Müsahibə“Azərbaycan
hökuməti heç bir zaman kiminsə ərköyün hərəkətlərinə
göz yummayacaq”
VİTSE-SPİKER BAHAR MURADOVA: “DİALOQ ADI ALTINDA
MÜXALİFƏTİN QEYRİ-QANUNİ TƏLƏBLƏRİNƏ
GÜZƏŞTƏ GEDİLMƏSİ NƏZƏRDƏ
TUTULURSA, AZƏRBAYCAN HÖKUMƏTİ HEÇ ZAMAN BUNU ETMƏYƏCƏK”
– Bahar xanım, məlum olduğu kimi, İctimai Palata ayın 17-nə mitinq təyin edib, hətta, paytaxt meriyasının rəhbərliyi ilə danışıqlar aparılması üçün nümayəndə heyəti ayırıb. Ancaq o da məlumdur ki, meriya onlarla danışıqlardan imtina edib. Belə olan halda bir iqtidar yetkilisi olaraq, siz necə hesab edirsiniz,ayın 17-nə kimi tərəflər mitinqin yeri məsələsində nəhayət, razılığa gələ biləcəklərmi, yoxsa, yenə qarşıdurma yolu seçiləcək?
– Açığını desəm bununla bağlı iki informasiya ortadadır. Biri odur ki, guya danışıqlardan imtina olunub, biri də odur ki, sadəcə, bu məsələyə hələ baxılmadığı ilə əlaqədar onlara məlumat verilib,yəni, onlara hələ müvafiq cavab hazırlanıb verilməyib. Ona görə hazırda, imtina olunub, məsələsini müzakirə etmək düzgün olmazdı. Amma bununla belə, müraciət olunub, müvafiq icra hakimiyyəti orqanı da qanuna uyğun olaraq ona cavab verməlidir və verilən cavab da təbii ki, əsaslandırılır. Əsaslandırılmış bir cavab alan həmin qurum və ya şəxslər qrupu da mənə elə gəlir ki, bu cavabda göstərilən arqumentlərlə razılaşmalıdırlar. Əks təqdirdə, söylədiyiniz kimi, onlar öz istədikləri hərəkətləri qeyri-qanuni, müəyyən olunmamış yerdə etməyə cəhd göstərəcəklərsə, bu da müvafiq orqanların lazımi tədbirlər görməsi ilə nəticələnəcək.
– Adıçəkilən qurumda birləşən qüvvələr hər dəfə qeyd edirlər ki, onların aksiya keçirmək istədiyi marşrutlar iqtidarın, Bakı meriyasının özünün ATƏT və onun Bakı ofisi ilə razılaşdırdığı və rəsmi mətbuatda dərc etdirdiyi yerlərdir.Buna necə baxırsınız?
– Kimin nəsə deməsinə mənim necə baxmağım, düşünmürəm ki, o qədər də əhəmiyyətli bir məsələdir. Hərə öz istədiyi fikri söyləyə bilər, eyni zamanda, bir çoxları da müxtəlif münasibət bildirə bilər. Mən yalnız bir məsələ üzərində fikrimi əsaslandıra bilərəm ki, hər bir məsələ qanun çərçivəsində olmalıdır. Biz qanunları nəyə görə qəbul edirik, ona görə edirik ki, o, insanlar üçün norma olsun və bu norma çərçivəsində insanlar fəaliyyətlərini qursunlar, tənzimləsinlər, azadlıqlarını, hüquqlarını həyata keçirsinlər, yaxud da, elə bu qanunun müəyyənləşdirdiyi normalar çərçivəsində bu hüquqları daha “azad” şəkildə həyata keçirmək istəyənlərin fəaliyyəti məhdudlaşdırılsın. Yalnız bu səpgidə məsələyə münasibət bildirə bilərəm və mövqeyim də bundan ibarətdir ki, istənilən siyasi fəaliyyət yalnız qanun çərçivəsində reallaşdırıldıqda effektli olur, həm o siyasi fəaliyyəti aparan, qarşısına müəyyən hədəf qoyan dairələr, həm də ona münasibət bildirən insanlar və vətəndaşlar üçün. Nəhayət, biz süni şəkildə qarşıdurma yaratmaq cəhdlərini bir yana qoymalıyıq. Azərbaycanda neçə illərdir ictimai gündəmdə bu və buna bənzər məsələlərin olmasının şahidi