GUCCİ FATOŞ
Hekayə, yaxud monoloqdan fraqmentlər
Yenə də mənasız,
qeyri-estetik günəş doğdu... Sevmirəm
də sarı rəngi. Ona görə
günəş xoşuma gəlmir. Mavi səmaya
yaraşmır. Heç olmasa qəhvəyi
rəngdə olsaydı, çox zərif bir estetik harmoniya
yaradardı. Şüalarından Guccinin qoxusu gəlsəydi,
istisi adamın dərisini Vichynin kremləri kimi gözəlləşdirsəydi,
saçlarını Schwarzkopf kimi parlıdadsaydı, deyərdim
hə... Yoxsa ki... Bu da ən yüksəkdə dayanan ali bir səviyyəsizlik, uyğunsuzluq. Bundan sonra yerdəkilərə nə deyəsən?!
Görəsən, yerdə təzə nələr
baş verir?
...Dəhşət! Bu nədi?! Bunlar hardan düşüblər, görəsən?!
Sapsarı saçları Şarlotta, əynində Promodun
güllü köynəyi, dırnaqları da
qırmızı manikurlu qız çıxıb ciddi siyasi xəbər
oxuyur...
Elə bil dünya
siyasəti gül açıb bunun əyin-başında.
Bu görkəmlə heç olmasa teatrdan-kinodan
söhbət etsəydi, dözmək olardı. Hələ,
bunun ağız-burun əyməyinə bax!? Liviyadakı
üsyandan elə danışır, sanki Aygünlə Namiqin
ayrılmasının fəlsəfi-psixoloji aspektlərini
xırdalayır. Ehhh... Başqa kanallar bundan beş betər. Baxanda adamın
yediyi də boğazında qalır. Yemək də yemək
ola: çanaq pendiri, nehrə
yağı...
Çanaq hara, pendir hara...
...Saatın eybəcər əqrəbləri
göstərir ki, artıq işə getmək vaxtıdı. Hər dəfə deyirəm bu saatı dəyişin,
divarın rənginə uyğun gəlmir, heç bu evdə
adama qulaq asan var?!
...Yenə yarıqaranlıq, natəmiz
lift... palçıqlı küçə, ümumiyyətlə
mənasız, havasız boz şəhər və
yamyaşıl avtobuslar. Dostlarım deyir,
heç nəyi bəyənmirəm. Axı
mən bu şəhərin nəyini bəyənim?! Bax,
Lacoste köynəklə Casio saat...
Bu da yüksək səviyyə...
Tez uzaqlaşım burdan. Ürəyim
bulandı lap... Heyif! Bu cür
yaraşıqlı oğlandı. Olmazdı
ki, idman stilli maşına minəndə elə Lacostedən
yüngül kostyum, Adidasdan makasini ayaqqabı geyinəsən?
Yox...
Elə olsaydı, nə
var idi ki?! Bu dünyada yaşamağa dəyərdi.... Mən başa düşmürəm ey. Bu qədər
mağaza var. Budu bax küçə boyu sıraynan
düzülüb: Emporio, Mexx,
...Bu da Sovet dövrü deyil ki əlində
pul ola, amma almağa heç nə
tapmayasan. İndi hər şey var...
Normal, estetik cəhətdən
düzgün stil seçmək o qədər də çətin
deyil. Sadəcə bir az ağıl
işlətmək lazımdı. Mən bilmirəm
Allah bu canlı insana başı nə üçün verib?!
Ehhh... Nə isə... Çox yox ey! Heç olmasa bir insan, bir park, bir küçə ideal harmoniyaya malik
olardı. Yoxsa eyni interyer və dizaynlı butikdə
keçən ay Samsungun texnikası, sonra İvanovkanın
süd məhsulları, indi də Diorun ətirləri
satılır. Anlamırlar ki,
mağazanın görünüşü ilə satılan məhsul
arasında uyğunluq olmalıdı. Alıcının
zövqünü ilk növbədə bu
formalaşdırır. İnternetdə
oxumuşam. Hələ adlar... Modern
üslubda restoranın adı – Azıx. Ya da
başdan-başa yarıqaranlıq kafenin adı –
Gündoğan...
Adam necə əsəbləşməsin?!
Çalışıram belə yerlərə
getməyim, hirslənməyim. Heyif həmişə
alınmır. Hər yerdən imtina etmək
olur, bircə toylardan başqa. Necə getməyəsən?
