“Qarabağ məsələsi
Macarıstan üçün həssas və aktualdır”
VİLAYƏT QULİYEV: “MACARISTAN PARLAMENTİNDƏ
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ
BAĞLI QƏTNAMƏ LAYİHƏSİNİN QƏBUL
OLUNMASI İSTİQAMƏTİNDƏ İŞ GEDİR”
Azərbaycanın
Macarıstandakı fövqəladə və səlahiyyətli
səfiri Vilayət Quliyev “Trend”ə müsahibə verib. Müsahibəni
oxuculara təqdim edirik.
– Azərbaycanla Macarıstan
arasındakı əməkdaşlığın indiki səviyyəsini
necə qiymətləndirirsiniz?
– Əgər suala bir kəlmə
ilə cavab vermək mümkün olsaydı, təbii ki,
“yaxşı” deyərdim. Macarıstan Şərqi Avropada Azərbaycana
böyük rəğbətlə yanaşan, siyasi, iqtisadi və
humanitar sahələr üzrə əməkdaşlığın
genişlənməsinə maraq göstərən ölkələrdən
biridir. Ötən ilin may ayında keçirilən
seçkilərdə Parlamentdəki yerlərin təxminən
70 faizini qazanaraq koalisiyasız hökumət qurmuş hakim
Fides Partiyası Qafqaz və Mərkəzi Asiya ilə daha
geniş əlaqələr qurulmasını fəaliyyətinin
mühüm istiqamətlərindən biri hesab edir. Bu da
öz-özlüyündə əlaqələrimizin
inkişafı üçün etibarlı zəmin yaradır.
Başqa bir diqqətəlayiq cəhət isə macar cəmiyyətində
son 20 ildə xalqın özünüdərk prosesində
baş verən köklü dəyişikliklərlə
bağlıdır. Sosializm sisteminin mövcudluğu şəraitində
macarlara fin-uqor mənşəli xalq olduqları fikri təlqin
edilirdi. İndi isə qədim macarların-hunların türk
əsilli olmaları ilə bağlı tarixi həqiqət vətəndaşlar
arasında getdikcə daha əsaslı mövqe qazanır. Bunu
ötən ilin avqust ayında ölkənin Burqas bölgəsində
“Turan” cəmiyyətinin xətti ilə keçirilən
Qurultay da bir daha sübut etdi. Bu tarixi-etnoqrafik tədbirdə
üç gün ərzində 170 min nəfərə
yaxın macar vətəndaşı iştirak etdi. Onlar
özlərinin soy-kök etibarı ilə əski türk
olduqları düşüncəsini paylaşan insanlardır. Təbii
ki, belə şəraitdə ölkəmizə, onun tarixinə,
dilinə və mədəniyyətinə maraq artır, sadəcə
azərbaycanlı olduğun üçün macarlar
arasında daha çox diqqət çəkirsən,
onların hörmət və ehtiramını görürsən.
Bu isə digər sahələrdə dərin və səmərəli
münasibətlər qurmaq üçün etibarlı
özüldür. Hesab edirəm ki, münasibətlərin
daha da möhkəmləndirilməsi üçün hər
iki tərəf bir sıra digər amillərlə birlikdə
bu mühüm mənəvi dəyərlərdən də yetərincə
faydalanmalıdır.
– Ölkələrimiz
arasındakı qarşılıqlı ticari-iqtisadi əlaqələrin
inkişaf perspektivləri barəsində nə deyə bilərsiniz?
– Təəssüf ki, hələlik
bu əlaqələrin kifayət qədər geniş və
intensiv olması ilə fəxr edə bilmərik. Konkret rəqəmlərə
əsaslansaq, ötən il Azərbaycanla Macarıstan
arasında xarici ticarət dövriyyəsinin həcmi 14,34
milyon ABŞ dolları təşkil edib. O cümlədən
idxalın həcmi 14,27 milyon ABŞ dolları, ixracın həcmi
0,07 ABŞ dolları olub. Əslində bu rəqəmlər o
qədər də böyük deyil. Amma əvvəlki illə
müqayisədə müəyyən inkişaf tendensiyası
müşahidə edilir. Yenə də konkret rəqəmlərə
müraciət etsəm, 2009-cu illə müqayisədə
Macarıstanla xarici ticarət dövriyyəsi 1,63 faiz, o
cümlədən idxal 1,49 faiz, ixrac isə 40 faiz artıb. Amma
təbii ki, mövcud potensial baxımından bu
imkanlarımızın çox cüzi bir hissəsidir.
