Elçinin nağılları və
yaxud nağılın gerçəyə dedikləri
“İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq” Aşıq Ələsgər
Bu yaxınlarda xalq yazıçısı Elçinin “Ədəbi
düşüncələr” kitabı haqqında
düşüncələrini qəzet vasitəsilə
bildirmişdim. Həmin kitab Elçin dünyasının dərki
üçün, başqa əsərləri oxunmasa, belə,
münbit şərait yaradır. Mən də bir
yazıçı-oxucu olaraq, gec də olsa, yaranmış
şəraitdən istifadə edib təəssüratlarımı
bildirdim. Və zənn edirdim ki, bu, bəs olacaq.
Özümü təkrar etməkdən ehtiyatlanırdım.
Bilirdim ki, təkrarçılıq elmdə fayda versə də
(təkrar biliyin anasıdır), sənətdə
uğursuzluq sayılır. Sevimli
yazıçımızın “525-ci qəzet”də rast gəldiyim
üç nağılını oxuyandan sonra isə
gördüm ki, təlaşa ehtiyac yoxdur. Elçinin zəngin,
çoxşaxəli, çoxformalı
yaradıcılığı onun haqqında söz demək
istəyəni təkrarçılıqdan kənarda
saxlayır.
Yəqin ki,
“Nağıllar silsiləsi” davam edəcək və bu silsilə
haqqında fikir söyləyən, münasibət bildirən,
həqiqəti nağılın “köynəyindən
çıxarmağa çalışanlar” olacaq. Mən də
özümü o sırada sanıb Elçin müəllimin
oxuduğum üç nağılından biri – “Məhküm
Qaysı Ağacının nağılı” (“525-ci qəzet”,
12 mart 2011) haqqında söz demək qərarına gəldim.
Şifahi ədəbiyyat istifadə edənlər
üçün yaradıcılıq mənbəyidir. Söz
adamlarının əksəriyyəti folklorun –
nağılın, əfsanənin, dastanın “əlindən
tutub ədəbiyyata gəlir”. Kifayətlənənlər bu
mənbəni unudur. Kifayətlənməyənlər, daha
böyük uğurlar amacında olanlar dənizləşdikcə
yenidən şifahi ədəbiyyatın imkanlarına
müraciət edirlər. Bu uğurlu qayıdış
H.X.Andersenun, M.F.Axundzadəni, Nazim Hikmətin, Süleyman Rəhimovun,
İlyas Əfəndiyevin və b.
yaradıcılığında baş verib.
Çağdaşımız
Elçin də “Nağıllar silsiləsilə” bu
sınaqlardan çıxmış uğurlu yolu davam etdirir. Onu
da nəzərə çatdırmaq lazımdır Ki, hər
nağıl danışana qulaq asmır, hər nağıl
yazanı oxumurlar. Nağıl gerçəyə gərəkli
söz deməlidir. Belə sözlü söyləmələrdən
biri də Elçinin “Məhkum Qaysı Ağacının”
nağılıdır. Nağıl janrı bu günə
özünün ilkinlikdən mühafizə etdiyi
bütün atributlarını gətirməməlidir. Daha
doğrusu, o, mühafizəkar bir janr kimi atributlarını
bütövlükdə qorumaq iddiasında olsa da, müraciətçi
onun tələblərinə boyun əyməməli,
günün gözündən baxıb özünə
lazım olanları o mədəndən götürməlidir.
Necə ki, Elçin nağılın uvertürası
olan “biri vardı, biri yoxdu bərabərliyindən” yan
keçib, o, “itkini hekayə janrının əlamətlərilə
“kompensasiya” edir. Fikrimi bir az da aydın desəm, vaxtilə ədəbi
janrlar bolluğundan lazımınca yararlanan, təcrübə
toplayan yazıçı bu dəfə də ağız ədəbiyyatının
vizası ilə kağız ədəbiyyatının mənzilinə
ustalıqla daxil olur. Elçinin nağıl-hekayəsinin təqdim
tərzi iki qaynaqdan qidalandığı üçün ortaq
dil təsiri bağışlayır. Oyunbazlığa uymayan
bu dil sadə, aydın və təsirlidir.
