Dədə Şəmşirlə
üç görüş
Bu silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən; siyasi quruluş üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlikdən, əsəb gərginliyindən, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn edə, özümlə qara torpağın altına apara bilməzdim, xalqım üçün qoruyub saxlamalı, yazıya köçürüb ona da təhvil verməliydim. Bunun üçün səni həmdəm seçdim əziz oxucum. Olsun ki, bu silsiləm ucbatından qınağına, tənqidlərinə də məruz qalam. Axı milli mentalitetimizin bu üzü də var ki, gərək yaşadığın duyğuların böyük bir qismini dilinə gətirməyəsən. Əlbəttə, bəzi məqamlar var ki, mən də üstündən keçəcəm. Amma ümumilikdə götürəndə, yox. Silsiləmin baş məqsədi belədir: düzü düz, əyrini əyri. Yəni səmimi.
Özünü görməzdən əvvəl səsini eşitmişdim. Hələ televiziya yox idi, eləcə radiolara dinşək kəsilə-kəsilə Azərbaycan sənətçilərinin hamısının səsini dinlər, bir yerə yığışıb onları yamsılardıq. Biz, yəni ötən əsrin 50-60-cı illərinin uşaqları, yeniyetmələri. İsmayıllı bir Şirvan yurdudu, bizlərin toy-düyününü yola verənlər də Şirvan aşıqları olardı. Aşıq Şakir Hacıyevi, Qurbanxan Sadıxovu, Aşıq Pənahı, Aşıq Əhmədi, Baratı, Aşıq Məmmədağanı tez-tez toylarda görər, onları ideal sanar, aşıq deyilən kəsin məhz onlar təki olduğunu güman edərdik. Digər bölgələrdən olan aşıqlarısa hələm-hələm qəbul eləməz, oxuduqları canımıza sinməzdi. Şəxsən mənimçün aşıq təkcə oxumağıyla yox, həm də gözəl rəqsiylə aşıq idi. Qərb zonası aşıqlarının oxuduqları havacatdasa o vaxtlar ritm, oynaqlıq duymadığıma görə oxumaları mənə çatmırdı. Və aşıq sənətinə olan bu baxışlarım bir xeyli sürdü- orta məktəbi bitirib Bakıya gələnəcən, televiziyalarda onları görənəcən, ümumiyyətlə aşıq sənətinin köklərinə tədricən bələd olanacan. Və nəhayət Dədə Şəmşiri görənəcən. 1970-ci il idi. Artıq universitetin jurnalistika şöbəsini bitirmiş (1968), azad təyinat almışdım, redaksiyaların qapısını bir-bir döyür, özümə iş axtarırdım. Axır ki, “Azərbaycan gəncləri” qəzetinin o zamankı redaktoru Cəmil Əlibəyli bir yazımdan xoşu gəldiyinə görə məni işə qəbul etməyə qərar verdi. Amma bir şərtlə, gərək bir neçə ay ştatdan kənar işləyəydim, sınaqlardan keçəydim. Beləcə, peşəkar jurnalistlər kollektivində jurnalistika bəhrinə atıldım. Sonra, bir yay günü Cəmil müəllim məni və bir də elə mən təki sınaq müddəti yaşayan yazıçı dostum Əbülfət Misiroğlunu kabinetinə çağırıb hərəmizə bir tapşırıq verdi: mən Qarabağa gedib Daşaltının tut bağlarından, Ağdamın atçılıq sovxozundan, bir də o yerlərin ev tikmə mədəniyyətindən yazmalıydım. Əbülfətə isə Kəlbəcər İsti suyu barədə lirik, təsirli bir məqalə yazmağı həvalə elədi. Cavandıq, hələ idarəçilik təcrübəmiz yox idi, üstəlik də rəsmi işçi sayılmırdıq.
