Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqilə bağlı mühüm işlər
həyata keçirilib
2010-2011-ci tədris ilindən
başlayaraq, ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilir.
Dövlət sifarişinin formalaşdırılması
ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri və
dövlətin perspektiv inkişafı amilləri nəzərə
alınmaqla təmin olunur. Büdcə vəsaiti hesabına
dövlət sifarişi ilə ali təhsil müəssisələrində
kadr hazırlığı adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçirilir. Ali təhsil
müəssisələrinə qəbul imtahanları nəticəsində
müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə
təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət
formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil
müəssisəsinin seçimində sərbəstdirlər.
Ali təhsil müəssisələrində dövlət
sifarişi əsasında adambaşına maliyyələşmə
mexanizminin tətbiq edilməsinin əsas məqsədlərindən
biri ondan ibarətdir ki, bu qayda üzrə təhsil almaq
hüququnun ən bilikli abituriyentlərin qazanması təmin
edilsin.
Təhsil naziri Misir Mərdanov
deyir ki, ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə
və İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları
ilə birlikdə müzakirələr aparılıb, yeni
maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı normativ sənədlər hazırlanıb. Nazirin
sözlərinə görə, artıq, bu sahədə
mühüm işlər həyata keçirilib. Nazirlər
Kabinetinin “Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi
haqqında” qərarı qəbul olunub, ayrı-ayrı
ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil
müəssisələrinin bakalavriat və magistratura səviyyəsində
hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı müəyyənləşdirilib. “Azərbaycan
Respublikasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
Qaydalar”ı təsdiq edilib, 2010-2011-ci tədris ilindən
başlayaraq dövlət və özəl ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilib,
51 ali təhsil müəssisəsindən 35-i dövlət
sifarişinin yerinə yetirilməsində iştirak edib,
16-sı isə iştirak etməyib. Ali təhsilin bakalavriat səviyyəsində
dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul
planı 10529 nəfər olduğu halda, dövlət
sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 9788 nəfər
təşkil etmiş, nəticədə dövlət
sifarişi 741 nəfər kəsrlə yerinə yetirilib:
“Hazırda ali məktəblərə qəbul olunan 27612 tələbədən
9788 nəfəri dövlət sifarişi ilə, 17824 nəfəri
ödənişli əsaslarla təhsil alırlar. Magistratura səviyyəsində
dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul
planı 2070 nəfər olduğu halda, dövlət sifarişi
üzrə müvafiq ixtisaslara faktiki qəbul 1125 nəfər
təşkil edib, nəticədə dövlət sifarişi
945 nəfər kəsrlə yerinə yetirilib. Təhsil
Nazirliyində Təhsil, Maliyyə, İqtisadi İnkişaf
nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası sədrinin, Nazirlər Kabinetinin şöbə
müdirinin, ali məktəb rektorlarının iştirakı
ilə “Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət,
təkliflər və qarşıda duran vəzifələr”
haqqında kollegiya iclası keçirilib. Təhsil Nazirliyində
Maliyyə Nazirliyinin məsul əməkdaşının
iştirakı ilə ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi,
qarşıya çıxan problemlər, onların həlli
yolları və təkliflər” mövzusunda ali məktəblərin
baş mühasiblərinin seminar-müşavirəsi
keçirilib. Dövlət sifarişinin yerinə yetirilməsində
iştirak edən ali məktəblərlə Təhsil
Nazirliyi, həmçinin ali məktəblərlə tələbələr
arasında müvafiq müqavilələr
bağlanılıb. 2010-cu ildə dövlət sifarişi
üzrə kadr hazırlığının dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi
məqsədilə Maliyyə Nazirliyi tərəfindən təsdiq
edilib müvafiq bölgüyə əsasən Təhsil
Nazirliyinə 6 081 933 manat məbləğində vəsait
ayrılıb. Ayrılan vəsait bölgüyə uyğun
olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin
hesabına köçürülmüş və təyinatı
üzrə xərclənilməsi ilə əlaqədar həmin
ali məktəblərə tapşırıqlar verilib”. Nazir
vurğulayıb ki, 2010-2011-ci tədris ilində dövlət
sifarişi üzrə ali təhsil müəssisələrinin
I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul
olmuş tələbələrin təhsili ilə
bağlı xərclərin maliyyələşdirilməsi
üçün 2011-ci ilin sonunadək tələb olunan vəsaitin
ali məktəblər üzrə bölgüsü Maliyyə
Nazirliyi tərəfindən təsdiq olunub və icra
üçün Təhsil Nazirliyinə göndərilib. Təsdiq
olunan bölgüyə əsasən 2011-ci ildə ayrılacaq
vəsaitin təyinatı üzrə xərclənilməsi ilə
bağlı müvafiq tədbirlərin görülməsi
üçün aidiyyəti ali məktəblərə
müvafiq tapşırıqlar verilib. 2011-ci ilin I yarımili
üçün ayrılmış və ümumi məbləği
9 122 900 manat olan vəsait Təhsil Nazirliyi tərəfindən
33 ali məktəbin hesabına köçürülüb.
