Oralarda kimlər var: BÖYÜKXAN BAĞIRLI-3
Ədəbiyyatımızın
və sənətimizin böyük bir qolunu təşkil edən
Bakıdan,yəni mərkəzdən uzaqlarda yaşayan
yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ
YARADICILAR adı verilmiş.Təbii ki, mərkəzdən
uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin
indiki məqamında böyük bir qüvvədilər və
buna görə də bu Birliyin filialları deyə bir termin də
var və onlar bu filiallarda birləşirlər.İndiki
kommunikasiya dövründə artıq bu termin öz əhəmiyyətini
itirmiş kimidir və internet dünyası o filialların
yaradıcılarını və günlük qəzet
yazarlarını daha yaxına çəkib gətirmişdir.İnternet-sorğu
deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox
yaxınlaşdırıb. Həmin sıradan bu günkü
qonağımız yazar Böyükxan
Bağırlıdır.Bəyəfəndiylə söhbətimiz
Özü və Ədəbiyyat haqqındadır.
“İNTELLEKTUALLIQ YAZARA HARACAN
LAZIMDI”
sualınıza
gəldikdə isə, onu deyə bilərəm ki, bu barədə
xalqın gözəl bir ifadəsi var: buynuz qoça
ağırlıq eləməz. Nə olar, qoy
yazıçının intellektual səviyyəsi
şkalanı vurub keçsin. Lakin Puşkinin, Qoqolun, Tolstoyun,
Çexovun, Folknerin, Hemenqueyin, Mirzə Cəlilin, Sabirin,
İlyas Əfəndiyevin, Anarın, Elçinin, Əkrəm Əylislinin,
Yusif Səmədoğlunun ədəbi irsinə nəzər
yetirərkən, şəxsən bir oxucu kimi mən
özlüyümdə bu qənaətə gəlirəm ki,
yazıçılıq üçün əsas şərt
Allah vergisi və istedaddır. Əgər belə olmasaydı,
onda ədəbiyyat nəzəriyyəsini, ədəbi
qayda-qanunların həçə-püçəsini
hamıdan yaxşı bildiklərinə görə ədəbiyyat
üzrə professorlar, akademiklər bu əziyyətli və
şöhrətli peşədən ikiəlli
yapışardılar. Yaxud yüksək intellektə malik olan
M.Şahtaxtinski kimi alimnüma bir naşir “Şərqi-rus” qəzetində
kömbəni Mirzə Cəlilin deyil, elə öz
qabağına çəkərdi. Neyniyəsən ki, Allahtala
istedadı hər adama vermir. İntellekt gücünə
yazılan bədii əsərlərə gəldikdə isə,
onlar istiliyi, hərarəti olmayan ay işığına bənzəyirlər.
Məncə intellektuallıq yazıçının
içindən gəlməlidir. İntellektuallıq naminə
intellektuallığı, vallah, şeytana papış tikən
qazdan ayıq müasir oxucu həzm eləmir, intellekt ilə
yüklənmiş soyuq, bumbuz, qəliz mətnləri bir tərəfə
atıb: “Pah atonnan... yox əşşi...” deyir. Bu gün də
aktuallığını itirməyən, sevilə- sevilə
oxunan Mirzə Cəlil nəsrinin həmişəyaşarlılığının
, müasirliyinin sirri onun bədii məziyyətləriylə
yanaşı sadəliyində, dilinin şirinliyində, aydınlığındadır.
Ədəbi tənqid, ədəbiyyatşünaslıq sahəsində
də sadəliyi, elmi rəvanlığı, təhkiyə
duruluğunu ədabaz akademizm əvəzləyəndə, “Mən
Tarixi-Nadiri yarıya qədər oxumuşam...” deyən Məşədi
İbadın məşhur qınağı yada
düşür. Məsələn, mən bir oxucu kimi xalq
yazıçısı Elçinin sadə dildə
yazdığı nəsr əsərləri ilə bərabər,onun
ədəbi-tənqidi məqalələrini, elmi
araşdırmalarını da həvəslə oxuyuram və
bundan böyük zövq alıram.
