AĞLAYAN BÖYÜRTKƏNİN NAĞILI

 

“Nağıllar” silsiləsindən

 

Şimaldan Cənuba aparan o qədim yolun aşağı tərəfi dərin yarğana gedib çıxan sıldırım qayalar, yuxarı tərəfi isə başı qarlı dağlara qalxan meşəlik idi və yol boyu – meşənin ayağı altında – qalın böyürtkən kollarından ibarət zolaq uzandıqca uzanırdı. O meşənin uca və qollu-budaqlı ağacları – palıd, qovaq, zoğal, qoz, yemişan... – bu yolun hələ o vaxtlarına bələd idilər ki, burada asfalt yol yox idi, buradan atlılar çapırdı, faytonlar keçirdi, arabalarla yük daşınırdı, sonra o yolun yolçularını cürbəcür avtomobillər aparıb-gətirməyə başladı, yüklər avtomobillərlə daşındı.

 Elə ki, yazın sonu çatırdı, yayın gəlməyilə bu yerlərdə ta payıza qədər quraqlıq mövsümü başlayırdı və o quraqlıq dövrü həmin qədim yoldan ötən avtomobil təkərlərinin qaldırdığı toz böyürtkən kollarına qonub, onların təravətini əllərindən alırdı, onların yarpaqlarını, salxım-salxım meyvələrini toz bürüyüb, bomboz bozardırdı.

 O Böyürtkən Çubuğu yazda göyərib torpaqdan başını qaldırdı və o günlərdə bolluca yağış yağdığı üçün boyu tez qalxdı, meşənin hündür ağaclarını gördü, göy üzünü gördü, yolu gördü və o Böyürtkən Çubuğu bu ağacları da, göy üzünün açıq, dumduru mavi, tutqun, dolmuş vaxtlarını da, dan yerinin sökülməsini, axşamların qürub çağlarını da, gecələr ayı, ulduzları, gündüzlər günəşi də tərtəmiz, aydın görürdü və hər dəfə də bütün bu gördükləri, elə bil, bir sevinc, fərəh olub, onun sütül gövdəsinə dolurdu.

Beləcə, yazın sonu gəlib çıxdı, yay başladı və yayla bərabər, quraqlıq başladı, o qədim yoldan ötən avtomobil təkərlərinin qaldırdığı tozanaq yol boyu uzanan o böyürtkən kollarının yaşıl yarpaqlarını, yetişib qaralmağa başlamış meyvələrini həmişəki kimi toza bürüdü. Göy üzü də, dan yerinin şəfəqləri də, qürub çağının rəngləri, gecələrin ayı, ulduzları, gündüzlərin günəşi də, elə bil, toza bulaşdı, çünki o Böyürtkən Çubuğu bütün bu gözəlliklərə yalnız toz örtüyünün arxasından baxa bilirdi, bu toz örtüyü get-gedə qatılaşırdı və Böyürtkən Çubuğunun və onun sütül gövdəsindəki o sevincin, fərəhin yerini kədər, qüssə tutmağa başladı.

 Böyürtkən Çubuğunun sütül varlığı daha içinə dolmuş o kədərin, qüssənin acısına dözə bilmirdi. Nə üçün? Nə üçün o hündür ağaclar qış-yay – daima – bu dünyada nə görmək mümkün idisə, onları tərtəmiz görə bilirdi, onların yarpaqlarını toz bürüyüb, bütün dünyanı duman içinə salmırdı, onlar yay-qış – daima – eləcə bir sevincin, fərəhin içində olurdu, ancaq onun – o Böyürtkən Çubuğunun taleyi beləcə tozlu kədər, qəm, qüssə acısına bulaşmalıydı, nə üçün? Nə üçün o ağacların budaqları bir-birindən ayrı olmalıydı, onlar sərbəst nəfəs almalıydı, yüngülcə bir meh əsəndə belə, onların yarpaqları gözəl bir sərinlik içində yellənə-yellənə xışıldayıb, bir-biri ilə söhbət etməliydi, ancaq böyürtkənlər böyüdükcə pırpızaqlaşıb bir-birinə dolaşaraq, kol olmalıydılar və bütün ömürlərini o çirkli kolda, o tozlu xəfəlik içində başa vurmalıydı? O sütül Böyürtkən Çubuğu nə üçün o gözəl quşların yalnız səsini eşitməliydi, tozlu duman arxasından onların uçuşlarını görməliydi, o quşlar tikanlı böyürtkən kollarına yox, ağacların budaqlarına qonmalı idi, yuvalarını ağaclarda qurmalı idi, nə üçün? Və içindəki o kədər, qəm, qüssə sütül Böyürtkən Çubuğunu ağlatdı.

