“Ov”un ovsunu

 

BİR DAHA SOYADLARIMIZDAKI SONLUQLAR HAQQINDA

 

Əlbəttə, yazılarda soyadlardakı sonluq şəxsin milli mənsubiyyətini bildirən, şərtləndirən, adı qoruyan formal atributlardan biri, bəlkə də birincisidir. Terminologiya komitəsinin bu məsələ ilə bağlı yaratmış olduğu komissiyanın hazırladığı təklif və irəli sürdüyü tövsiyə öz məzmunu, geniş əhatəliyi ilə təqdirəlayiqdir və gec də olsa bu addımın atılması günümüz üçün mühüm əhəmiyyət kəsb edir. Varisliyin gözlənilməsi baxımından soyadlarımızın lı, li, lu, lü, zadə şəkilçiləri ilə və ya şəkilçisiz yazılması, yenilik kimi son dövrlərdə işlənmə baxımından yerinə düşən soy şəkilçisinin də bu sıraya əlavə edilməsinə mən tam yetərlilik kimi baxır və qəbul edirəm. Yığcamlıq mənasında və dürüstlük baxımından şəkilçilərin bəyli, xanlı, soylu şəklində yazılmasından, komponentlərin süni yolla uzadılmasından imtina edilməsini də müsbət qarşılayıram. Yeri gəlmişkən qeyd edim ki, bəy dədə-babadan bizim milli müraciət sözümüz olub və gec-tez ümumi şəkildə işlədilməsi mümkün olmayan müəllim müraciət formasını bütünlüklə əvəz edəcək, aradan çıxaracaq. Axı müəllim ixtisas, peşə, sənət bildirən sözdür. Müəllim ixtisasına yiyələnənlərə, hörmət və öyrədən mənasında vəzifə sahiblərinə, yaşlı nəslin nümayəndələrinə bu adla müraciət etmək olar, yerinə düşür. Bəs müəllimlik fəaliyyəti ilə məşğul olmayanlara, xüsusən ticarət-iaşə, səhiyyə, maliyyə, vergi, gömrük, nəqliyyat, kənd təsərrüfatı və s. sahənin işçilərinə, mütəxəssislərinə ucdantutma, habelə yeniyetmə oğlan uşağına, şagirdə, tələbəyə müəllim deyə necə müraciət etmək olar?! Axı bu, doğru deyil. Düşüncə tərzini zaman dəyişir. Əlahəzrət zaman hər şeyi öz yerinə qoymaqdadır və qoyur. Necə ki xalq cəbhəsinin dəmşalaq liderlərinin və onların neobolşevik baxışlarının yox olub sıradan çıxmasıyla bahəm cəmiyyətdə bəy müraciət formasına ikrah hissi ilə yanaşma halları da artıq yox olub getməkdədir. 9 milyon əhalisi olan AR 60-65 milyonluq dünya azərbaycanlılarının yeganə, müstəqil dövlət qurumudur. Ona görə də biz əlifba, dil, din, soyad, adət-ənənələr və s. ümummilli xarakterli məsələlərlə bağlı qərarlar qəbul edərkən, atılan hər bir xırda addımında milli düşüncə tərzimizə xələl gətirməyən, milli məzmunun özündən doğan addımlar olmasına diqqət yetirməliyik və 60-65 milyonluq soydaşımızın arzu-istəyini nəzərə almalıyıq. Elə