“Kamal Abdulla: Yazıdan mifə”
Kamal Abdulla
yaradıcılığının poetikası və
semiotikası məsələlərinə həsr olunmuş
maraqlı və elmi cəhətdən dəyərli bir əsərdir.
Müasir yazıçıların
yaradıcılığı barədə yazan müəlliflər,
adətən, özlərinin ilk təəssüratlarına
daha çox yer verirlər, nəinki yazıçının əsərlərinin
obyektiv mənasına və onların elmi-nəzəri tədqiqinə.
Yəqin ki, burada bir qanunauyğunluq da var. Hələ davam edən
yaradıcılığa, yazıb-yaratmaqda olan
yazıçıya ümumiləşdirici, elmi, nəzəri
baxış sərgiləmək o qədər də asan olmur.
Amma Rüstəm Kamalın
kitabı bu mənada istisna təşkil edir. Yəni onun Kamal
Abdulla yaradıcılığına həsr etdiyi əsəri
sırf elmi yanaşma kimi dəyərləndirilməlidir. Bu
da iki səbəbdən baş verir: birincisi, Kamal Abdullanın
intellektual nəsri, ədəbi-fəlsəfi esseləri, elmi əsərləri
öz adekvat təhlilini məhz elmi-nəzəri yanaşmada
tapa bilir, yəni təhlil olunan materialın özü məhz
bu formanı tələb edir; ikincisi, bəlkə də əsası,
Rüstəm Kamalın ədəbi hadisələrə,
şair və yazıçıların yaradıcılığına,
onların klassik, ya da müasir ədib olmalarından
asılı olmayaraq, tənqidçi-ədəbiyyatşünas
münasibəti dərin təhlil və elmi münasibətdir.
Rüstəm Kamalda ədəbi hadisəni təsvir etmək,
hətta sadəcə olaraq təhlil etmək həvəsi
yoxdur, onu dərindən araşdırmaq, ədəbi hadisənin
bədii və fəlsəfi mahiyyətinə varmaq
bacarığı və istəyi onun yanaşma tərzinin əsasını
təşkil edir. Kamal Abdulla kimi yazıçı-filosof
haqqında Rüstəm Kamal kimi tənqidçi-filosof
yazı yazanda yuxarıda adını çəkdiyimiz əsər
kimi maraqlı, məzmunlu, elmi dəyərə malik bir əsər
alınır. Rüstəm Kamalın kitabı Kamal Abdulla
poetikası haqqında dərin elmi-tədqiqat əsəridir
desəm, səhv etmərəm. R.Kamalın misal gətirdiyi
Dmitrovskinin Qoqol haqqında dedikləri, yəni Qoqol
“yaradıcılığının dərin mənasını
anlamaq və ifadə etmək üçün lüğətimizdə
belə bir söz yoxdur” fikrini ümumən istedadlı və əsl
ədəbiyyata və əsl bədii
yaradıcılığa da aid etmək olar. Çünki əsl
yaradıcılıq əsəri canlı və real həyatın
özü qədər sonsuz və dərin məzmuna malikdir. Onu
birdəfəyə, bir sözlə, hətta bir kitabla əhatə
etmək və açmaq mümkün deyil. Bu həqiqəti
tam mənada K.Abdulla yaradıcılığına, xüsusən
də onun bədii nəsrinə aid etmək olar.
K.Abdulla bədii dünyası da
aydın və birdəfəlik şərhə gələ
bilməyən sonsuz və canlı bir dünyadır. Bu
dünyanın özəlliklərini, gizli mənalarını
(hamısını olmasa da, əsaslarını) açıb
göstərməyə cəhd edən istedadlı ədəbiyyatşünas-alim
və tənqidçi Rüstəm Kamal özünün
orijinal və məzmunlu kitabında qeyri-standart (bununla belə
təhlil olunan ədəbi materiala adekvat olan) baxış
bucağı nümayiş etdirmiş, Kamal Abdullanın
“sirriçində” dünyasına nüfuz etməyə
çalışmış və onun sirlərini açmaq
üçün açar söz kimi Mif anlayışından
istifadə etmişdir. Bu da təsadüfi deyil. K.Abdulla bədii
dünyaduyumunu məhz mifoloji dünyaduyumu adlandırmaq olar.
