Qobustanjurnalının biblioqrafiyası hazırlanıb

 

MİLLİ KİTABXANANIN ŞÖBƏ MÜDİRİ XURAMAN İSMAYILOVA: “BİR İLƏ YAXINDIR Kİ, BU İŞƏ BAŞLAMIŞAM, ARTIQ REDAKTƏ İŞLƏRİ GEDİR, BİBLİOQRAFİYA YAXIN GÜNLƏRDƏ ÇAPA TAM HAZIR OLACAQ”

 

Uzun illərdən bəri sənətsevərlərin sevimli jurnalı olanQobustansənət toplusunun yaxın zamanlarda geniş biblioqrafiyası oxucuların ixtiyarına veriləcək. Biblioqrafiyanı M.F.Axundov adına Milli Kitabxananın əməkdaşı, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova hazırlayıb. Müəllif biblioqrafiyanın artıq tamamlanmaq üzrə olduğunu bildirib. 32 ildir ki, Milli Kitabxanada Kitab fondlarının mühafizəsi şöbəsinin müdiri işləyən Xuraman İsmayılovaQobustanjurnalının biblioqrafiyasını hazırlamağın onun çoxdankı arzusu olduğunu qeyd edib: “Ümumiyyətlə, “Qobustanjurnalına mənim xüsusi bir münasibətim var. Təbii ki, indi yeni, nəfis tərtibatla, rəngarəng jurnallar dərc olunur. Ancaq mən hələ “Qobustan”ın yerini verə biləcək jurnal görə bilmirəm. Doğrudan daQobustangözəl bir sənət toplusudur. Mənim çoxdankı arzum idi ki, bu jurnalın biblioqrafiyasını hazırlayım artıq bu niyyətimi həyata keçirmişəm”.

Biblioqrafiyanın həm kitabxanaçılar, həm də araşdırmaçılar və sıravi oxucular üçün çox əlverişli olacağını deyən müəllif çox zaman onlara müraciət edən, axtardıqları hər hansı bir məqaləni, məlumatı tapmaqda çətinlik çəkən oxucuların öz istədiklərini bu biblioqrafiya vasitəsilə çox asanlıqla əldə edə biləcəklərini deyib: “Bəzən oxucu gəlib deyir ki, bir aktyor haqqında, rəssam barədə “Qobustan” jurnalında bir məqalə gedib, ancaq hansı ildə, hansı nömrədən getdiyini bilmirəm. Belə sorğular çox olduğuna görə mən həmişə düşünürdüm ki, bu jurnalın biblioqrafiyası həddindən artıq vacibdir. Bəzən biz özümüz də saatlarla, günlərlə bir məqalənin axtarışında oluruq. Jurnalları qarşımıza töküb bir-bir vərəqləyirik ki, görək filan məqalə hansı nömrədə dərc olunub”.

X.İsmayılova jurnalın ən qədimi və dəyərli əməkdaşlarından olan şair-publisist Tofiq Abdinin “Qobustan”ın fonda olmayan nömrələrini Milli Kitabxanaya bağışlamasını bu biblioqrafiyanın ərsəyə gəlməsinə böyük bir dəstək kimi dəyərləndirib: “Bu işin reallaşmasında hörmətli Tofiq Abdinin Milli Kitabxanaya öz arxivində saxladığı “Qobustan”ları təqdim etməsi mühüm rol oynadı. Çünki bizim kitabxanada “Qobustan” jurnalının bir çox nömrələri yox idi. Biblioqrafiya da elə bir nəşrdir ki, bütün nömrələr bir yerdə olmayanda o qədər də etibarlı və keyfiyyətli alınmır. Bu işdə yaxından kömək etdiyinə görə Tofiq müəllimə dərin minnətdarlığımı bildirirəm. Demək olar ki, bir ilə yaxındır ki, bu işi başlamışam, artıq redaktə işləri gedir və biblioqrafiya aprelin sonu, mayın əvvəllərində çapa tam hazır olacaq. Mən jurnalın kitabxanada olmayan 3 nömrəsini də tapmışam. Birini Elmlər Akademiyasının kitabxanasından əldə etdim, birini bizim görkəmli tədqiqatçı-alimimiz Şəmistan Nəzirli gətirib bağışladı, birini də “Qobustan” jurnalının əməkdaşı Esmira Nəzərlidən alaraq biblioqrafiyanı, demək olar ki, 99 faiz tamamlaya bilmişəm. Ancaq bir nömrəni heç cür tapa bilmədim. Bu, 1998-ci ildə dərc olunmuş bir nömrədir. İncəsənət Arxivinə, “Qobustan”da çalışan bütün əməkdaşlara müraciət etsəm də, həmin nömrəni tapmaq mümkün olmadı”.

Biblioqrafiya yazmağın çox çətin və məsuliyyətli bir proses olduğunu deyən müəllif, bütün çətinliklərə baxmayaraq, bu işin öhdəsindən layiqincə gəlməyə çalışdığını bildirir. 500 səhifəlik biblioqrafiyanın çapa hazır olduğunu bildirən Xuraman İsmayılova burada jurnalda dərc olunan rəssamların rəsm əsərlərinin, fotoşəkillərin və biblioqrafiyadan istifadəni asanlaşdırmaq üçün müəlliflərin siyahısının əlifba üzrə yerləşdirildiyini qeyd edib. “Ümidvaram ki, bu biblioqrafiyanın çapı ilə bağlı bütün maraqlı tərəflər, o cümlədən Azərbaycan Yazıçılar Birliyi də düşünəcək və müvafiq addımlar atılacaq” .

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 20 aprel.- S. 7.