Keçmişi təhlil etməyə
lüzum varmı?!
Elçinin “Sosrealizm bizə nə verdi” ədəbi-estetik
essesi üzərində düşünərkən...
Dünyamız olduqca mürəkkəb
siyasi, iqtisadi, ictimai, mədəni, mənəvi kataklizmlər
burulğanında yaşadığından bəzən
inkişafın, dialektikanın istiqamətini tutmaqda da problemlər
yaranır. Filosoflar, estetlər, nəzəriyyəçilər
perspektivləri müəyyənləşdirməkdən,
birmənalı fikir ifadə etməkdən çəkinirlər.
Bəziləri yalnız müasirliklə, bəziləri gələcəyin
istiqamətlərini özünəməxsus şəkildə
müəyyənləşdirməklə, bəziləri isə
gələcəyə aparan yolu daha dürüst görmək
və dəyərləndirmək üçün
keçmişə nəzər salmaq, onu dərindən təhlil
etməklə irəliləməyə daha böyük
üstünlük verirlər. Fikrimizcə, xalq
yazıçısı Elçinin geniş oxucu ictimaiyyəti
və tənqidçilərin diqqətinə təqdim etdiyi
“Sosrealizm bizə nə verdi?” əsəri məhz belə
üçüncü yanaşma istəyindən ortaya
çıxıb. Müəllif 70 il ərzində bədii-estetik
təfəkkürümüzə pərçim edilmiş
“sosrealizm fəlsəfəsi” üzərində əsaslı
müşahidələr aparmaqla analitik ümumiləşdirmələrə
müvəffəq ola bilib. Yazıçı haqlı olaraq
qeyd edir ki, sosrealizm Azərbaycan ədəbiyyatına və
ictimai fikrinə sənətkarların istəyi ilə yox,
inzibati-amiranəlik yolu ilə gətirilməklə, ədəbi
təfəkkürümüzdə bədii şəkildə
doğan axtarışlara görə yox, sistemin təkidi ilə
təbliğ edildi. Bu estetika sənətkar
azadlığını və düşüncəsini
inkişafa istiqamətləndirmək əvəzinə, onu
buxovladı. Sosrealizm estetikası kontekstində bəzi hallarda
inkişaf və irəliləyiş müşahidə olunsa
da, əksər hallarda nə estetik fikrimiz orijinallaşmadı,
nə də stereotip düşüncədən kənarlaşmadıq.
Bədii söz sənətimiz, incəsənətimiz,
musiqimiz, şifahi abidələrimiz yetimləşdi.
Hamısı bir qəlibin içinə qoyuldu,
sıxıldı, ştamplandı, rəngarənglik,
plüralist düşüncə tərzi yasaq edildi. Bununla
razılaşmayanlar düşmən elan olundu, Sibirə,
Qazaxıstana göndərildi, repressiyaya, qırmızı
terrora məruz qaldılar və i.a. və s.
Bu faktları və hadisələri
təkrarlayıb onlar üzərində diqqət cəmləşdirməkdən
kənarıq. Çünki Elçin müəllim əsərdə
bununla bağlı yetərincə obyektiv mənzərə
yarada bilib.
Müəllif tərəfindən ədəbi-bədii
nümunələrimizə, şifahi örnəklərimizə,
sənətkarlarımıza dəyən mənəvi zərbələr
yerli-yataqlı araşdırılmış, bədii-estetik
meyarların kənara atıldığı, ədəbiyyatın
taleyini “ifşa”çılıq həll etdiyi kifayət qədər
aydınlaşdırılmış, “Böyük terror”un
sarsıdıcı zərbələrinin səbəbi
dürüstləşdirilmiş, “püşkatma” oyununun mənfur
qaydalarına dərindən nəzər
salınmışdır. Əmsalı son dərəcə
aşağı olan sosrealizm estetikasının
özünü doğrultmadığı konkret fakt və materiallara
söykənilərək izah edilmiş, 20-30 cu, 40-50-ci,
60-80-cı illər ədəbiyyatımızın və mədəniyyətimizin
ümumi mənzərəsi oxucunun gözü
qarşısında canlandırılmışdır.
Bütün bunlar Elçin müəllimin kitabında
ardıcıl, sistemli və
konsepsiyalaşdırılmış şəkildə izah
edilmiş, istedadlı və istedadsız konyuktura müəyyənləşdirilmişdir.
