Azərbaycan Dövlət
Rəqs Ansamblının
40 yaşı qeyd olunub
Azərbaycan Dövlət Rəqs Ansamblının 40 illik yubileyinə həsr olunmuş konsert keçirilib. APA-nın
məlumatına görə,
Heydər Əliyev Sarayında baş tutan yubiley tədbirində
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Dövlət Rəqs Ansamblının bütün
heyətini təbrik edib və onlara
uğurlar arzulayıb.
Nazir qeyd edib ki, bu
gün fəaliyyətinin
40 ilini qeyd edən ansambl bu dövr ərzində
çoxsaylı uğurlar
qazanıb: “Hələ
2009-cu ildə İSESCO-nun baş
katibi Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışını
İslam dünyasında
baş tutan çıxışlar sırasında
ən yaddaqalan olduğunu bildirmişdi. Hər görüşümüz zamanı
baş katib bu çıxışı
xatırlayır və
kollektivin möhtəşəmliyindən
danışır. Sözsüz ki, bütün bu uğurlar Dövlət Rəqs Ansamblının hər bir üzvünün mütəmadi olaraq, yorulmadan öz üzərində çalışmasının
nəticəsidir. Afaq Məlikova
başda olmaqla, heyətin hər bir üzvünə təşəkkür edirik
və “40 yaşınız
mübarək olsun” – deyirik”. Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Afaq Məlikova
35 ildir rəhbərlik
etdiyi ansamblla fəxr duyduğunu deyib: “Bu gün çoxsaylı beynəlxalq
layihələr həyata
keçirilir və ansambl olaraq biz bu layihələrdə iştirak edirik. Ansamblımız vasitəsi ilə
Azərbaycanın milli
rəqsləri, peşəkarlığı
dünyaya çatdırılır.
Ansamblımla qürur duyuram,
belə bir ansamblın rəhbəri olduğum üçün
fəxr edirəm.
Təəssüf ki, bir rəqqasın səhnə ömrü 22
il davam
edir. Bu, çox
azdır”. Yubiley tədbiri
xüsusi konsert proqramı ilə davam etdirilib. Konsertdə solistlər Nigar Rzayeva və Yadulla Həşiminin iştirakı ilə İqor Stravinskinin “Müqəddəs” baleti nümayiş etdirilib.
Baletin quruluşçu-baletmeysteri
Aqrippina Vaqanova adına Akademik
Rus Baletinin professoru Edvard Smirnovdur. Mərasimin ikinci hissəsində
Azərbaycan Dövlət
Rəqs Ansamblının
ifasında milli rəqslərimiz ifa olunub.
Yubiley tədbirində Azərbaycanın
tanınmış mədəniyyət
və incəsənət
xadimləri də qonaq qismində iştirak ediblər.
525-ci qəzet.-
2011.- 29 aprel.- S.7.