriyyəti rəncbər olan bir millətə, xidmət üçün təsis etmiş olan “Musavat” firqəsi, Cümhuriyyət topraqlarının ümumi dövlət fondu təşkil etmək üzrə, aşağıdaki vəchlə həll olunub rəncbərlər arasında bölünməsini tələb ediyor:
22) Xəzinəyə, sabiq Rusiya padşahlığına və padşah nəslinə mənsub xanədanə, öylə də mülkədarlar ilə xüsusi maliklərə məxsus olan topraqlar pulsuz və əvəzsiz olaraq alınıb, pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xəlqə veriləcəkdir.
23) Bu surətlə zəhmətkeş və rəncbərlərə veriləcək topraq onların kəndi mülkiyyətlərinə verilib haman yer üzərində bütün hüquqa malik olacaqlardır.
24) Hər bir əldə qalacaq, ya bulunacaq toprağın ən çox miqdarı qanunən təyin olunub, ondan artıq kimsəyə topraq sahibi olmaq həqqi verilməyəcəkdir.
25) Topraq alındıqda mülkdar və xüsusi maliklərdən alınan kipriz və matorların qiyməti gəlir vergisi əsasilə varlı siniflərdən alınan vergi yolu ilə hasil olmuş xüsusi bir məbləğdən (fonddan) verilməlidir.
26) Mülkiyyət toprağın üzərinə olub altındakı mədəniyyət isə beytülmal (dövlət xəzinəsinə) məxsusdur ki, nə surətlə istifadə olunması dövlət tərəfindən qoyulacaq xüsusi nizam və qanuna bağlıdır.
27) Meşələr, cəngəllər, göllər, duzlaqlar və axar sular ümumidir. Onların idarəsi məhəlli idarələr əlində olub xüsusi adamların onlardan faydalanmasının tərtibi dəxi məzkur idarələrə bağlıdır.
Həmin qətnamə qurultayın mühüm bir əksəriyyəti tərəfindən qəbul edilmişdir.
Dünki nömrəmizdə “Musavat” qurultayında” sərlövhəli xəbərlər cümləsində məruzəçilərdən Bibiheybət şöbəsindən Süleyman Abdullahov-deyə yazılmışdır. Halbuki, o Süleyman Abdullahov olmuyub, Süleyman Altunbayovdur.
“Azərbaycan” qəzeti,
10 dekabr 1919, ¹ 341
“Musavat” qurultayında 6-cı
iclas
Məhəmməd Əmin Rəsulzadənin sədarətilə iclas açılır.
Növbədən xaric olaraq qurultayı təbrik üçün məclisə gələn Lehistan nümayəndələrinə söz veriliyor. Natiq Azərbaycan türklərinin hürr və istiqlala istehqaqı olduqlarını bəyan edərək Azərbaycan daxilində yaşayan leh milləti tərəfindən qurultayı ən səmimi qəlblə təbrik etməklə mehmannəvaz Azərbaycan cümhuriyyətinin həmişə azad və məsud yaşamasını arzu ediyor. Hazirun natiqi alqışlayır. Bundan sonra Nuxa nümayəndəsi Məhəmmədəli Xəlifəzadəyə söz verilir. Natiq məruzədə bulunaraq Nuxanın tələbatı başqa yerlərə nisbətən büsbütün ayrı olduğunu, oranın polis məmurları hökumətin qərarnaməsinə inanmadıqlarındanmı, nədən isə fürsəti qənimət bilib rüşvət almaqla xəlqi soymağı kəndilərinə vəzifə ədd ediyorlar – diyor. Natiqin zənnincə əgər ümum polis məmurlarının üstünə məxfi müfəttiş təyin olunub tez-tez polis məmurlarının əməl və hərəkati təftiş olunarsa, bu rüşvətxorluq aradan götürülər.
İkinci məsələ əskər və zabitan barəsində olduğundan əhvali-hazirə müsaid olmadığı üçün növbədən çıxarılıyor. Natiq posta və teleqraf işlərinin qaidəsiz olduğundan mürasilətin ləngə düşdügünü, Zaqatala vilayətindən Nuxaya ərzaq keçməsi qadağan olduğu üçün ərzaq barəsində Nuxa əhalisinin güzəranı xeyli çətin, fəqət bir para müftinlər tərəfindən əvam cəmaət arasında “Musavat” firqəsi əleyhinə buraxılan böhtanlardan dolayı şöbənin fəaliyyəti dayandırıldı. Nəhayət o böhtanların yersiz olduğu aşikar olduğuna görə altı ay bundan əqdəm yenə ciddi fəaliyyətə başladığını bildirir. Ətrafda xüsusən mərkəzimiz olan Bakıda ciddi mübəlliğlərin azlığı və fəaliyyətsizligi sabiqdə “Musavat” firqəsinə mənsub olan adamlar Bakıya gəlib öz yerlərinə övdət etdikləri zaman qeyri musavatçı olur. Hər halda bu xüsuslarda lazımı tədbirlər görülməsini arzu ediyor.