Sxematik, trafaret, obraz, qəhrəmanlar və təsvirlər, bədii-estetik
çəkiyə malik olmayan əsərlərə münasibət
düzgün ifadə olunmuş, sistemlə sosrealizmin həmahəngliyinin
morfologiyası açılmışdır. Bir sözlə,
həcmcə kiçik, məzmun və mahiyyətcə
sanballı əsərdə Elçin müəllim
ictimai-siyasi və mədəni-ədəbi mərhələnin
ümumi panoramını yetərincə adekvat yaratmağa
müvəffəq olub. Bundan başqa
altmışıncıların sosrealizm estetikası ilə
daxili çəkişmələrinin 60-cıların qələbəsi
ilə nəticələndiyi də bədii-ədəbi cəbhədə
mövcud olan faktlarla sübut edilib. Bəziləri
keçmişə qayıdışı nədənsə məqbul
hesab etmirlər. Bizimsə bu məsələyə
baxışla bağlı fikrimiz tamamilə fərqlidir. Əvvəla
bizə elə gəlir ki, keçmişin səhvlərindən,
dərslərindən nəticə çıxarmadan müasir
dövrümüzü və gələcəyimizin uğurunu
da qurmaq, təmin etmək olmaz. Elçin müəllimin
keçmişə dair mülahizələri bizi bir daha dərindən
düşünməyə sövq edir. Keçmişi öyrənməyin
mühümlüyü ilə bağlı böyük qaraqalpaq
yazıçısı Tulepbergen Kaipbergenov “Qaraqalpaqlar
haqqında dastan” roman – epopeyasının proloqunda
aşağıdakıları qeyd edirdi: “Keçmiş bu
günün müəllimi, yolgöstərənidir. Müəlliminin,
yolgöstərəninin səhvlərini təkrar etməmək
üçün şagird onları dərindən bilməli,
öyrənməlidir... Bütün zamanların və
xalqların hikməti “səhvlərdən öyrənirik”
deyir. Öz sələflərinin məzarını
düşünmədən daşlayanları gələcək
nəsillər məzardan çıxarıb bayıra atarlar.
Buna görə də keçmişə son dərəcə
ehtiyatla yanaşılmalıdır...”.
“Keçmişin üzərindən
heç vaxt sakit-səssiz hoppanmaq belə olmaz. Keçmiş
elə keçmişdir. Bununla belə keçmiş onunla
ehtiyatlı davranmağı, özünə daha diqqətli
baxış tələb edir. Xalq öz tarixinin qaranlıq və
işıqlı, xoşagəlməz və yaxşı səhifələrini
yadında saxlamalıdır. Yaddaş insana ona görə
verilmişdir ki, o, heç zaman özünün insan
olduğunu, xalqın oğlu olduğunu yaddan
çıxarmasın”. Elə Elçin müəllim də
belə edir. O, xalqın müəyyən zaman kəsiyində
yaşadığı ictimai-siyasi, mədəni-ədəbi və
fəlsəfi-estetik sistemə nəzər salıb, onları
təhlil etməyi özünün vətəndaşlıq,
yazıçılıq, filosofluq borcu hesab edir. Kitabda itirdiklərimizin
qazandıqlarımızdan qat-qat artıq olduğu göstərilir.
Bu, əsərin həcmində də özünü büruzə
verir (bax: səh.3-43 və səh. 43-72). Elçin müəllim
kitabında ədəbiyyatda və sənətdə
60-cıların köməyi ilə sosrealizm estetikasından kənarlaşmaları
ədəbi simalara və əsərlərə, onlarda qoyulan
problematikaya görə təhlil edir. Elə buradaca
60-cıların sosrealizm bədii-estetik duyum və dərk
kontekstindən uzaqlaşmaları onların sənətə
yeni baxış bucağından yanaşma ilə nəticələnməsinin
səbəbləri müəyyənləşdirilir.
Yalançı sosrealizm estetikası düşərgəsi
(keçmiş sosialist respublikaları) və sosialist ölkələri
ədəbiyyatları yaradıldı, zahirən bu ədəbiyyatlar
yanaşı yaşamağa meylli olsalar da, onlar dünya ədəbiyyatında
bu formatda yerini qoruya bilmədi, sosialist ölkələri
xalqlarının mənəvi birliyinin möhkəmlənməsinə
töhfə verə bilmədi və bu dövrdə novator
ideya-estetik yaradıcı prinsiplər
formalaşdırılmadı. Partiya xalqın və dövlətin
maraqlarını nə yaxınlaşdıra, nə eyniləşdirə,
nə də qoruya bildi. Sosialist realizmi şüarında xəlqiliyi
bayraq etsə də, sosialist humanizmi və patriotizmi
ideyaları konkret fəaliyyətə söykənmədi və
bu iş əməli fəaliyyətlə əsaslandırılmadı.
Yaradıcılıq psixologiyasında sənətkarların qəbul
etdiyi obyektiv reallığın bədii obrazlarla verilməsində
uyğunsuzluqlar hökm sürdü. İncəsənətlə
müasirlik arasında yaşanılan münasibətlər
aydınlaşdırılmamış qaldı.
