Əsgər Fərhadi psixologizmi

 

1972-ci ildə İsfahanda doğulan, Tehran Universitetində dram rejissorluğu ixtisasına yiyələnən, qısametraljı filmlər, seriallar üçün ssenarilər yazan, bir müddət televiziyada çalışan Əsgər Fərhadinin (1972) “Tozanaqda rəqs” (ssenari müəllifi Əlirza Bazrafşanyan, Əsgər Fərhadi, Məhəmmədrza Fazili 2003) filmində azəri türkü Reyhanə (Baran Kosari) adlı qızla evlənən Nəzərin (Yusif Xodapərəst) dayısının zəmanəti ilə toy üçün bankdan kredit götürsə də valideynlərinin təhriki ilə ailəsindən ayrılması izlənilir. Anasının fahişəlikdə günahlandırdığı Reyhandan ayrılmalı olan Nəzərin qızın ailəsinə ödəməli olduğu borc filmin hərəkətverici qüvvəsinə çevrilir. Banka borcu olduğundan düşəcəyi həbsxanadan qaçmaq üçün səhraya qaçan Nəzərin həbsxanadan qaçaraq səhrada atılmış mikroavtobusda yaşayan ilantutan Qoca (Fərəməz Qəribyan) ilə təmasa girə bilməməsi yeni ziddiyyət yaradır. Pul qazanmaq üçün ilan tutmağa məcbur olaraq ilk uğursuz həmləsində ölməmək üçün Nəzərin barmağını kəlbətinlə kəsməsi hadisələrin məğzini açır.

2003-cü ilin Moskva kinofestivalında Rusiya kino tənqidçilərinin “Fil” mükafatını qazanan “Tozanqda rəqs” filmi Əsgər Fərhadinin debüt uğurunu təsdiqi oldu. Bu festivalda “Ən yaxşı kişi roluna görə” mükafatını qazanan Fərəməz Qəribyanın peşəkar aktyor təhsili görməyib, sadəcə ayaqqabı mağazasında satıcı işləməsi, filmdən sonra gözləri yaşaran jurnalistləri heyrətləndirən fakta çevrilməklə Əsgər Fərhadinin aktyorla çalışmaq bacarığını da önə çəkdi.

 

lll

 

Əsgər Fərhadinin öz ssenarisi ilə çəkdiyi “Qəşəng şəhər” (2004) filmində sevdiyi qızı qətlə yetirməklə ölüm cəzasına məhkum olunan on səkkiz yaşlı Əkbərdən bəhs edir. Qanpulu barədə söhbətin üzə çıxması şəriət qanunlarına nabələdlər üçün müəmmalı görünsə də, filmdə insanların dərin psixoloji münasibətlər sistemi önə çəkilir. Əkbərin Tehran yaxınlığında, dəmir yolu xəttinin evlərin arasından keçdiyi gecəqonduda körpə uşağı ilə yaşayan, tiryək alveri ilə məşğul olan, tez-tez bir ay müddətinə həbs olunan ərindən boşandığını qonşulardan gizlədən, yeganə qardaşının bağışlanmasını xahiş etdiyi Əbdülqasım Rəhmətinin dəfələrlə söyüb, döyüb qovduğu bacısı Firuzənin (Təranə Əlidostu) həyatının dramatizmi bütün çılpaqlığı ilə üzə çıxmaqla strukturu zənginləşdirir. Əlo Pursalehi ilə Firuzə arasında yaranan ünsiyyətin fonunda (onların uzun-uzadı siqaret çəkmələri istisna olunmaqla) Əbdülqasım Rəhmətinin ikinci arvadının əl ağacı ilə güclə gəzən yeniyetmə qızı Süməyyanı qanpulu əvəzinə ərə vermək istəməsi psixologizmi daha da artır. Əlo Pursalehinin dostunu xilas etmək naminə Süməyya və yaxud qəlbinin hökmü ilə Firuzəyə evlənəcəyi tamaşaçının ixtiyarına buraxılması finalı mücərrədləşdirsə də, yalnız sevgi ilə qalib gəlməyin mümkünlüyü psixologizm müstəvisində təsdiqlənir.

 

lll

 

Əsgər Fərhadinin “Çərşənbə atəşfəşanlığı” (ssenari müəllifləri Əsgər Fərhadi, Mani Həqiqi, 2006) filmində ilaxır çərşənbəsi günündə, Tehranın geniş küçələrindən birində, hərəkətdə olan motosikldə tərkində oturan arvadı Ruhinin (Təranə Əlidusti) fotoşəklinə baxmaqla yoldan çıxıb yıxılan Əbdülrza xoşbəxtliyin aniliyini təsdiqləyir. Ailənin Novruz bayramını keçirmək üçün ertəsi gün Dubaya getməyə hazırlaşdıqları məqamda Müjdənin diktəsi ilə səfərdən vaz keçilməsi Mortezanın günahsız qurbana çevrilməsinə səbəb olur.