Elə biləcəklər saymıram, ya da pula
görə getmirəm. Toylarımız da
Maşşallah. Əgər adamın başı xarab olmasa,
bir toydan 10 il danışmaq olar. Anlaya bilmirəm bu adamları. Toy
başlayan kimi “Qudalar” mahnısı oynayırlar. Guya mehribandılar da. Hərəsi bir rəngdə...
Olmazdı ki, birgə axtaraydılar, uyğun
üslubda geyim seçəydilər?! Gözəl
bir harmoniya yaranardı. Gəlinin anası
ziyafət paltarıyla yastıdaban ayaqqabı geyinir. Bəyin də anası elə bil ancaq dəqiqədə
bir oğlunu öpüb özünü camaata göstərməyə
gəlib. Özünü camaata yüksək
zövqünlə göstər də... Geyin Escadanın
axırıncı ziyafət paltarları modelini balaca
qızılı çantası ilə... Ayağında
da 10 sm. dikdaban ayaqqabı. Deyim hə.
Sən oldun bəy anası...
Gəlinlə bəyin
özündən heç danışmağa dəyməz.
Xoşum gəlmir də bu tül paltarlardan... Elə
bil pərdəni keçirdib əyninə. Toyunda İtaliya orqanzasından dekoltye geyinmədinsə,
ərə getməyin mənası varmı? Əlbəttə yox. Bəylərimiz də ki
heç də... Bu mövzu bir dənə qara
yaradı mənim ürəyimdə. Əvvəllər
heç olmasa sanballı kostyumlar geyərdilər. Əşşi
firması cəhənnəmə...
İndi lap ağın
çıxardıblar. Gedib teatrlardan milli
geyim götürürlər. Bunlar da
tamaşadan tamaşaya pis günə qalır. Elə bil it ağzından çıxıb. Bu axmaqlar da toy günü həmin paltarları
geyinirlər. Adamı bit basar ey...
Bəyin ki əynində
Versacedən qara ipək kostyum, Baldininidən platforma
ayaqqabı olmadı, o nə bəydi?! Sonra da deyirlər
ərə get! Kimə gedim ey? Bizdə
normal, ailə qurmağa uyğun adam var ki?
Evdəkilər həftədə biri ilə
Maraqlı idi
onunla. Amma bir dəfə görüşümə gələndə
əyninə Nikenin cins kostyumunu geyinib, qoluna da Cerruti 1881-in
klassik saatını taxmışdı.
Oyyyaaa...
Belə adamla yol getməyə
dəyər?! Olmazdı ki, heç olmasa Benettonun
saatın taxasan... Yooox... Elə həmin gün əlaqəni
kəsdim onunla. ...Ya da başqa birisi. Anamın iş
yoldaşıydı. İlk gündən adı çox ləzzət
elədi mənə..! Həbiib. Lap klassik şərq üslubun xatırladır.
Amma elə ikinci görüşdə hər
şeyi heç elədi. Maşınla iş yerimin
qabağına gəlmişdi, çıxıb görürəm
Maykl Ceksonu dinləyir. A bala, adın Həbibdisə, “Həbibim”
mahnısına qulaq as da... Həmin dəqiqə
yola saldım getdi. Elə bil Allah məni cəzalandırır
e. Həmişə qabağıma belə adamlar
çıxır. Biri də var idi, elə bildim daha
axtardığımdı... O mənə tam uyğun idi. İlk dəfə dəniz kənarına məni dəvət
edəndə United Colors of Benettondan geyinmişdi. Əlində də Blackberry telefon, qolunda orijinal Seico
saat, gözündə Oacly eynək...Saç
düzümü də əla idi. Heç
bir defekti yox idi. Əməlli-başlı
havalanmışdım. Quş kimi
uçurdum ki, arzuladığımı tapmışam.
O günə aid başqa heç nə yadımda qalmayıb –
nə dəniz, nə söhbətlərimiz, nə yollar...
Ağlımı başımdan
çıxarmışdı... Amma Allah mənə
bu xoşbəxtliyi də çox gördü. Növbəti görüşə işdən gəlmişdi.
