BÜTÜN DƏRDLƏRDƏN AZAD QOCA ŞEYXİN NAĞILI

 

“Nağıllar” silsiləsindən

 

Həmin məşum günorta çağı Şeyx həzrətləri həyətin yuxarı başında həmişəki yerində oturub fikrə getmişdi və Şeyx fikrə gedəndə külək də dayanırdı, ağacların yarpaqları da susurdu, çünki onlar da bilirdi ki, Şeyx fikrə gedib və Şeyxin fikrini dağıtmaq olmaz.

Bir az əvvəl kənddəki həmyaşıdlarından biri Şeyxi ziyarətə gəlmişdi. Adamın altmış il bir yastığa baş qoyduğu arvadı ölmüşdü və dərdini Şeyxlə bölüşürdü: “- Arvaddan sonra çətindi, arvadın qədrini sonra bilirsən...” İki oğlu var idi və Şeyxin o həmyaşıdının sözlərinə görə, biri vecsiz çıxmışdı, o biri oğlundan isə razı idi. “Amma nəvələr, nəticələr çoxdur...-demişdi. – Çığır-bağırdan adamın qulağı tutulur...” Ayağa qalxıb, gedəndə də: “- Səni yordum!..- demişdi.- Nə isə, həyatdı də!.. Hərənin bir dərdi, hərənin bir qayğısı...” Sonra da xəfifcə gülümsəyib, əlavə etmişdi: “- Hərənin də bir sevinci!..”

Şeyxin həmyaşıdı bu sadə sözləri söyləyərkən, kimin ağlına gələ bilərdi ki, ən adi sözlərin də yükü, bəzən, zindan kimi ağır, daşınmaz olur?

O qədim kənd haçanlarsa dağın təpəsində salınmışdı və Şeyxin həyətinin yuxarı başı dibi görünməyən sıldırım yarğanın kənarına dirənirdi. Yarğanın dibindən şırıltı ilə çay axırdı və gecə-gündüz o çayın səsi eşidilirdi. O səs Şeyx üçün ancaq yarğanın dibində axan çayın səsi deyildi, o səs – əbədiyyətin səsi idi, keçmişin, bugünün, gələcəyin səsi idi; Şeyx dünyaya gəlməmiş də o səs eləcə səslənmişdi və Şeyx dünyadan gedəndən sonra da o səs eləcə səslənəcəkdi.

Şeyx yarğanın dibindən gələn o səslə böyümüşdü və o səs onun üçün ana laylası kimi bir şey idi, amma bu laylanı bir ana, yəni bir məxluq yox, kəndin hər tərəfindən görünən yaxın-uzaq dağlar, o dağların ətəklərindəki meşələr demişdi, hər gün çıxan və batan günəş, ay demişdi. Şeyx uşaq vaxtı da artıq filosof idi və kəndin uşaqları həmişəki hay-küylə oynayanda, o, bir kənarda durub, onlara baxırdı, amma fikri tamam başqa yerlərdə olurdu, çayın səsinə qulaq asa-asa həyat barədə, dünya barədə fikirləşirdi, hər şey ona Yaradanın möcüzəsi kimi görünürdü: insanın dünyaya gəlməsi, böyüyüb qocalması, ölməsi də, adi ağacların çiçəkləyib bar verməsi də, güllərin, çiçəklərin açılıb, solması da, küləyin əsməsi, yağışın yağması, günəşin, ayın həmişə öz vaxtında çıxması, öz vaxtında da batması, bir sözlə, gözə görünən hər şey Şeyx üçün möcüzə idi.

Şeyx hələ uşaq çağlarından hər bir adidə qeyri-adilik görürdü və sidq-ürəkdən mat qalırdı ki, nə üçün insanlar Yaradanın bu möcüzələrini görmürlər?

