Əyyub Quliyev Romada Toskanini Filarmoniya Orkestrinə dirijorluq edib

 

Aprelin 14-də İtaliyanın paytaxtı Roma şəhərinin “Olimpiko” teatrında azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsilə Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilib. Bu barədə APA-ya Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib. Romada keçirilən ilk konsertə Azərbaycanın İtaliyadakı səfirliyi də dəstək verib. Konsertin açılış mərasimində çıxış edən Roma Filarmoniya Akademiyasının direktoru Sandro Kappelletto Əyyub Quliyevin gənc və istedadlı maestro kimi Azərbaycan və onun hüdudlarında əldə etdiyi uğurlardan söhbət açıb. Mərasimdə həmçinin Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək, gənc dirijor Əyyub Quliyevin sənətinə verilən yüksək qiymətə görə İtaliya ictimaiyyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ə.Quliyev ötən ilin oktyabrında Parmada keçirilən dirijorların beynəlxalq Arturo Toskanini müsabiqəsində qalib gələrək, münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin Cüseppe Sinopolinin adını daşıyan birinci mükafatına layiq görülüb. 20 ildən bəri heç kimin qazana bilmədiyi mükafatı əldə etməklə Əyyub Quliyev Arturo Toskanini Filarmonik Orkestrinin bu il İtaliyanın Roma, Bolonya və Parma şəhərlərində, eləcə də İspaniyanın Madrid şəhərində keçiriləcək konsertlərində dirijorluq etmək hüququ qazanıb.

 

 

525-ci qəzet.- 2011.- 19 aprel.- S. 7.