Xalq şairi Zəlimxan Yaqub “Zəngi” liseyinin qonağı olub

 

Dünən Bakının Nizami rayonunda yerləşən “Zəngi” liseyində xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib.Görüşdə liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov şairi və qonaqları salamladıqdan sonra bu görüşü məktəbin müəllim və şagird kollektivinin həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirib. Z.Yaqubun ədəbiyyatımızdakı mövqeyini, aşıq yaradıcılığının inkişafı üçün göstərdiyi xidmətləri yüksək qiymətləndirən B.Heydərov şairin həyat və yaradıcılığından, ölkənin ictimai həyatında yaxından iştirakından geniş bəhs edib. Şairin yaradıcılığının ən ümdə, özünəməxsus xüsusiyyətlərini sadalayan B.Heydərov bildirib ki, Z.Yaqubun poeziyamızda yüksəldiyi zirvə sazla sözün vəhdətidir, onun poeziyasının mayası vətənə, torpağa, elə, obaya bağlılıq, vurğunluqdur.

Sonra səhnə şagirdlərin ixtiyarına verilib. Onlar sənətinin işığına toplaşdıqları şairi salamlayıb, qəlblərinin tərcümanı saydıqları, əsərlərini sevə-sevə oxuduqları və bir çox şeirlərini əzbər bildikləri sənətkarın onlarla görüşə gəlməsindən böyük məmnunluq duyduqlarını, bu görüşün onların xatirəsində əbədi qalacağını vurğulayıblar.

Tədbir boyu məktəbin istedadlı şagirdlərinin bir-birini əvəzləyən çıxışlarında şairin həyatının bəzi məqamları, yaradıcılığının əsas cəhətləri, sənətkarlıq xüsusiyyətləri, ilhamını qanadlandıran mövzular, çox sevdiyi aşıq sənəti, saz haqqında bəhs edilib, şeirləri, onlara yazılmış mahnılar ifa olunub.

Liseyin Müəllim-Valideyn Assosiasiyasının prezidenti, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək xalq şairi Zəlimxan Yaqub haqqında ürək sözlərini deyib, yaradıcılığını yüksək dəyərləndirib, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Qeyd edib ki, şairin özünəməxsusluğu, onun şeirlərinin, adının oxucular arasında hörmət qazanması ona verilən ən böyük mükafatdır. “Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdəndir. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür. Füzuli sevgisindən, Aşıq Ələsgər, Aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək və ilham alan, qüdrətlənən Zəlimxan Yaqubun yaradıcılığı təkrarolunmazdır”.

Z.Yaqub onu görüşə çağırdıqları üçün liseyin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirib. Tədbirdən böyük zövq aldığını söyləyib. Şagirdləri biliklərə yaxşı yiyələnməyə səsləyən xalq şairi öz yaradıcılıq yolundan, həyat prinsiplərindən söz açıb, şeirlərindən nümunələr oxuyub.

 

 

 S.QARAYEVA

 

525-ci qəzet .- 2011.- 20 aprel.- S. 7.