Ötən il keçirilən kollegiya qərarına əsasən
Maliyyə, İqtisadi İnkişaf, Təhsil Nazirliklərinin,
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının məsul əməkdaşları və digər
aidiyyəti şəxslər daxil olmaqla 13 nəfərdən
ibarət işçi qrupu yaradılıb.
M.Mərdanovun dediyinə
görə, yeni maliyyələşmə mexanizminin tətbiqi
nəticəsində mülkiyyət formasından və
tabeçiliyindən asılı olmayaraq bütün ali məktəblərin
dövlət sifarişi üzrə kadr
hazırlığında iştirakı üçün bərabər
imkanlar yaradılıb, abituriyentlərin, həmçinin
dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin
seçim imkanları artırılıb, dövlət
sifarişi üzrə kadr hazırlığının yerinə
yetirilməsi üçün ali məktəblərə vəsait
ayrı-ayrı xərc maddələri ilə deyil, bir xərc
maddəsi ilə ayrılmış və bu vəsaitlərin
xərclənilməsində ali məktəblərin səlahiyyətləri
artırılıb. Dövlət ali məktəblərinə
əvvəlki illərdə dövlət hesabına qəbul
olmuş və II, III və IV kurslarda bakalavriat və
magistratura səviyyələrində təhsil alan tələbələrin
xərclərinin ödənilməsi məqsədilə bu il
üçün nəzərdə tutulan vəsait 4 xərc
maddəsi üzrə proqnozlaşdırılıb. Maliyyə
Nazirliyi ilə aparılmış danışıqların nəticəsi
olaraq 2010-2011-ci tədris ilində dövlət sifarişi
üzrə kadr hazırlığının yerinə yetirilməsi
üçün ötən ilin sentyabr-dekabr ayları üzrə
dövlət ali təhsil müəssisələrinə
ayrılmış vəsait Maliyyə Nazirliyinin müvafiq əmrinə
əsasən ilin sonunda dövlət büdcəsinə silinməmiş
və növbəti ilə keçirilib, 2010-11-ci tədris
ilində dövlət ali məktəblərinə ödənişli
əsaslarla qəbul olan və təhsil haqlarından azad olunan
məcburi köçkün tələbələrin təhsil
haqlarının dövlət büdcəsinin vəsaitləri
hesabına ödənilməsi ilə bağlı təklifə
Maliyyə Nazirliyi tərəfindən müsbət
yanaşılıb və bu məqsədlə prezidentin sərəncamı
və Nazirlər Kabinetinin qərarı layihələri
hazırlanıb. Təhsil naziri bildirib ki, yeni maliyyələşmə
mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə
dövlət sifarişi üzrə tələbə qəbulu
gözləniləndən az olmuş, ödənişli əsaslarla
tələbə qəbulu isə artıb, bu da həmin ali məktəblərin
büdcədənkənar gəlirlərinin artmasına səbəb
olmuş və müəyyən xərclərin, əsasən
əməkhaqqı xərclərinin büdcədənkənar
gəlirlər hesabına ödənilməsinə zərurət
yaradıb. Bu səbəbdən Maliyyə Nazirliyi ilə
razılaşdırılmaqla ali məktəblərin 2011-ci ilə
büdcədənkənar vəsaitlər üzrə icmal gəlir
və xərclər smetasında əməkhaqqı üzrə
vəsaitin artırılması nəzərdə tutulub. Eyni
zamanda 2011-2012-ci tədris ilində ödənişli əsaslarla
tələbə qəbulunun nəticələrindən
asılı olaraq əməkhaqqı xərc maddəsi üzrə
büdcədənkənar xərclərin həcminin cari ildə
