Məryəm Əlizadə:
“Aktyor, rejissor işləmirsə, Bədii Şura neyləyə
bilər?”
– Akademik Milli Dram Teatrında
yaradılan Bədii Şurada Siz də təmsil olunursunuz...
– Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında Bədii Şuranın fəaliyyəti
adət etdiyimiz kimi olmayacaq. Əvvəlki kimi olmaq o deməkdir
ki, heç nə olmayacaq. Gərək biz bir az yeniliyi qəbul
edək. Zaman dəyişir, Azərbaycanın bir nömrəli
teatrı zamandan qopmuş vəziyyətdə qalıb. Bu
gün artıq teatrımız bütün dünyada gedən
teatr prosesinə qoşulmalıdır. Ölkə
başçısının bununla bağlı sərəncamı
da var ki, Azərbaycan teatrı dünya teatr məkanına
inteqrasiya etməlidir. Amma gəlin görək gedirmi bu
inteqrasiya prosesi? Teatra yeni təyin olunmuş direktor həmin bu
inteqrasiyaya gedən yola doğru gedir. O istəyir ki, Azərbaycan
teatrının dünyada bir balaca yeri olsun. Gedin, görün
harada Azərbaycan teatrının adını çəksəniz,
teatrı tanıyan birinə rast gələcəksinizmi?
Oturmuşuq burada, hər şey elə məhəlli,
qapalı xarakter daşıyır və bizə elə gəlir
ki, bizdən böyüyü yoxdur. Sözsüz ki,
yaxşı ənənəni yaşatmaq lazımdır.
Dünyanın bir çox teatrlarında bu gün Bədii
Şura yoxdur, amma Rusiyanın, Moskvanın, Sankt-Peterburqun bəzi
teatrlarında Bədii Şura bu gün də var.
– Bədii Şuranın
iş üsulu hansı formada qurulacaq?
– Çoxsaylı Bədii
Şura artıq aradan qalxıb. Bu gün Bədii
Şuranın üzvlərinin sayı azdır. Bədii
Şuranın sədri, teatrın rəhbəri İsrafil
İsrafilov, üzvləri isə teatrın ədəbi hissə
müdiri Atababa Hacıbabayev, teatrın baş rəssamı
Nazim Bəykişiyev, Mədəniyyət və Turizm Nazirliyinin
teatr sektorunun müdiri Naidə İsmayılzadə, Teatr
Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov,
bəstəkar Siyavuş Kərimi və mənəm. Bizim hər
birimizin məqsədi bu teatrı həm dövlətin, həm
xalqın, həm də sənətkarların mənafeyi naminə
düzgün yola salmaqdır.
– Onu da eşitmişik ki,
teatrdakı tamaşalar Bədii Şuranın
razılığı əsasında hazırlanacaq?
– Tamaşaların Bədii
Şuranın icazəsi ilə hazırlanmasında təəccüblü
heç bir şey yoxdur. Bəli, tamaşaların
hazırlanmasında Bədii Şura öz rəyini irəli
sürəcək. Təklif olunan əsər Bədii
Şuranın hər bir üzvünə veriləcək və
oxuyub fikrimizi deyəcəyik. Eyni zamanda tamaşa
hazırlananda gedib fikrimizi bəyan edəcəyik. Bizim də
xoşbəxt anlarımız o zaman olur, axı həyatımızı
bu sənətə həsr etmişik. “Teatr ölüb” və
ya “tamaşaçı gəlmir” kimi fikirlərə, söhbətlərə
son qoymaq lazımdır. Gəlsinlər baxsınlar ki,
tamaşaçı necə bilet alıb teatra gəlir. Teatr
niyə ölür ki? İnsandır görürsən xəstələnib
və sonra sağalır. Bu da canlı bir orqanizmdir. Ümumiyyətlə,
teatr adamları niyə bu sözü yayır ki, teatr
ölüb? Bu nə sözdür axı belə?! Teatr
ölübsə, sən deməli su içdiyin quyuya
tüpürürsən. Teatr ölübsə, o zaman sən
kimsən? İnsan hansı quyudan su içirsə, ona hörmət
etməlidir.
– Məryəm xanım, əgər
Bədii Şura üzvlərinin bir qismi razı, digər
yarısı isə narazı olsa, o zaman qərar necə veriləcək?
Bu təqdirdə şura sədrinin fikri əsas götürəcək?