Həzrə nümayəndəsi Molla Teymur Əfəndi-əvvəlcə iclası qaidə ilə dua eləyib cümhuriyyətimizə və “Musavat” firqəsinə müvəffəqiyyət diləyib məktəb və məarif xüsusunda olaraq mahala kafi qədər müavinət olunmasını arzu ediyor.
Etimadnamə komisyonu hazırladığı məruzəyi Məhəmməd Əli Rəsulzadə cənabları oxuyur və məruzə bilaetiraz qəbul olunur.
Məruzədən qurultaya gələn nümayəndələrin “Musavat” firqəsinin Mərkəzi Komitə və fraksiyon əzaları ilə bərabər cümləsi 170 nəfərdən ibarət olduğu anlaşılır.
Sonra proqram təhririnin təxirə qalmış mabədini Məhəmməd Əmin cənabları müfəssəl surətdə bəyan ediyor. Natiq diyor: bu aləmşümul müharibədə çox şeylərin vəziyyəti, qiyməti və şəkli dəgişilib. Fəqət firqəmizin təqib etdigi Türk Ədəmi-Mərkəziyyət amalının nə payədə doğru olduğundan əlavə siyasəti-hazirəyə görə qızıl pulun kursu kibi ədəmi-mərkəziyyət və millətçilik üsulinin qiyməti dəxi də artmışdır. Bu xüsusda bütün müharib dövlətlərdə olan siyasi cərəyanları nəzərə alaraq ədəmi-mərkəziyyət üsuli bundan sonra parlamantarizm üsuli nə olduğunu və bizim üçün ən faidəli və qabili-tətbiq olmasını aydın dəlillər ilə sübut edib proqramda Rusiya daxilində türk millətlərinin məhəlli muxtariyyatları olan maddəyə Azərbaycanın elani – istiqlaliyyətindən sonra ehtiyac qalmadığını dərmiyan ediyor.
Ruhani idarələrimizə gəldikdə natiq əfəndi Azərbaycan müstəqil və türk hökuməti olduğundan onları bir məmur hesab edərək ayrı bir idarə təşkilatı müvafiq olmadığından əlavə onların şan və şərəfinə toxunmayıb onların müstəqil birər üləma olmalarını və məsaili – diniyyə xüsusunda əhalinin sərbəst onlara müraciət etmələrini müvafiq məram ədd ediyor. Ona görə də dəxi proqramdan çıxarılmalı iqtizai-zəmanəyə müvafiqdir.
İş kəndçi və məarif məsələlərinə gəldikdə əvvəlki iki maddələr heç yerdə iləriləmədigi kibi həyatə dəxi tətbiq edilməmişdir. Bu məsələlər tez zamanda bir maneçilik olmazsa, həyatə tətbiq və bu vəchlə Azərbaycan Cümhuriyyətimizin tərəqqi edəcəgini və bu yolda müvəffəqiyyət qazanacağına inanıyor. Xətmi-kəlam olaraq natiq əfəndi cümhuriyyətimiz ilə intibahi-diniyyəmizi, əxlaqi-milliyyəmizi mühafizə edib tövfiqi – ilahi ilə türk istiqbalına, müsəlmanlıq istiqbalına və bəşəriyyət istiqlalına hazır olacağımıza etimad ediyor. Natiq əfəndi nitqləri əsnasında dəfaətlə həzəratın alqışlarına məzhər oluyorlar.
Bu məsələlər xüsusda həzərat xahiş edərsə, imdidən müzakirə başlanmasını rəis əfəndi məclisə təklif edir. Fəqət ümumin xahişi ilə bu müzakirə təxirə qalıyor. İclas bunun ilə qapanıb sabah axşam saət 6-ya təyin olunuyor.