Sonralar – ilk gənclik çağlarından etibarən Şeyx müqəddəs səmavi kitabları dönə-dönə mütaliə edirdi və ərəb, latın, türk, fars dillərində dünyanın böyük filosoflarının – Heraklitin, Demokritin, Ərəstunun, Əflatunun, Əl-Fərabinin, İbn Sinanın, Hindistan, Çin alimlərinin əsərlərini oxuduqca, ona elə gəlirdi ki, bütün bunları haçansa oxuyub, bu fikirlər, mülahizələr ona əvvəllərdən tanışdır.

Və elə həmin ilk gənclik çağlarından da Şeyx bütün ömrünü Yaradana ibadətə həsr etmişdi. Şeyx evlənməmişdi. Yaradana sevgisini ailəsi ilə, uşaqları ilə bölüşmək istəmirdi. Şeyxin bütün sevgisi ancaq Yaradana məhəbbətdən ibarət idi.

Şeyxin həyəti cənnət-məkan bir bağçalıq idi və bütün bu gül-çiçəyi, ağacları Şeyxin özü əkib-becərmişdi. O gül-çiçəklər də, artıq böyüyüb qollu-budaqlı olmuş o ağaclar da fəxr edirdi ki, onları Şeyx əkib, onlar hər gün suyu da Şeyxin pak əllərindən içirlər. Gün çıxanda Şeyx də yuxudan qalxırdı, həyəti belləyəndə torpaq dərin və rahat nəfəs alırdı, ağacları, gül-çiçəyi sulayanda onların meyvələrinə, yarpaqlarına, ləçəklərinə həyəti açıq-aşkar nura bürüyən bir təbəssüm qonurdu və Şeyx həyətdə eləcə çalışanda ağ paltarına çirk, palçıq düşmürdü, çünki çirk də, palçıq da nə qədər mənfur olsalar da Şeyxin paltarına ləkə salmaqdan çəkinirdilər.

Sonra Şeyx yay vaxtları olanda həyətin yuxarı başındakı otluğa salınmış döşəkcənin üstündə, qış vaxtlarında isə pəncərələri pərdəsiz – Şeyx həzrətləri pərdəni xoşlamırdı – şüşəbənddəki taxçada oturub, gün batana qədər Yaradana dualar oxuyurdu və bu duaların hamısını Şeyx özü yaratmışdı. Şeyx bu dualarla bütün adiliklərdəki qeyri-adiliklərin adından Yaradana təşəkkürlərini bildirirdi və şükür edirdi ki, özü də bu qeyri-adiliklərin bir hissəciyidir. Şeyx dua edirdi ki, Yaradan bu adillərdəki qeyri-adiliyi görməyi bacarmayan insanları bağışlasın, çünki insanların bütün günahları həmin bacarıqsızlığın nəticəsi idi.

Şeyx adətən gözlərini yumub dua edirdi, amma hərdən Səma Şeyxi səsləyirdi və bu zaman Şeyx gözlərini açıb, göyə zilləyirdi. Göy bəzən açıq-aydın olurdu, bəzən qara buludlar göy üzünü örtürdü, amma bunun fərqi yox idi, çünki Şeyx hara baxdığını bilirdi – Səma ancaq Şeyxin hiss edə biləcəyi bir eyhamla onu səsləyirdi və Şeyx də həmin səmtə baxırdı.

Şeyx özü dağın başındakı o kənddən kənara çıxmamışdı, ancaq uzaq-uzaq diyarlardan, İstanbul, Təbriz, Bakı, Ərdəbil, Gəncə kimi məşhur şəhərlərdən Şeyx həzrətlərinin ziyarətinə gəlirdilər. Şeyxin sorağı bütün Şərqə yayılmışdı, Bağdaddan, Dəməşqdən, Dehlidən, Pekindən, Məqrib ölkələrindən gənc filosoflar onu görmək, onunla görüşmək, dualarına qulaq asmaq və həmin duaları başa düşmək üçün uzun yollar qət edib, Şeyxin hüzuruna gəlirdi. Hətta Rusiyadan, İngiltərədən, Fransadan, Venesiyadan, İspaniyadan yolu bu tərəflərə düşən səyyahlar da Şeyxi görməmiş yollarına davam etmirdilər və öz vətənlərinə, Avropaya qayıtdıqdan sonra da Şeyxlə görüşün hərarətini ömürlərinin sonuna qədər hiss edirdilər, həyatlarının ən çətin məqamlarında qoca Şeyxin təbəssümünü xatırlayırdılar, uzaq ellərdəki bir dağ kəndində yaşayan Şeyxin libasının dümağlığı onları dünyanın xeyir işlərinə səsləyirdi.