– Heç yerdə sədr təkbaşına
heç nəyi həll eləmir. Hər şey kollegial həll
olunacaq. Sədr özü də teatr işini çox dərindən
bilən bir adamdır, sədr o teatrda böyüyüb, indi
bilmirəm niyə İsrafil İsrafilov haqqında
nağıllar, uydurmalar danışılır. Teatrın
bugünkü rəhbəri Akademik Milli Dram Teatrında, Tofiq
Kazımovun yanında böyüyüb. İsrafil müəllim
teatr sahəsinin bilicisidir, görkəmli teatrşünas
alim-professordur. O məgər yad adamdır ki, gəlib orada
oturub? Teatrdakı insanlar anlamalıdırlar ki, direktor
aktyorların, rejissorların işləməsi
üçün lazım olan şəraitin yaradılması
uğrunda çalışır. O istəyir ki, bizim teatr bu
çərçivədən çıxsın, getsin və
özünü Avropada göstərsin. Bu vaxta kimi Avropaya
gediş olub, ancaq passiv gediş olub. Milli Dram Teatrında
istedadlı adamlar çoxdur. Bədii Şura üzvləri
gündəlik olaraq teatra gedib gəlməyəcək, ancaq
lazım olan vaxtlarda teatra gedəcəyik.
– Bədii Şuranın səlahiyyətlərini
bilmək istərdik. Tamaşalarda rol bölgüsü də
Bədii Şura üzvləri tərəfindən
aparılacaq?
– Bədii Şuranın
heç bir vaxt rol bölgüsünü aparmaq səlahiyyəti
olmayıb. Bu gün Bədii Şurada təmsil olunan insanlar
çox müasir düşüncəyə sahibdirlər,
teatr işini də dərindən bilirlər. Rol
bölgüsünü teatrda yalnız və yalnız rejissor
apara bilər. Ordan-burdan eşidirəm ki, müsahibələrdə
bildirirlər ki, guya İsrafil müəllim rol bölür,
kimlərəsə rol verir, guya müəyyən
tamaşaların qurulmasında iştirak edir. Bunların
hamısı yalan bir iftiradır. Bir və ya iki nəfərdən
başqa kim təsdiqləyə bilər bunu? Tamaşa elə
bir-iki nəfərlə hazırlanmır ki? Bir
tamaşanın hazırlanmasında nə qədər insan
iştirak edir. Bu, ortalığa atılmış nadan bir
fikirdir. Bu gün o truppanın 80 faizi çox dəyərli sənətkarlardır.
20 faiz də məcburdur ki, onlara qoşulsun. Bu gün
teatrın işıqlı dünyaya keçməsi
üçün yollar axtarılır. Görün necə
müqavilələr bağlanılır, necə böyük
sənətkarlarla əməkdaşlıq nəzərdə
tutulur. Teatrda da bu gün təbii bir proses gedir və bu
söz-söhbəti ortaya atanlar teatrın irəliyə getməsini
istəməyənlərdir. İşsiz adamın həyatı
bulanıq suda çox rahat olur, işləyən adamlara mane
olurlar. Bədii Şuranın funksiyaları maddə-maddə
müəyyənləşib. Kimin ixtiyarı var ki, o maddələri
pozsun? Qanunlar var axı... İndi bu sahənin yiyələri
var və o yiyələr icazə verməyəcəklər
ki, işləməyən adamlar burada pis ab-hava yarada bilsinlər.
Ağılları varsa quruculuq, yaradıcılıq prosesinə
qoşulsunlar və onlar da həmin adamlardan biri olsunlar.
– Bədii Şuranın səlahiyyətləri
hansı qurum tərəfindən müəyyənləşdirilib?
Sizcə, Bədii Şuranın fəaliyyəti teatrda yaranan
söz-söhbətə son qoya biləcəkmi?
– Şuranın bütün
səlahiyyətlərini Mədəniyyət və Turizm
Nazirliyi təsdiq edib. Kim o Bədii Şuraya üzv olmaq istəyirsə,
mən öz yerimi verirəm ona. Bu tam səmimiyyətlə bəyan
edirəm. Kim istəyirsə, kim buna can atırsa, gedim ərizə
yazım və yerimi verirəm ona. Bədii Şura niyə
onları maraqlandırır belə? Yaradıcılıq
olandan sonra bu, Bədii Şuranın fəxri, sevincidir. Aktyor,
rejissor işləmirsə, Bədii Şura neyləyə bilər?
Mən çağırıram onları gəlsinlər,
qoşulsunlar yaradıcılıq prosesinə. Onlar
hamısı bizim əzizlərimizdir. Teatrda cəbhələşmə
yarada bilməzlər, bunun üçün əsas yoxdur. Gəlsinlər
işləsinlər, çıxsınlar öz sözlərini
səhnədə desinlər.
525-ci qəzet.- 2011.- 29 aprel.- S.7.