olmuşuq, kimlərsə, mən istədiyim hərəkəti edəcəyəm, söyləyir, müvafiq qurumların rəhbərləri isə, qanunazidd hərəkətlərin qarşısını alacağıq, deməklə çox haqlı bir mövqe ortaya qoyurlar. Ona görə düşünürəm ki, siyasi fəaliyyət göstərən şəxslər, onların rəhbərlik etdiyi qurumlar, yaxud, onların cəmləşdiyi hansısa birliklər bu amili nəzərdən qaçırmamalıdırlar. Ötən illərin təcrübəsi də göstərir ki, yalnız bu şəkildə fəaliyyətə üstünlük verən insanlar hər zaman uğursuzluğa düçar olublar və heç bir siyasi ambisiyalarını reallaşdıra bilməyiblər. Ona görə ki, bunlar hər şeydən əvvəl hansısa ciddi bir sosial dayağa söykənməyən ambisiyalar olurlar, üstəlik də onların reallaşdırılması qanun çərçivəsində olmur. Odur ki, yenə də qanunun aliliyi hər şeydən üstün olmalıdır.
– Yuxarıda müxalifətin sosial dayağı məsələsinə toxundunuz. Hər dəfə iqtidar təmsilçiləri bu məsələni ortaya atarkən qarşı tərəf də bildirir ki, hakimiyyət onlara özünün müəyyənləşdirdiyi yerlərdə aksiya keçirməyə icazə versin və bu zaman onların sosial dayağının, bazasının olub-olmadığını dəqiq yoxlasın...
– Bu, yalnız ona görə seçilmir ki, iqtidar onların hansı qüvvəyə malik olduğunu bilmək istəmir? Axı, onun başqa arqumentləri də var? Bu arqumentlər də kifayət qədər ciddidir. Və insanların, nəqliyyatın sıx olduğu bir yerdə, başqa vətəndaşların hərəkətini, fəaliyyətini məhdudlaşdıra biləcək bu və ya digər tədbirlərin keçirilməsi məqsədəuyğun sayılmır, onlara deyilmir ki, mitinq etməyin, yaxud da onlara deyilmir ki, ümumiyyətlə, sizə yer ayrılmır. Onlara yer ayrılır. Əgər doğrudan, onların da məqsədi iqtidara və yaxud başqa hansısa dairələrə hansı qüvvəyə malik olduqlarını göstərməkdirsə, o zaman nəyə görə təklif olunan yeri seçmirlər? Belə bir arqumentli fikri onlara da qarşı söyləmək olar ki, sizə ayrılan yerə gedin, öz mövqeyinizi, nəyə qadir olduğunuzu göstərin, bununla da o, “sosial dayaqları yoxdur” mübahisələri kəsilsin. Düşünmürəm ki, məsələ yalnız bu mübahisədədir, məsələ məhz qarşıdurma yaratmaq meylindədir və cəhdindədir ki, bu cəhdlər ardıcıl olaraq göstərilir. Eyni zamanda, “dialoq olmalıdır”, “hakimiyyət bizimlə dialoqa getməlidir, bu və ya digər məsələləri bizimlə müzakirə etməlidir” söyləyənlər hakimiyyətin hər hansı bir qərarını qəbul etdiklərini və dəstəklədiklərini, yaxud da, bu qərarın qanuna uyğun olduğu haqda fikir söylədiklərini bir yada salsınlar. Barmaqları kifayət edərsə, saysınlar, sadalasınlar ki, onlar neçəsinə bu cür münasibət göstəriblər. Sadəcə, bu insanların xarakterində, mahiyyətində mənim anlamadığım, başa düşmək istədiyim məqamlar var, lakin bu imkanı bizə yaratmayan bu şəxslər nəyə görəsə bu fəaliyyət yolunu seçiblər. Bununla da özlərini dalana dirənmiş hala salıblar və cəmiyyəti, insanları da narahat edən hərəkətlərə yol verirlər. Ona görə düşünürəm ki, Azərbaycanda qanun, onun müəyyən etdiyi normalar heç bir kəs tərəfindən şübhə altına alına bilməz və heç kim burada ərköyünlük etməməlidir.