–Yeri gəlmişkən,
altmışıncı illərdən bizim ortaq
tanışımız, dostumuz bir yazar vardı sizin tərəflərdən
QASİD NAĞI OĞLU.İndi nə ilə məşğuldur.Şair
Abasağanı xatırlayırmı sizin o gözəl məmləkətdə,
yəni heç olmasa yaş mərasimlərində o yada
düşürmü? –“...bir yazar vardı...”dediyiniz
istedadlı jurnalist Qasid Nağıoğlu mənim yaxın
dostum idi. Təsəvvür edin ki,mən sizin suallara cavab
verdiyim zaman ( yəni mart ayında) o sağ və salamat idi. İndi
isə yoxdu.Onun qəfil itkisi bütün qələm
dostlarını şoka saldı. Vaxtı ilə “Qobustan”
toplusuyla əməkdaşlıq etdiyi, sizinlə ünsiyyətdə
olduğu illəri dərin ehtiramla xatırlayırdı. Şair
Abbasağaya gəldikdə isə, onun əziz xatirəsi həmişə
məclislərimizdə böyük ehtiramla yad edilir. Unudulmaz
şairimizin doğulub boya-başa çatdığı
küçə indi Cəlilabad şəhərində onun
adını daşıyır.
–Sizi tərəflərdən baxanda
Azərbaycan nəsri necə görünür və Siz
dünya ədəbiyyatı ilə ayaqlaşa bilirsinizmi,
öyrənmək baxımından. –Zəmanədən gələn
müəyyən çətinliklərə, qadağalara,
ideoloji basqılara baxmayaraq Azərbaycan nəsri son yüz əlli
ildə böyük inkişaf yolu keçib və bu barədə
çox yazılıb, çox deyilib. Çağdaş nəsrimizin
üfüqləri getdikcə genişlənir və bu bir oxucu
kimi məni sevindirir. Anarın “Ağ qoç, qara qoç”,
“Otel otağı”, Əkrəm Əylislinin “Ətirşahmasan”,
Elçinin “Ölüm hökümü”, Sabir Rüstəmxanlının
“Ölüm zirvəsi”, Elçin Hüseyinbəylinin “Balıq
adam”, Kamal Abdullanın “Yarımçıq əlyazma”,
İlqar Fəhminin “ Aktrisa”, Nəriman Əbdülrəhmanlının
“Yalqız”, Seyran Səxavətin “Yahudi əlifbası”
romanları, məncə, çağdaş nəsrimizin
uğurlarındandır. Ürəkaçan cəhəd odur
ki, son illər nəsrimizə Pərviz, Nərmin Kamal, Aslan
Quluyev, Aqşin Yenisey kimi istedadlı nasirlər gəlmişlər.
Onların simasında nəsrimizin irəli gedəcəyinə
ümidim çoxdur. O ki, qaldı dünya ədəbiyyatı
ilə ayaqlaşmağa, bu çətin məsələdi. Avropa
dillərindən müəyyən qədər İngilis dilinə
bələdçiliyim var, gec də olsa bu dili həvəslə
öyrənirəm. Nə yaxşı ki, bu sahədə Azərbaycan
Tərcümə Mərkəzi və onun “XƏZƏR”
dünya ədəbiyyatı jurnalı dadımıza
çatır. Bu jurnal-xəzinə əlimizdən tutub bizi
dünyanın nəhəng söz ustaları və onların
ədəbi inciləri ilə tanış edir. Son illər bu
jurnalda Afaq Məsud,Tehran Vəliyev, , Saday
Budaqlı,Rövşən Ramizoğlu, İlqar Əlifoğlu,
Nəriman Əbdülrəhmanlı, Natiq Səfərov,
Cavanşir Yusifli,Orxan Budaqlı kimi istedadlı tərcüməçilərin
çevirmələrində Folknerin, Borxesin, Jorj Amadunun,
V.Nabokovun, Kenzi Maruyamanın, Otar Çıladzinin, Tomas Vulfun,
Moris Meterlinkin və dünya şöhrətli digər
yazıçıların şedevrlərindən seçmələrlə
tanış olmuşam. Lap elə bu günlərdə 2009-cu
ilin Nobel mükafatı laureatı, alman
yazıçısı Herta Müllerin “Nəfəs yelləncəyi”romanını
oxudum (Zaur Səttarlı və Qurban Dağlının
çevirməsində) oxudum, yetərincə zövq
aldım, təsirləndim. Günlərin bir günündə
“XƏZƏR” jurnalını səhifələyərkən
gözüm bir sərlövhəni tutdu: F.M.Dostayevski.
