Turizmin sahəsini inkişaf etdirək
Azərbaycanın iqtisadi inkişafında, məlum olduğu kimi, neft sənayesi həlledici rol oynayır. Bununla yanaşı, ölkəmizdə düşünülmüş şəkildə qeyri-neft sektorun inkişafına xüsusi diqqət verilir. Realizə edilən qeyri-neft sektorunun inkişafı siyasəti bir çox sahələrin potensial imkanlarından daha səmərəli istifadəsini tələb edir. Bu baxımdan turizm sahəsi fikrimcə, öz töhfəsini vermək imkanına qadirdir. Bunu reallığına çevrilməsi üçün respublikada turizmin inkişafına dair müvafiq dövlət proqramı həyata keçirilir. 2011-ci ilin respublikamızda məhz “Turizm ili” kimi elan olunması bu sahənin gələcək inkişafında təkanverici rol oynaya bilər. Eyni zamanda, bu istiqamətdə müvafiq işlərin aparılması turizm sahəsinin inkişafı və mövcud problemlərin aradan qaldırılması üçün yeni imkanlar yaradır.
Respublikamızda yeni istirahət mərkəzlərinin yaradılması, nəqliyyat xətlərinin salınması və təmiri, xidmət sahələrinin inkişafı turizm sahəsinin inkişafı üçün əlverişli şərait yaradır. Lakin bununla yanaşı, ölkəmizin zəngin və müxtəlif təbii-resurs potensialı, əlverişli coğrafi mövqeyi və xalqımız üçün xas olan qonaqpərvərlik xüsusiyyətləri hələ ki tam istifadə olunmur. Əgər nəzərə alsaq ki, son illər dövlət səviyyəsində bu sahəyə xüsusi diqqət ayrılır, bu zaman belə bir sual yaranır: respublikamızda turizm sahəsinin inkişafına nə maneçilik edir?
Bu sualı cavablamaq üçün turizm sahəsində yaranmış problemlərin təhlili tələb olunur.
Respublikanın ümumi regional iqtisadı inkişafında olduğu kimi turizm sahəsində də Bakı və regionlar arasında fərqlər mövcuddur. Bir tərəfdən yaranmış fərqlər təbidir (müasir iri şəhər və əyələt-kənd arasında olan fərqlərdən irəli gələn), digər tərəfdən regionlarda infrastruktur və servis sahələrinin inkişafı hələ ki lazımı tələblərə cavab vermir.
Məlum olduğu kimi respublikanın istirahət mərkəzlərinin əksəriyyəti, təbii füsunkarlığı ilə fərqlənən, regionlarda yerləşir. İstirahət mərkəzləri daha çox sayda dağ, dağətəyi və dəniz sahili ərazilərdə yerləşir. Abşeron rayonu istisna olunmaqla, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara və Gəncə-Qazax rayonları respublikanın əsas istirahət mərkəzlərinin yayıldığı məkan hesab olunur. Turizmin inkişaf strategiyasına uyğun olaraq əsas məqsəd istirahət mərkəzlərinin daha səmərəli istifadə edilməsi, rentabelliyini qaldırılması və turizm sahəsində əhalinin tələbatlarının təmin edilməsidir. Bu baxımdan vəziyyətin nə dərəcə qənaətbəxş olunmasına nəzər salmaq maraqlı olardı.
Azərbaycanda Regional İnkişaf Mərkəzi tərəfindən respublikada turizmin inkişafı məsələlərinə aid keçirdiyi bir neçə layihə əsasında regionlarda turizmin inkişafı ilə bağlı bəzi problemləri müəyyənləşdirib.
Abşeron rayonu daha əlverişli coğrafi mövqeyə, inkişaf etmiş nəqliyyat şəbəkəsinə, kifayət qədər yüksək xidmət sahələrinə, müxtəlif əyləncə imkanları və digər üstünlüklərə malik olduğundan ilk baxışda xarici turistlər üçün daha cazibədardır. Lakin bu bölgənin iri urbanizasiya mərkəzi kimi ekoloji problemləri potensial turistlərin nəzərlərini ölkəmizin digər bölgələrinə yönəltməsinə səbəb olur. Xarici turistlərin bölgədəki turist mərkəzləri haqda tam məlumatlı olması üçün müvafiq marketinq və təbliğat işləri aparılmalıdır.
Son illər respublika əhalisinin qonşu Gürcüstana istirahət üçün üz tutması bir çox səbəblərdən izah oluna bilər. Bunlar arasında başlıca səbəb qiymətlərin kifayət qədər aşağı və xidmətin yüksək olmasıdır. Qeyri-rəsmi məlumatlara əsasən keçən il ərzində 150 mindən çox bizim vətəndaşlarımız qonşu Gürcüstanda istirahət etmişlər. Turizm sahəsində rəqabətin artmasını nəzərə alaraq qonşu respublikada yeni yaradılan, xüsusən dağ bölgələrində, turizm mərkəzləri 3-5 illik vergidən azad olunur. Bunun nəticəsi olaraq respublikaya turist axımı daim artır.
Turizm sahəsində çalışan sahibkarlarla görüşlər onu göstərir ki, onlar öz fəaliyyətləri zamanı müəyyən çətinliklərlə qarşılaşırlar.
Bölgələrdə apardığımız müşahidələr turizm zonalarında ekoloji vəziyyətin xoşagəlməz olmasını göstərir. Məsələn, Şamaxı, İsmayıllı, Quba, Xaçmaz, Qusar, Şəki, Qax rayonların turist mərkəzlərinin böyük əksəriyyətinin ətrafları məişət tullantıları sahələrinə çevrilib. Təbii ki, yaxın gələcəkdə bu kimi istirahət yerlərinə kimisə cəlb etmək çətin olacaq.
Respublikamızda turizmin inkişafı üçün müxtəlif turizm növlərini fəaliyyətinə dəstək verilməlidir. Məsələn, ölkəmizdə aqroturizm, çay və ada turizmi inkişaf etdirilməlidir. Müxtəlif növ turizm sahələri inkişafı respublikamıza turizm axınının artmasına səbəb olar.
Çingiz İSMAYILOV,
Azərbaycanda Regional
İnkişaf Mərkəzinin sədri
525-ci qəzet.-
2011.- 28 aprel.- S.5.