etməliyik ki, qəbul etdiyimiz qərarlar yarımçıq, tez dəyişən, qısa ömürlü, necə deyərlər atüstü, dizüstü, kiminsə şəxsi istəyi ilə yazılan geydirmə baxış olmasın, yeddidə birin deyil, ümuminin-dünya azərbaycanlılarının ürəyincə, rəyincə bəyənilən, istəyincə qəbul edilən olsun. Bir çox soydaşlarımız fars mənşəli zadə sonluğunun saxlanılmasının, bəziləri isə soyadların şəkilçisiz yazılmasının əleyhinə çıxırlar. Onlar unudurlar ki, zadə komponenti Güney Azərbaycanında yaşayan 35-40 milyonluq soydaşımızın nəinki öncül nümayəndələri, bütün təbəqələri arasında ən geniş arealda yayılan soyad sonluğudur. Onlar milli mənsubiyyətini İİC-nin fars mənşəli vətəndaşlarından fərqləndirmək üçün günü bu gün də zadə sonluğundan istifadə etməyə üstünlük verirlər. Saxlanılması tövsiyə olunan zadə sonluğunu imtina edəcəyimiz ov, yev, i şəkilçiləri ilə müqayisə etmək və ya eyniləşdirmək olmaz. Çünki fars mənşəli zadə sözünü biz özəlləşdirmişik, daha doğrusu özümüzünkü etmişik. Necə ki farslar sırf türk mənşəli ağa sözünü mənimsəyiblər, müraciət forması olaraq özlərininki ediblər. Bu, təbii haldır. Biz farslarla min illər iç-içə yaşamışıq və yaşayırıq, müştərək dövlət qurumları yaratmışıq. Əfsuslar olsun ki, bu gün bu proses “qırmızı mollaların” və fars şovinistlərinin basqısı altında bir tərəfin assimilyasiyası şəklində davam etdirilir. Zadə sonluğunu aradan götürmək yox (bu bizim zəifliyimiz olardı), saxlamaq fars şovinistlərinə qarşı ən yaxşı və üzdə olan mübarizə vasitəsidir. Hətta zadə sonluğundan fars şovinizminin iyi gəlir deyənlər gümanlarında yanılırlar. Bir çox mənbələr zadə sözünün xalis türk mənşəli söz olduğunu yazırlar. Zadə sonluğunu saxlamaq və ya soyadlarımızı şəkilçisiz yazdırmaq həm də bizim keçmişə, varisliyə ehtiramımız deməkdir. Çünki 200 illik rus istilası dövründə bir çox aydınlarımız soyadlarında ov-yev-lərdən imtina edib zadə sonluğu yazdırmaqla, sovet dönəmində isə şəkilçisiz təxəllüslər götürməklə öz milli mənsubiyyətlərini bildirməyə təşəbbüs göstərmiş, irticalara və assimilyasiyalara qarşı öz etirazlarını bu yolla bildirmişdilər. Habelə heç də sayı bu gün bizdən az olmayan və TC-ində yaşayan Azəri türkləri də soyadlarını Anadolu türkləri tək şəkilçisiz yazdırırlar. Öz türk birliyinə hörmətlərini, türk qardaşlığını, türkçülüyə məhəbbətlərini, türk kökənli olmalarını bu şəkildə nümayiş etdirirlər.

