Əbülfəs Qarayev Cənub-Şərqi
Avropa Mədəniyyət
Nazirləri Şurasının
sessiyasında iştirak
edib
Rumıniyanın
paytaxtı Buxarest şəhərində Cənub-Şərqi
Avropa Mədəniyyət Nazirləri Şurasının illik
sessiyası keçirilib. Nazirlər Şurasının
sessiyasında iştirak etmək məqsədilə Azərbaycanın
mədəniyyət və turizm naziri cənab Əbülfəs
Qarayevin rəhbərliyilə nümayəndə heyəti
Buxarestə səfər edib. Nazirlikdən APA-ya verilən məlumata
görə, sessiyaya Cənub-Şərqi Avropa ölkələrinin
mədəniyyət nazirləri, beynəlxalq təşkilatların
nümayəndələri və digər rəsmi şəxslər
qatılıb.
Tədbir zamanı beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq
proqramları, mədəni layihələrin həyata
keçirilməsi və regional əməkdaşlığın
inkişaf etdirilməsi məsələləri müzakirə
olunub. Bununla yanaşı, iclasda Qara Dəniz və Cənubi
Qafqaz ölkələrinin mədəniyyət sahəsində
əməkdaşlıq səylərini birləşdirmək
məqsədilə Rumıniyanın Mədəniyyət və
Milli İrs Nazirliyi tərəfindən irəli
sürülmüş Qara Dəniz və Cənubi Qafqaz Mədəniyyət
Nazirləri Şurasının təsis edilməsinə dair Əsasnamə
layihəsi müzakirə edilib.
Şuranın illik
sessiyasında çıxış edən Ə.Qarayev tədbir
iştirakçılarına Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun nəticələri barədə məlumat verib.
Nazir 2013-cü ilin aprel ayında növbəti Dünya
Forumunun keçirilməsinin nəzərdə tutulduğunu
diqqətə çatdırıb.
Səfər çərçivəsində
Ə.Qarayev Rumıniyanın mədəniyyət və milli
irs naziri Kelemen Hunor ilə ikitərəfli görüş
keçirib.
525-ci qəzet.- 2011.-20 aprel.- S.7.