əlavə olaraq yenidən artırılmasına ehtiyac
yaranıb. Yeni maliyyələşmə mexanizminin tətbiqi
ilə əlaqədar ali məktəblərə 2011-ci ildə
büdcə vəsaitlərinin müvafiq olaraq yuxarı kurslar
üzrə 4 xərc maddəsi və dövlət sifarişi
üzrə I kurslar üçün isə 1 xərc maddəsi
üzrə ayrılması nəzərdə tutulub. Bununla əlaqədar
olaraq Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla
2011-ci ilə ali təhsil müəssisələrinin büdcədənkənar
vəsaitlər üzrə gəlir və xərclər
smetası 6 xərc maddəsi üzrə təsdiq olunub:
“Təqdim olunan məlumatlardan
göründüyü kimi dövlət sifarişinin yerinə
yetirilməsində iştirak edib dövlət ali məktəblərinin
2011-ci il ərzində xərcləri əsasən
aşağıdakı 3 istiqamət üzrə əldə
edilən vəsaitlər hesabına maliyyələşəcək”.
Nazir dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin
nəzərinə çatdırıb ki, əvvəlki qaydada
dövlət büdcəsindən bakalavriat səviyyəsində
II, III və IV kurslar, magistratura səviyyəsində II kurslar
üçün ayrılan vəsaitlərin həcminə
yalnız əməkhaqlarının, təqaüd məbləğlərinin,
kommunal xidmət haqlarının və sair bu kimi digər xərclərin
artımı ilə bağlı yenidən baxıla bilər. Digər
hallarda il ərzində bu vəsaitlərin həcminin
artırılması mümkün olmayacaq. Bu səbəbdən
ali məktəblər tərəfindən mövcud
resursların daha rasional istifadəsi ilə bağlı təxirəsalınmaz
tədbirlər görülməlidir. Bu kimi tədbirlərə
paralel və lüzumsuz kafedraların, fakültələrin
bağlanılması, artıq ştatların ixtisar
olunması, əlavə xərclərə yol verilməməsi,
kommunal xərclərə qənaət edilməsi və sair
aiddir: “2010-cu ilin yekunlarının ilkin təhlili göstərir
ki, dövlət sifarişi üzrə kadr
hazırlığının yerinə yetirilməsi ilə
bağlı ayrılmış vəsait bir sıra dövlət
ali təhsil müəssisələri tərəfindən ilk
növbədə müdafiə olunmuş xərc istiqamətlərinə
deyil, digər istiqamətlərə istifadə olunub. Dövlət
büdcəsindən məqsədli ayrılmış maliyyə
vəsaitinin bir sıra ali təhsil müəssisələri
tərəfindən düzgün idarə edilməməsi
2010-cu ilin sonunda əməkhaqqı və təqaüdlər
üzrə borcların yaranmasına səbəb olub. Cari ildən
başlayaraq ali təhsil müəssisələrinə bu məqsədlə
ayrılan büdcə vəsaitlərinin, həmçinin
büdcədənkənar gəlirlərin ilk növbədə
müdafiə olunan xərclərə və prioritet istiqamətlərə
yönəldilməsi zəruridir”. Təkliflərə gəlincə
M.Mərdanov qeyd edib ki, dövlət sifarişi üzrə
kadrhazırlığının yerinə yetirilməsi məqsədilə
ayrılmış vəsait əksər ali məktəblərdə
yalnız əməkhaqqı və təqaüd xərclərinin
ödənilməsinə kifayət edir. Bu da dövlət
sifarişi üzrə keyfiyyətli kadr
hazırlığının təmin edilməsi
üçün müvafiq maddi-texniki bazanın
yaradılmasına və saxlanılmasına şərait yaratmır.
