Memuar, gündəlik yoxsa roman?

 

Seymur Baycanın “Quqark”-ı haqqında

 

Kitab həyat hadisələri ilə zəngindir. “Quqark” müəllif haqda yox özü haqda danışır. Baxmayaraq ki, əsərin qəhrəmanı yazar özüdür oxucu bu romanın müəllifini unudur. Hətta onun Seymur Baycan olduğunu da unudur. Bütün çatışmazlıqları(qrammatik səhvlər, yalnış ifadələr- cümlələr, yersiz hadisələr) və qarışıqlığı ilə sonda oxucuya uduzmur. Ancaq əsər boyu yalnız bir obraz canlanır. Bütün hadisələri əsərin qəhrəmanı Seymur çözür, danışır. Müəllif heç nə demir. Əsər təkobrazlıdır. Məzmunda Anuş adlı bir erməni qızı var. Deməli əsər həm də təkobrazlı deyil. Yazar Anuşu oxucuya daha yaxşı tanıtmağa tənbəllik edib. Anuş əvvəldə bir –iki cümlə, sonda bir –iki mesajla peyda olub itir. Müəllifin seçdiyi obrazlar aktiv, funksional deyil. Yazar digər qəhrəmanlarını ögey saxlayır, onları dilləndirmir. Avtobioqrafik əsər olduğu üçün hər şeyin birinci şəxsin dilindən yazılması normaldır. Ancaq bu memuar və gündəlik olmadığına görə qəhrəmandan savayı romanı başqa bir obraz da canlandırmalı idi. Birinci şəxsin dili ilə yazılsa belə. Ümumiyyətlə, romanda epizodik hadisələr ,obrazlar həddindən artıq çoxdur. Bu hadisələrə görə romanı təhlil etmək mümkün deyil. Müəllif yəqin ki, kitabın həcmi üçün onu olaylarla doldurub. Əsər konkret xətt üzrə getmir. Əməlli xaos yaranır. Bir neçə süjet bir-birinə qarışır. Ancaq bu dolaşıq hadisələr axınında o, vəziyyətdən çıxa bilir. Romanı ustalıqla başa çatdırır. Obrazların hissləri, yanaşmaları, problemləri əsər boyu çox az gözə çarpsa da dövrün intellegentindən ən axmaq adamına kimi danışdığı hər kəs haqda assosiativ təsəvvür yaradır. Qurdundan quzusuna kimi göstərir. Şəhvəti, yersiz ehtirasları, etirafları, ac kişiliyi ilə belə qəhrəmanımızın qadınlara münasibəti yaxşıdır. Müəllif ən axırıncı qadını, ən miskin, pozğun, avara qadını belə aşağılamır. Və bu cəmiyyət üçün önəmlidir. Qadın haqda yazır:

“Həmin gün qadının sevgidə daha fədakar, istənilən şəraitdə bütün addımları atan, sevgi üçün hər şey etməyə hazır olan bir məxluq olduğunu anladım.” Əsərdə mental dəyərlər oxucuya sırınmır , qəhrəmanın heç yerdə qeyrət damarı tutmur. Oxucu aqressiya ilə qarşılaşmır. Əksinə zəif, kövrək , yaralı, bir az da xaraktersiz insan görür. Quqark oxucuya necə yaşamağı öyrətmir. Ancaq hadisələrin ən xırda detalına kimi təsviri, müəllifin həyat müşahidələri oxucuya ətrafına nəzər salmağı öyrədir. Rusiyanın böyük alimi psixoloq Svyaş yazır ki, biz əhatəmizdə olanlara fikir vermədən yaşayırıqsa həyatdan yan keçirik, özümüzü dünyadan ayırırıq . Hər bir hadisə özündə informasiya daşıyır və bizə nəyisə anladır. Hər kitabında nələr yediyini bizə həvəslə danışan Seymur Baycan Quqarkda da güzəştə getməyib. Hər iki vərəqdən sonra oxucu yaxşıca acır və məcbur olub kitabı yarıda saxlayıb yeməyə gedir. Quqarkı bitirənə qədər şəxsən mən xeyli kilo aldım. Xahiş edirəm müəllif dieta saxlayan oxucuları bundan sonra nəzərə alsın. Savaşa qədərki Qarabağı yazıb. Orda yaşayan insanları , Qarabağ həyatını, Sovet Azərbaycanının əyalətini yazmaqla Sovetizmin əyalətlərdə siyasi mahiyyətini və effektini ifadə edib. Bu yaxşı. İndiyə qədər hər kəs savaşdan sonranı yazıb. Bu da yaxşı. Seymur yazır ki, Sovet dağılandan sonra insanlar reallıq hissini itirmişdilər. Məsələn, hamı inanırdı ki, hansısa yapon jurnalında azərbaycanlılar ilin ən mübariz xalqı kimi qələmə verilib. Reallıq hissinin itməsini belə əsaslandırır:

