İki yubiley

 

Azərbaycanın dəyərli rəssamı Altay Sadıxzadənin bu gün – aprelin 27-də 60 yaşı tamam olur. Rəngkarlıq və qrafika sənətimizdə özünəməxsus mövqeyi olan rəssamın yubileyilə əlaqədar, onun yaradıcılığını, xüsusilə qəlbən, ruhən sıx bağlı olduğu Bakıya aid əsərlərini geniş, dolğun şəkildə əks etdirən sanballı bir nəşr hazırlanıb. Yeni işıq üzü görən bu kitab-albom Altay Sadıxzadənin yaradıcı dünyagörüşü və sənət üslubu haqqında əsaslı təəssürat yaratmaq baxımından olduqca maraqlıdır, diqqətəlayiqdir. Nəşrdə sənətkarın Bakı mövzusunda, rəngkarlıq və qrafika janrında, fərqli illərdə yaratdığı əsərlər əksini tapıb. Yubilyar rəssamın əsərlərinin toplandığı kitab-alboma tanınmış alim, filologiya elmləri doktoru, professor, “ÜNS” Yaradıcılıq Səhnəsinin yaradıcısı və rəhbəri Nərgiz xanım Paşayeva “İki yubiley” adlı giriş sözü yazıb. Bu yazı Altay Sadıxzadənin yaradıcılığı, kitab-albomun məzmunu və əhəmiyyəti, eləcə də digər mətləblər haqqında önəmli fikirləri özündə əks etdirir. N.Paşayevanın “İki yubiley” yazısını oxucuların diqqətinə çatdırır, dəyərli rəssamımız Altay Sadıxzadəyə 60 illik yubileyi münasibətilə təbriklərimizi və xoş arzularımızı ünvanlayırıq.