Sosrealizm bəzilərinin
düşündüyü kimi xalqların azadlıq və
müstəqillik uğrunda mübarizəsində gərəkli
silaha çevrilə bilmədi. Elçin sosrealizm
estetikasını nəzəri və faktik materiallar əsasında
öyrəndiyindən bu fəlsəfənin qnoseoloji kökləri
və bu köklərdən gələn paradoksları da dərindən
təhlil edir. Söylədiklərimiz Elçinin “Sosrealizm bizə
nə verdi?” əsərinin müddəalarını ümumiləşdirib
bəzi tezisləri ortaya qoymağı zəruriləşdirdi.
Bu tezisləri biz aşağıdakı kimi
formalaşdırdıq.
1.Sosrealizmin xalqların
azadlıq uğrunda mübarizə silahı olmadığı,
sosrealizm estetikasının hər hansı pozitiv inkişafa gətirib
çıxarmadığı, ədəbiyyatların
yanaşı yaşamasına müvafiq impuls vermədiyi, sovet
ədəbiyyatının dünya ədəbiyyatı
kontekstində yerini və rolunu müəyyənləşdirə
bilmədiyi, Sovetlər İttifaqına və sosialist
düşüncəsinə aid ölkələrin və
xalqların mənəvi birliyinin möhkəmlənməsinə
kömək edə bilmədiyi Elçin tərəfindən
konkret nümunələrə söykənilərək izah
olunur.
2.Sosrealizm ədəbiyyatı
və bədii-fəlsəfi düşüncə tərzinin
novator estetik prinsiplərin yaranmasını təmin edə
bilmədiyi düzgün vurğulanır.
3.Sosrealizm estetikası əsasında
yaranmış ədəbiyyat deklarativ şəkildə ortaya
atılsa da dövlət, xalq və partiya maraqlarını
birləşdirməyə və yaxınlaşdırmağa
müvəffəq olmadığı, bu estetikanın humanizm və
patriotizm ideyalarının formalaşdırılmasında əngələ
çevrildiyi sübut edilir.
4.Sənətkarların
yaradıcı psixologiyasında obyektiv reallıqla bədii
obrazlar və ümumiləşdirmələr arasında
uyğunsuzluqların, uçurumun yarandığı, həyat
həqiqətləri bədii gerçəklikdə öz ifadəsini
yetərincə tapmadığı öyrənilir.
5.Etnik-milli və mədəni-mənəvi
irsimizə, psixologiyamıza, həyat fəlsəfəmizə,
folklorumuza, epik abidələrimizə, onların öyrənilməsinə
və təbliğinə ciddi yasaqlar qoyulduğu, onlar
haqqında düşünənlərin sovet
ideoloqlarının tənəsinə tuş gəldiyi
göstərilir.
6.Şair, yazıçı və
alimlərimizin bütün təşəbbüslərinin
qeyri-münbit siyasi-ideoloji rakurslardan dəyərləndirildiyi,
türkçülüyümüzdə,
islamçılığımızda, müasirləşməyimizdə
“Füyuzat” və demokratik ideallarımızın
formalaşmasında tribun rolunu oynayan “Molla Nəsrəddin”
jurnalları, onların naşirləri və məsləkdaşları
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi və b. sənətkarların
düşmən elan edilməsinin mahiyyətində Azərbaycan
ictimai fikrinə vurulmuş ziyanın masştabı
nümayiş etdirilir.
7.Sosrealizm ədəbi cərəyanın
ziddiyyətli qavranılması ideologiyanın
özünün ikili mahiyyətindən irəli gəldiyi
izah və şərhlərdə ortaya qoyulur.
8.Sosrealizm estetikasının
istedadlı əsərlər əvəzinə boz ədəbiyyat,
trafaret mövzular, obraz və qəhrəmanlar ortaya çıxardığı
konkret nümunələr gətirilərək incələnir.
9.Sosrealizm estetikasının mahiyyətini müəllifin həm
yazıçı-dramaturq, həm də ədəbiyyatşünas-alim
kimi müəyyənləşdirməsi problemə
doğru-dürüst nəzəri-metodoloji mövqe
formalaşdırmaqla ifadə edilir. 10.Sosrealizm estetikası
kontekstində uğurların və uğursuzluqların
obyektiv təhlil müstəvisində nəzərdən
keçirilməsi ədəbiyyat və sənət
adamları üçün proqram xarakterli müddəaların
ortaya qoyulması ədəbiyyatşünaslığımızın
gələcək istiqamətlərini konsepsiyalaşdırmaq
imkanı verir.
Nizami Tağısoy
525-ci qəzet.- 2011.- 23 aprel.- S.20.