Yenə geyimi super idi... Amma kaş ki, cibindən
Camel siqaretini çıxarmayaydı. Elə
bil səhrada gedir. Axı bu geyim hara, Camel
hara?! Evə qədər necə
dözdüm, Allah bilir. Çatan kimi sms
yazdım – Məni daha narahat eləmə. Vəssalam.
Bununla da belə bitdi. Amma bu fiasko mənə
lap pis təsir eləmişdi... Özümə
yer tapa bilmirdim. Ailədə hamı narahat
idi. Heç mağazalara da getmirdim. Ancaq işə, evə. İndi
şükür düzəlmişəm bir az. Bax, yenə
yadıma düşdü, pis oldum. Ehhh... Hərdən bu
təklik lap qorxudur məni... Nə olacaq bunun
axırı? Bu boyda ölkədə bir nəfər də
olsa mənə uyğun adam tapa bilmirəm.
Hamı da bir məsələylə maraqlanır: Şəxsi
həyatda nə var, nə yox? İstəyirəm deyim, normal adam var ki şəxsi həyat da ola?! Nə isə...
Bir yol var. O da ölkədən getmək. Xaricə. Başqa millətlərdə,
xüsusən Avropada harmoniya duyğusu bizdən
güclüdür. Bəlkə oralarda özümə
bir Adam tapıb həyat quraram... Bu gün də
böyük işlər vəd edir mənə. Bizim idarəyə ingilislər gəlməlidir.
Nəsə müştərək layihələri
var. Amma onlar elə bircə dəfə bizim qızlara nəzər
salsalar, qaçacaqlar. Həmişəki
kimi məni qabağa verirlər. Axı orda məndən
başqa fərli adam yoxdu!.. Ona
görə də bu gün sırf işgüzar üslubda
geyindim. Guccinin axırıncı kolleksiyası – ciddi
üslubda kətan pencək, qara-ağ damalı ətək, dəri
kəmərli qol saatı... Saçım da həmişəki
kimi parlaq və səliqəli. Gucci guilty-nin qoxusunundan da
hamı bihuş olur... Məni bu cür
estetikanın içində İngiltərədən yox ey,
kosmosdan gələnlər də görsələr heyran
olarlar. Bir dənə də deffekt tapa bilməzlər.
... Tələsmək
lazımdı. Birdən gecikərəm, mən
çatana qədər çıxıb gedərlər.
Əziyyətim hədər gedər... ... İlahi, bu kimdi belə? Allah bunu
necə yaradıb, görəsən. Əsl mən istəyən
adam: boyu uca, saçları uzun, Armaninin ən son model kostyumu,
Pradadan buna uyğun ayaqqabı, Vaccodan ağ köynək və
qalstuk, Roleksdən saat, gözündə Raybon eynək...Hələ
sərbəst oturuş manerası... Ay Allah, mən yuxu
görürəm nədi? ... Eeeh... bu telefon da
vaxt tapdı zəng çalmağa... – Aloo... – Salam, Fatimə.
Hardasan? Yenə Guccinin maqazinində
ilişmisən? İngilislər gəlib.
Səni gözləyirlər...
– Dayan görüm ey... İngilis vaxtıdı? Mən bu şansı əldən
verə bilmərəm... Həyatımın belə
vacib anında ingilislərə baş qoşmaq olmaz. Bəlkə son şansımdı?! Bu adam mənim olmalıdır. Elə
bu dəqiqə gedib oturacam yanında. Bəli,
mən cəsarətli qadınam. Hələ əlindən
də tuturam, başımı çiyninə qoyuram...
İçimdə bir rahatlıq yaranır... Yavaş-yavaş
bütün dünya gözümdən silinir... Kainatda
yalnız ikimiz qalırıq... Mən və O...
...
– Bu manikeni bura kim qoyub, bizdə beləsi yox idi axı?
–
Yəqin
axşam gətiriblər.
–
– Yox, axşam gətirsəydilər,
bilərdim. – Bəs hardan gəlib düşüb? Yoxsa
özü gəlib oturub vitrində? Qızlar qəhqəhə
çəkib güldülər:
– İstəyirsən, götür
apar at anbara... Satıcı qız bir müddət vitrinə
baxandan sonra başını yellətdi:
– Yox, aparmıram. Qoy
qalsın burda. Bir-birinə əla
yaraşırlar. Əsl harmoniyadır.
PƏRVİN
525-ci qəzet.-2011.- 30 aprel.- S.28.