“Karamazov qardaşları” (romandan parça). Görkəmli
yazıçımız Afaq Məsudun çevirməsində
bu parçanı oxumadım, su kimi içdim, yenə
doymadım. Bir də içdim və Azərbaycan dilinin zənginliyinə,
var-dövlətinə, öz qapısını dahi rus
yazıçısının üzünə necə səxavətlə
açıb, qonaqpərvərcəsinə zər-zibasını
göstərməsinə heyran oldum...
–Bir tərəfdən baxanda vallah,səni
xoşbəxt yazar və insan kimi görürəm.Elinə,obana
yaxın və bağlı bir ziyalı kimi yaşamağa
davam edirsən.Darıxmırsan oralarda.Axı Cənubun
qürub çağı çox ağır olur.Bəlkə
mən yanlış düşünürəm.Necə olmasa
da mənim də oralarla bir bağlılığım var.Ata
dədəm çox-çox illər öncə Ərdəbildən
sizin tərəflərə gəlib, sonra köçərilik
başlayıb.Dərbədərlik başlayıb.
–Böyük mütəfəkkir,
unudulmaz həmyerlimiz Əlibəy Hüseynzadənin dediyi kimi
bizim Muğan torpağında güclü enerji var. Adam
ayağını yerə qoyanda sanki qoluna yeni bir qüvvət
gəlir. Odur ki, öz el-obamın içində
özümü rahat hiss edirəm. Vaqif Səmədoğlu
demişkən, “mühit içində təpədən
dırnağa ümid içindəyəm”. Bu yerlərə bələd
olan bir yazar kimi özün yaxşı bilirsən ki, bizim Cənub
bölgəsi qoynunda xəzinələr saxlayan sirli-soraqlı
bir aləmdi. Özünəməxsus bağlı
boxçadı. Düz deyirsən, bu yerlərdə qürub
çağı çox ağır olur. Biz tərəflərdə
günəşin tülusu bir tamaşadırsa, qürubu isə,
sizin sözün qüvvəti, son dərəcə kədərli,
qəm-qüssəli vidalaşma anlarıdır... Muğanda
günəş qürub edərkən nə uca
dağların, nə də qalın meşələrin
arxasına çəkilir, o, uzaq ənginliklərdə,
haradasa yerlə göyün qovuşduğu
qanqırmızı bir məkanda anbaan əriyir, sanki can verir,
son nəfəsində enib gəldiyi, dövran
sürdüyü səltənətə acı-acı nəzər
yetirib əbədiyyata qovuşur... Yetərincə kədərli,
təsirli, ibrət götürüləsi bir səhnə.
Ona görə də qocalar deyirlər ki, batan
çağı günə çox baxmayın, canbəsər
olar. Adama, ev-eşiyə sədəməsi dəyər.
Özünnən yeyilər dar niyaz vaxtı, yəni axşam
qürubunda qapınıza pis niyyətlə gələrlər.