Sütül böyürtkən çubuğu hönkürə-hönkürə ağlayırdı və dayanmaq bilmirdi, qonşu böyürtkən kolları təkcə onun hönkürə-hönkürə pıçıldadığı eyni sözləri eşidirdi:

Nə üçün?..

Nə üçün?..

 Nə üçün?..

Bütün bitkilər kimi, o Böyürtkən Çubuğunun da gözləri – yarpaqları idi və böyürtkən çubuğu hönkür-hönkür ağladıqca, onun yarpaqlarından göz yaşları axmağa başladı.

 Böyürtkən Çubuğunun göz yaşları nazik gövdəsi ilə axıb, dibinə süzülürdü və Böyürtkən Çubuğu get-gedə daha artıq bir hikkə ilə hönkürdükcə, onun göz yaşları da daha çox axıb dibinə tökülürdü. Böyürtkən Çubuğu dayanmadan eləcə hönkür-hönkür ağlayırdı və onun zərif kökləri də dibinə süzülən göz yaşlarını eyni hikkə ilə, kinli-küdurətli bir hərisliklə sovurmağa başlamışdı. Böyürtkən Çubuğu elə ağlayırdı ki, göz yaşları daha damcı-damcı yox, az qala şırhaşır axıb onun dibinə tökülürdü və quraqlığın o vaxtları ki, böyürtkən kolları qalın toz örtüyünün altında susuzluqdan yanırdı, o Çubuğun günbəgün yoğunlayıb qartan, torpağın altında metestaz verib, quyu kimi dairə quraraq, bütün ətrafı qamarlayan kökləri o göz yaşlarını sovurub çubuğa ötürürdü, başqa kolların köklərinin bu göz yaşlarından bircə damla da içməyinə imkan vermirdi.

 Böyürtkən Çubuğu dayanmadan ağlayırdı və göz yaşları arx suyu kimi axıb, dibinə tökülürdü. Onun sütüllüyündən daha əsər-əlamət qalmamışdı, gövdəsi ağac kimi yoğunlamışdı, boyu ağaclar kimi uzanıb, ən yaşlı, qalın böyürtkən kollarını da aşağıda qoymuşdu və o qədim yoldan ötən avtomobil təkərlərinin qopardığı tozanaq da daha ona çatıb, yarpaqlarına qona bilmirdi.

O, gündüzlər günəşi, gecələr isə ayı, ulduzları yenə də eləcə aydın, tərtəmiz görürdü və onun gecə-gündüz dayanmadan ağlamağı o tərtəmiz görüntülərə qətiyyən mane olmurdu, yəqin ona görə ki, bu ağlayış daha qəm-qüssəyə görə deyildi, bu gözyaşları, görünür, təzədən onun içinə dolmuş fərəhin, sevincin gözyaşlarına çevrilmişdi. Dayanmayan bu ağlayış artıq onun həyatının nəfəs almaq, su içmək kimi bir hissəsinə çevrilmişdi və o ağlayırdı, ağladıqca da uzanırdı.

 O, heç vaxt dağların başındakı qarı görməmişdi və uzanaraq, birinci dəfə meşədəki ağacların başı üstündən qarlı zirvələri görəndə onun hönkürtüsü daha da artdı, sevincdən şırhaşır axan gözyaşları içində baxdığı o uzaq zirvələrdəki qarın təmizliyi, elə bil, ona daha artıq ruh, daha artıq həvəs verdi, yarpaqlarından o qədər gözyaşı tökülməyə başladı ki, dibində, torpağın altında spiral kimi dövrə vurmuş yoğun və qart kökləri o gözyaşının hamısını sovurub içməyə güclə macal tapırdı.

