Milli Azərbaycan Ədəbiyyatı Muzeyi: ədəbi-tarixi dəyərlərimizin etibarlı saxlanc yeri
Çoxəsrlik tarixə malik zəngin ədəbiyyat və mədəniyyət nümunələrinin toplandığı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin keçdiyi yola nəzər salmaq hər cəhətdən maraq doğurur. Muzeyin yerləşdiyi bina 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib. Burda ədəbiyyatımızın ən qədim dövrlərdən müasir dövrə qədər keçdiyi yol işıqlandırılır.
Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və sairə ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyində 23 zal, 6 əsas şöbə, elmi fond, konfrans zalı və var. Muzeyin binası 1856-1868-ci illərdə karvansara kimi fəaliyyət göstərib. 1915-ci ildə tikiliyə bir də əl gəzdirilir. Mühəndis A.Nikitin binanın yeni bərpa cizgilərini hazırlayır, ikinci mərtəbədə yenidənqurma işləri aparılır, iri banket zalı yaradılır.
Mülkün təzə sahibi, Bakı varlılarından olan Hacı Hacıağa Dadaşov binanı “Metropol” adlı hotelə çevirir. Tədricən bura Bakı kübarlarının sevimli əyləncə yerlərindən biri olur. Binanın ilk qatında isə zərgərlik, müxtəlif xırdavat mağazaları sıralanır. Binanın uzun ömrünün faciəli səhifələri də var. Belə ki, 1918-ci ilin martında Bakıda azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər həmin mülkün damına pulemyotlar qoyaraq indiki Sabir bağı səmtindən və Nizami heykəli tərəfdəki küçədən keçən insanları güllə yağışına tutublar. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra “Metropol” mehmanxanası milli hökumətin ixtiyarına verilir. Hökumət üzvləri burada həm yaşayır, həm işləyirdilər. 1920-ci ildə sovetləşmədən sonra isə bu tikili Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına keçir.
1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqının inzibati binası kimi fəaliyyət göstərib. 1939-cu ilin noyabrında Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılır və həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov, Mikayıl Hüseynovun layihəsi ilə əsaslı yenidənqurma işləri aparılıb, fasadda heykəllər qoyulub, daha iki mərtəbə əlavə edilib. Lakin İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar muzeyin açılışı 1945-ci il may ayının 14-də qələbə qeyd edildikdən 5 gün sonra açılır. Sonradan Nizami muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilir. Muzey Qədim və Orta əsrlər ədəbiyyatının tədqiqi və təqdimi şöbəsi, Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi, Mədəni irs və mənbəşünaslıq, beynəlxalq əlaqələr və komparativistika, Elmi inkişaf və tədris layihələri, Ədəbi mərasimlər, ictimaiyyətlə iş və nəşrlər, Bədii tərtibat və bərpa, Ekspozisiyanın izahı, qorunması və audio-müşayiət, ümumi, Video-təzkirə yaradıcılıq qruppu, Kitabxana və informasiya mərkəzi, S.Yeseninin Mərdəkandakı xatirə-ev muzeyi şöbəsindən (filial) ibarətdir. Son beş ildə fondda qorunan eksponatların sayı artaraq 58900-dən 76000-ə çatıb. Ekspozisiyası tamamilə yenidən qurulub, zalların sayı artıb, o cümlədən 2001-ci ildə “İraq-Türkmən zalı” təntənəli surətdə açılıb. Həmçinin muzeyin tarixində ilk dəfə olaraq “Mətbuat zalı” fəaliyyətə başlayıb. Bu müddətdə aparılan elmi tədqiqatların nəticəsi olaraq çox sayda kitablar, elmi monoqrafiyalar işıq üzü görüb. Muzeyin elmi əsərlərinin 8-12-ci cildləri, ekspoziyasını əks etdirən bukletlər, fondlarda qorunan materialların kataloqları çapdan çıxıb.