 

lll

 

Əsgər Fərhadinin “Ellinin hekayəti” (ssenari müəllifi Əsgər Fərhadi, Azad Cəfəryani.2009) filmində hadisələr uzun illər Almaniyada yaşayıb ailəsi dağıldıqdan sonra bir neçə günlük istirahət üçün vətəni İrana qayıdan Əhmədin (Şahab Hüseyni) vaxtilə universitetdə birgə oxuduğu dostlarla keçirdiyi günlər Xəzərin cənub sahilində üç gün ərzində, ortabab zümrəni təmsil edən üç ailənin timsalında psixoloji zəmində təsvir olunur. Bu tətilin düzənlənməsində əsas fiqur sayılan qətiyyətli Sənidehin (Sulşifte Farahani) bir kimsəyə demədən dəvət etdiyi, balaca qızının uşaq baxçasında tərbiyəçisi Ellini (Təranə Əlidusti) ailə həyatı alınmayan Əhmədə yaraşdırması psixoloji gözlənilməzliklər yaradır. Dəniz sahilində kirayələnən, çoxdan bəri bir kimsənin yaşamadığı köhnə bağ evində him-cimlə danışmaq məharəti Ellinin gözəlliyini birə beş artırır.

Ətrafdakıların zarafatları, rişxəndləri fonunda, tətilin ikinci günü münasibətlərin az qala formalaşdığı məqamda buradan çıxıb getmək istəyini dilə gətirən Elli, sanki Əhmədlə ailə həyatının alınmayacağını sezir. Ellinin havaya qaldırdığı əlvan çərpələngin uçuşuna sevinməklə, az qala dənizdə batan balaca oğlanın – Arəşin xilası fonunda yaranan həyəcan, Sənidehin əri tərəfindən döyülməsi, ailələrin arasında nifaq düşməsi filmin dinamik ovqatını artırır. Qayıqları ilə üzüb gələn xilasedicilərdən sonra gecəyarıya qədər avtomaşınların işığı altındakı axtarışlar da səmərə vermədikdə, gələn polisin yalnız qısa adı bilinən, soyadının belə naməlum qalan Ellinin söhbətlərinin, hətta cərrahiyyə əməliyyatından çıxmış anası ilə telefon danışıqları ölüm və günahkar axtarışı zəminində, sosial-siyasi müstəvidə çözülməsi psixologizmi artırır.

“Ellinin hekayəti” filminin 59-cu Berlin festivalında ən yaxşı rejissor işinə görə ”Gümüş ayı” mükafatı qazanması, psixoloji dram janrının sirlərinə bələd olan Əsgər Fərhadinin peşəkar üslub göstəricilərinin durmadan artığını təsdiqlədi.

 

lll

 

“Ellinin hekayəti”nin davamı sayılan “Nader və Simin, boşanma” (2011) filmi isə on dörd il evli olub, Tərmeh adlı on bir yaşlı qızları olan, ortabab həyat sürən Tehran sakinləri Naderlə (Peyman Moadi) Siminin (Leyla Hatəmi) boşanmaq fikrinə düşmələri ilə başlayır. Müasir və mühafizəkar təfəkkür tərzini qarşı-qarşıya qoyan bu filmdə qızını qapalı mühitdə böyütmək istəməyən Siminin ölkəni tərk etmək istəyinə altseyqeymera – yaddaşın, nitqin fəaliyyətini məhdudlaşdıran xəstəliyindən əziyyət çəkən atasını qoyub getmək istəməməsi boşanmağın qarşısını kəsən amilə çevrilir. Siminin müraciət etdiyi məhkəmənin Naderin tərəfini tutması, ailəni dağıtmaq istəməməsi hadisələri qızışdırır. Məhkəmənin ərinin tərəfini saxladığını görən Siminin anasının yanına köçməsi Naderin xəstə atasına baxmaq üçün əri işsiz olduğundan maddi ehtiyacı olan Raziyə adlı qadını evə gətirməsi yeni personajları struktura qoşur. Nadirin evdən pul oğurlamaqda şübhələndiyi Raziyənin xəstə naməhrəm qocanın islatdığı alt tumanını dəyişib-dəyişməmək, yad kişiyə toxunub-toxunmamaq məsələsini “olum, ya ölüm” kontekstində əzabla götür-qoy etməsi dini qadağaların şərtiliyini səciyyələndirir. Həkimə gedərkən Raziyənin əlacsız qalıb çarpayıya bağladığı xəstə qocanı ölüm ayağında görən Naderin günahkar sayıb evdən bayıra atdığı, pillələrdən yıxılaraq əzilən, ertəsi gün dörd aylıq uşağının tələf olması dramatizmi qızışdırır. Nadirin qadının hamilə olduğunu bilib-bilməməsinin ölüm hadisəsinin araşdırılması kimi bürokratik hüquqi müstəviyə gətirilməsi, balaca Termehin atasının xeyrinə yalan ifadə verməyə məcbur qalması və nəhayət xaricə qaçmaq istəyi üzə çıxan Siminin əsas günahkar kimi mühitin mənzərəsini və münasibətlər sistemini yeni mərhələyə çıxarır. Balaca Termehin anası ilə xaricə getmək və yaxud atası ilə vətəndə yaşamaq seçimi arasında qalması finalı ikiləşdirməklə çıxış yolunu gələcək nəslin öz üzərinə qoyur.