Yolda gedə-gedə Əbülfət beynimi yedi ki, sən gəl Kəlbəcərdən yaz, mənsə Qarabağdan, nöşün ki, mən oralıyam, yaxşı tanıyıram Qarabağı. Səninçün nə fərqi var, onsuz da heç birisində olmamısan. Özü də danışdıq ki, əvvəlcə onunla Qarabağa, ata yurdu Ağcabədinin Salmanbəyli kəndinə gedək, sonra birlikdə Ağdama, Şuşaya, ordan da Kəlbəcərə birlikdə adlayaq. Bir gecə Salmanbəylidə qaldıq. Orda öyrəndim ki, Əbülfətin böyük qardaşı Şamil də Kəlbəcərdədi, Ovşar yaylağında rayonun (Ağcabədinin) qoyunlarını otarır. Və digər böyük qardaşı şair Ənvər Əhməd də Kəlbəcərin Taxtamı, yaxud Humay qayasıdımı (dəqiq yadımda deyil) orada alaçıq qurub istirahət edir. Və atası, rəhmətlik Misir kişi bizə məsləhət bildi ki, gedib onları görək, həm də kababdan – zaddan yeyib özümüzə gələk... Bu çox uzun söhbətdi, keçək söhbətimizin məğzinə. İndi də gəldik çıxdıq Kəlbəcərə. Orada rast gəldik şair Məmməd Aslana (onu da ilk dəfə orada gördüm), məlum oldu ki, Əbülfəti də yaxşı tanıyır Məmməd, onun şair qardaşları Ənvəri də, Əhməd Elburusu da. Bizimlə İstisuya, dağlara getməsi təklifimizə kəlbəcərli qonaqpərvərliyi ilə razılıq verdi. Yola düşdük. Şəhərdən yenicə ayrılıb Tərtərin sahili boyu sıralanmış qayalıqların arasıyla İstisuya yol almışdıq. Birdən Məmməd Aslanın gözləri uzaqdan nə gördüsə, sürücüyə əməlli-başlı əmr verdi: “Dayan, ay evi tikilmiş, dayan!” Dedik, görən nə olub. Sən demə Məmməd kəlbəcərlilərin bu yerlərin qartalı adlandırdıqları Aşıq Şəmşiri görübmüş və istəyib ki, ilk olaraq bizi onunla tanış eləsin. Maşından düşüb daşlararası cığırla çayın sahilinə endik. Şəmşir bir neçə qohumuyla oradaydı və əlində fincan dolu isti su uzaqdan Məmməd Aslanı görüb gülümsəyirdi. Salam-sabahdan, qısa tanışlıqdan sonra Şəmşir əmi bir az bizdən aralı yerdən qaynayıb çıxan isti su bulağının başına getdi, əlindəki iri fincanı yaxşıca yaxalayıb suyla doldurdu, bizə yaxınlaşdı. Dedi, ay oğul, al əvvəlcə sən iç, deyən buraların adamı deyilsən, gör ki, bizim dağların necə bir matahı var.
Böyük ehtiramla “sağ ol, dədə”
deyib fincanı aldım və bir-iki qurtum içib üz-gözümü turşutdum. Açığı
öyrəşmədiyimə görə, həm də
yayın bu qızmarında indicə bulağın
gözündən alınan su çox isti olduğu
üçün ürəyimi vurdu. Bunu dərhal sezən
Şəmşir əmi qayıtdı ki, hə, elə belə
də bilirdim. Bu suyun belə bir xisləti də var, hər
adama ləzzət eləmir. Sizlər bunu Bəkidə
(Bakıda) botullardan içirsiniz, özü də qazlı. Əmbə
(amma) bu suyun ləzzəti belə içməkdi.
Yaxşı, indi mən sənə bir şey verəcəm,
onunla iç gör dünyada nələr var. Bunu deyib
aşıq əlini cibinə atdı, bir ucuz konfet (gərək
ki, kağızının üstündə xərçəng
şəkli vardı) çıxarıb
kağızını soydu, dedi, aç ağzını, indi
bunu ağzında oynada-oynada o sudan iç, sonra söyərsən
məni. Dediyi kimi də elədim. Nə söymək
canım, o bir-iki qurtum suyun əsrarəngiz tamı düz 40
ildən çoxdur, hələ də damağımdan getmir.
Bir də ona görə ki, o suyu Dədə Şəmşirin
əlindən alıb içmişdim. Həm də ondan
eşitdiyimdir ki, a bala, vallahi-billahi əsil İsti su budur, o
birisinin adı çıxıbdır, yeri
açıqlıqdır deyən sanatoriyanı da orada tikiblər.
Bizsə dədə-babadan bu suya balaca İsti su demişik.
Bunun səfası da, şəfası da o birisindən on kərə
artıqdır. Sonra Dədə Şəmşirin Məmməd
Aslanla son dərəcə şux zarafatları, ayaq
üstü şeirləşmələri, bir –iki ağız
qədim saz havası üstə oxuması günü bu
gün də “bir sinema lenti kimi” gözlərim önündə
oyur-oyur oynamaqdadır.
Öpüşüb-görüşüb ayrıldıq. Dedi
hayıf ki, bir az ağrıyıram, yoxsa sizə qoşulub
qalxardım dağlara. Sonra Məmmədə bərk-bərk
tapşırdı ki, mütləq uşaqları (bizi) onun Səməd
Vurğunla deyişdiyi yerə- Ceyran bulağına aparsın.
Bu mənim “Dəli dağın qartalı” ilə ilk
görüşüm oldu. Həmin səfərimdə
böyük, məşhur İsti su kurortunu da gördüm,
Taxta düzündə də oldum, Gəlin qayası, Humay
qayasını da ziyarət elədik. Ceyran bulağının
üstündə birimiz Səməd Vurğun, birimiz Dədə
Şəmşir rolunda deyişdik də: “Bəxt məni bu
yerə qonaq göndərdi Gedirəm, yamandır
ayrılıq dərdi” – deyib kövrəldik də...
