Şair Yusif Kamalın yeni kitabı işıq üzü görüb
Bu yaxınlarda “Gənclik” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair Yusif Kamalın “Dar ağacı” adlı yeni kitabı çapdan çıxıb. Bundan əvvəl şairin “Hamı Allahı çağırır”, “Səməndər quşu” adlı kitabları nəşr edilib. Yeni topluda müəllifin fərqli illərdə qələmə aldığı lirik, ictimai-siyasi motivli şeirləri, habelə “Səməndər quşu”, “Üç məhəbbət”, “Dar ağacı” poemaları yer alıb.
Bölgədə yaşayıb-yaradan şairin qələmə aldığı bədii nümunələr deyim tərzi, təsvir orijinallığı, poetik ovqatı ilə seçilir, insanda xoş duyğular yaradır, düşündürür, yadda qalır. Əlbəttə, bu məziyyətlər çağdaş ədəbiyyatın qarşısında qoyulan tələblər baxımından çox önəmlidir. Çünki müasir oxucunun yeni sözə, təzə nəfəsə ehtiyacı böyükdür.
Yusif Kamal bunu nəzərə alaraq yaratdığı bədii lövhələrlə öz varlığını, ədəbi imkanlarını ortalığa qoymağa, şair kimliyini təqdim etməyə can atır.
Sən gəlincə ürəyimiz çıxdı ki...
Araz gəlib aramızdan axdı ki.
Çoxlarının heç xəbəri yoxdu ki,
Papaq atda Yusif Kamal yaşayır
Dərgidəki poetik nümunələrdə vətənpərvərlik, xalqa el-obaya, torpağa bağlılıq, təbiətə, gözəlliyə vurğunluq, təmizliyə, saf məhəbbətə, ədalətə çağırış ruhu çox güclüdür.
Maraqlıdır ki, şair duyduqlarını, düşündüklərini gah üsyankarlıqla, gah müdrikcəsinə, gah da səmimiyyət və təvazökarlıqla çatdırmağı bacarır:
Mənimlə söhbət et hər axşam-səhər,
Kükrəyim, çağlayım bulaqlar kimi.
Şeirsiz günümə elə üz göstər,
Sıxılım yanında günahkar kimi...
Kitaba daxil edilmiş “Azərbaycan”, “Bir parça Laçın”, “Səhəng”, “Naşı balabançı”, “Bir şairə”, “Protez soyadı” və başqa şeirlər bu deyilənləri daha aydın əks etdirir.
Yusif Kamal yaradıcılığının ən məhsuldar və kamil dövrünə qədəm qoyub. Ümidvarıq ki, o bundan sonra da böyük həvəs və ehtirasla yazıb-yaradacaq, öz şeirləri ilə oxuculara yüksək əhval-ruhiyyə, poetik ovqat bəxş edəcək. Bu yolda ona uğurlar arzulayırıq.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.-
2011.- 26 aprel.- S.7.