Mədəniyyət İncəsənət Universitetində Turan Cavid anıldı

 

Böyük Azərbaycan şairi Hüseyn Cavidin sonbeşiyi Turan Cavid Mədəniyyət və İncəsənət Universitetində yüksək sayqı, xüsusi ehtiramla yad edildi. Bu da təsadüfi deyildi. Axı Turan xanım yaşıdı olduğu bu unikal təhsil ocağının məzunlarından, sonralar isə pedaqoqlarından biri olub. Ötən əsrin 1923-cü ilindən fəaliyyət göstərən Teatr məktəbinin bazasında 1945-ci ildə yaradılmış İncəsənət İnstitutuna elə həmin il daxil olmuş Turan Cavid 1950-ci ildə oranı bitirir və... işsiz qalır. Axı hələ 37-ci illərin kəsafətli havası bu yerlərdən çəkilməmişdi və “xalq düşməninin” qızını öz idarəsində işə götürmək hər kişinin işi deyildi. Nəhayət ki, həmin illərdə nazirlər soveti nəzdində işləyən Əziz Əliyevin köməkliyi və tövsiyəsi ilə Turan xanım müəllim qismində İncəsənət İnstitutunda işə qəbul edilir. Sonra yenə işsizlik və axır ki, ürəyincə olan, həm də nisbətən “gözdən-könüldən uzaq” bir sahədə – Teatr muzeyində işə düzəlir. Sonra da 37-ci illərdə sovet repressiyası qurbanlarına bəraət verilir və 50-ci illərin ortalarından başlayaraq Turan Cavid ali təhsil aldığı müəssisədə uzun illər pedaqoji fəaliyyətdə bulunur.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsinin kafedra müdiri, professor Aqşin Babayev görkəmli mətnşünas alimin doğma divarlar arasında yad edilməsini məqsədəuyğun saymışdı. Axı Turan xanım həmin institun ilk 6 məzunundan biri olub.

Universitetin akt zalında əsil qələbəlik idi. Tələbələr, müəllimlər, digər qonaqlar böyük həvəslə tədbirə gəlmişdi.Təbii ki, tədbirin formatı, quruluşu da fərqli olmalıydı. Axı, bura hardasa sənət məbədidir. Burda Cavid şerləri səslənəcəkdi, onun əsərlərindən parçalar da göstəriləcəkdi əlbəttə Turan xanım anılacaq, onun haqqında son dərəcə təsirli xatirələr havalanacaqdı.

Budur, dolabın üstünə qoyulmuş Turan Cavidin portretini dövrələyən şamlar yandırılır, məşəqqətli bir ömür yaşamış, həyatını türk dünyasının nəhəng simalarından olmuş, Hüseyn Cavidə, onun ədəbi irsinin toplanılmasına, məhz atasının ürəyincə ola biləcək tərzdə, təhriflərə yol vermədən işıq üzünə çıxmasına nail olan nurani bir xanımın çöhrəsinə işıq düşür. “Sənətşünaslıq” fakültəsinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru Vəfa Əliyev yubiley toplantısını açır, mərasimə dəvət alan qonaqları zaldakılara təqdim edir. Tamaşaçılar çox zaman Cavid haqqında, Turan xanım haqqında mətbuat səhifələrində, televiziyada, radiolarda çıxışlar edən “Ədəbiyyat” qəzetinin baş redaktor müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turanı, Turan Caviddən sonra H.Cavidin ev muzeyinə rəhbərlik edən filologiya elmləri doktoru Gülbəniz Babaxanovanın əyani sürətdə görürlər. Sonra çıxışlar, xatirələr ayaq alır. Uzun illər, demək olar ki, həyatının son saatlarınacan Turan xanımdan ayrılmayan, hər bir işdə ona yardımçı olan, Turan xanımın da öz övladı kimi sevib əzizlədiyi Azər Turanın çıxışı, bəzən ilk dəfə olaraq dilə gətirdiyi xatirə-məqamlar məclisə duyğusal ovqat gətirir. ADMİU-nun prorektoru, professor Rafiq Sadıqovun Turan xanımla görüşləri ilə bağlı söylədikləri toplantı iştirakçılarına şux əhval-ruhiyyə bağışlayır. Yazıçı-dramaturq Aqşin Babayev Cavid dramaturgiyasının özəlliklərindən, onun hər bir əsərinin səhnələr bəzəyi ola biləcəyindən danışır və bir vaxtlar yazdığı hekayədə Turan xanımın prototipini yaratdığına görə üzləşdiyi tənqidçi hücum və qınaqlarından söhbət açır. Professor Gülşən Əliyeva isə bir alim, tədqiqatçı, mətnşünas kimi Turan xanımın ərsəyə gətirdiklərini qəhrəmanlıq, valideyn qarşısında ən yüksək ehtiram nümunəsi adlandırırdı. “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müəllimi, dramaturq Çingiz Ələsgərli Hüseyn Cavidin ev muzeyində Turan xanımla birgə çalışdığı uzun illər ərzində bu cəfakeş xanımda kəşf etdiyi unikal xüsusiyyətlərdən bəhs etdi. Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanova Turan xanımın davamçısı olduğunu, bununla fəxr etdiyini vurğuladı. Dedi ki, bu yaxınlarda Turan xanıma, onun geniş fəaliyyətinə həsr etdikləri bir kitab-monoqrafiya işıq üzü görəcək. Orada Turan Cavid təkcə mətnşünas kimi yox, həm də görkəmli ədəbiyyatşünas alim, tədqiqatçı, ssenarist, teatrşünas, tənqidçi, televiziya verilişlərinin aparıcısı kimi təqdim olunur, əfv komissiyasının üzvü kimi fəaliyyətinə işıq tutulur.

Mərasim quru, sxematik təsir bağışlamasın deyə buraya aktyorlar, məşhur qiraətçilər də dəvət olunmuşdu. Onların elliyi elə ADMİU-nun müxtəlif fakültələrində sənət dərsi deyən sənətkarlardılar: Əməkdar artistlər Ağalar Bayramov, Əli Nur, qiraət ustası Zülfiyyə Eldar qızı, Gülsabah Quliyeva hər çıxışdan sonra səhnəyə gəlir, Hüseyn Cavidin məşhur dram əsərlərindən, füsinkar poeziyasından nümunələr səsləndirirdilər.

Yazıçı-publisist İntiqam Mehdizadə Turan xanımın xatirəsinə hörmət əlaməti olaraq ötən əsrin 30-cu illərində Teatr məktəbində Hüseyn Cavidin tələbəsi olmuş atasının böyük dramaturqla bir yerdə şəkli olan venetkanı Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanovaya bağışladı.

Təntənəli mərasim sona çatmışdı, Turan xanımın çöhrəsini nura boyayan şamlarsa sönmək bilmirdi. Daha doğrusu sönmək istəmirdilər. Bu toplantını əvvəldən axıracan böyük maraqla seyr eləmiş tamaşaçıların sürəkli alqışları altında şamların şöləsi titrəyir, Turan xanımın nurani portretinə heyrətamiz bir canlılıq gətirirdi.

 

 

İntiqam

 

525-ci qəzet.- 2011.-19 aprel.- S. 7.