Zeynəb Bəhmənlinin “Könül incilərindən seçmələr”i işıq üzü görüb

 

Tanınmış şairə və publisist Zeynəb Bəhmənlinin 50 illik yubileyilə bağlı tədbir keçirilib. Mərasimi yazıçı-jurnalist Səriyyə Müslümqızı açaraq, Zeynəb Bəhmənlinin həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verib və onun böyük kəramət sahibi, məşhur seyid Mir Möhsün Ağa haqqında yazılan ilk kitabın müəllifi olduğunu diqqətə çatdırıb. Səriyyə Müslümqızı şairənin yalnız istedadlı qələm sahibi deyil, həm də savadlı bir musiqişünas olduğunu bildirib. O, Zeynəb Bəhmənlinin ləyaqəti və yaradıcılığı ilə örnək sayıla biləcək xanım olduğunu diqqətə çatdırıb.

Sonra söz şairənin bu yaxınlarda işıq üzü görən “Könül incilərindən seçmələr” şeirlər toplusunun redaktoru, şair-publisist Mürvət Qədimoğluya verilib. M.Qədimoğlu şairənin yaradıcılığında torpaq nisgili, vətən həsrəti mövzusunda olan şeirlərin üstünlük təşkil etdiyini vurğulayıb: “Zeynəb Bəhmənlinin yaradıcılığına yaxından bələd olan bir söz adamı olaraq deyə bilərəm ki, onun növbəti kitabında cəmlənmiş şeirləri daha yüksək səviyyədədir. Yazı adamı, qələm sahibi olduğu kimi həm də mütaliə etməyi sevən, yaxşı oxucu olan Zeynəb xanımın şeirlərindəki yeni deyimlər, fikirlər yadda qalandır, oxunaqlıdır”. Çıxışının sonunda Mürvət Qədimoğlu şairənin həm yubileyi, həm də yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.

 Tədbirdə çıxış edən tədqiqatçı alim Tofiq Hüseynov Zeynəb Bəhmənlinin həssas şeirləri ilə bütün ağrılı və vətən həsrətli qəlblərə yol tapdığını qeyd edib: “Zeynəb xanım o qədər həssas şeirlər yazır ki, onu oxuyan hər bir insan istər-istəməz kövrəlir”. Digər qonaqlar da yubilyar haqqında xoş sözlər söyləyib, şairəni təbrik ediblər. Mərasim ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 29 aprel.- S.7.