Ancaq onlar bu səsə qulaq asırdılar, asmırdılar – bu artıq onların öz işi idi.

Şeyx qonaqlarla öz dillərində – mükəmməl ərəbcə, farsca, ingiliscə, yunanca, latınca, fransızca danışırdı və heç kim təəccüb etmirdi ki, Şeyx bu dilləri harada və nə zaman öyrənib; heç kim təəccüb etmirdi ona görə ki, hamı bilirdi: Şeyx qadirdir.

Şeyxi görməyə gələn o qonaqların sayəsində kəndin yolları abadlaşmışdı, kənd camaatı ticarətlə məşğul olurdu, alış-veriş get-gedə genişlənirdi, güzəran yaxşılaşırdı, kəndin gəncləri uzaq ölkələrlə əlaqələr yaradırdı, dünyanı tanıyırdı və bütün kənd yaxşı bilirdi ki, bunların hamısı Şeyxə görədir.

Şeyx bu kənd üçün Yaradana bərabər bir varlıq idi.

Şeyxin yediyi təndir çörəyi, bir az keçi pendiri, bir az da tərəvəz, bir-iki meyvə, içdiyi də bulaq suyu idi, günlər, fəsillər, illər bir-birini əvəz edirdi, Şeyxin süfrəsi isə beləcə dəyişməz qalırdı və Şeyx bunlara Yaradanın ona əta etdiyi nemətlər kimi baxırdı, bundan artığı isə ona lazım deyildi.

Ancaq... ancaq Şeyx bundan artığını istəmirdi, ona görə ki, bundan artığının heç dadını da bilmirdi?

Həmin məşum günorta çağı Şeyx bu qəfil fikirdən diksindi.

Bayaq onu ziyarətə gəlmiş adam belə dedi: “Arvadın qədrini sonra bilirsən...”.

Şeyx heç kimin qədrini bilmirdi, çünki onun həyatında Yaradandan başqa elə bir varlıq yox idi ki, qədri bilinsin...

Şeyxin həmişə aydın və işıqlı olan göy gözləri birdən-birə yorğunluqdan sulanmış və işıltısını itirmişdi. Həmin məşum günorta çağı Şeyx qəflətən yorulmuş gözlərini uzaq və naməlum bir nöqtəyə zilləmişdi və uzun ömründə ilk dəfə idi ki, onun fikrində bir durğunluq əmələ gəlmişdi – Şeyx hara və nə üçün baxdığını bilmirdi.

Yarğanın dibində axan o çayın səsi isə eləcə gəlirdi və bu dəfə həmyaşıdın sözlərini Şeyxin adam kimi dil açıb, açıq-aydın danışmağa başlamış çayın o səsi dedi: “- Çığır-bağırdan adamın qulağı batır...”

Şeyxin bütün ömrü sükut içində keçmişdi və bütün ömrü boyu da bu sükutu ancaq o çayın səsi, göy gürultusu, yağış şırıltısı pozmuşdu.

“Hərənin bir dərdi, hərənin bir qayğısı...” Bu sözləri də həmyaşıdı yox, çayın o səsi dedi.

Bütün ömrü boyu Şeyxin heç bir dərdi və heç bir qayğısı olmamışdı...

 “Hərənin də bir sevinci...”

Bu sözləri təkrar edən səs isə hardansa, çox uzaqlardan gəldi və Şeyxin içindən bütün varlığını sarsıldan səssiz bir sual baş qaldırdı: Hansı sevinc?