19 fevral 2011-ci ildə əlli səkkiz ölkənin üç yüz səksən filminin iştirak etdiyi, Cəfər Pənahinin də jüri üzvü olub iştirak edə bilmədiyi 61-ci Berlin festivalında “Nader və Smin, boşanma” filminin ən yaxşı rejissor işinə görə “Qızıl ayı”, aktyorlarla (Leyla Hatəmi, Peyman Moadi, Sareh Bayat, Sərine Fərhadi, Ələsgər Şahbazi, Babək Kərimi) işə görə “Gümüş ayı” mükafatları qazanması sənətkarlığı tam təsdiqlənən Əsgər Fərhadinin ekran yaradıcılığına dünyəvi maraq qazandırdı. Çıxışında Mohsen Mahmalbafın müdafiəsinə nitq söyləyən Əsgər Fərhadinin sonda qazandığı “Qızıl ayı” mükafatını başı üzərinə qaldıraraq “Cəfər bu sənin üçündür. Əminəm ki, gələn dəfə yanımda olacaqsan!” xitabı fəaliyyətində mütərəqqi geosiyasi kinemotoqrafiyaya üstünlük verən Berlin festivalının ruhuna uyğun idi.

28 fevral 2011-ci il tarixində “Oqonyok” jurnalının səkkizinci sayındakı “Qadınlar azadlığı çox istəyirlər” məqaləsində Berlində Tatyana Rozenştayna müsahibə verərək: “Boşanma məsələsi daha çox qərb üçün aktualdır. Bizdə, İranda isə boşananlar müəyyən dərəcədə yarımçıq sayılırlar. Boşananlar cəmiyyətdə yerini tapmaqla, iş tapmayıb, yenidən ailə qura bilmirlər. Xüsusən qadınların vəziyyəti çətindir. Sanki onların cəmiyyətdə iki rolu var: ana qadın və ya fahişə olmaq. Hər ikisini qulun fərqli formaları saymaq olar. Birinci halda əsarət, cəmiyyətin qəbul etdiyi qanunlarla təsdiqlənir, ikinci də yox. Bu filmdə boşanma mövzusunu təkrarlamamaq üçün neytral mövqe tutmuşam. İctimai əxlaqa və ittihamlara hər gün müqavimət göstərən insanları ittiham etmək, əxlaq dərsi keçmək yox, insanların vəziyyətini göstərmək istəmişəm” deyən Əsgər Fərhadinin: “Görünür kişilərdən fərqli olaraq qadınlar arasında daha parlaq və maraqlı şəxslər tapa bilirəm. İranın orta zümrəsi var qüvvəsilə qərb cəmiyyətinin aktual təmayüllərinə yiyələnməklə modernləşmək istəyir. Azadlıq cəhdi qadınlarda xüsusilə güclüdür. Yəqin ona görə ki, onların mühiti bütün hüquqlardan məhrumdur. Onlar azadlığı daha çox istəyirlər. Bir sənətkar kimi ölkəmdə baş verənlərə baxmaq ağrılıdır. Axı nə vaxtsa mütərəqqiliyi ilə seçilən İran mədəniyyəti bütün dünya xalqlarını ilhamlandırırdı. Təəssüf ki, bu gün bu barədə unudurlar” fikirləri şərq mühafizəkarlığına müqavimətini bildirir.

18 iyun 2011-ci ilin “Arqumentı i faktı” qəzetindəki: “Əsgər Fərhadi: İran haqqındakı filmim Berlin mətbəxində doğuldu” məqaləsində İrina Şipilovanın “Nader və Simin, boşanma” filminin yaranışı barədə sualına: “Həmişə olduğu kimi işlər gözlənilmədən başlandı. O zaman Berlində dostumun filminə ssenari yazırdım. Mətbəxdə oturmuşduq, birdən qapının arxasından eşidilən İran melodiyasına çox təsirləndim.Təsəvvürümdə bir-birinə qarışan təsvirlərdən, hekayətlərdən qurtula bilmirdim. Nəhayət ki, İrana gedib bu filmi çəkməklə sakitləşdim” cümlələri intellektual kinonun tələblərini əxz edən sənətkarın fərdi üslub göstəricilərinin kulturoloji köklərə bağlılığını vurğulayır.

 

 

Aydın Dadaşov

 

525-ci qəzet.- 2011.- 6 avqust.- S. 15.