Hazırda ölkələrimiz
arasındakı iqtisadi və ticarət əlaqələrinin əsas
istiqamətlərini kənd təsərrüfatı, əczaçılıq
və tikinti sahələri təşkil edir. Yaxın vaxtlarda
həm bu sahələrdə mövcud əlaqələrin
genişləndirilməsi, həm də enerji, turizm, kənd təsərrüfatı
texnologiyalarının istehsalı, kənd təsərrüfatı
məhsullarının konservləşdirilməsi və qablaşdırılması,
nəqliyyat və digər sahələrdə yeni əlaqələrin
qurulması gözlənilir. Hazırda Macarıstan elektronika və
elektrotexnika sənayesinin sürətlə inkişaf etdiyi
dünya ölkələrindən birinə çevrilir. Şübhəsiz,
gələcək iqtisadi münasibətlərimizdə bu
mühüm amil də nəzərə alınmalıdır.
Hər iki tərəf
üçün qarşılıqlı maraq doğuran sahələrdən
biri də turizm sektorunun inkişafıdır. Macarıstan
tarixi abidələrlə zənginliyi, təbiətinin gözəlliyi,
son dərəcə sərfəli yerləşmə
mövqeyi, müalicəvi termal su mənbələri, balneoloji
kurortları ilə turistlər üçün son dərəcə
cəlbedicidir. Zəngin təbii gözəlliklərə,
tarixi və mədəni ənənələrə malik olan
ölkəmiz də son illərdə sürətlə
mühüm turist mərkəzlərindən birinə
çevrilməkdədir. Biz bunu Azərbaycanın Budapeştdəki
Səfirliyindən viza alaraq ölkəmizə səfər edən
macar vətəndaşlarının artım dinamikasından
da aydın görə bilərik. Məsələn, əgər
2008-ci ildə 156, 2009-cu ildə 176 macar vətəndaşı
Azərbaycan vizası üçün müraciət
etmişdisə, 2010-cu ildə bu rəqəm 306-ya, cari ilin
birinci rübü üçün isə 131-ə
çatmışdır. Azərbaycan və Macarıstan
arasında diplomatik və xidməti pasportlara viza tətbiq
olunmadığını nəzərə alsaq gələnlərin
əsasən biznes maraqları və turizm məqsədi
üçün ölkəmizə səfər etdikləri
aşkara çıxır.
Son illərdə
qarşılıqlı biznes əlaqələrinin
qurulmasına maraq artmaqdadır. Belə maraqların həyata
keçirilməsinin sadələşdirilməsi və ikitərəfli
ticarət əlaqələrinin daha intensiv şəkildə
qurulması məqsədi ilə 2010-cu ildə Macarıstan
iş adamlarının təşəbbüsü ilə “Azərinvest”
şirkəti təsis edilmişdir. Macarıstan
İşçiləri və Sənayeçiləri
Konfederasiyasının və digər iki macar şirkətinin
təsisçiliyi ilə yaradılan “Azərinvest” iki ölkənin
biznes dairələri arasında əlaqələndirici rolunu
öz üzərinə götürüb. Bu da yaxın
zamanlarda bir sıra layihələrin həyata keçiriləcəyinə
ümid yaradır.
Eyni zamanda iki ölkə
arasında İqtisadi Əməkdaşlıq üzrə
Hökumətlərarası Birgə Komissiya fəaliyyət
göstərir. Azərbaycan tərəfdən bu komissiyaya
İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Macarıstan tərəfdən
isə Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi
xanım Roza Nad rəhbərlik edir. Keçən ilin
fevralında Komissiyanın ilk iclası Budapeşt şəhərində
keçirilmişdir. İclas zamanı
qarşılıqlı əməkdaşlığın əsas
istiqamətləri müəyyən edilmiş, müvafiq niyyət
Protokolu imzalanıb.
– Yanvar ayından etibarən
Macarıstan Avropa İttifaqına sədrlik edir. Bu ölkənin
Aİ-yə sədrliyi çərçivəsində Azərbaycanla
Macarıstanın əməkdaşlığı ölkəmizə
nə vəd edir?