Mən yeri gəlmişkən, soyadlarımızın zadə, soy sonluqları və şəkilçisiz yazılmasının bir üstün cəhətini də qeyd etmək istəyirəm. Beləki Azərbaycanın tarixi etnik-coğrafiyasında adının sonu lı, li şəkilçiləri ilə bitən və şəxs adıyla bağlı çoxlu sayda yaşayış məntəqələri mövcuddur. Soyadlarımızın yuxarıda qeyd edilən zadə, soy və şəkilçisiz qaydalara rəğmən yazılması həmin bölgələrdə lı, li şəkilçiləri yazılan soyadları ilə yer-yurd adları arasında yarana biləcək qarışıqlığın azaldılmasına kifayət qədər xidmət edəcək və bir növ bu qarışıqlığı neytrallaşdırmış, nisbətən lokallaşdırmış olacaq. Mən komissiyanın soyadlarımızın oğlu, qızı, gil sonluqları ilə yazılmasını bəri başdan tövsiyə etməsinə olduqca mənfi münasibət bəsləyirəm. Bu sonluqların tövsiyə edilməsi komissiyanın xeyirxah işinə həm yüngüllük (eyni sözün soyadda və ata adına qoşquda, cins bildirmədə təkrarlanmaları kənardan baxana gülünc görsənəcək), həm də ağırlıq (sonluqların sayı süni şəkildə artırılır) gətirir. Bu sonluqlardan ərəb istilasından sonra sicimləmə soyadlar şəcərə şəklində yazılarkən və bir də rus işğalı zamanı soyadlar nəzərə alınmadan siyahıya alınan əhalinin cinsini müəyyən etməkdə bir vasitə kimi istifadə olunub. Bir çox yaradıcı insanların ata adına bitişik şəkildə götürdükləri bu sonluqlarla bitən təxəllüsləri onların nəvə-nəticələri özlərinə soyad kimi yazdırıb, bəziləri isə məşhur tayfa adlarını bu sonluqlarla bitən soyadları altında yaşatmağa çalışıblar. Mötəbər, ulu keçmişimizdə soyadlarımızda gil şəkilçisindən isə sonluq kimi istifadə edilməsinə təsadüf olunmur. Gil sonluğu çoxmənalı çalarlara malikdir. Şəxs adına birləşərək mənsubiyyət halı ilə yanaşı daha çox istiqamət, yer-yurd adı bildirən şəkilçi qismində işlədilir. Qoşqusuz halda isə torpaq-süxur adı bildirir. Məncə gil şəkilçisinin sonluq kimi tövsiyə edilməsi uğursuz sonluqla bitəcək. Qoy bu və ya bu kimi soyad sonluqlarının götürülməsi ayrı-ayrı şəxslərin öz ixtiyarlarına buraxılsın. Onlar soyadlarının qızı, oğlu, gil, i, ov, yev, ski və s. sonluqla yazılmasını və ya soyadının həmin sonluqda saxlanmasını istəyən şəxslər öz iddia ərizələri ilə yaşadıqları rayonların VVAQ şöbələrinə müraciət etsinlər. Bu kimi məsələlərin aidiyyəti orqanlar tərəfindən həll edilməsi, ayrı-ayrı fərdlərin arzu etdikləri şəkildə soyad sonluqları yazdırmaları, istədikləri komponentləri seçmələri və ya soyadlarını dəyişdirmələri kimi məsələlərin həll qaydaları və prosedurlar tövsiyədə öz əksini tapmamalıdır. Yer alması da vacib deyil. Buna cəhd etmənin özü vaxtı keçmiş tösiyyə xarakterli bu məsələnin həll edilməsi yolunda süni problem yaratmaq demək olardı. Bu məsələ müvafiq icra orqanlarının ixtiyarına buraxılmalıdır. Çünki soyadların və soyad sonluqlarının müxtəlif və rəngarəng olmasının, şəxsin arzu etdiyi soyadı və soyad komponentini götürməsinin milli düşüncə tərzinə, habelə şəxsin milli mənsubluğuna heç bir maneçiliyi və ya hər hansı bir şəkildə xoşagəlməz təsiri yoxdur. Demokratik təsisatlar bunu belə tələb edir. Mən yuxarıda qeyd etdiyim mülahizələri nəzərə alaraq soyadlarımızla bağlı müvafiq komissiyanın hazırladığı tövsiyənin MM-in müzakirəsinə aşağıdakı mətndə verilməsini və qəbul edilməsini təklif edirəm: “Soyadlarımızın lı, li, lu, lü, zadə, soy şəkilçiləri ilə və ya şəkilçisiz yazılması məqsədəuyğun sayılsın. Beynəlxalq təcrübə nəzərə alınaraq ünvan göstəricilərində, siyahıyaalmalarda, cədvəl və jurnallarda adlar soyadlardan öndə yazılsın”. Bu mətn bütün suallara, ziddiyyətlərə cavab verir: həm qısa və yığcamlığı ilə seçilir, həm də ümummillinin, 60-65 milyonluq dünya azərbaycanlılarının arzu-istəyini özündə ehtiva edir.

 

 

Əlisahib ƏROĞUL,

Yazıçı-publisist

 

525-ci qəzet.- 2011.- 27 aprel.- S.4.