Milli Azərbaycan Tarixi Muzeyi:
Şanlı tarixin silinməz mənzərəsi
Dünya mədəniyyəti
xəzinəsinə gözəl nümunələr bəxş
edən Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə
malikdir. Xalqımızın ulu keçmişini özündə
yaşadan, bu tarixi yolu əks etdirən eksponat və materialların
toplandığı ünvanlardan biri də Milli Azərbaycan
Tarixi Muzeyidir.
Zəngin tariximizi bir daha səhifələmək
üçün yolumuzu bu ünvandan – 90 yaşlı Tarix
Muzeyindən saldıq.
Muzeyin tarixçəsi
Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilib. Azərbaycanın məşhur neft milyonçusu, böyük xeyriyyəçi, sahibkar Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. Tağıyev ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli, yüksək memarlıq zövqü ilə inşa edilmiş binada 18 il yaşayıb. 1895-ci ildə təməli qoyulan binanın inşası 7 il sürüb. 101 otaqdan ibarət imarətdə Tağıyevin ailəsi xoşbəxt günlərini keçirib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovetləşməsindən sonra bir çox zəngin insanların mal-mülkləri kimi, Tağıyevin evi də müsadirə olunub. Böyük xeyriyyəçi min arzularla inşa etdirdiyi mülkünü tərk edərək ömrünün son illərini Mərdəkandakı bağ evində yaşamalı olub.
Tarixi binada
isə Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı
ilə yaradılmış “Muzekskurs”un əsasında
“Doğma diyarın tədris muzeyi” təşkil edilib. 1921-ci
ildən Azərbaycan Dövlət Muzeyi, 1937-ci ildən
SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının, 1945-ci ildən Azərbaycan SSR Elmlər
Akademiyasının tərkibində Azərbaycan Tarixi Muzeyi
kimi fəaliyyət göstərib. 2004-cü ildə muzeyə indiki status – Milli Azərbaycan
Tarixi Muzeyi adı verilib.
Yarandığı ilk
dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika
və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət
və bədii sənət, xalq təhsili, köməkçi
tədris müəssisələri şöbələri, Qədim
abidələrin mühafizəsi komissiyası fəaliyyət
göstərirdi. Sonradan muzeyin strukturunda edilən dəyişiklik
əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya,
geologiya şöbələri və Qafqaza və Şərqə
dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini
davam etdirdi. Sonrakı illər dövrün tələbinə
uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi
edildi.
2004-2007-ci illərdə Azərbaycan
prezidenti İlham Əliyevin göstərişi və nəzarəti
ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla
müasir muzey tələbləri səviyyəsində bərpa
və təmir olundu. Muzeyin yeni avadanlıqla təchiz
olunması, prezidentin və hökumətin
ayırdığı investisiya ilə nadir muzey
ekponatlarının bir hissəsinin bərpa və konservasiya
edilməsi və bunun nəticəsində tariximizin
bütün dövrlərinin daha dolğun təqdim
olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin
tarixi-mədəni irsinin qoruyucusuna çevirib.
Muzeyin ekspozisiyası
30-cu illərin ortalarında
muzey ekspozisiyalarında sosialist cəmiyyətinin
üstünlüklərini nümayiş etdirməyin vacibliyinə
dair partiya və hökumətin tələbləri tarixin
öyrənilməsi və təbliğini günün əsas
məsələlərindən biri etdi. Məktəblərdə
tarixin tədrisinə artırılan diqqət yeni tarix və
tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə
müşayiət olundu. Azərbaycan Xalq Komissarları
Şurasının(AXKŞ) 31 mart 1936-cı il qərarına
görə Azərbaycan Dövlət Muzeyinin yenidən
qurulması tarix profilli muzeyin yaradılması və onun Azərbaycan
Tarixi Muzeyi adı ilə yenicə təşkil edilmiş
İttifaq EA-nın Azərbaycan filialına verilməsi ilə
nəticələndi. Bu, keçmiş Dövlət muzeyinin tərkibindən
1934-cü ildə ondan şaxələnərək
ayrılmış Teatr muzeyindən başqa, qeyri-tarix profilli
digər sahələrin də ayrılmasına və yeni
muzeylərin yaranmasına səbəb oldu. 30-cu illərin sonu
– 40-cı illərin əvvəllərində baş verən
kütləvi repressiya və müharibə alimlərin və
muzey işçilərinin sıralarını seyrəltdi.
Akademiyanın ayrı-ayrı institutlarında struktur dəyişiklikləri
edildi.
Bütün bu müddət ərzində
1941-ci ilədək həm Tağıyev mülkündə, həm
də Şirvanşahlar Sarayında əsasən müxtəlif
tarixi mövzularda sərgilər təşkil edən muzey
müharibə və sonrakı illərdə elmi-tədqiqat
(xüsusilə arxeoloji) işlərinə daha çox
üstünlük verirdi. Bu isə muzeydə bilavasitə
öz istiqamətinə uyğun işlərin zəifləməsinə
gətirib çıxardı. Yalnız 1953-cü ildə
Tağıyev mülkünün yenidən muzeyə
qaytarılması və dövlətin muzey quruculuğu sahəsində
gördüyü tədbirlər Tarix Muzeyində
xalqımızın ta qədimdən bu günədək
tarixini əks etdirən elmi ekspozisiyanın qurulması
üçün şərait yaratdı.