– Macarıstanın Aİ-yə
sədrliyi dövründə Azərbaycanla bağlı nəzərdə
tutulan ən mühüm tədbir Avropa İttifaqı rəhbərliyinin,
ABŞ dövlət katibinin, quruma üzv olan ölkələrin
liderlərinin və 6 postsovet ölkənin (Azərbaycan,
Gürcüstan, Ermənistan, Ukrayna, Belorus, Moldova) dövlət
başçılarının iştirakı ilə “Şərq
Tərəfdaşlığı” sammitinin keçirilməsi
idi. Lakin mart ayının ortalarında Aİ rəhbərliyinin
və Macarıstanın birgə razılığı ilə
sammitin keçirilməsi “Şərq Tərəfdaşlığı”
ideyasının təşəbbüskarlarından biri və
növbəti yarım il üçün Aİ-yə sədrlik
edəcək Polşaya həvalə olundu. Təbii ki, bu vəziyyət
əvvəlcədən razılaşdırılmış
iş planında ciddi dəyişikliklərin
aparılmasına təkan verdi. Məsələn, Azərbaycan
prezidenti İlham Əliyevin “Şərq Tərəfdaşlığı”
sammitində iştirak etmək məqsədi ilə bu il may
ayının 24-26-da Budapeştə səfəri artıq aktual
deyildir. Eyni zamanda Macarıstanın xarici işlər naziri
Yanuş Martoninin Aİ-yə sədrlik edən ölkənin
xarici siyasət idarəsinin rəhbəri qismində ölkəmizə
səfəri təxirə salınıb.
Macarıstanın Aİ-yə
sədrliyinin böyük bir hissəsi artıq arxada
qalmışdır. Əslində üzv dövlətlərin
bu ümumavropa qurumuna rəhbərlik etməsi daha çox
protokol xarakteri daşıyır və bu baxımdan hər
hansı ölkənin, xüsusən də bəlli səbəblər
üzündən hələ Avropa siyasətində həlledici
söz sahibi olmayan Şərqi Avropa ölkələrinin sədrliyi
zamanı hansısa mühüm və ciddi dəyişikliklərin
baş verəcəyi az ehtimal olunandır. Üzv ölkələrin
yarım illik sədrliyi zamanı da Avropa İttifaqına rəhbərlik
Brüsseldən həyata keçirilir, bütün ciddi qərarlar
burada qəbul olunur. Sədr ölkələr sadəcə
kollegial qərarın həyata keçirilməsinə nəzarət
edirlər.
Fikrimi konkret misalla əyaniləşdirmək
istərdim. Hələ ötən ilin noyabr ayında
Macarıstanın Aİ-yə sədrliyi ərəfəsində
ölkənin xarici işlər naziri Yanuş Martoninin
diplomatik korpus qarşısında sədrliklə bağlı
məqsəd və vəzifələr haqqında
çıxışı təşkil olunmuşdu. Mən
orada 2000-2002-ci illərdə birgə fəaliyyət
dövründən yaxşı tanıdığım cənab
Martonidən Macarıstanın sədrliyi zamanı “Şərq
Tərəfdaşlığı” proqramına daxil olan ölkələrdəki
(Azərbaycan, Gürcüstan, Moldova) mövcud münaqişələrin
həlli ilə bağlı hansı konkret addımlar atmaq niyyətində
olduğunu soruşdum. Təbii ki, hörmətli nazirin
cavabında heç bir yenilik və qeyri-adilik olmadı. O,
Avropa İttifaqının həmin münaqişələrlə
bağlı mövcud qərar və qətnamələrini əldə
rəhbər tutacaqlarını bildirdi.
Amma istənilən halda
Aİ üzvü olan hər bir ölkənin, xüsusən də
Azərbaycana dost münasibəti ilə seçilən
Macarıstanın imkanlarından yararlanmalıyıq. Bu mənada
Macarıstan sədrliyi dövründə Qağlıq
Qarabağ münaqişəsi ilə bağlı hər hansı
prinsipial sənədin qəbul olunmasına
çalışırıq.
–Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
Macarıstanın hazırkı mövqeyi necədir?
– Macarıstan Azərbaycanın
ərazi bütövlüyünü və sərhəd
toxunulmazlığını tanıyır, münaqişənin
beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə
isə ərazi bütünlüyü əsasında həll
olunmasına, BMT-nin münaqişənin həlli ilə
bağlı 4 qətnaməsinə tərəfdar
çıxır. Qeyd etməliyəm ki, bu məsələ
Macarıstan üçün həssas və aktualdır. Çünki
XX əsrdəki iki dünya müharibəsi nəticəsində
ölkə öz ərazisinin xeyli hissəsini itirib. Qonşu
ölkələrdə yaşayan macar azlıqlar bir sıra
çətinliklərlə üzləşirlər. Ona
görə də Azərbaycanın
qarşılaşdığı problemlər burada daha
aydın başa düşülür.