O, fikir yükünü
axıracan beləcə daşıyır. Obrazlılıq nə
qədər gözəl görünsə də, ona aludəçilik,
səyyahı mənzil başına – məqsədə ləngidən
cilvəli gözəlin yayındırıcı
ovqatını yaradır. Elçin təhkiyəsində həmişə
bunları nəzərə alır. Dediklərimiz “Məhkum
Qaysı Ağacı”nın nağılında da təsdiqini
tapır. Hələ özünü xoşbəxt sanan
Qaysı Ağacı qayğısını çəkməli
olan bağ sahibi İnsandan – Həvəskar Bioloqdan ilk dəfə
zərbə alır. Başlanğıc olan bu zərbəyə
etiraz etmək imkanına malik olmadığını və
bununla da qismətinə məhkumluq taleyi
düşdüyünü anlayır, canında iki qatdan ibarət
ağrı yaşayır: “İnsan o iti bağban
bıçağının iti ucu ilə Qaysı
Ağacının kəsilmiş yerində budağın
qabığını araladı və hansı ağacdansa kəsib
gətirdiyi kiçik budaq qırığını ora pərçim
eti, o yeri parça ilə bərk-bərk bağladı,
parçanın da üstündən məftil sıxıb
sarıdı. Qaysı Ağacının bütün gövdəsi,
budaqları o kəsik yarasına görə
sızıldayıb ağrıyırdı, ancaq o yara yerinə
pərçim edilmiş o qırıq o qədər yad,
özgə idi, o qədər naqolay, rahatsız idi ki, bu
yadlıq, özgəlik, bu naqolaylıq, rahatsızlıq hissi
o ağrını üstələmişdi”. Bu sətirləri
oxuyan, təsvir olunan vəziyyətlə yaşayan oxucuya elə
gəlir ki, insafsızcasına kəsilən Qaysı
Ağacının budağı deyil, onun əli qoludur. Belə
olan halda məhkum Qaysı Ağacının taleyinə
acımamaq mümkündürmü: Xeyr. İlk baxışda
məsələ sadə görünür. Belə ki, Həvəskar
Bioloq Qaysı Ağacının budağına başqa bir
ağacın tumurcuğunu köçürüb yeni meyvə
almaq istəyir. Daha doğrusu, elmi kəşf arzusunda olan bu
alimi-biəməl içinin şöhrətə
bağlı sifarişini yerinə yetirir. Bunun
üçün təbiətin əzəli düzümünə
təcavüz edilməlidir. Edilir də. Bəs bu arzuolunmaz
ağrılı proses necə gedir? Mən onu mətndəki
kimi deyə bilməyəcəyəm. Ona görə də mətnə
müraciət edək: “Qaysı Ağacı əvvəlcə
o yad Budaq Qırığına su, şirə vermək istəmirdi,
torpaqdan çəkib topladığı şirəni öz
budaqlarına ötürürdü. Amma yavaş-yavaş hiss
etdi ki, o Budaq Qırığı susuzluqdan, istidən
bürüşüb quruyur və Qaysı Ağacının
ona yazığı gəldi. İnsanın nə
üçün qırığı gətirib kəsilmiş
budağına pərçim etdiyini heç cürə
anlamasa da, fikirləşdi ki, bu yad Budaq
Qırığının nə təqsiri var? – ona su verdi,
şirə buraxdı, və o Budaq Qırığı
yavaş-yavaş canlanıb, pərçim olunduğu
budağa yapışdı, yavaş-yavaş
böyüdü, cücərməyə başladı”.
Yazıq Təbiət!.. İndi Ana Təbiət bu cür
“övladlarını doğulanda hansı adla sevələsin,
öləndə hansı adla çağırıb
ağlasın?! Yadıma uşaqkən kənddə
gördüyüm son dərəcə kədərli, ürəkdağlayan
bir hadisə düşdü. Camışımızın
balasını sel aparmışdı. Bala həsrətilə
dəli-divanə olmuş, camış sağına heç
kimi yaxın buraxmırdı. Südlə dolu döşün,
məmələrin çatlamağı gəlirdi. Əlac
tapmaq lazım idi. Tapıldı. Başqa bir camışın
ölü balasının dərisini soyub saman təpdilər.