K.Abdulla keçmişi də, indini də mifoloji
çalarlarda görür. Bu da o deməkdir ki,
yazıçı həyatın üzdə olan empirik məzmununu
deyil, onun dərin simvolik mənasını açmağa cəhd
göstərir. Bunun üçün də mifoloji
dünyaduyum ən uyğun gələn metodoloji
yanaşmadır.
Kamal Abdulla
yaradıcılığını R.Kamal “Yazıdan Mifə”
doğru bir proses kimi təhlil edir, bununla da
yazıçının ardınca indidən keçmişə,
tarixdən mifoloji kökə varmaq istəyir. K.Abdulla adi
görünən hər şeyin mifoloji məğzini,
kökünü və sirli mənasını axtarır. Ona
görə də R.Kamalın “Yazıdan Mifə” təyini dəqiq
və dürüst yanaşma hesab edilməlidir. Onun
K.Abdullanı “neomifoloq” adlandırması da
yazıçının bədii üslubunu və
poetikasını düzgün təyin edir. R.Kamalın
yığcam, bəzən düstur şəklində, aforizm
kimi söylədiyi fikirlərin geniş
açılışı mümkündür. Tənqidçi
özü bunu etmir, oxucunun öhdəsinə buraxır, ona
yalnız istiqamət verir və bir növ onu birlikdə
düşünməyə dəvət edir. Ona görə də
R.Kamalın bu yığcam kitabı K.Abdulla
yaradıcılığının bir çox sirlərinin
açılmasına imkan verir: “Kamal Abdullanın mif fəlsəfəsində
Söz kultu Mif kultu ilə eyniləşmişdir...” “Mifoloji təsəvvür
... bütöv bir yaşayış üsuludur” deyən
K.Abdulla müasir insanların bugünkü
davranışında, düşüncə və fikirlərinin
alt qatında mifin durduğunu və müasir həyat tərzinə,
davranış qaydalarına təsir etdiyini söyləyir. Bu,
əlbəttə, şüurlu şəkildə dərk oluna
bilən, gözə görünən təsir deyildir, dərk
olunmayan və oluna bilməyən təsirdir. Təsir var, onun
dərki isə yoxdur. Bu, tamamilə doğru və elmi fikirdir.
R.Kamal yazıçının
yaradıcılığını, onun əsərlərini
şifrələnmiş bədii dünya kimi qəbul edir və
onun sirli məzmununa çatmaq üçün K.Abdullanın
bədii mətninin kodlarını axtarıb tapır və
onların vasitəsilə mətnin sirlərini və məzmununu
açıqlayır. Bu mənada mif-yazı
qarşıdurması, mifoloji xronotop, gülüş-təbəssüm,
göz-baxış, səs motivi, yuxugörmələr və
s. kodlar kimi, mətnin gizli məğzinə aparan yollar kimi təhlil
edilir. Misal üçün:
“K.Abdullada maraqlı baxış
(görmə) tipləri mövcuddur: uzağı görmə,
qaranlığa baxma. O, uzağı – üfüqləri,
göydə öləziyən, sönən ulduzları,
yollardakı qaraltıları, kölgələri görə
bilir. Çağdaş ədəbiyyatımızda iki
yazıçının qəhrəmanları daim uzağa
baxırlar: Yusif Səmədoğlu və Kamal Abdulla ...
” Yaxud başqa bir misal:
“Akustik kodun intensivliyi mətnləri “səsli” edir. Səs
obrazları hadisələrin mistik mənasını
anlamağa imkan verir”. Bu cür misalların sayını istənilən
qədər artırmaq olar. R.Kamalın ədəbi mətnə,
ədəbi yaradıcılığa öz yanaşma tərzi,
baxış bucağı vardır. O, birbaşa məzmundan,
ayrı-ayrı epizodların və hadisələrin təhlilindən
deyil, ayrı-ayrı kodlardan danışır və bununla da
bədii mətnin gizli sirlərini açmağa nail olur.