Rəssamlıq Dünyanın obrazlı dərkinin, bəlkə də, ən qədim vasitəsidir. Əzəli harmoniyanı ömür boyu axtarmaq və günlərin bir günündə həqiqətən onun mütləq təcəssümünü görmək, duymaq və dərk etmək doğrudan da mümkündür. Bu istər Mikelancelonun işlədiyi möhtəşəm Sikstin kapellası, istərsə də Şaqalın rəsmlərindəki şıltaq skripkaçı-keçi obrazı olsun. Baxmaq və görmək heç də eyni şey deyil! Obrazlı gerçəklik də həmin gerçəkliyin özü və eyni ilə əksi deyil. O, bədiidir və beləliklə artıq əbədi və harmonikdir. Kitabda rəssam A.Sadıxzadənin sevimli şəhərimiz Bakının rəsmə çevirdiyi obrazları toplanmışdır. Bu əsərlərin digər məziyyətləri ilə yanaşı bir önəmli xüsusiyyəti vardır – onlar müəyyən ovqat, əhval-ruhiyyə, hal-vəziyyət ifadə edirlər. Hər kəs şəhəri gəzə bilər, lakin məhz rəssam fırçası bizi xüsusi əhval-ruhiyyəyə kökləməyə qabildir! Belə ki, şəhər mənzərəsi sadəcə olaraq evlərdən, prospektlərdən, bulvardan, küçələrdən, maşınlardan və piyadalardan ibarət deyil. Şəhər mənzərəsi hər şeydən əvvəl şəhərin “emosiyaları”, onun nəbzi, ritmi və nəfəsidir. Şəhərin dəyişkən rəngləri, çalarları, incəlikləri və hətta səsləridir, yəni bütöv bir təsviri-assosiativ sıradır. Rəssam gerçəkliyi təxəyyülsüz, duyğusuz təkrarlamır və şəhərin quru görüntüsünü, əksini, karton maskasını deyil, canlı surətini yaradır. Yaradıcılığın gücü və əsrarəngliyi də məhz bundadır. Alboma A.Sadıxzadənin 1987-2000-ci illərdə işlədiyi əsərlər toplanıb. Bu mənzərələrdə həm də zamanın – keçmişin, indinin və gələcəyin obrazı var. Burada reallıq və fantaziya, gerçəklik və sənətkar təxəyyülü, bədii hiss və incə estetik zövq, cəsarət anı və hədsiz zəriflik üzvi surətdə birləşmişdir. Burulmuş ağaclar, evlərin və küçələrin köndələn, dalğavari perspektivləri, küləkli şəhər hərəkətinin burulğanlı xaosu, axşam fəvvarələrinin melanxolik ahəngi, dəniz sahilinin ekspressiyası, təlaşı, ən əsası isə – həyatın Romantik tutumu – yüngül, mülayim cizgilərlə,özündə uşaq səmimiliyi daşıyan böyük sənət üslubunda əks etdirilmişdir. Bəzi rəsmlərdə biz elə mənzərələrə, yerlərə, detallara rast gəlirik ki, onlar ya bir qədər dəyişib, ya da bugünki müasir şəhərdə artıq mövcud deyillər. Əhalinin əksəriyyətinin yaddaşında yaşayan ötən yüzilliyin işarələnmiş əlamətdar yerləri: Azneft dairəsindəki fənər, köhnə “İnturistin” binası, körpü altındakı tramvay yolu, keçmiş yaxt-klub, Bayıl təpəsi sanki gözlərimiz qarşısında yenidən canlanır. Bir çox illər keçəcək şəhər daha da böyüyəcək, dəyişəcək, bəlkə hətta azad fantaziyanın məhsulu olan “Bakı 3010” tablosuna da bənzəyəcək, amma onun dəyərli, təkrar olunmaz tarixi siması bədii obrazlarda – Bakı mənzərələrində həmişəlik qorunub saxlanacaqdır. A.Sadıxzadə Bakıda anadan olmuşdur, həmişə bu şəhərdə yaşayıb və yaşayır. Bu kitab onun yaradıcılığının bir qismini əhatə edir. Altay istedadın İlahi qığılcımını özündə daşıyan sənətkarlardandır, ona xalq arasında deyildiyi kimi, Allah vergisi verilmişdir! O, nəyisə kiməsə sübut etmək ehtirasında deyil, onun inamı sənətinədir və o, bu inama sadiqdir. Onun peşəkar özünəyetərliliyi, yaradıcı müstəqimliyi, iradəsi, incəsənətə olan hədsiz sevgisi bütün həyatı boyu dəyişməz və daimidir. Bu keyfiyyətlər isə əsl rəssam üçün ən önəmli keyfiyyətlərdir. Məhz bu keyfiyyətlərə və istedada sahib olan yaradıcı insan daim özünü bu qismdə dərk edərək, qoruyub saxlayır, ilhamını və daxili alovunu sönməyə qoymur. 2011-ci ilin aprel ayına iki yubiley düşür:

“ÜNS” yaradıcılıq səhnəsinin və rəssam A.Sadıxzadənin yubileyləri. Təsadüfdürmü, bunların hər ikisinin eyni zaman kəsiyində yerləşməsi – dəqiq deyə bilmərik. Amma teatrın necə yarandığını və bu işdə Altayın və onun sənətinin oynadığı rolu biz yaxşı bilirik. 2006-cı ilin aprel ayının 22-də teatrın açılışı üçün xüsusi hazırlanmış musiqili tamaşa “Bakı” adlanırdı. Bu tamaşa özündə sevimli şəhərimizin duyğu və hiss çalarlarını, rəngarəng atmosferini, kolorit və ruhunu ehtiva edə bilmişdi. “Bakı”da unudulmaz, görkəmli bəstəkar T.Quliyevin füsunkar və həmişəyaşar musiqisi səslənirdi. Dekorasiya və fon kimi isə bu kitaba salınmış mənzərələrdən istifadə olunmuşdu. Səhnə debütantların, gənc istedadların – şəhərimizin məktəblilərinin və tələbələrinin ixtiyarına verilmişdi. Əlbəttə, bütün bunlar bir sehrli çubuğun hökmü ilə ərsəyə gəlməmişdi. Sadəcə olaraq burada qırılmaz bir əlaqə, ali vəhdət yaranmışdı: Bakı, aprel, musiqi, rəngkarlıq, poeziya, gənclik və yaradıcılıq ümidləri ... Bakı, aprel, 2011-ci il.

 

 

 Nərgiz PAŞAYEVA,

“ÜNS” Yaradıcılıq Səhnəsinin

yaradıcısı və rəhbəri

 

525-ci qəzet.-2011.- 27 aprel.- S.7.