Valideynlərim onu – müqəvvanı camışın
qabağına qoydular. Dərini iyləyən camış yenə
sakitləşmədi. Onun yanıqlı
böyürtüsü, tövləni başına
götürmüşdü. Axırda süni məhəbbət
aşılanması üsuluna keçdilər. Müqəvvanı
camışın dərisinə sürtməyə
başladılar ki, camış balaəvəzi müqəvvanı
qoxulayanda öz doğma iyisini ondan alsın. Xeyli zəhmətdən
sonra buna müəyyən qədər nail oldular. Ancaq nə o
balaydı, nə də camış özünü o
“balanın anası” hesab edə bilirdi. İnsan –Həvəskar
Bioloq Qaysı Ağacının əzəlliyini və özəlliyini
nəzərə almadan həvəslə çalaqqoyma fəaliyyətini
davam etdirirdi, hər dəfə də qaysı
ağacının bir yaşı, gələcəyi olan
budağını bada verirdi: “İnsan kəsilən
budaqların qışqırtısına, fəryadını
eşitmirdi. Amma ağrı içində, işgəncə
içində olan qaysı ağacı öz
budaqlarının naləsini, əlbəttə, eşidirdi.
Ancaq o, tamam əlacsız idi – insanın əlindən tutub
saxlaya bilməzdi ki və bu əlacsız ağrı işgəncə
içində olan qaysı ağacı kəsilib yerə
atılan budaqlarına baxırdı”. Bu əməliyyatlardan
sonra calaqlardan qarışıq qaysı, qarışıq
şaftalı və qarışıq qeyri – meyvələr əmələ
gəlirdi. Bu “metis” və “mulat” meyvələrin nə
tamı, nə də ətri qaysı ağacına doğma
idi. Və nəhayət, “o qaysı ağacının
özünün yalnız bir budağı qaldı. O birilərinin
hamısı calaq idi və insan bu calaqlı ağacla fəxr
edirdi, onu qonaqlarına göstərirdi. Hər bir
budağın da bir növ meyvə yetişdirən bu
möcüzə ağac haqqında qəzetlərdə
yazdılar, onu televiziyada göstərdilər. Ancaq qaysı
ağacının, aydın məsələdir, bütün
bunlardan xəbəri yox idi, çünki qəzet oxumurdu,
televizora baxmırdı və o, daimi bir iztirab içində
yaşayırdı”. Bu nağılda yazıçı
mövqeyi də maraq doğurur. Elçinin ədalətə
söykənən ədəbi qınağı təəssübkeşlikdən
uzaqdır. O, Qaysı Ağacını sevdiyi kimi, öz
yurdundan, yuvasından edilən calaqların da halına, taleyinə
acıyır. Necə deyərlər, törədilən
müharibələr, axıdılan qanlar, söndürülən
ocaqlar üçün xalqlar yox, cahil diktatorlar günahkardır.
Məncə, nağılın siyasi
çalarında, gerçəyə dediklərində bu hədəf
dayanır. Elə günümüzə dönsək,
hamıya qucaq açan millətimiz nankor calaq məhsulların
ucbatından azmı əzab-əziyyət çəkib? Nağılda
iki qütbdə üz-üzə dayanan iki yaradan var – biri
göydə “Ol!” sözü ilə külli –kainatı yaradan
Tanrı, o birisi yerdə “metis” və “mulat” məhsulların
şəbəkəsini genişləndirməyə can atan Həvəskar
Bioloq. ( Nə yaxşı ki, əsatirdən doğan
calaqlı amfibiya – balıq adam, Kentavr – at adam yada salmaları
fantaziya olaraq qalır). Biri Böyük Yaradandır, o birisi
kiçik, cılız yaradan. Böyük Yaradanın kamil əsəri
düzəlişə ehtiyac duymur. Cılız yaradan isə
Böyük Yaradanın əsərini təftiş etmək mərəzinə
tutulub. Yazının janrı mənə nağıl
çalarından istifadə etməyə icazə verir. Pozuntudan
ehtiyatlanan, haqq aşığı Dədə Ələsgər
Böyük Yaradandan iltimas edir: Xudam, mərdin işin salma
müşkülə, Əhli-dili yetir, sən əhli-dilə.
