Azərbaycanda xalçaçılığın inkişafına Azər-İlmə töhfəsi

 

15 YAŞLI BU MÜƏSSİSƏ MİLLİ XALÇAÇILIQ ƏNƏNƏLƏRİNİN QORUNMASINDA VƏ DAVAM ETDİRİLMƏSİNDƏ MÜHÜM ROL OYNAYIB

Azərbaycan xalq sənətinin qədim və zəngin tarixi, özünəməxsus ənənələri olan sahələrindən biri xalçaçılıqdır. Dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalçaçılıq sənəti bu gün də yaşayır, inkişaf edir, nəsildən-nəslə ötürülür. Eyni zamanda bu gün Azərbaycanın bu dəyərli sənət növü rəngarəngliyi, orijinallığı ilə bütün dünyanı heyran edir. Sevindirici haldır ki, hazırda qədim xalça sənətimizin ənənələrini Azər-İlmə Məhdud Məsuliyyətli Cəmiyyəti yaşadır, inkişaf etdirmək və təbliğ edir. 1996-cı ildən Bakıda fəaliyyət başlayan Azər-İlmə MMC öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr verib, Azərbaycan xalça sənəti ənənələrini yaşadır, bütün dünyada satışı vasitəsi ilə təbliğinə çalışır. Xalçaçılığın ocağına çevrilmiş Azərİlmədə bu gün rəssamlar, sənətşünaslar, xalçaçılar, digər peşə sahibləri işləyir və onların sayı 350 nəfərə çatıb.

Təsadüfi deyil ki, respublikamıza gələn rəsmi qonaqlar, dövlət başçıları və onların xanımları məhz bu mədəniyyət ocağına baş çəkir və yüksək təəssüratla ayrılırlar. Burada qədim ənənə ilə ən müasir texnologiyalar vəhdətində evləri bəzəyən çeşidli xalçalar hazırlanır. İpin əyrilməsi, təbii boyalarla rənglənməsi, xalça toxunması, toxunduqdan sonra dartılma, yuyulma işləri ənənəvi yollarla və müasir texnologiyalarla aparılır. Xalça tam istifadəyə yararlı hala gətirilir. Azər-İlmənin əsas məramı da məhz unudulmaqda olan çeşnilərin bərpası,yüksək keyfiyyətli xalçalar istehsal etmək, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırmaq, Azərbaycan xalçasının dünya miqyasında ticarətini təşkil etməklə layiqli təbliğinə nail olmaqdır.

Bu gün artıq tarixən qədim toxuculuq mərkəzləri olmuş Bakıda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda toxuculuq emalatxanaları olan bu müəssisə, əsrlər boyu biçimlənmiş milli ənənələri ən yüksək səviyyədə yaşadaraq Azərbaycanda və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Azər-İlmə MMC tərəfindən toxunulan Azərbaycan xalçaları 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover şəhərlərində 2003-cü ildə isə Moskvada keçirilmiş satış sərgilərdə müvəffəqiyyətlə iştirak edib.

Hazırda burda istehsal edilən xalçalar ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və dünyanın digər ölkələrində şəxsi kolleksiyaların və evlərin bəzəyinə çevrilib. Azər-İlmə Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərində xalq sənətkarları tərəfindən toxunulmuş xalçaların bədii və texniki xüsusiyyətlərini yaşadır. Eyni zamanda Azər-İlmə də istehsal edilən xalçalar müasir üslublu və texnoloji göstəriciləri baxımından beynəlxalq standartlara da cavab verir.

Azər-İlmədə yun və ipəkdən toxunan, ən zərif toxunuşlu, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux ahəngdar koloriti ilə seçilən xalçalar bu müəssisənin emalatxanalarında peşəkar sənətkarlar tərəfindən ərsəyə gətirilir.

Eyni zamanda burada Azərbaycan xalça ənənələrini, tarixini tədqiq edərək bu sahədə fundamental elmi tədqiqat işləri aparılır. Azər-İlmə MMC-nin direktoru Vidadi Muradov irimiqyaslı tədqiqat əsərləri olan Azərbaycan xalçaları, Azərbaycan xalçaları: Qarabağ qrupu kitablarının müəllifidir. Xalçalar, naxışlar və Azərbaycan xalça məktəbləri ətrafında tədqiqat işləri uğurla davam etdirilir.