Macarıstanın münaqişənin ədalətli həlli ilə bağlı mövqeyi Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin fevralında Budapeştə dövlət səfəri zamanı qəbul olunmuş “Birgə Bəyannamə”də, xarici işlər nazirləri səviyyəsində imzalanmış sənədlərdə öz əksini tapıb. Ölkədəki son parlament seçkilərindən sonra, ötən il may ayının 31-də Macarıstan XİN-in yaydığı bəyanatda da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi müdafiə olunur.
Hazırda Macarıstan Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin qəbul olunması istiqamətində iş gedir.
Layihənin müəllifi parlamentin deputatı, Macarıstan-Azərbaycan dostluq qrupunun sədri, Parlamentin xarici əlaqələr komitəsinin sədr müavini Marton Dyöndöşüdür. O, ölkənin ali qanunvericilik orqanında 47 deputatla təmsil olunan “Daha yaxşı Macarıstan uğrunda – “Yobbik” partiyasının rəhbərliyinə daxildir. Bu yaxınlarda partiya xətti ilə ictimai dairələr və mətbuat qarşısında layihənin təqdimat mərasimi keçirilib. Partiya öz saytında, habelə youtube-də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı haqqında video material yerləşdirib. Yaxın günlərdə layihə Parlamentin xarici əlaqələr komitəsində müzakirəyə çıxarılacaq. Erməni təbliğat maşını bu sənədin qəbul edilməsinin qarşısını almaq üçün indidən özünün bütün qüvvə və imkanlarını səfərbərliyə almışdır.
Bir neçə gün əvvəl mənim Macarıstanın aparıcı mətbuat orqanlarının – “Macar nemzet”, “Nepsabadşaq”, “Macar hirlap” və s. qəzetlərin rəhbərləri və xarici siyasət sahəsində ixtisaslaşan müxbirləri ilə görüşüm keçirildi. Deməliyəm ki, macar mediasının münaqişə haqqında ümumən obyektiv məlumatı var. Məlum Ramil Səfərov olayından sonra böyük miqyas alan erməni təbliğatının bütün uydurmalarına baxmayaraq əksər macar jurnalistləri və media orqanları Azərbaycanın bu münaqişədə böyük maddi və mənəvi itkilərə məruz qalan tərəf olması fikrini qəbul və müdafiə edirlər. Şübhəsiz, həm macar siyasi isteblişmentinin, həm də sıravi macar vətəndaşlarının münaqişə, onun ağır nəticələri, ölkəmizin Dağlıq Qarabağ düyününü dinc vasitələrlə çözmək istiqamətindəki səylərini məlumatlandırılması üçün həmin media mənsublarının Azərbaycana səfərlərinin təşkili son dərəcə vacibdir. Biz belə məsələlərdə respublikamızın müvafiq qurumlarından daha həssas və operativ mövqe gözləyirik.
– Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq prosesi necə gedir? Humanitar sahədə hansı layihələr həyata keçirilir?
– Turizm sektoru barəsində əvvəldə müəyyən məlumat verdim. Humanitar sahəyə gəldikdə isə Macarıstanda Azərbaycan Səfirliyinin təsis edildiyi gündən bu məsələ daim diqqət mərkəzində dayanmışdır. Çünki çağdaş dünyada hər bir xalqın və dövlətin özünü tanıtması üçün ən təsirli və səmərəli vasitələrdən biri mədəniyyətin təbliğidir. Üstəlik də macar xalqı Azərbaycanın mənəvi sərvətlərinə xüsusi maraq göstərir.
Məhz bu marağı yetərincə təmin etmək və lazımi məcraya yönəltmək üçün biz müxtəlif vasitələrdən istifadə edirik. İndiyə qədər Səfirlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın qədim və müasir tarixi, dili, mədəniyyəti, iqtisadiyyatı, mətbəxi ilə bağlı mövzularda macar dilində 30-dan artıq kitab nəşr edilib. Azərbaycan ədəbiyyatının “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi monumental nümunələri Səfirliyin yardımı ilə macar dilinə çevrilmiş və böyük tirajla çap olunub. İndi Füzulinin və C.Məmmədquluzadənin seçilmiş əsərlərinin macar dilinə tərcüməsi tamamlanmaq üzrədir. Hazır nəşrlər Macarıstanın 100-dən artıq kitabxanasına, habelə ölkədəki bütün universitetlərə hədiyyə edilmişdir.