 O, daha meşənin hündür ağaclarına da yuxarıdan aşağı baxırdı, həmin qədim yolu indi başdan-başa görürdü və yoldan ötən o avtomobillərə də öz ucalığından ləzzətli bir istehza ilə baxırdı – o avtomobil təkərlərinin qopardığı tozanaq daha onun ən aşağıdakı yarpaqlarına da gəlib çatmırdı.

O, ağlayır və uzanırdı... Onun üçün nə quraqlığın bir əhəmiyyəti var idi, nə payızda yağışların, qışda qarın yağıb-yağmamasının əhəmiyyəti var idi; onun yarpaqlarından axan gözyaşları onu uzandıqca uzandırırdı.

Meşədəki ağaclar əvvəlcə o sütül Böyürtkən Çubuğunun eləcə hönkür-hönkür ağlamağına və uzanmağına lağ ilə baxırdılar, ancaq elə ki, o Böyürtkən Çubuğu öz kolundan aralanıb ağac kimi uzana-uzana gəlib onlara çatmağa başladı, gövdəsi yoğunladı, o zaman meşənin ağacları bu işə mat qaldı, çünki heç vaxt belə bir şey görməmişdilər, eşitməmişdilər, sonra isə yavaş-yavaş o yoğun gövdəli Böyürtkən-Ağacdan qorxmağa başladılarmeşə ağaclarının yarpaqları ona tərəf əsmədi, ağaclar ona yaxın yerlərə toxum atmadı.

 O Böyürtkən-Ağacın yoğun gövdəsindəki tikanlar da böyümüşdü, gövdəsi, elə bil, tikan yox, saysız-hesabsız iri qartal dırnağı çıxarmışdı və onuno Böyürtkən-Ağacın xəbəri yox idi ki, aşağıda, yolun kənarında qalmış böyürtkən kolları bu eybəcər Böyürtkən-Ağaca baxıb, xəcalət çəkirdilər...

 Heç bir quş uçub Böyürtkən-Ağacın tikanlı budaqlarında yuva qurmurdu və bu – öz ucalığından dünyaya baxan Böyürtkən-Ağacın içindəki sevincə bir az qüssə damızdırmağa başlamışdı. Nə üçün onun yoğun gövdəsində, güclü budaqlarında ancaq cürbəcür həşəratlar gəzişməli idi, yarpaqlarında pusqu qurub bir-birini yeməli idi, ancaq gözəl quşlar başqa ağacların budaqlarında yuva qurmalı idi, sübh tezdən başqa ağacların budaqlarında oxumalı idi, nə üçün axşamın qürub vaxtında onların səsi başqa ağacların budaqlarından eşidilməli idi? Heç bir quş onun tikanları arasından böyürtkən dimdikləyib yemirdi və o böyürtkənlər qapqara qaralıb, tamam yetişir, eləcə toxunulmamış salxım kimi də qalaraq, qupquru quruyurdu.

 Böyürtkən-Ağac öz ucalığından həmin gözyaşları içində meşə ağaclarının budaqlarındakı quş yuvalarına baxırdı, o quşların bir-birini sevməyini, yumurtlamağını, qırt oturmaqlarını, cücələrin yumurtaları deşərək, başlarını çıxarıb, heyrətlə bu dünyanın o tərəfinə, bu tərəfinə baxmaqlarını, quşların yuvadakı o cücələrə yem daşımaqlarını, onları yedizdirməklərini görürdü və hiss edirdi ki, elə bil, öz ucalığından seyr etdiyi bu meşəyə, o qədim yola, aşağılarda qalmış o böyürtkən kollarına baxdıqca, onun varlığını dalğa-dalğa xəfif bir kədər bürüyür. Belə məqamlarda Böyürtkən-Ağac gözlərini-yarpaqlarını meşədən, qədim yoldan, böyürtkən kollarından çəkib, göyə, qarlı zirvələrə baxırdı, amma bir az keçəndən sonra təhtəlşüur olaraq yenə də yarpaqlarını meşəyə, qədim yola, yol boyu uzanan və toz basmış böyürtkən kollarına zilləyirdi.