BÖLGƏLƏRDƏ XALÇAÇILIĞA MARAQ ARTIB

Azər-İlmə MMC-nin direktoru Vidadi Muradov deyir ki, rəhbərlik etdiyi müəssisənin Azərbaycanın bütün rayonları ilə sıx əlaqələri var: Ölkəmizin müxtəlif bölgələrində xalçaçı sənətkarlar var. Müəssisənin fəaliyyətində məqsəd həm də qədim xalçaçılıq ənənələrini yaşatmaq, inkişaf etdirməkdir. Ona görə fərdi şəkildə bu sənətlə məşğul olan xalçaçıları əməkdaşlığa cəlb edirik, bölgələrdə olan emalatxanalarla müqavilə əsasında işləyirik.

35 ildir bu sənətlə məşğul olan V.Muradov xalçaların toxunulma, boyanma üsulundan danışır. Bəlkə də çoxları heç bilmir ki, bütün dünyanın zövqünü oxşayan Azərbaycan xalçalarının hazırlanması əslində necə çətin bir prosesdən keçir. Burada ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu iş üsulu ustadan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara, ağ kimi yeddi növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, boyaqotu kolunun köklərindən və müxtəlif üsullardan istifadə edilir. Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və isti kameralarda qurudulması üçün müəssisədə müvafiq şərait yaradılıb. İpliyin boyaq maddəsini tam qəbul etməsi, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amil hesab olunur. Bu rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələri, güllü-çiçəkli bağları, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan bu boyaq maddələri toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir.

Həmsöhbətim deyir ki, müəssisə fəaliyyətə başlayanadək Azərbaycanda xalçanın yuyulması dəbdə deyildi. Əvvəllər belə fikir var idi ki,

QƏDİM XALÇALAR YUYULARSA, KEYFİYYƏTİNİ İTİRƏR.

Lakin istifadədə olan xalça mütləq yuyulmalıdır. Amma necə?: İllərin sınağı göstərir ki, xalça harada toxunulubsa, orda yuyulsa, daha yaxşı olar. Əgər xalça iplərin əyrildiyi ərazidə-kənddə, qəsəbədə toxunulubsa və orada yuyularsa, keyfiyyəti itmir, əksinə daha da gözəlləşir. Bu qaydalar tarixən belə qəbul edilib. Çünki həmin xalçanın boyası hazırlanarkən həmin ərazinin suyundan istifadə edilir ki, bu da xalçaya daha doğmadır.

Xalça toxunduqdan sonra bu emalatxanada xalçalarda olan toz və xov qırıntıları fıstıq ağacından hazırlanmış dolaqlarda hərəkət etdirilməklə təmizlənir, xüsusi hovuzlarda su, sabun və yuyulma üçün yararlı olan təbii məhlulların köməyi ilə yuyulub qurudulur.

Xalçanın qeyri-adi gözəlliyinin, xovunun hamar və parlaq təsir gücünə malik olmasının sirlərindən biri də onun ən müasir üsullarla ütülənməsi prosesidir.

Əl ilə toxunan əksər xalçaların zərif və elastik ipək və ya yundan hazırlandıqları üçün onlarda eninə və ya uzununa qeyri-mütənasibliyin müşahidə edilməsidir. Müəssisədə bu qüsurun aradan qaldırılması üçün xalçalar taxta döşəmələr üzərində baş və ətək, yaxud hər iki yanından yerə tarım çəkilir. Düz mərkəzindən isə köməkçi ağaclar vasitəsilə xalça qaldırılaraq bu yaranmış hündürlükdə arxa tərəfindən ütülənir və yenidən yerə tarım çəkilərək təxminən iki gün bu vəziyyətdə saxlanılır. Nəticədə parçada müşahidə edilən əyrilik aradan qaldırılır. Həm də ütüləndikdən sonra xalça zərifliyi və baxımlılığı ilə göz oxşayır.