2006-cı ildən başlayaraq Səfirlik hər il Azərbaycan və Macarıstan Elmlər Akademiyaları, AR-nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Azərbaycan, macar və bir sıra digər ölkələrin alimlərinin iştirakı ilə “Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu” adlı beynəlxalq konfrans keçirir. Artıq indiyə qədər 5 belə konfrans keçirilmiş və Azərbaycanla bağlı mövzularda 200-ə yaxın elmi məruzə macar dilində çap olunub. Həm də diqqətəlayiq haldır ki, Azərbaycan tarixi, mədəniyyəti, etnogenezi haqqında fikir söyləyənlərin əksəriyyəti Macarıstanın tanınmış alimləridir. Onların sırasında elmlər akademiyasının həqiqi və müxbir üzvləri, institut direktorları, universitet professorları vardır. Biz hər il konfransın materiallarını macar dilində nəşr edir və ölkənin kitabxana şəbəkəsi vasitəsi ilə yayırıq.
Səfirlik tərəfindən indiyə qədər 6 muğam, 6 simfonik konsert, habelə Qədim Xalq Çalğı Alətləri ansamblının konserti təşkil olunmuşdur. Bu konsertlər Budapeştdə böyük maraqla qarşılanmışdır. “Azərbaycan kinosu həftəsi” və “Cavad xan” filminin təqdimat xarakterli nümayişi, habelə V.Mustafayevin “Heydər Əliyev: Bir həsədin tarixi” sənədli filminin və klassik “O olmasın bu olsun” komediyasının macar dilinə dublyajı da çağdaş kinomuz haqqında müəyyən təsəvvürlərin formalaşmasına yardımçı olub.
Macarıstanda azərbaycanlı gənclərin təhsili üçün şərait yaradılması humanitar sahədə Səfirliyin xüsusi önəm verdiyi istiqamətlərdən biridir. Hazırda yalnız Soros fondunun maliyyələşdirdiyi Mərkəzi Avropa universitetlərində deyil, Korvinus, Gödelli kimi universitetlərdə də azərbaycanlı tələbələr təhsil alırlar. Səfirliyin təşəbbüsü ilə Naxçıvan Dövlət Universiteti ilə Debretsen Universiteti, Bakı Slavyan Universiteti ilə Korvinus Universiteti arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Mütəmadi olaraq müxtəlif ali məktəblərdə keçirdiyimiz “Azərbaycan günləri” macar gənclərinin ölkəmiz, tarix və mədəniyyətimiz haqqında müəyyən məlumat əldə etməsinə yardım göstərir.
Macarıstan ziyalıları, xüsusən də humanitar sahədə çalışan alimlər Azərbaycanla ciddi maraqlanır, xalqlarımız mənşəyinin, soy-kökünün eyniliyi getdikcə daha ciddi şəkildə elmi-siyasi fikrin gündəliyinə çıxır. Bütün bunlar isə Macarıstanla humanitar sahədəki əlaqələrimizi genişləndirməyi zərurətə çevirir.
– Azərbaycan qazının Avropaya ixracını nəzərdə tutan AGRİ layihəsində Macarıstanın iştirak səviyyəsini necə dəyərləndirirsiniz?
– Macarıstan AGRİ layihəsi ilə kifayət qədər ciddi şəkildə maraqlanır. Ölkənin Baş naziri Viktor Orbanın ötən ilin sentyabr ayında Azərbaycana səfəri və AGRİ sammitində iştirakı da bunu göstərir. Macarıstan layihəyə nisbətən gec qoşulsa da, qısa bir zamanda onun etibarlı tərəfdarlarından birinə çevrildi, bütün sənədlərin imzalanmasında, öhdəliklərin qəbulunda bərabərhüquqlu tərəf kimi çıxış etdi. Bu da ölkənin alternativ enerji qaynaqlarına ciddi ehtiyacından irəli gəlir. Xüsusilə Aİ-yə sədrlik etdiyi indiki mərhələdə Macarıstan AGRİ layihəsinə həm də Avropanın enerji təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi yanaşır. Çünki bu layihənin həyata keçiriləcəyi təqdirdə Azərbaycan qazının təkcə Macarıstana deyil, eyni zamanda digər Avropa ölkələrinə nəqli imkanları daha real görünür. Layihə uğur qazanarsa Macarıstan hətta qaz ixracı baxımından tranzit ölkəyə çevrilə bilər.
