“Azərbaycanda Turizmin
İnkişafı” mövzusunda
seminar keçirilib
M.S.Ordubadi xatirə muzeyi Səbail
rayon MKS-nin 2 saylı filialı (keçmiş M.Seyidzadə
adına Şəhər Uşaq Kitabxanası) ilə birgə
“Azərbaycanda Turizmin İnkişafı” mövzusunda seminar
gerçəkləşib. Tədbiri giriş
sözü ilə açan kitabxananın direktoru Rəhilə
Rzayeva seminarda iştirak edənləri salamlayıb və
seminarın keçirilmə zərurətlərini dilə gətirib.
Direktor 2011-ci ilin “Turizm ili” elan edilməsini
ölkəmizdə turizmin inkişafı istiqamətində
atılan addımların bariz nümunəsi olduğunu qeyd
edib. Daha sonra, M.S. Ordubadinin xatirə muzeyinin elmi
işçisi Vəliyeva İradə xanım
çıxış edərək öz məruzəsində
muzeyin fəaliyyəti ilə tədbir
iştirakçılarını yaxından tanış
edib. Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin informasiya və turizm şöbəsinin
əməkdaşı Günel Məmmədova “Azərbaycanda
Turizm” mövzusunda məruzə ilə çıxış
edərək bu sahədə dünya təcrübəsinə
də nəzər salıb. Azərbaycanın müstəqillik
əldə etdikdən sonra xarici iqtisadi siyasətində bu sahəyə
böyük əhəmiyyətindən danışan məruzəçi
bunu ölkəmizin məxsus olduğu mədəni-milli irsin zənginliyi,
sahib olduğumuz yeraltı və yerüstü sərvətlərimizlə
əlaqələndirdi: “Müstəqilliyimizə nail olandan
sonra sahib olduğumuz zənginliklər ölkəmizdə
turizm sahəsinin yetərincə inkişafına şərait
yaratdı. XXI əsrin əvvəllərində
bu sahə daha böyük vüsət aldı. Turizm
haqqında Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli qanunundan sonra dövlət
proqrammı qəbul edildi. 2001-ci ildə
Ümumdünya Turizm Təşkilatı yaradılması Azərbaycana
daha geniş praktika qazandırdı. Ölkəmizdə
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan
Turizm İnstitutunun yaradılması bu sahəyə olan önəmdən
xəbər verir. Bu gün beynəlxalq təşkilatlarda
Azərbaycan öz layihələri ilə
çıxış edir. Turizm şirkətlərinin
yaradılması, mehmanxanaların tikilməsi, turist
marşrutlarının istifadəsi turizm sahəsinin yetərincə
inkişafından xəbər verir”. Ölkəmizin neft
sahəsində bütün dünyada
tanındığını dilə gətirə məruzəçi
Azərbaycanın təkcə bu sektorda deyil, həm də
potensiallı turizm bölgəsi kimi tanınması
üçün hərtərəfli imkanlara sahib olduğunu nəzərə
çatdırıb: “Azərbaycanın iqlim şəraiti, mədəni
abidələrimiz, coğrafi məkan, zəngin adət-ənənəsi
və mətbəxi turizmin inkişafına, turistlərin cəlb
olunmasına münbit şərait yaradır”. Məruzəçi
ölkəmizi bu sahədə təbliğ etmək
üçün bukletlərin, xəritələrin də əhəmiyyətindən
danışıb: “Ölkəmizi əks etdirən bukletlər,
xətirələr, kitablar bu cəhəddən çox əhəmiyyətlidir.
Kitabxanaların da bu sahədə böyük əməyi
əvəzsizdir”.
Qeyd edək ki, kitabxanada turizmlə bağlı buklet və nəşrlərdən
ibarət guşə yaradılıb.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 27 aprel.- S.7.