 Böyürtkən-Ağac eləcə ağlayır və ağladıqca da uzanır, boyu buludlara çatırdı. Tutqun havalarda, dolu buludların içində daha nə meşəni görürdü, nə qədim yolu, nə də böyürtkən kollarını və həmin vaxtlar başı qarlı dağlar da görünmürdü, Böyürtkən-Ağac hər tərəfi bürümüş boz bir boşluq içində olurdu. Və meşədəki ağaclar da, o qədim yol da, o böyürtkən kolları da bilmirdi ki, Böyürtkən-Ağac artıq neçə müddətdir ki, ağlamaq istəmir, ancaq bu mümkün olmur, çünki ağlamaq da nəfəs almaq, su içmək kimi onun bu dünyadakı ömrünün bir hissəsi idi. O, ağlamağını saxlaya bilmirdi, elə ki, qalın köklərinin, yoğun gövdəsinin, tikanlarının, bir sözlə, bütün varlığının nəhəng gücünü toplayıb ağlamağını saxlayırdı – elə bil, nəfəsini saxlayırdı – boğulmağa başlayırdı və yarpaqları qaralıb cansız bir şey kimi sallanırdı. Böyürtkən-Ağac daha uzanmaq istəmirdi, ancaq bu onun istəyindən asılı deyildi; o ağlayırdı və uzanırdı.

 Onun gözyaşları daha o qədər çox idi ki, tamam qartmış və get-gedə taqətdən düşən kökləri o gözyaşlarının hamısını içməyə macal tapmırdı, gözyaşı onun spiral kimi qurduğu torpaq quyudan kənara çıxırdı, amma ən qəribəsi bu idi ki, başqa ağacların heç bir kökü şəlalə kimi Böyürtkən-Ağacın yarpaqlarından axıb gələn o gözyaşını içmirdi, torpağın altındakı səmtlərini o spiral quyudan kənara salırdılar.

Bir dəfə çox maraqlı bir hadisə oldu: göyün üzü tamam açıq olan, o uzaq dağ zirvələrinin qarı gün işığında gümüşü bir parıltıyla ağaran bir vaxtda, nəfəs aldıqca havanın təmiz oksigenlə dolu olduğu, bütün ətrafdakı gülün, çiçəyin, otunləfin ətrinin daha artıq hiss olunduğu, aşağılardan gələn gözəl quş, cırcırama səslərinin bir-birinə qarışıb, yuxarıları da bürüdüyü bir məqamda Böyürtkən-Ağac birdən-birə özünü kənardan gördü və başı buludlara çatan o böyük varlığın aqibəti onu sarsıtdı. Nə üçün onun taleyi belə oldu? O Yaradan deyildi ki, istəyi taleyini həll etsin! Bəs, niyə belə oldu? Böyürtkən-Ağac bunu nə o məqamda, nə də sonralar heç cürə başa düşmədi. lll Böyürtkən-Ağac ağlayırdı və uzanırdı... Meşə də, o qədim yol da uzaqlarda qalırdı, böyürtkən kolları isə daha görünməz olurdu, Böyürtkən-Ağac isə eləcə ağlayır və uzanırdı, bu ağlayış yenə kədərlə, qəm-qüssə ilə dolu idi, o, uzanmaq istəmirdi, amma onun istəyi indi tamam mənasız bir şey idi. Qartmış kökləri isə onun gözyaşlarından içə bildiyini içirdi, içə bilmədiyi isə hayıf olub gedirdi.

 Hərdən Böyürtkən-Ağaca elə gəlirdi ki, qədim yol boyu bitmiş böyürtkən kolları istəsələr, onu geri, öz yanlarına qaytara bilərlər, ancaq – əvvəla böyürtkən kolları ona necə kömək edə bilərdilər? – ikincisi də, əslində, böyürtkən kolları heç ona kömək etmək istəmirdilər də, çünki böyürtkən kolları çoxdan ondan küsmüş, onu unutmuş, ona yad olmuşdular. 27 iyun 2010. Quba.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2011.- 30 aprel.- S.21.