ZƏDƏLƏNƏN XALÇALARA YENİ HƏYAT

Azər-İlmə MMC-də hər çeşnini işləyib hazırlayan, hər ilməni damalı kağız üzərində canlandıran, texniki göstəricilərini müəyyən edən, kolorit həllini və onların çalarlar diapazonunu dəqiqləşdirən peşəkar rəssamlar fəaliyyət göstərir. Müəssisədə indiyədək minə yaxın müxtəlif çeşidli xalça çeşniləri hazırlanıb. Bu çeşnilər əsasında Azərbaycanın Bakı, Quba, Şirvan, Gəncə, Qarabağ, Qazax, Təbriz, Naxçıvan, Lənkəran və s. toxuculuq məktəblərini əhatə edən klassik Azərbaycan xalçaları istehsal edilir.

Xalça toxunularkən nöqsanlara yol verilməsi, istifadədə olan xalçaların zədələnməsi istisna deyil. Odur ki, Azər-İlmə MMC-də xalça bərpaçılığı sənəti də inkişaf etdirilir, müəssisəyə mütəxəssislər cəlb olunur. Emalatxanada çalışan sənətkarlar müasir və ya qədim tarixə malik xalçalar üzərində zərgər dəqiqliyi ilə apardıqları bərpa işlərini yüksək səviyyədə həyata keçirirlər. Hər ilməni yenisi ilə əvəz etmək, hər rəngə uyğun yeni çalar seçmək xalçaya verilən ikinci həyat deməkdir.

Elə V. Muradov da xalçaçılığı həkimlik sənətinə bənzədir. Onun sözlərinə görə, xalçanı yuyanda da, bərpa edəndə də həkim qədər dəqiq olmaq lazımdır: Toxunuşunda nöqsanlara yol veriləndə, yaxud müxtəlif fiziki, bioloji qüsurları olanda, zədələnmiş və ya natamam vəziyyətdə olan xalçalar burada bərpa edilir. Emalatxanada çalışan sənətkarlar müasir və ya qədim tarixə malik xalçalar üzərində zərgər dəqiqliyi ilə apardıqları bərpa işlərini yüksək səviyyədə həyata keçirirlər. Hər ilməni yenisi ilə əvəz etmək, hər rəngə uyğun yeni çalar seçmək xalçaya verilən ikinci həyat deməkdir.

Yeri gəlmişkən,

AZƏR-İLMƏDƏ XALÇAÇILIĞIN SİRLƏRİNİ ÖYRƏNMƏK DƏ OLAR.

Belə ki, müraciətlər olduqda əyani şəkildə xalça toxumanın sirləri öyrədilir: Bura gələn həm bu sənətin sirlərini öyrənir, həm də özü üçün qazanc yeri təmin etmiş olur.

Azərİlmə MMC-də istehsal edilən yüksək bədii tərtibatlı, nadir Azərbaycan xalçalarının açıq səma altında nümayiş edildiyi sərgi sahəsi Xalça sarayı da qonaqların qəbuluna hər zaman hazırdır. Orijinal Azərbaycan xalçalarının sehirli cazibəsi altında, milli xalq musiqisinin həzin sədalarının müşayiəti ilə, ləziz Azərbaycan şirniyyatı və ətirli çay süfrəsinin qonağı olan hər kəs bu əsrarəngiz milli şərq mühitində təşkil edilmiş yüksək səviyyəli istirahətdən böyük zövq alır.

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər dövründə Şərqdə xovlu xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub. Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhurlaşıb.

Bu gün qədim sənət növünün yaşadılması, Azərbaycanda mövcud olmuş müxtəlif xalça məktəblərinin bərpası və fəaliyyəti heç şübhəsiz ki, xalçaçılığın daha da inkişafına səbəb olacaq. Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması da onun bu inkişafa dəstək olacaq.

Qeyri-maddi irsin dəyişilməz amili olan Azərbaycan xalçası xalqın həyat tərzi, adət-ənənələri, təsərrüfat quruluşu ilə sıx bağlıdır və bunlar naxışların dərin mənasında və işlənməsində öz əksini tapıb. Xalçaçılıq sənəti özündə müxtəlif tarixi təbəqələri və dövrləri birləşdirir. Odur ki, xalça sənətini respublika daxilində inkişafı və təbliği ilə yanaşı, onun beynəlxalq arenada təbliğinə, yüksək zirvələrə qaldırılmasına nail olmalıyıq.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 27 aprel.- S.6.