Xatırladaq ki, Azərbaycan prezidentinin sərəncamı ilə muzey binasında əsaslı təmir işləri aparılıb və bu mədəniyyət ocağı 2009-cu ildə öz qapıların yenidən tamaşaçıların üzünə açıb. Son yenidənqurma işlərindən sonra əvvəl 800 kvadratmetr olan ekspozisiya sahəsi 2500 kvadratmetrə çatdırılıb. Eksponatlar 30 əsas, 10 köməkçi zalda yerləşdirilib. Kütləvi tədbirlərin keçirilməsi üçün 270 və 75 yerlik iki salon yenidən qurularaq müasir mebel və avadanlıqla təmin edilib. Bütün zallar kompyuterləşdirilib, tamaşaçıların işləmələri üçün ayrıca monitorlar quraşdırılıb, üç dildə informasiya bazası yaradılıb, audio-video materialları seyr etməkdən ötrü 14 monitor və dinləmə qurğuları istifadəyə verilib. Muzeyə gələn qonaqlara Azərbaycan, ingilis, rus, fars və sair dillərdə izahatlar veriləcək. 200-dən artıq əməkdaşı olan muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altında açıq ekspozisiya kimi hazırlanıb. Ekspozisiya zallarında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid, Salman Mümtaz, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal kimi tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanıb. Muzey mütəmadi olaraq müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet və bələdçilər nəşr etdirir. Nizami muzeyində ardıcıl olaraq Nizami lektoriyaları, elmi seminarlar, mühazirələr, tanınmış ictimai, elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir. Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, “Qədim dövr”, “Dədə Qorqud”, “Nizami Gəncəvi”, “Məhsəti Gəncəvi”, “Xaqani Şirvani”, “İmadəddin Nəsimi”, “Məhəmməd Füzuli”, “Şah İsmayıl Xətai” salonları var. Onilliklər sonra bu tikilinin tarixində ona ikinci həyat, təzə nəfəs bağışlayan daha bir əlamətdar hadisə baş verdi. Muzeydə əsaslı təmir və yenidənqurma işi başlandı.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, görkəmli alim, millət vəkili Rafael Hüseynov deyir ki, 2004-cü ildə Muzeyə direktor təyin olunanda muzey müasir tələblərə cavab vermirdi. 1950-60-cı illərdə müəyyən işlər aparılsa da sonrakı dövrlərdə Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı bir çox yeniliklər üzə çıxıb. Amma onlar muzeyin ekspozisiyasında əks olunmayıb. Muzeyin bir bina kimi tamamilə yenidən qurulması zəruri idi. Prezident İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı şəkildə təmiri və yenidənqurması başlandı. 4 il davam edən genişmiqyaslı işlərdən sonra bina bünövrəsindən tavanınadək tamamilə yeni görkəm aldı. Bütün naxış və bəzək elementləri yeniləndi, mərkəzləşdirilmiş isitmə-soyutma, havalandırma sistemləri yaradıldı, muzey tam kompyuterləşdirildi, ekspozisiya ən yeni texnologiyanın tətbiqi ilə müasir muzeyçilik tələbləri səviyyəsində quruldu, bütün rəsm və heykəltəraşlıq, tətbiqi sənət nümunələri üzərində ciddi bərpa işləri aparıldı. Onun sözlərinə görə, 1945-ci ildə muzey açılanda burada vur-tut 213 əlyazma, 200 daşbasma üsulu ilə nəşr edilmiş kitab, 152 qazıntı materialı, 424 incəsənət əsəri vardısa, hazırda muzey ekspozisiyası və fondlarında qorunan eksponatların sayı 100 mindən artıqdır. Bu gün tamaşaçılar muzeyin 35 əsas və 15 yardımçı zalında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin