Göygöl-Helenendorf: dostluq və mədəniyyət körpüsü

 

Son vaxtlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunması, tanıdılması istiqamətində geniş işlər görülür. Təqdirəlayiq haldır ki, bu işlər respublikamızın ayrı-ayrı bölgələrinin timsalında da özünü göstərir. 1819-cu ildə Vürtemberq krallığından (indiki Almaniyanın Baden-Vürtemberq federal torpağı) Azərbaycana pənah gətirmiş almanların saldıqları Helenendorf – indiki Göygöl şəhəri buna gözəl nümunədir.

Azərbaycan-alman tarixi dostluğunu özündə yaşadan Göygöl şəhəri iki xalq arasında mədəni əlaqələrdə mühüm körpü rolunu oynayır. Göygöldəki alman tarixi-mədəni irsinə ehtiramla yanaşılır. Şəhərdəki alman kilsəsi, almanların inşa etdikləri tikililər təmir-bərpa olunub. 2005-ci ildən etibarən Göygöl rayonundan millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə Göygöl-Helenendorfun yaranma tarixi hər ilin avqustunda “Şəhər günü” tədbirləri ilə geniş qeyd olunur. Həmin tədbirlərdə Almaniyadan qonaqlar, diplomatlar, tələbələr, tarixçi alimlər iştirak edirlər. 2009-cu ilin avqustunda Göygöl-Helenendorfun yaranmasının 190 illiyi münasibətilə “Şəhər günü” tədbirləri xüsusilə geniş qeyd olunmuşdu. Yubiley şənliklərinə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə geniş nümayəndə heyəti gəlmişdi. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak etdiyi tədbirlərin yaddaqalan məqamlarından biri Göygöldəki alman kirxasında rayonun simli alətlərdən ibarət simfonik orkestrinin və məktəblilərin xor kollektivinin rəngarəng çıxışları olmuşdu. Konsert almaniyalı qonaqlarda böyük təəssürat doğurmuşdu. Nümayəndə heyətinin rəhbəri Günter Oettinger ansamblın üzvləri ilə xatirə şəkli çəkdirmiş, hətta birlikdə xor ifa etmişdi. G.Oettinger rayonun musiqi kollektivlərini Almaniyada görmək arzusunu bildirmişdi. Budur, indi səfər növbəsi göygöllülərə çatıb.

Aprelin 24-də Göygöl rayon 7 illik musiqi məktəbinin 21 nəfərlik uşaq xor kollektivi Almaniyaya yola düşüb. Nümayəndə heyətinin rəhbəri, rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova bildirib ki, beşgünlük səfər gedişində musiqi kollektivi Ştutqart və digər şəhərlərdə görüşlər keçirəcək, Azərbaycanın xalq mahnılarını, musiqi nömrələrini təqdim edəcək. Səfər Almaniya dövlətinin maliyyə dəstəyi, Azərbaycanın Almaniyadakı və Almaniyanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı və tanınmış qafqazşünas alim, Berlindəki Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Auxun köməyi ilə reallaşıb. Səfərin nəqliyyat xərcini AZAL şirkəti üzərinə götürüb.

 

 

525-ci qəzet.- 2011.- 26 aprel.- S.7.