Vəli Məmmədovun 80 illik
yubileyi qeyd edilib
Ötən həftənin
bazar günü “Yardımlı Xeyriyyə Cəmiyyəti” İctimai
Birliyinin təşkilatçılığı
“Retro şam” restoranında
tanınmış ictimai-siyasi
xadim Vəli Məmmədovun 80 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən
birliyin sədri Elman Eldaroğlu ilk olaraq qurumun məqsədlərindən, gördüyü
işlərdən danışıb. O, rəhbərlik etdiyi təşkilatın
aztəminatlı insanlara yardım etdiyini diqqətə
çatdırıb. E.Eldaroğlu
tanınmış ziyalılarımızın haqqında
müntəzəm olaraq tədbirlər təşkil etdiklərini
də qeyd edib. Daha sonra V.Məmmədovun
80 illik yubileyi ilə bağlı tanınmış
ictimai-siyasi xadim haqqında lentə alınmış “millətin
vəlisi” sənədli filmi nümayiş olunub.
Milli Məclisin
şöbə müdiri İbrahim Yusifzadə V.Məmmədovun
böyük bir şəxsiyyət olduğunu diqqətə
çatdırıb: “Onunla ömrünün son illərində
tanış olduğum üçün çox təəssüflənirəm.
Elə bir şəxsiyyəti daha öncə tanısaydım
lap yaxşı olardı. Çünki Vəli Məmmədov
hər zaman sözünü deyən, millətinin,
xalqının mənafeyinə xidmət edən bir şəxs
idi. O, millətin marağını öz şəxsi məqsədlərindən
hər zaman üstün tuturdu. Çox sevindirici haldır ki,
Azərbaycanın tarixində belə bir şəxsiyyətin
izi olub”. Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə
olan general-mayoru Yasif Nəsirli V.Məmmədovla çox
yaxın münasibətinin olduğunu bildirib. O, V.Məmmədovun
böyük bir şəxsiyyət olduğunu söyləyib:
“Belə bir dostu itirdiyim üçün çox heyfsilənirəm.
Fikrimcə, o, böyük bir tədqiqatçı,
ictimai-siyasi xadimdir. Vəli Məmmədov hər zaman
xalqını düşünürdü. Məhz elə bunun
nəticəsi idi ki, ömrünün sonuna qədər
xalqına ləyaqətlə xidmət etdi. O, hələ sovet
vaxtı belə millətçi adam idi. millətin
maraqlarını ifadə etmək üçün heç nədən,
heç kimdən, hətta ölümdən belə çəkinmirdi.
Onun bir çox tədqiqatları da var idi. Belə bir şəxsin
tariximizdə yeri olduğu üçün çox sevinirəm”.
Qeyd edək ki, V.Məmmədov uzun
müddət vəzifələrdə çalışıb.
O, son olaraq millət vəkili idi və 1991-ci il noyabrın
20-de Xocavənd rayonunun Qarakənd kəndi üzərində
“Mi-8” vertolyotunun vurulması nəticəsində
dünyasını dəyişib. Vertolyotun vurulması nəticəsində
Azərbaycanın bir çox dövlət xadimləri və
jurnalistlər həlak olublar. Həlak olanlar arasında
dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət
Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər
naziri Məhəmməd Əsədov, millət vəkilləri
və başqa şəxslər olub.
AQİL
525-ci qəzet.- 2011.- 26 aprel.-S.2.