Bakıya qayıtdıq, Kəlbəcər haqqında
yazım qəzetdə çıxdı, demək olar ki, elə
o xırdaca yazımdan sonra Cəmil Əlibəyli “Azərbaycan
gəncləri”ndə ədəbi işçi ştatına
məni işə qəbul elədi. Bax, o zamandan mən Azərbaycan
aşıq sənətinə bölgə, “zona”, region sərhədləri
qoymadan maraq göstərməyə başladım və ən
çox da Azərbaycan radiosundan vaxtaşırı səslənən
Aşıq Şəmşir ünvanlı havacatın əsiri
oldum. Onun özünün qələmə aldığı,
Məmməd Aslan demiş, “gül ləçəyi kimi”
qoşmaları, gəraylıları, səsindəki qeyri-adi
həzinlik və elə həmin səsinə yettik
seçib-sonaladığı qədim havacatlar minbir
aşığın oxumaları arasından seçilir,
sayılırdı. İkinci görüşümüzsə
Bakıda oldu. Özü də artıq bir ildən bəri əməkdaşı
olduğum “Azərbaycan gəncləri” qəzeti
redaksiyasında. Cəmil Əlibəyli Dövlət Teleradio
Verilişləri Komitəsinə sədr müavini vəzifəsinə
təyin olunmuş, onu Qəşəm Aslanov əvəz
etmişdi. Günorta saatlarıydı, baş redaktorumuzun katibəsi
otağıma gəlib dedi ki, Qəşəm müəllim səni
istəyir. Kabinetə daxil olanda çaşdım bir növ.
Necə deyərlər, məndən başqa hamı baş
redaktorun otağındaydı. Hətta qonşu “Pioner” qəzetiylə
eyni adlı jurnalın əməkdaşları da
yığışıb gəlmişdilər. Təbii ki, Qəşəm
müəllimin dəvətiylə. Ortada kim olsa
yaxşıdır- Aşıq Şəmşir! Özü də
əlində sazıyla. Əslən ulu Göyçəmizdən
olan Qəşəm Aslanov çılğın saz-söz,
aşıq həvəslisiydi. Hardansa əlinə
keçmiş Dədə Şəmşiri hamıyla
tanış eləmək, aşıq sənətinə biganə
olanlara onun səsi, avazıyla “dərs” vermək istəmişdi.
Elə ordaca sən demə Şəmşir əmi məni xəbər
alar, deyər ki, bəs İntiqam balam tay burda işləmir
ki? Uzun illərin dostu, baba-nəvəsi kimi
görüşüb-öpüşdük. O gün o qədim
bina (“Bakı soveti” metrosu ilə üzbəüz bina nəzərdə
tutulur) bəlkə də ömründə ilk dəfə elə
bir səsin, avavzın, başlıcası isə ustadlar
ustadı Dədə Şəmşir kimi bir
aşığın səsinin şahidi olurdu. “Baş
sarıtel”i, “Dübeyti”ni, “Cəlilin”i oxudu, Səməd
Vurğunla bağlı çoxumuza bəlli olmayan xatirələrini
dilə gətirdi. Sonra şəkil də çəkdirdik.
Redaksiyanın fotoqrafı Üzeyir Muradov həmişə
olduğu kimi bu dəfə də də işini qayım
tutmuşdu... Üçüncü
görüşümüzsə 1978-ci ildə, yenə Kəlbəcərdə
oldu. O vaxt mən artıq Dövlət Teleradio Verilişləri
Komitəsində çalışır, məşhur “Bulaq”
radio proqramını aparırdım və Kəlbəcərə
ezam olunmaqda da məqsədim artıq xəstəliyin əldən
saldığı Aşıq Şəmşirlə
görüşmək, onun o gözəl, o məhrəm, həzin
səsini, söyləmələrini son dəfə lentə
almaq idi. Doğrudan da bu, qocaman
aşığımızın son lent yazısı oldu. Və
həmin lent bu gün də Azərbaycan Teleradio Verilişləri
QSC-də qorunur. Təfərrüratları barədə
danışmaq istəmirəm. Çünki 2008-ci ildə
işıq üzü görən “Karvanın sarvanı”
adlı kitabımda o barədə geniş yazmışam və
burada təkrarlanmasını artıq bilirəm. ...Bəli, mən
Dədə Şəmşirlə həyatda üç dəfə
görüşmüşəm. Ancaq bunlar cismani
görüşlər olub. Onun o nurani çöhrəsi,
könül mülkünün dərinliklərindən, incə
ruhundan qopub gələn şeirləri, heç kəsə bənzəməyən
həyalı, abırlı səsiylə hər gün
görüşür, söhbətləşir, deyib-gülürük.
Və onun bu gün Kəlbəcərin Ağdaban şenliyində
düşmən tapdağında qalmış qərib məzarını
da lap yaxın vaxtlarda ziyarət edəcəyimə
inanıram. 4 fevral, 2011
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2011.- 23 aprel.- S.15.