“...yaponlar dünyada Azərbaycan deyilən bir respublikanın mövcud olmasından o vaxt necə xəbər tutmuşdular? ” Bu məsələdə o, təkcə yazar kimi yox, media nümayəndəsi kimi də siyasi və elmi yalnışlığa yol verib. Əvvəla görkəmli publisist bilməlidir ki, jurnalistikanın əsas işi elə dünyanın tanınmayan yerlərini tapmaqdır. Heç kimə məlum olmayan ölkədə belə, belə ölkə ümumiyyətlə yoxdur, savaş , münaqişə, üsyan olursa, mass-media bunu dərhal yayır. İkincisi Sovetlər Birliyi kimi bir qüdrətli imperiyanın, gücün nəhayət yenməsi, ondan ayrılan ölkələrin taleyi, aqibəti Yaponiya jurnalistikasının gözündən yayına bilməzdi. Sovetdən ayrılan ilk ölkə kontekstində elə məhz o dövrdə azərbaycanlıların mübariz xalq elan olunması kifayət qədər real idi. Başqa xırda məsələlərdə yazarın heç nə gözündən yayınmır. Hadisələrin sürəti ilə yazarın müşahidə sürəti üs-üstə düşür və onları peşəkarlıqla yazıya çevirir. Deyək ki, 2 tip yazar var. Təxəyyül yazarı , reallıq yazarı. Və bu tipləri də bölüb bölüşdürsək ikisində də psixoloji effekt yaradanlar , bədii effekt yaradanlar var. Seymur təxəyyül yazarı deyil. Bədii effektlərdən çox az istifadə edir. Nadir hallarda cümlə bəzəyir. Bunu bacarıb bacarmasından söhbət getmir. Qələmiylə hadisə qura bildiyi üçün əsəri ədəbiyyat məhsuluna çevrilir. Poetik təsvirlərə bir o qədər də ehtiyac qalmır. Məsələn, kəndə xəbər gəlir ki, ermənilər bizimkilərə divan tuturlar. Hamı qızışır. Öc almaq, yumruğa yumruqla cavab vermək lazımdır. Kənd uşaqları başbilənlərin fitvası ilə kənddə nə qədər erməni var hamısını qabaqlarına qatıb məsul adamlara təhvil verməyə aparırlar. Seymur da hoydu-hoyduya düşüb evinə gedib gəldiyi , dost olduğu qoca kişiyə bir təpik vurur. “ Bu mənim özümdən böyük insana atdığım ilk təpik idi ” . Bu cümlə şəxsən mənim üçün oxucu kimi çox qiymətli oldu. Çünki bütün bunlar məndə müharibəyə, insanlar arası münasibətlərə yeni, tamamilə yeni gözlə baxmağa əsas verdi . Belə çıxır ki, savaşa əslində dövlət , “kənar qüvvələr” yox, insanlar başlayır, xalq başlayır. Və belə çıxır ki, xalq döyüşməsə, uşağını əsgər göndərməsə savaşlar da olmaz. Deməli əslində vətənpərvərlik hissi insanları bir-birinə düşmən edir. Ermənilər “Böyük Ermənistan” ideyası ilə yaşamasaydılar biz hamımız bu gün rahat nəfəs alardıq. Deməli vətənpərvərlik əslində ideya yox siyasətdir. Və ermənilər də illərdir bu siyasi hipnoz altındadırlar. “Böyük Ermənistan” idealogiyası əslində“kənar qüvvələrin” xalqın beyninə yeritdiyi xüsusi maddədir. Bununla xalqı istədiyin kimi idarə etmək olur. Komanda verirsən və o kimin üstünə deyirsən şığıyır, nə istəyirsən danışır. Əsərin qəhrəmanı işsizlikdən, boşluqdan, pulsuzluqdan başını itirmiş bir yazardır. Ağlına gələn bütün təşkilatlara mail atıb şansını dənəyir. Bir gün hardansa xəbər gələcəyini, harasa dəvət alacağını gözləyir. Nəhayət bir gün dəvət gəlir. Bu dəvət ölkələr arası dostluq filan janrında bir layihənin həyata keçirilməsi üçün hər tərəfdən bir jurnalistin Ermənistandakı “ Quqark” düşərgəsinə gəlməsini təşkil edən Vanadzor ofisindən olur. İtirəcəyi heç nə yoxdur deyə qəhrəmanımız şələ-şüləsini yığıb nə ola, ola deyibən “Quqark! –a yollanır. Düşmən ölkədə düşmən xalqın içində qəribə hisslər keçirən, insanların şəxsi iradəsindən asılı olmayan səbəblər üzündən bir-birinə düşmən sayılmalarından, mühafizəçilərin müşahidəsində gəzdiyi mühitdən bizim obraz yadına uşaqlığını, savaşa qədərki həyatını, ailəsini, qohum-qonşunu salır. Qaçqınlıq dövrünə qədərki Qarabağ camaatı, savaşın necə başlaması, uşaqların özlərinə silah düzəltmələri bütün incəlikləri ilə xatırlanır. Bəzən bir cümlə ilə bütöv bir hadisəni canlandıra bilir. “Atam evə kefli gələndə itimiz həmişə gizlənərdi.” Oxucuya artıq hər şey aydındır. Səbəb və nəticə bir cümlədədir. Bu cümlələrlə əsər oxucuya müasir nəsrin nə olduğunu göstərə bilir. Müasir nəsr bütöv bir hadisəni bir cümlədə bir sözdə ifadə edir. Klassik ədəbiyatda bu bir az başqa cür idi. Yazıçı hadisəni canlandırmaq üçün onu detallı yazırdı. Müasir nəsrdə yazıçı daha operativ , çevik manevrlərdən istifadə edir. “Mən it kimi anlayırdım , ancaq danışa bilmirdim.” İntuisiyanın hələ nəzəriyyəyə, təcrübəyə keçmədiyi dövrü ifadə edir. Atasının dediyi cümlə “Sən oxu qoy müəllim sənə 2 yazsın” qəhrəmanımız üçün həyat dərsi olur. Yazarın acı yumoru da var. Qaçqın düşəndən sonra ana İrandan oyuncaq gətirib qonum-qonşuya satır. Və arada oğlunun şəxsi əşyalarını da oyuncaqların gözünə qatır. Əlinə keçən hədiyyələri, diplomları, heykəlcikləri, hardansa aldığı mükafatları satır. “Anam aldığım hədiyyələri, mükafatları bir ucdan satırdı. Ona heç nə təsir etmirdi...Qışqırırdım, bağırırdım, deyinirdim, xeyri olmurdu. O, elə hey satırdı” . Burda iki problem qoyulub. Qaçqın düşmüş insanın dolanışıq üçün dəyərlərə satlıq mal kimi baxmağa məcbur olması, bir də övlad valideyin münasibətləri. Oğlunun əlinin, beyninin zəhməti ilə qazandığının para yox , heykəlcik olmasına təəccüblənən ana bu heykəlcikləri xırdalayıb pula çevirmək daha faydalıdır düşünür. Seymur Baycanın yazıçı dili birinci şəxsin dilidir. Bu onda yaxşı və səmimi alınır. Ancaq davamlı əsərlərində baş qəhrəman və birinci şəxs özü olacaqsa temp aşağı düşə bilər. Məncə, Seymurun növbəti birinci şəxsi qadın olsa maraqlı alınar. Dolaşıq süjetdən necə çıxdığını da yazaq, bitsin. Bizim oğlana dəli kimi vurulan erməni qızı Anuş mail-lərində Seymura yalvarır ki, ölkəsini atıb Gürcüstana gəlsin. Özü də öz vətənini, ailəsini atıb gələcəyini yazır. Saakaşviliyə məktub göndərib ondan kömək istəyəcəyini deyir. Əsərin qəhrəmanı qıza sonuncu dəfə yazır:

