“Ocaq tarixi fotolarda”

 

Aprelin 21-də (21 Çiçək 33-cü il) İçəri şəhərdəki “Abşeron” rəsm qalereyasında “Ocaq tarixi fotolarda” adlı fotosərgi açılıb. Bu haqda İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı məlumat verib. Sərgidə Ocaqçılar, habelə Azərbaycanın tanınmış aydınları, elm, sənət xadimləri, jurnalistlər iştirak ediblər. Sərgini giriş sözüylə açan qalereyanın direktoru Eldəniz İbrahimov iştirakçıları salamlayıb, Asif Ataya həsr olunmuş sərgini ictimai önəmli hadisə adlandırıb, onunla bağlı xatirələrini dilə gətirib. Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh deyib: “Bu gün biz bənzərsiz ruhani mübariz, özünü cəmiyyətə qarşı qoymağı bacaran İnam Atanın Yolunu fotolarda əks etdirən sərgiyə yığışmışıq. Ataya səcdə edənlərin birincisi mənəm. Sonra başqaları gəlib. Bu səcdə tarixiləşib. Ataya səcdə yeganə hadisədir. Yəni səcdə olunan da sənindir, səcdə edən də sənsən. Azərbaycan tarixində belə bir hadisə olmayıb. Atanın irsinə yiyələnməklə Azərbaycanda yeni fəlsəfə, ədəbiyyat yaranacaq, Mütləqə İnam Fəlsəfəsi ilə həyata yeni impuls veriləcək. Ataya sarılan Azərbaycanı heç bir ildırım vura bilməz”.

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı sərgilənən şəkillər haqqında danışıb: “Bunlar sadəcə, şəkil deyil, bir xalqın möhtəşəm İnam yaradıcılığının tarixidir”. Filologiya elmləri doktoru, professor Nizami Tağısoy Ocağın son dönəmdə geniş yayıldığını, Ata fikirlərinin gerçəkləşməsindən fərəhləndiyini ifadə edib: “Zaman keçəcək, Asif Atanın böyüklüyü daha yaxşı anlaşılacaq”. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, tanınmış ədəbiyyatşünas Maarif Teymur Ataya, Ocağa sayğılarını ifadə edib:

“Safruhun Ruhani Başçılığı ilə Atanın ideyaları yurdumuzda və dünyada yayılır”. Tanınmış yazıçı-publisist Əlisahib Əroğul: “Atanın dünyabaxışının çağımız və sabahımız üçün böyük önəmi olacaq, bu inamı gələcək nəsillərə əvəzsiz töhfə kimi ötürməliyik”. Tanınmış xanəndə Şahin Babayev Ataya, İnam Evinə bağlı sevgisini ifadə edib: “Ocaq dostu olmağımla fəxr edirəm”. Şairlər Qəşəm İlqar Ruhdaş, Seyraqib Coculu Ata ilə bağlı xatirələrini danışıb, Ocaq ruhlu şeirlərini oxuyublar. Tanınmış rəssam Vaqif Ucatay sərgidən aldığı təəssüratı bölüşüb: “Ata məni özümə tanıtdı”. Yazıçı-publisist Zaməddin Ziyadoğlu Ocağa sevgisini ifadə edib. Atanın keçmiş silahdaşlarından olmuş Əsil (Elxan Hüseynov) sərgi üçün təşkilatçılara sayğısını bildirib: “Ata mübarizəsini tək başlamışdı. Qürurvericidir ki, onun Ocağı yaşayır və indi çoxlu tərəfdarları var”. Alim-publisist Baba Əhmədli Ocaq yönündə yaradıcılığını inamla davam etdirdiyini söyləyib. Professor Telman Əliyev Atanın əvəzsiz idrak yiyəsi olduğunu vurğulayıb. Naşir–publisist Hidayət Musabəyli Ocaqçı olduğu dönəmdə Atanın, Ocağın qarşılaşdığı təhlükələrdən, çətinliklərdən danışıb. Rafiq Turabxanoğlu sərgidən aldığı təəssüratı belə bölüşüb: “Ata ilə, Ocaqçılarla fəxr edirəm. Atanın xoşbəxtliyi ondadır ki, sizin kimi ardıcıllarını yetirə bilib. Onun peyğəmbərliyi bundadır”. Memar Siyavuş Dadaş Ata İnamının gözəl insani aqibətlər yaratdığını deyib. Qeyd edək ki, şair, tarixçi-alim Şahin Fazil, şair Abbas Abdulla, yazıçı-dramaturq Əmir Pəhləvan, tarixçi-alim Xəliyəddin Xəlilli, tanınmış yazıçı Rafiq Tağı, Fazil Kərimli, Ağşın Ağkəmərli, Teymur bəy, Ayaz İmranoğlu, Əli Şamil, rəssam Elnur Rəsulov və başqaları sərgidə iştirak edib, duyğularını bölüşüblər. Sərgiyə qatılan keçmiş Ocaqçı amaldaşlar Ataya, Safruha, İnam Evinə sevgi və sayğılarını ifadə ediblər. Onlarla iştirakçı Mütləqə İnam Ocağının 33 illik dönəmini əks etdirən və ilk dəfə üzə çıxarılan 70 ədəd nadir, tarixi fotoşəkillərə tamaşa edib. Sərgidə Ocaqçıların bir qismi öz geyimlərində iştirak ediblər.

 

 

525-ci qəzet.- 2011.- 26 aprel.- S.7.