– Bildiyiniz kimi, 2 aprel aksiyasından sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklər, beynəlxalq təşkilatların təmsilçiləri iqtidara yönəlik sərt mövqelər sərgilədilər. Necə fikirləşirsiniz, 17 aprel aksiyasından da sonra bunların yaşanmaması, eləcə də siyasi gərginliyin baş verməməsi üçün iqtidar-müxalifət dialoquna start verilə bilərmi?
– Axı, məsələ
ondadır ki, ortada konkret bir dialoq təklifi də yoxdur. Dialoq
deyərkən nə nəzərdə tutulur? Hər dəfə
bu dialoq tarixinə nəzər salsanız, fikirləri öyrənsəniz
görərsiniz ki, şəxsən mənim mövqeyim bundan
ibarət olub ki, dialoq deyilərkən konkret nə nəzərdə
tutulur və bu dialoqda hansı məsələ müzakirə
olunacaq? Dialoq yalnız kiçik bir qrupun, öz
iddialarını hər şeydən üstün tutan,
yalnız onu yeritməkdə maraqlı olan bir qrupun
ambisiyalarının təmin olunmasıdırmı və o
istiqamətdə şərtlərin irəli sürülməsi,ultimatumun
verilməsidirmi? Yaxud, elə həmin qrup da daxil bütün
Azərbaycan vətəndaşlarının, o cümlədən,
Azərbaycan dövlətinin milli maraqlarına uyğun olan
hansısa bir məsələ ətrafında fikir mübadiləsinin
aparılması, vahid bir mövqeyə gəlinməsidirmi?
Bax, bunlar konkret, aydın şəkildə ortaya
qoyulmalıdır. Yox əgər, bu dialoq adı altında
onların qeyri-qanuni tələblərinə güzəştə
gedilməsi nəzərdə tutulursa, bunu Azərbaycan
hökuməti heç zaman etməyəcək. Heç bir
zaman Azərbaycan hökuməti kiminsə ərköyün hərəkətlərinə
göz yummayacaq. Azərbaycanın müvafiq hökuməti
qurumları, mövcud iqtidar xalqdan etimad mandatını alarkən
həm də onun qarşısında öhdəlik
götürüb. Bu öhdəlik də insanların sabit həyatının,
təhlükəsiz həyat şəraitinin
yaradılması, onların ictimai asayişinin qorunması, hər
bir vətəndaşın normal yaşayış tərzinin
təmin edilməsini ortaya qoyur. Ona görə biz bir qrupun tələbi
ilə yalnız onların iddialarını ödəməklə
özümüz haqqında “müsbət” rəyin
formalaşmasında maraqlı deyilik. Bu öhdəlikləri
götürərkən də, özümüz
üçün hamımızın birgəyaşayış
normaları və qaydalarını, qanunlarını müəyyənləşdirərkən
də məqsədimiz bütövlükdə xalq və
dövlətin maraqlarını qorumaq olub. Onun içərisində
tək hansısa kiçik sosial bir qrupun deyil,
bütövlükdə xalqın, dövlətin maraqları
da gedir. Amma əgər hansısa pozucu hərəkətlər
olacaqsa, beynəlxalq təşkilatlarınmı, Azərbaycanda
burada səfirlikləri olan ölkələrinmi bizə kəskin
və ya neqativ münasibəti olmasın deyə, öz vəzifələrimizi
yerinə yetirməkdən gerimi çəkilməliyik? Ona
görə bu tələblər, suallar aydın
olmalıdır ki, onlara da aydın və konkret cavab verilsin.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 16 aprel.- S.9.