R.Kamalın təhlil üsulu semiotik üsuldur. Bu da ənənəvi
təhlildən öz elmiliyi ilə fərqlənir. Bu üsul
K.Abdulla bədii dünyasının bir çox sirlərini
açmağa imkan verir. R.Kamalın kitabında K.Abdullanın
həyatı və tərcümeyi-halı barədə
heç bir məlumat verilmir. Bununla belə bu əsəri
K.Abdullanın elmi tərcümeyi-halı adlandırmaq olar.
Burada yazıçının elmi bioqrafiyasının
bütün məqamları öz əksini
tapmışdır. Oxucu K.Abdulla barəsində həm
dilçi-alim, həm ədəbiyyatşünas, həm
şair və nasir kimi geniş təsəvvür əldə
edə bilir. K.Abdullanın yaradıcılıq dairəsi
çox genişdir və bu rəngarəng və zəngin
yaradıcılığın bütün məqamları
R.Kamalın kitabında öz dərin elmi təhlilini
tapmışdır. Rüstəm Kamal
yazıçının həm əvvəlki, artıq tənqidçilər
tərəfindən kifayət qədər geniş təhlil
edilmiş əsərləri (“Yarımçıq əlyazma”,
“Sehrbazlar dərəsi”), həm də yenicə çapdan
çıxmış romanı (“Unutmağa kimsə yox”)
haqqında maraqlı və yeni fikirlər söyləyir.
“Yarımçıq əlyazma”nı R.Kamal “neoepos”
adlandırır. Burada iki mətn qatı qeyd olunur: Bayandır
xanın apardığı istintaq prosesinin qələmə
alınması və Dədə Qorqudun qeydləri. Birinci halda
casus haqqında komik mətn, ikinci halda isə epik mətn
yaranır. Sokral obrazların (Dədə Qorqud, Qılbaş,
Qazan Xan) və mifoloji situasiyaların “aşağı statuslu
zonalara” daxil edilməsi nəticəsində “sadə və
komik situasiyaların” yaradılması qeyd olunur ki, bunun da
öz dərin mənası vardır. “Sehrbazlar dərəsi”
romanını janr baxımından R.Kamal “spiritual roman”
adlandırır. “Romanın personajları əslində ruhlar
dünyasına mənsubdurlar”. “İçi mistika havası ilə,
təhtəlşüur stixiyası ilə dolu olan bu
romanın özü bütövlükdə bir yuxuya bənzəyir”.
R.Kamalın bu tipli yeni və təkrarsız təyinləri
onun K.Abdulla yaradıcılığına öz baxış
bucağı olduğundan xəbər verir. Bu da kitabı
maraqlı və oxunaqlı edən amillərdən biridir.
Kitabda K.Abdulla yaradıcılığı haqqında təzə
bilgilər verən məqamlar boldur
. K.Abdullanın yeni romanı
(“Unutmağa kimsə yox”) haqqında söz açaraq, R.Kamal
qeyd edir ki, “Kamal Abdulla çağdaş Azərbaycan nəsrinin
təhkiyə resurslarını dəyişən ən cəsarətli
və ciddi islahatçıdır”. Müəllif haqlı
olaraq K.Abdullanı bu baxımdan gənc yazarlara örnək
kimi göstərir. “Klassik nəsrin qapalı, məhdud
süjet məkanından imtina edən müəllif ilk dəfə
olaraq açıq sistem sərgiləyir. Bu əsər yuxu mətni
kimidir: sanki nə əvvəli, nə axırı var”. Bununla
belə romanın dünya modelində “təsadüfi detal,
motiv, yaxud obraz yoxdur”. Bu da o deməkdir ki, K.Abdulla yeni tipli,
yeni struktura malik bədii bütövlük yaratmağa nail
olmuşdur. K.Abdullanın “süjet poetikasının əsasını
təşkil edən” əsas amili R.Kamal paralel
dünyaların mövcudluğunda görür.
R.Kamalın kitabını
oxuyaraq məndə belə bir əminlik yarandı ki, orijinal və
novator yazıçı kimi K.Abdullanın
yaradıcılığını ən adekvat şəkildə
təhlil edən müəllif məhz Rüstəm
Kamaldır. Burada yazıçı ilə tənqidçi
arasında bir yaradıcılıq
doğmalığının olduğunu da qeyd etməmək
olmaz.
Məmməd QOCAYEV,
Filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2011.- 30 aprel.- S.20.