“Musavat” qurultayının axırıncı iclasında arayi-ümumiyyə ilə qəbul edilmiş qərarnamələr və teleqraflar
Azərbaycan heyəti-vükəla rəisi hüzuri-alilərinə
Türkçü-azərbaycançı “Musavat” firqəsi ikinci qurultayının Azərbaycan hökuməti-cümhuriyyəsi heyəti-vükəlasını alqışlamaqla məfkurəvi bir zövq duyduğunu, bu duyğusunu dəxi rəyasətində bulunduğunuz heyəti-vükəlayi təbrik etməklə izhar etdigini ərz etmək vasitəsilə təcdidi-ehtiramat elərəm-əfəndim.
Qurultay rəisi: Rəsulzadə Məhəmməd Əmin.
Azərbaycan Məclisi–Məbusanı rəisi-vəkili Həsən bəy Ağayev əfəndi həzrətlərinə
Azərbaycan Cümhuriyyətinin bəqasında kəndisinin ilk dəfə olaraq ortaya atdığı şüari – müqəddəsin müzəffəriyyətini və bu müzəffəriyyətin bu gün yalnız bir firqə degil bütün millət tərəfindən bənimsəndigini görmək zövqü – mənəvisilə sərşar olan Türk Ədəmi-Mərkəziyyət “Musavat” firqəsi ikinci qurultayının riyasətində bulunduğunuz Məclisi-Məbusan heyəti-ümumiyyəsini hakimiyyəti-milliyyəmizin bir müməssili-alisi olmaq həsbilə təbrik və bu vasitə ilə dərin bir hissi-inşirah duyduğunu ərz etməklə kəsbi-iftixar elərəm, əfəndim.
Qurultay rəisi: Rəsulzadə Məhəmməd Əmin
Paris Azərbaycan heyəti–mürəxxəsəsi rəisi möhtərəm Əlimərdan bəy Topçubaşov həzrətlərinə
Müstəqil Azərbaycan Cümhuriyyətinin paytaxtında iniqad edən Azərbaycan şüarlı “Musavat” firqəsinin ikinci qurultayı Fransanın paytaxtında riyasət fazilanələrində olaraq Avropa əfkari-ümumiyyəsi və məhafili – rəsmiyyəsi qarşısında dəvayi-istiqlalımızı müdafiyə həsri – vəqt edən heyəti-möhtərəməyi – mürəxxəsimizi xatırlamaya bilmədi.
Milli bir bayramımıza səbəb olacaq başaraqlı istiqlal teleqrafınıza müntəzir bulunan musavatçıların könlü daima müdafe bulunduğunuz əməllərlə bərabərdir. Siz orada istiqlalımızı davada mücədd, biz də burada davanızı isbatə məsai olalım.
Qurultay rəisi:
Rəsulzadə Məhəmməd Əmin
IV
Bakıda müsafiri–möhtərəm İran heyəti-ezamiyyəsi rəisi Seyidülziyaəddin Təbətabai həzrətlərinə
İkinci “Musavat” qurultayı iki müslim və əğrəba
millətin münasibatını təlif etmək məqsədilə
İran hökuməti-cəliləsi naminə paytəxtimizə
təşrif gətirmiş heyəti-möhtərəməmizi
səmimiyyətlə təbrik və məsainizin
dindaşlıq, irqdaşlıq, müqəddərati-siyasiyyə
və mənafei-iqtisadiyyə
bağları ilə yekdigərinə bağlı olan Azərbaycan
Cümhuriyyəti ilə İran dövləti-aliyəsi mənafei-mütəqabiləsinə
müvafiq bir surətlə iqtiran etməsini arzu və bunun dəxi
zati-alilərinə təbliğini bənə həvalə
etmişdir. Öhdəmə vagüzar olunan bu vəzifəyi
ifa edərkən dərin bir hissi-imtinan duyduğumu ərz
etməklə kəsbi-iftixar elərəm, əfəndim.
ŞİMAL TƏHLÜKƏSİ HAQQINDA
Siyasi komisyonun Denikin təhlükəsi
həqqindəki məruzəsini müzakirə edərək
ikinci “Musavat” qurultayı aşağıdaki qərarı
çıxardı:
Biz Azərbaycan türkləri sair qonşularımızla olduğu kibi Rusiya ilə də hüsni – münasibat təsis edərək dostluqla yaşamaq əzmindəyiz. Rusiya daxilində mübarizə edən müxtəlif qüvvətlərin müharibəsinə, bu onların daxili işi olduğundan, müdaxilə etməyiz. Bu mülahizə ilə dəxi dabrovol ordusu həqqində məxsusi bir təcavüz və tərzi – fikri bəsləmiyoruz. Halbu ki, bizim bu tamamilə qeyri-tutəzz və bitərəf bir vəziyyətimizə baxmayaraq bütün əlamətlərilə görülüyor ki, dabrovolya komandanlığı gərək bizim və gərəksə sair Qafqasiyaya cümhuriyyətləri həqqində sui-qəsd bəsləyərək təərüzkəranə bir taqım hərəkətlərə təşəbbüs ediliyor.