Muzeydə hal-hazırda
altı şöbə (Azərbaycanın qədim və orta əsrlər
dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni
dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni
dövr tarixinin ekspozisiyası, Etnoqrafiya, Numizmatika və
epiqrafika, Elmi-ekskursiya və kütləvi işlər
şöbələri), muzey əşyalarının bərpası
laboratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət
göstərir. Azərbaycan Tarixi Muzeyində ekspozisiya, elmi-tədqiqat,
elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərini
tarix elminin son illərdə əldə etmiş olduğu
nailiyyətlərə və muzeyşünaslığın
dünya təcrübəsi ilə təsdiq olunan müasir
prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması,
onun daim zənginləşdirilərək təkmilləşdirilməsi,
Azərbaycan xalqının qədim dövrdən bu günədək
tarixini əks etdirən maddi və mənəvi mədəniyyət
abidələrinin toplanması və mühafizəsi, tədqiqi,
nəşri, onların ekspozisiya və sərgilərdə
nümayişi və təbliği təşkil edir.
Yarandığı ilk
gündən həm mədəni-maarif, həm də elmi-tədqiqat
müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan
Tarixi Muzeyinin işi haqqında danışarkən tez-tez
“birinci” və ya “ilk dəfə” sözlərini işlətmək
lazım gəlir. Belə ki, hələ 1925-ci ildə
Xocalıda və Naxçıvanda təşkil olunan arxeoloji
ekspedisiyalar Azərbaycan ərazisində qədim maddi-mədəniyyət
abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını
qoydu. Sonrakı illərdə muzey əməkdaşları
Qafqaz Albaniyasının paytaxtı Qəbələdə, orta
əsr şəhərləri Gəncədə, Xarabagilanda,
Örənqalada arxeoloji tədqiqatlar apardılar. Qəbələ
rayonu ərazisində aşkar edilən Yaloylutəpə mədəniyyəti
Böyük Qafqaz ərazisindəki maraqlı
tapıntılardan oldu.
Zəngin ekspozisiya zalları
Muzeydə Azərbaycan
tarixinin bütün dövrlərini əks etdirən
ekspozisiya zallarında 300 minədək eksponat
toplanılıb. Daş dövrü, orta əsrlər və
antik dövrə aid əşyalar muzeyin qiymətli
eksponatları sırasındadır. Azərbaycan ərazisində
mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər dövlətləri
dövrünə aid maddi-mədəniyyət nümunələri
ölkəmizin qədim dövlətçilik ənənələrindən
xəbər verir.
Qeyd edək ki, muzey həm də
Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat
və mədəni-maarif müəssisəsi
funksiyasını yerinə yetirir. Müəssisənin elmi
işlər üzrə direktor müavini Nərgiz Əliyevanın
sözlərinə görə, burada Azərbaycan tarixinə,
arxeologiya və etnoqrafiyasına dair geniş tədqiqat işləri
aparılır, aspirant və dissertantlar
çalışır. Son illər muzeyə ayrılan maliyyə
(o cümlədən Prezidentin Ehtiyat Fondundan) vəsaiti
hesabına yeni eksponatlar alınıb. Muzeyin Alqı
komissiyasının sədri Məhfuzə Zeynalova bildirir ki,
yeni əşyaların alınması müvafiq qaydalar əsasında
həyata keçirilir: “Qiymətli əşyaları əsasən
əhalidən alırıq. Qiyməti mütəxəssislərdən
ibarət komissiyada müəyyən edilir və alqı
qarşılıqlı razılaşma əsasında
gerçəkləşir. Məsələn, ötən il
1712 ədəd saxlanma vahidi təşkil edən yeni materiallar
almışıq”.
Qeyd edək ki, muzeydə
eksponatların vəziyyətinə ciddi diqqət göstərilir.
Ekspozisiyalarda olan parça materialları və xalçalar
xarab olmasın deyə yarım ildən bir yenisi ilə əvəz
edilir.
Muzeyin birinci zalında Azərbaycanın
kosmosdan çəkilmiş xəritəsi diqqəti cəlb
edir. Xəritədə Azərbaycanın ərazisi, əhalisi,
relyefi, florası, faunası, faydalı qazıntıları və
s. barədə məlumatlar var. Buraya gələnlər
elektron gidlərin köməyi ilə Azərbaycan, rus və
ingilis dillərində ölkəmiz haqqında ətraflı
informasiya ala bilərlər. Böyük ekranda və monitorda
kinofilmlərə baxmaq olar.
Xəritədən sağ tərəfdəki
paneldə tariximizin ayrı-ayrı dövrlərini
tamaşaçıların diqqətinə çatdırmaq
üçün vitrinlərdə istifadə olunan rəng
çalarları müəyyən məna kəsb edir. “Tarixi
dövrlərin rənglərlə təsnifatı”
planından göründüyü kimi, hər bir tarixi
dövr müxtəlif rənglərlə nəzərə
çatdırılır.