... “Sənin rahatlığın mənimçün əzizdir, müqəddəsdir. Mən gərək dünyanın ən alçaq adamı olaydım ki, sənin vəziyyətindən, ülvi hisslərindən istifadə edəydim. Vaxt gələcək sən özün mənə təşəkkür edəcəksən”. Onlar ayrılırlar. Sadə , asan və doğru bir sonucdur. Əgər yazar onları evləndirsəydi bütünlüklə real hadisələr əsasında yazılan əsərin sonu romantikayla bitərdi. Sülhə çağırış filan kimi inanılmaz və süni görünərdi. Biz hamımız bilirik ki, sülh iki gəncin evliliyi ilə əmələ gələn iş deyil.

Önəmli saydığım bir məsələni də deyim. Biz heç vaxt 1988 –ci ilin noyabrında Ermənistanın Quqark rayonunda azərbaycanlıların soyqırımından danışmırıq. Bu, tariximizdə “Quqark qırğını” kimi qalıb. Romanda bu haqda bir cümlə belə yazılmayıb. Ancaq ad özü açardır. Oxucu quqarkın nə olduğu ilə istər-istəməz maraqlanacaq. Quqark isə qaz vasitəsilə metalkəsən maşındır.

 

 

Aysel ƏLİZADƏ

 

525-ci qəzet.- 2011.- 30 aprel.- S.26.