Amma təbii ki, xoş niyyətin ifadəsindən konkret işlərin həyata keçirilməsinə qədər mühüm bir yol qət edilməlidir. AGRİ kifayət qədər çoxmərhələli və bahalı layihədir. Ciddi rəqabət şəraitində Azərbaycan öz təbii resurslarını Avropa bazarına çıxarmaqla bağlı siyasi iradə nümayiş etdirmişdir. AGRİ sammitinin Bakıda keçirilməsi də bunun sübutudur. Texniki-maliyyə məsələlərinin öz həllini tapması isə layihədə iştirak edən ölkələrin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində maraqlı olan Avropa Birliyinin gələcək səyləri ilə sıx bağlıdır. Macarıstan rəsmiləri ilə keçirdiyimiz görüşlər AGRİ layihəsinin bu ölkədəki tərəfdarlarının sayının çox olduğunu göstərir. Əlbəttə, skeptiklər də az deyil. Lakin bütünlükdə, digər mövcud enerji layihələri ilə müqayisədə AGRİ Macarıstanda daha ümidverici və perspektivli görünür.
– Macarıstan “Nabukko” layihəsinin iştirakçılarından biridir. Bu layihədə isə əsas qaz ixracatçılarından biri kimi Azərbaycanın adı çəkilir. Həmin layihə barəsində, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mövqeyinin əhəmiyyəti barəsində nə düşünürsünüz?
– Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2 trilyon kubmetrdir. Reallıqda isə minimal potensial ehtiyatlarımız 5 trilyon kubmetrə yaxındır. Bu da ölkəmizin hələ onilliklər boyu mühüm qaz ixracatçılarından biri kimi çıxış etməsinə əsaslı zəmin yaradır. Zəngin ehtiyatların mövcudluğu Azərbaycanın “Nabukko”, AGRİ və digər enerji layihələrində iştirakına imkan yaradır.
Məlum olduğu kimi, “Nabukko” gündəmdə 2002-ci ildən dayanır. Layihə gücü ildə 26-32 milyard kubmetr olan 3300 km uzunluğundakı kəmər Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə, ilk növbədə isə Almaniya və Avstriyaya ixracı nəzərdə tutulur. Layihənin ilkin xərcləri 7,9 milyard avro həcmində müəyyən edilib. Lakin Böyük Britaniyanın “Qardian” qəzetinin bu yaxınlarda bp şirkətinə istinadən yaydığı məlumata görə dünya miqyasında bir sıra xammal məmulatlarının, ilk növbədə isə dəmir filizinin bahalaşması nəticəsində indi layihənin həyata keçirilməsi üçün 14 milyard avro tələb olunur. “Nabukko” kəmərinin tikintisini bu il başlayıb 2014-cü ildə başa çatdırmaq nəzərdə tutulurdu. İndi isə həmin tarix dəyişdirilmişdir. “Nabukko” 2017-ci illə, Azərbaycanın Şahdəniz yatağında qazın kommersiya hasilatına başlanacağı tarixlə əlaqələndirilib. Avstriyanın OMV, Türkiyənin BOTAŞ, Almaniyanın RWE şirkətləri ilə birlikdə Macarıstanın MOL şirkəti də “Nabukko” layihəsi ilə bağlı yaradılmış beynəlxalq konsorsiumda iştirak edir.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun bu ilin fevral ayında ölkəmizə səfəri və Prezident İlham Əliyevlə apardığı danışıqlar ümumavropa miqyasında həm “Nabukko” layihəsinə, həm də onun reallaşması baxımından əsas oyunçulardan biri olan Azərbaycana mühüm önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, layihənin reallığa çevrilməsi təkcə Azərbaycanın qaz ehtiyatlarının həcmindən, yaxud ölkəmizin siyasi iradəsindən asılı deyildir. Siyasi fikir ayrılıqlarının tənzimlənməsi və zəruri maliyyə qaynaqlarının tapılması da daxil olmaqla burada bir sıra mühüm maneələrin aradan qaldırılması Macarıstanın da üzv olduğu Avropa İttifaqının üzərinə düşür.