Ekspozisiyada şüşəli
vitrinlər və şkaflar İtaliyadan gətirilib. Burada
Daş dövrünə, Paleolit, Neolit, Eneolt, Tunc və Dəmir
dövrlərinə aid eksponatlar (çaxmaqdaşı və
dəvəgözü, əmək alətləri, gil qablar,
tunc qılınc və xəncərlər, antik sikkələr,
qadın bəzək əşyaları və s.) vitrinlərdə
yerləşdirilib. Əvvəlkindən fərqli olaraq, yeni
qurulmuş ekspozisiyada Azərbaycan-Türk İslam mədəniyyəti
nümunələri nümayiş etdirilir. Zalda qoyulmuş
miniatür nümunələri Orta əsrlərdə bu sənətin
ölkəmizdə çiçəkləndiyini sübut
edir.
Yeni tariximiz Avropa zalında nümayiş olunur
Muzeyin 2-ci mərtəbəsindəki
Qərb (Avropa) zalında Azərbaycanın xanlıqlar
dövründən (18əsr) başlanan yeni tarixinə dair
ekspozisiya yerləşib. Qeyd edək ki, vaxtilə
Tağıyev Avropadan gələn qonaqlarını məhz bu
zalda qəbul edərmiş. Xanlıqlar dövrünə aid
müxtəlif eksponatlar, şəhər-qalaların rəmzi
açarları, sənədlər, geyimlər, müqavilələr,
dövrü əks etdirən şəkillər maraq
doğurur. Burada Azərbaycan xanlıqlarının
bayraqları, rəmzləri və çar Rusiyası
işğalı dövrünə (1801-1828) aid materiallar, həmçinin
dövrün etnoqrafik materialları – xalça məmulatları,
milli geyim, məişət əşyaları və s.
nümayiş olunur.
Sonrakı zallarda Azərbaycanda sənaye,
neft, nəqliyyat, din, mədəniyyətin inkişafı ilə
bağlı eksponatlar yerləşdirilib. Digər bir ekspozisiya
Azərbaycan tarixinin xronoloji ardıcıllığı əsasında
ictimai-siyasi hərəkatlar, birinci Dünya müharibəsi və
inqilabi hərəkatla bağlı materiallarla davam etdirilir.
Muzeyin bu hissəsində Azərbaycan Xalq Cümhuriyyəti ilə
bağlı materiallar da öz əksini tapıb. Azərbaycanın
istiqlalına köməyə gəlmiş türk
(Osmanlı) ordusuna və Azərbaycan milli ordusuna aid geyimlər,
silahlar, fotolar və s. tariximizin bu dövrünü ziyarətçilərə
təqdim edir.
Milyonçunun “özünə qalan” 8 otaq
Muzeydə diqqətçəkən
faktlardan biri də burada əsaslı təmir-bərpadan sonra
prezident İlham Əliyevin təşəbbüsü ilə
Tağıyevin yeni memorial ev-muzeyinin yaradılmasıdır. Əvvəllər
muzeydə bunun üçün yalnız bir otaq
(Tağıyevin iş otağı) ayrılmışdı və
müəyyən əşyalar, mebel və s.
saxlanılırdı.
İndi isə böyük xeyriyyəçinin
ailə fotoalbomu əsasında 8 otağı və ona məxsus
əşya və mebelləri bərpa edilərək, əvvəlki
görkəminə qaytarılıb. Tağıyevin əşya
və mebellərindən – yazı stolu və kreslosu,
stolüstü lampası, royal və stulu, səkkizguşəli
stol, iki şkaflı divan, tablolar, heykəllər,
xalçalar, güldanlar, şamdanlar, çilçıraqlar
və s. bərpa olunaraq öz yerlərində yerləşdirilib.
Burada bir sıra maraqlı eksponatlar var. Yemək masası
üzərinə qoyulan qablar Tağıyevin
qızının nişan mərasimində Buxara əmiri tərəfindən
hədiyyə verilib. Digər qablar isə təmirdən sonra
milyonçunun qohumları tərəfindən muzeyə
bağışlanıb. Mesenatın istirahət
otağında o dövrdə istifadə olunan və sonradan bərpa
olunan bilyard masası qoyulub. Muzeydə Tağıyevin həyat
və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər,
məşhur xeyriyyəçiyə məxsus qiymətli əşyalar
qorunur.
Manaf Süleymanovun
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim”
kitabında milyonçu Tağıyev deyir: “Vaxtımın
çoxunu xalqımın gələcək xoşbəxtliyi
üçün onların müxtəlif məsələləri
ilə məşğul olmaqla keçirməkdən xoşum
gəlir”. Məşhur milyonçu həyatda olmasa da, xalq yenə
onun əməllərindən bəhrələnir. Bu gün
tariximiz xalqımızın savadlanması və rifahı
yolunda sərmayələr qoyan Tağıyevin ev-mülkünə
etibar olunub.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 26 aprel.- S.6.