Digər tərəfdən dövlət sifarişi üzrə
hər bir təhsilalana düşən xərclərin
miqdarı təsdiq olunduqdan sonra, yəni 2010-cu ilin
sentyabrında tələbələrə, doktorantlara ödənilən
təqaüdlərin məbləğləri, eyni zamanda cari
ildə su və kanalizasiya xidmətləri ilə bağlı
kommunal xərclərin dəyəri artıb. Qeyd olunanlara əsasən
dövlət sifarişi üzrə hər bir təhsilalana
düşən xərclərin miqdarına yenidən
baxılması və bu məbləğlərin
artırılması vacibdir: “Bir sıra oxşar və
eynitipli ixtisaslar üzrə təsdiq olunmuş bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı
arasında kəskin fərqlər mövcuddur. Məsələn,
instrumental ifaçılıq üzrə bu məbləğ
7000 manat, xalq çalğı alətləri
ifaçılığı üzrə isə 1500 manat müəyyənləşdirilib.
Bəzi hallarda isə bir təhsilalana düşən təhsil
xərclərinin miqdarı müəyyənləşdirilərkən
bir sıra ixtisasların spesifikası nəzərə
alınmayıb. Məsələn, “Uçuş mühəndisliyi”
,“Gəmiçilik və gəmilərin hərəkətinin
idarə edilməsi” və digər bütün texniki mühəndislik
ixtisasları üzrə bir təhsilalana düşən təhsil
xərclərinin miqdarı eyni məbləğdə müəyyənləşdirilib.
Oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı yenidən
baxılaraq uyğunlaşdırılmalıdır. Dövlət
sifarişi üzrə bir təhsilalana düşən təhsil
xərclərinin miqdarının vaxtaşırı
indeksasiyası aparılmalıdır. Dövlət əhəmiyyətli
ixtisaslara dövlət sifarişi ilə qəbulla
bağlı müsabiqə ballarının müəyyənləşdirilməsinə
fərdi yanaşılmalıdır. Ali məktəblərin bəzi
ixtisaslarına olan inhisarçılığın aradan
qaldırılması ilə bağlı tədbirlərin görülməsi
zəruridir. Dövlət sifarişi üzrə müsabiqə
ballarının ixtisas qrupları üzrə deyil,
eyniyönümlü ixtisaslar üzrə müəyyənləşdirilməsi
məqsədəmüvafiqdir. Ali məktəblərin
ayrı-ayrı ixtisaslarına ödənişli əsaslarla qəbul
üzrə təhsil haqlarının həmin ixtisasa dövlət
sifarişi üzrə müəyyənləşdirilmiş təhsil
xərclərinin miqdarının 60 faizindən az olmayaraq
müəyyənləşdirilməlidir. Tələbə
statusu qazanmış şəxslərə güzəştli
təhsil kreditlərinin verilməsi ilə bağlı
müvafiq Qanunun qəbul edilməsinə ehtiyac vardır.
Büdcədənkənar vəsaitlər üzrə gəlir
və xərclər smetalarının təsdiq edilməsi, il ərzində
büdcədənkənar vəsaitlər üzrə gəlir
və xərclərin dürüstləşdirilməsi
prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin
ali məktəblərə və Təhsil Nazirliyinə verilməsi
məqsədəmüvafiqdir. İlin sonunda büdcədənkənar
vəsaitlər üzrə gəlirlərin dövlət
büdcəsinə silinməməsi və bu vəsaitin
növbəti ilə keçirilməsi vacibdir. Dövlət
ali təhsil müəssisələrinə tələbə qəbulunun
planlaşdırılması və tələbələrin
yerləşdirilməsi zamanı dövlət sifarişi
üzrə və ödənişli əsaslarla təhsil alan
tələbələrin sayı arasında mütənasibliyin
yaradılması qaydaları hazırlanmalıdır. Özəl
ali məktəblərin dövlət sifarişində
iştirakı stimullaşdırılmalıdır”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 23 aprel.- S.14.