keçdiyi tarixi yolla tanış ola bilirlər. Muzeyin ekspozisiyası qədim tarixi olan “Avesta”dan, qədim türk dastanlarından, Yusif Xas Hacibin “Qutadqu bilik”, Mahmud Kaşğarinin “Divan-i lüğət ət-türk” kitabından başlayır. Nadir eksponatlar sırasında orta əsr Azərbaycan şəhərlərinin ərazilərindəki arxeoloji qazıntılarda aşkarlanmış rəsmli qablar, kaşılar, Nizami Gəncəvinin məzarından tapılmış tirmə parça, Azərbaycan klassiklərinin miniatürlü əlyazma “Divan”ları, Nəsiminin türbəsindən götürülmüş bir ovuc torpaq, Füzulinin əl xətti, Şuşanın qurucusu Pənahəli xanın üstü “Quran” ayələrilə naxışlanmış köynəyi, Xurşidbanu Natəvanın əl işi olan zərif tikmələr, Aleksandr Dümanın ona hədiyyə etdiyi şahmat taxtasından qalmış fiqurlar, Mirzə Fətəli Axundovun əlyazmaları, kitabxanası, tarı, sazı, ev əşyaları, XIX əsrdə Təbrizdə toxunmuş “Dörd fəsil” xalçası, Əlimərdan bəy Topçubaşovun Parisdəki Sen-Klu məzarlığından gətirilmiş başdaşı, Mirzə Cəlilin kamançası, “Molla Nəsrəddin” jurnalının redaksiyasındakı divar saatı və daha nələrlə burada tanış olmaq mümkündür. Firudin bəy Köçərli, Nəriman Nərimanov, Salman Mümtaz, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyevə məxsus qələmlər, yazı ləvazimatı, əlyazmaları, məktubları, Mikayıl Müşfiqin tarı, Cəfər Cabbarlının patefonu, Hüseyn Cavidin eynəyi, Yusif Vəzir Çəmənzəminlinin xatirə albomu, Əliağa Vahidin son siqareti, Abdulla Şaiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Ənvər Məmmədxanlının, Mir Cəlalın, Mehdi Hüseynin, Xəlil Rzanın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin və bir çox görkəmli ədəbiyyat nümayəndələrinin xatirələrini yaşadan əşyalar var. Muzeyin zallarından biri repressiya qurbanlarına həsr edilib. Muzeyin divarlarını orta əsr Azərbaycan rəssamlarının, xüsusən Sultan Məhəmməd məktəbinə aid miniatürçülərin doğurduqları əsərlərlə yanaşı, görkəmli boyakarlar Sadıq Şərifzadə, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Nəcəfqulu, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Toğrul Nərimanbəyovun əl işləri olan, ədəbiyyat salnaməmizi əks etdirən tablolar bəzəyir. Azərbaycanın tanınmış tişə ustaları Fuad Əbdürrəhmanov, İbrahim Zeynalov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Elcan Şamilov, Münəvvər Rzayeva, Qorxmaz Sücəddinov, Akif Əsgərov və digərlərinin yaratdıqları büst və heykəllər muzeyin zallarına ayrı bir əzəmət gətirir. Muzeydə bir çox ədəbiyyat və sənət xadimlərimizin xatirə fondları tədqiqatçı alimlər üçün də geniş imkanlar açır. Zallarda quraşdırılmış monitorlarda tamaşaçılar ədəbiyyat tarixinə müstəqil şəkildə audio-vizual səyahətlərə çıxmaq fürsətinə malikdirlər.
Azərbaycan Milli Radiosu və Televiziyasının, Azərbaycan Dövlət Səsyazma Arxivinin, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin səs yazıları, foto-kino materialları ekspozisiyadakı kompyuterlərin yaddaşına yükləndiyindən ədəbiyyat həvəskarları keçmiş onilliklərin və yeni dövrün ən məşhur aktyorlarının ifasında ədəbi fraqmentləri dinləmək, müxtəlif səhnələşdirmələrdən hissələri, bədii və sənədli filmlərdən parçaları seyr etmək imkanı əldə edirlər.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 27 aprel.- S.6.