Bu xalq inancı bu gün də bizim Cənub bölgəsində
gəzib-dolaşmaqdadır.Bizim Cənub bölgəsində,
Muğan düzlərinin dəriniklərində yaz
ağzı heç yerdə tayı, bərabəri olmayan, ətriylə
insanı məst eləyən çiçəklər
açır. Amma nə yazıqlar ki, gözdən-könüldən
iraq olan, öpülüb göz üstünə qoyulmayan, pərqu
ləçəklərinə nəvazişkar bir əl
toxunmayan bu dərdli-kədərli çöl gözəlləri
boyunlarını buraraq qarıyıb qalır, xəzələ
dönüb torpağa gömülürlər. Halbuki, bu bəxtsiz
çöl çiçəklərinin də göz
önündəki dibçək gülləri kimi sevilmək,
nəvaziş görmək ixtiyarı vardır...Tofiq, nədənsə
o gənclik illərində Bakı-Astara qatarıyla sizin
Qırmızıkəndin yanından keçəndə mən
həmişə duyğulanar, gözdən-könüldən
iraq yerlərdə bitən və insan üçün
darıxan o, çöl çiçəklərinin acı
taleyi barədə düşünərdim. Və bu məqamlarda
hardasa yadıma Vaqif Nəsibin “Durna gülü” şeri və
bu şeirlə bağlı xalq şairi Rəsul Rzanın “Mənim
fikrimcə” kitabında dərc olunmuş qeydləri
düşərdi. Özlüyümdə deyərdim ki, nə
olaydı, gecələrin birində Qırmızıkəndi
bizim Cənub qatarına qoşaydılar, üstünə də
yazaydılar: növcavan vaxtı Tofiq Məhərrəmoğlunu
bax bu elləri gəzib, dolaşan kənddə İlham pərisi
oxlayıb....Tələbəlik illərindən fərqli
olaraq, indi daha mənim və eləcə də, bir
çoxlarının yolu Qırmızıkənd
stansiyasından keçmir. İndi Bakıya yüngül,
sürətli və sərfəli maşınlarla gedib-gəlirik.
Ancaq o, çöl çiçəkləri ilə və
onların oxşarı hesab etdiyim Qırmızıkəndlə
bağlı nisgilli duyğular hələ də içimdədi
və yəqin ki, onlar məni heç vaxt tərk etməyəcək.
Bizim Cənub qatarımız Qırmızıkənd
stansiyasından adətən sübhün alatoranında, təbiətin
yuxulu çağında keçirdi və bu dəmlər
vaqonların pəncərələrindən maraqla ətrafa
boylansaq da, təəssüf ki, sis-dumana bürünən kəndin
boy-buxununu, qədd-qamətini, Muğanın bu tərəfinin
özünəməxsus təbii gözəlliyini görə
bilmirdik və həmişə buna çox heyifslənirdim. Bu
yaxınlarda xalq yazıçısı Anarın “525-ci qəzet”də,
vaxtilə sizin kənddəki evinizdə qonaq olarkən ailə
üzvlərinizlə birlikdə çəkdirdiyi şəkli
görəndə, qəlbimdə həmin o çöl
çiçəkləri ilə bağlı xoş bir
duyğu baş qaldırdı. Düşündüm ki, vaxtilə
ömrünün gur, axar-baxarlı, saçının qara
çağında bizim Cənub bölgəsinə gələrkən,
ayaq saxlayıb, Muğan mənzərələrini seyr edən
yazıçımızın Qırmızıkəndə səfəri,
əgər yaz fəslinə təsadüf edibsə, demək
o Muğanın dərinliklərindəki bənzərsiz
çöl çiçəklərini, səmada oynaşan
ağ buludları, üfüqdən göy qübbəsinəcən
uzanan Fatma nənənin hanasını, çiçəkdən-çiçəyə
qonan bal arılarını, bu yerlərin özünəməxsus
boyalarını...görüb. Bəlkə də, heç belə
deyil. Amma hər-halda nikbin olmağa əsas var. İndi Cənub
bölgəsinə gediş-gəliş azaddır. Daha
Qırmızıkənd stansiyasına çataçatda
qatarda sərhədçi “sarıqulaqlar” tərəfindən
keçirilən, pasport yoxlanışı deyilən əcaib
tamaşadan əsər-əlamət yoxdur və ola da bilməz.
Artıq Qırmızıkənd stansiyasına çatanda,
yuxunun şirin yerində əli avtomatlı sərhədçi
sarıqulaqların “Qalxın, pasportlarınızı göstərin”
deyə bağıraraq vaqonlardakı
soydaşlarımızın əsəb
sarsıntılarına, nevrozuna rəvac verdiyi əcaib anlar
tarixin zibilliyinə gömülüb.
Not :Önümüzdəki həftələrdə
rubrikamızın qonağı Xalq Şairi və İctimai
xadim ZƏLİMXAN YAQUB bəyəfəndi olacaq.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 16 aprel.- S.23.