Gülü-bülbülə yaz,
bülbülü-gülə, Qönçənin
üstündə xar oynamasın. Haqq aşığına cənab
Haqq yəqin ki, kosmik cavabında deyib. “İstəkli Bəndəm,
mən yaranışı səni istədiyin kimi, uyarlı
yaratmışam. Mərdin işi müşkülə
düşməsin deyə əhli-dili əhli-dilə,
gülü-bülbülə yazmışam. Bu işi əyən
aşağıda şeytani əməldən əl çəkməyənlərdir.
Bəşərə işgəncə vermək istəyənləri
mənim nəzəri üstlərində olan xalq
yolçuları daim damğalayırlar...
Aşağıdakı
sətirləri oxuyanda inanırsan ki, o, haqqsevər
böyük qələm sahiblərindən biri də
Elçindir. Belə olmasaydı, Qaysı
Ağacının halına bunca yanmazdı:
“Artıq
yaşlaşmış Qaysı Ağacı o bağda ən
ağıllı ağaclardan biri idi, bütün içini
sarsıdan daimi bir kədərlə düşünür və
öz taleyinə etiraz edirdi: “Nə üçün belədir?
Nə üçün yaradan məni insanın başqa
budaq qırıqlarına məhəbbəti ilə
mükafatlandırıb? Mən nə günah işlətmişəm
ki, belə bir mükafata layiq görülmüşəm? Nə
üçün mən qaçıb o bıçaqlardan
qurtula bilmirəm. Ona görə ki, Yaradan məni belə
yaradıb? Axı mən daha onun yaratdığı deyiləm!
Mən indi adsız, eybəcər Yaradanın yox, insanın
yaratdığı əcaib bir varlıq olmuşam. Onda nə
üçün mən də ağacların taleyini
yaşamalıyam?.
Yanılma
Qaysı Ağacı. Aşıq Ələsgərə agah
olanların sənə də dəxli var. Yuxarıdakı
Böyük Yaradan səni qaydasınca, əzəli
qanunları ilə dünyaya gətirib. Sənin taleyini
qarışdıran, yersiz calaq əməliyyatı aparan, bunun
nəticəsində səni səndən alan
aşağıdakı cılız insan – Həvəskar
Bioloqdur. Ona görə də bu halına yanan, onu xəbərdarlıq
kimi qələmə alan, təbii yaşamaq haqqının
müdafiəsinə qalxan yazıçı Elçinin
qınaq hədəfi əzəli nizamı pozan həvəskar
bioloqlardır. O, bu mövqeyində qədərincə
haqlıdır.
Elçinin açıq dediyindən,
işarət etdiyi daha çox
düşündürücüdür. Onun
nağılında ayrı-ayrı yaşamaq haqqı
olanların özünü itirməyə gətirib
çıxardan calaqlanmadan söhbət gedir. Qəzəblənmiş
təbiət onun nizamını pozanlara vulkanları, zəlzələləri,
sunamiləri ilə cavab verir.
Axı həmin proses
daha qorxulu, daha fəlakətli şəkildə cəmiyyətdə
– insan mənəviyyatında baş verir. Burada
yaşamaq haqqı olanlarla olmayanları: doğru ilə
yalanı, həqiqətlə rəzaləti, işıqla
zülməti, calaq sazişinə məcbur edib əxlaqi
şikəstliyin, eybəcərliyin “metisliyinə”,
“mulatlığına” rəvac verirlər. Bu atributların da
öz vulkanları, zəlzələləri sunamiləri var.
Müəllif məhkum
Qaysı Ağacının timsalında nağılın
gerçək dili ilə bəlalar, fəlakətlər
içində çabalayan dünyamızı özünə
gəlməyi səsləyir. Vaxtında
özümüzə gəlməsək, hər iki sahədə
baş verənlərdən dərs almasaq, meydanı
bütövlükdə təbiəti və cəmiyyəti hədələyən,
cəzalandıran vulkanlara, zəlzələlərə,
sunamilərə verəcəyik.
Elə uzaqgörən
yazıçı Elçin də nağılın gerçək
dililə bunları bizə anladır. Əgər anlaya bilsək...
Gəncə
Qərib MEHDİ
525-ci qəzet.- 2011.- 16 aprel.- S.20.