– Bu il Macarıstanla Azərbaycan arasında hansı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi gözlənilir?
– Ümid edirəm ki, ilk növbədə xarici işlər naziri Yanoş Martoninin təxirə salınmış səfəri baş tutacaq. Rəsmi qaynaqlardan aldığımız məlumata görə, Macarıstan Respublikasının Prezidenti Pal Şmitt bu ilin oktyabr ayında Bakıya rəsmi səfərə gəlməyi planlaşdırır. Ədliyyə nazirinin, yaxud həmin nazirliyin dövlət katibinin (nazirin birinci müavini) ölkəmizə səfəri ilə bağlı hazırlıq işləri aparılır. Bu ilin payızında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası birgə komissiyasının ikinci iclasının Bakıda keçirilməsi də gündəlikdə dayanır. Səfərlərin çoxunun ilin ikinci yarısına təsadüf etməsi Macarıstanın Aİ-yə sədrliyi və bununla əlaqədar meydana çıxan vaxt məhdudiyyəti ilə bağlıdır. İki ölkənin müxtəlif dövlət qurumları arasında bir neçə sənəd tam şəkildə razılaşdırılmış və imzalanmağa hazır vəziyyətə gətirilmişdir. Təbii ki, bu da öz növbəsində Azərbaycan və Macarıstanın hökumət nümayəndələrinin qarşılıqlı səfərlərini zərurətə çevirir.
– Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibəti ilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu baxımdan xaricdəki diplomatik missiyalarımızın da üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Macarıstandakı səfirliyimiz mühüm yubiley münasibəti ilə hansı işləri görməyi planlaşdırır?
– Mühüm siyasi əhəmiyyətə malik olan bu ildönümünə ciddi hazırlaşırıq. Noyabr ayında “III Respublikanın 20 ili” adlı beynəlxalq konfrans keçirəcəyik. Onun işində Azərbaycan və macar alimlərinin, politoloqların, siyasətçilərin iştirakı nəzərdə tutulur. May ayından başlayaraq Səfirlikdə “20 ildə keçilən yol” ümumi adı altında silsilə “dəyirmi masa”lar təşkil edəcəyik. Mayın 4-nə planlaşdırdığımız ilk belə tədbirin qonağı tanınmış macar diplomatı, 1992-1993- cü illərdə Macarıstanın BMT-də daimi nümayəndəsi, hazırda Budapeştdəki Korvinus Universitetinin professoru Andre Ernöş olacaq. Həmin dövrdə Macarıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü idi və cənab Ernöş Dağlıq Qarabağa dair qətnamələrin hazırlanmasında və qəbul edilməsində yaxından iştirak etmişdi. Macar diplomatının Səfirlikdə toplayacağımız beynəlmiləl auditoriya qarşısındakı məruzəsi “Cənubi Qafqazdakı münaqişələr: onların regional sabitlik və əməkdaşlığa təsiri” adlanır. Ümid edirik ki, münaqişənin həlli ilə bağlı tarixi sənədlərin qəbulunda iştirak edən diplomatın açıqlamaları Azərbaycanın ədalətli mövqeyi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirəcəkdir. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar bir neçə kitabın çapı da planlarımıza daxildir. Bu silsilədən macar tarixçisi Borbola Obruşanskanın “Azərbaycana səyahət”, Kamal Abdulla və Mariya Keneşinin “Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili” kitabları artıq çap edilmişdir. Bu günlərdə məşhur xalçaçı alim Röya Tağıyevanın Səfirliyin təşəbbüsü ilə macar dilinə çevrilmiş “Azərbaycan xalçası” kitabının nəfis nəşri də işıq üzü görəcək. İlin sonuna qədər isə “Azərbaycan: 100 sual, 100 cavab” kitabını macar oxucularına təqdim edəcəyik. Mətbuatda və elektron KİV-də Azərbaycanın son 20 ildə keçdiyi mürəkkəb yolun, əldə etdiyi uğurların təbliğ olunması, mətbuat konfranslarının və sərgilərin təşkili görəcəyimiz işlər sırasındadır. Bütünlükdə dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi ölkəmiz haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox gözəl bir imkandır və biz bu imkandan maksimum şəkildə yararlanmalıyıq.
Vilayət Quliyev
525-ci qəzet.- 2011.- 30 aprel.- S.8-9.