Və Şeyx o məşum günorta çağı sarsılmış varlığı ilə qəflətən kəşf etdi ki, sevincin nə olduğu ona məlum deyil. Anadan kor olub, ömrünü da kor başa vuran bir məxluqun bütün ağrısı-acısı, miskinliyi birdən-birə həmlə çəkib, Şeyxin içinə doldu və bir ovuc qəhər topası Şeyxin boğazına pərçim oldu.

O məşum günorta çağı Şeyx heç vəchlə gözlərini o uzaq və naməlum nöqtədən çəkib, həmişəki kimi göyə zilləyə bilmirdi, çünki Səma daha onu çağırmırdı. Yarğanın dibindən axan o çay isə, yenə eləcə, insan kimi dil açıb Şeyxi səsləyirdi və çay bu dəfə həmyaşıdın yox, öz sözlərini deyirdi: “- O sıldırım qayanın başına çıx! Oradan mənim qucağıma atıl!”

Birdən-birə Şeyx o uzaq və naməlum nöqtədə bomboz rəngə bürünmüş bir boşluq gördü.

Və Şeyx başa düşdü ki, o bomboz boşluq da adi boşluq deyil, onun, yəni Şeyxin uzun həyatının mənzərəsi və mənasıdır. Şeyx kəşf etdi ki, uzun ömrü boyu yaşadığı həyatın o bozluqdan başqa heç bir rəngi, heç kiçicik bir çaları da yoxdur.

Çay isə onu çağırırdı: “- Qalx! Qalx, atıl o sıldırımdan üzüaşağı! Atıl mənim qucağıma! O bozluğun daha heç bir əlacı yoxdur! Qalx! Qalx, atıl! Atıl mənim qucağıma! Qarış mənim sularıma, get! Get, yox ol!”

İçinə dolmuş o ağrı-acı, o qəhər, o əlacsızlıq Şeyxi yaşına və həmişəki təmkininə yaraşmayan bir sıçrayışla ayağa qaldırdı. Şeyx titrəyən səsi ilə:

– Yox!..- qışqırdı.- Yox!.. Yox!..

Şeyx uzun ömrünün ən ağır, ən əlacsız çağında belə, günah işlədə bilməzdi, özünü yarğanın dibində axan o çayın qucağına ata bilməzdi, çünki Yaradanın verdiyi ömrü, ancaq Yaradanın özü ala bilərdi.

Yarğanın dibi isə ahənrüba kimi Şeyxi özünə çəkirdi və Şeyx:

– Yox!.. Yox!.. Yox!.. – deyə qışqıra-qışqıra yaşına və həmişəki təmkininə yaraşmayan bir cəldliklə qaçıb, həyətdən çıxdı.

Şeyx:

– Yox!.. Yox!.. Yox!..- deyə qışqıra-qışqıra kəndin küçələri ilə qaçaraq yarğandan uzaqlaşmaq, insan dili ilə onu çağıran çayın o yad və qorxunc səsindən qurtulmaq istəyirdi.

Kəndin camaatı da, ağaclar, güllər də dəhşət içində idi: Şeyx dəli olub? Onda dünyanın axırıdır!

Şeyx isə ağ libasının ətəkləri ayağına dolaşa-dolaşa yorulmaq bilmədən qaçır və qışqırırdı:

– Yox!.. Yox!.. Yox!..

Bu ağlasığmaz mənzərəyə baxa-baxa yerlərində donub qalmış kənd camaatının – kişilərin, qadınların, hətta uşaqların da saçları dəhşət içində gözgörəti ağarır, ağacların yarpaqları, gül-çiçəyin ləçəkləri sürətlə saralıb-solurdu.

Şeyx isə eləcə qaçır və qışqırırdı.

– Yox!.. Yox!.. Yox!..

 

23 mart 2010.

Bakı.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2011.- 16 aprel.- S.21.