Denikin qorxusu kibi böyük bir təhlükə qarşısında bulunan türk demokratiyası heç şübhəsiz ki, bu təhlükənin nəticə etibarilə nə qədər təxribkar, nə dərəcədə fəlakətəngiz olduğunu təqdir edər. Dabrovolniya istilasının yalnız mühafizəsinə and içdigimiz ləvayi istiqlalımızı sərnigün etmək istiqlal və hürriyyətimizə sədd çəkməklə degil, millətimizin həyati – təbiisinə qıymaq böyük-kiçik bütün türk nəslini kəsmək qətliam yapmaq kibi fəci bir edamla nəticəpəzir olacağı mühəqqəqdir.
Bunu həqqilə dərk etmiş olan türk demokratiyası namınə Musavat firqəsinin ikinci qurultayı hökumətdən millətin istiqlal və həyati-təbiisini var qüvvətilə müdafiə etməyi tələb və kəndisinə elan edər ki, mütacaviz şimal təhlükəsi və mütərrəz Denikin ordusu qarşısında başda Musavat olmaq üzrə bütün türk demokratiyasını kəndi arxasında və “ya ölüm, ya istiqlal” –deyə meydani-cidala atılacaq vətən müdafiəsinin ön səflərində gedəcəkdir.
Musavat qurultayı şimaldan gələcək bu təhlükəyə qarşı heç titrəmədən bütün Azərbaycan xəlqini bir tən vahid kibi əldə silah olaraq qiyam etməgə çağıracağı müqəddəs bir vəzifə ədd edir və inanır ki, vətənin böylə bir sədayi-istimdadına türk demokratiyasının: ləbbeyk yaşasın Azərbaycan!-dan başqa bir cavabı olmaz!
Bakıda müsafiri – Ermənistan heyəti-mürəxxəsəsi rəisi həzrətlərinə!
İkinci Musavat qurultayı tərəfindən Ermənistan ilə Azərbaycan arasındaki mübahisəli məsələləri həll etmək üçün təşrif buyuran heyəti-möhtərəminizi teleqrafla təbrikə məmur edildigimi ərz etməklə müftəxirəm. Səylərimizin iki qonşu millət arasında arzu olunan hüsniyyi tövlid edəcək bir müvəffəqiyyətlə tənvicini qurultay naminə arzu edərim – əfəndim.
Qurultay rəisi: Rəsulzadə Məhəmməd Əmin
İkinci Musavat qurultayı siyasi komisyonunun Dağıstan və Şimali Qafqasiyaya dair məruzələrini müzakirə edərək bütün səmimiyyətlə hürriyyət və istiqlalı yolunda qeyri-musavi bir şərait altında qəhrəmancasına mübarizə edən Şimali Qafqasiyalı qəhrəmanlarımız lehində olduğunu bəyan və hökumətimizin Şimali Qafqasiya məsələsinin hüsni-həllinə vasitə olmaqla qardaşlarımızın hüququnu mühafizəyə cəhd edəcəyimizə ümid edər.
Qafqasiya konfederasyonu həqqində
Siyasi komisyonun Qafqasiya konfederasyonu həqqindəki məruzəsini müzakirə edərək hal –hazıreyi-siyasiyyə və mənafeyi-milliyyei-ittihadiyyə və milliyeyi-iqtizasına görə və Qafqasiya cümhuriyyətlərini bitərəf bir dövlət halına qoyub və bitərəfligi beynəlmiləl bir təmin altına aldıra bilmək üçün qonşu Qafqasiya cümhuriyyətləri arasında ittifaqdan ibarət konfederasyon təşkili mətlub və bütün Qafqasiyanın qonşu millət dövlətləri işıq fikrin qövldən felə keçirilməsinə dəvət edər.
“Azərbaycan” qəzeti,
15 dekabr 1919, ¹ 344
istehqat – haqlı olma
mürasilə – məktublaşma
sərşar – dopdolu, məst
inşirah – şənlik
iniqad – təşkil edilmə
məhafil – məclis
məsai – səy, çalışma
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2011.- 16 aprel.- S.24-25.