“Mətbuatdakı illərimi boşuna yaşamamışam, bunlar ən gözəl illərdi...”

 

RAUF ARİFOĞLU: “QƏZETÇILIK ARTIQ MƏNIM HƏYAT TƏRZIMƏ ÇEVRILIB,BU SAHƏDƏ YENI PLANLAR, INKIŞAF HƏMIŞƏ GÖZLƏNILƏNDIR”

 

Bu günlərdə “Yeni Müsavat” qəzetinin qurucusu və baş redaktoru, ölkənin ən nüfuzlu media təmsilçilərindən biri sayılan Rauf Arifoğlunun 45 yaşı tamam oldu. Milli Mətbuatımızın 136-cı ildönümünə təsadüf edən doğum günü həm də həmkarımıza Ali Media Mükafatı ilə təltif olunmağın sevincini yaşadıb. R.Arifoğluna daha bir sevinci isə qızı Aytən yüksək bal toplayaraq tələbə adı qazanması ilə bəxş edib. R.Arifoğlu “525”ə müsahibəsində, geridə qoyduğu 45 illik ömür yolundan danışıb, mətbuatımızın bugünkü durumuna, problemlərinə toxunub.

 

–Rauf bəy, ömrünüzün 45 ilini artıq arxada qoymusunuz. Bu yaşda insan özünü necə hiss edir?

– Düzü, bu barədə təhlil aparmamışam. Çünki buna nə vaxtım, nə həvəsim var. Sadəcə olaraq hiss edirsən ki, artıq ciddi bir yaşdır və ciddi bir mərhələdir. Bəzən gənclik illərinə xas olmayan hesablama sisteminə keçməyə məcbursan. Yəni gənclikdə sabahı, gələcəyi düşünmədən belə hər addımı atırsansa, indi düşünərək, hesablayaraq, ölçüb-biçərək addım atmağa məcbursan. Hardasa məndə bir neçə ildir ki, bu baxış sistemi formalaşıb. Amma 45 yaş tamam olan kimi xüsusi bir zənglə hansısa bir yeniliyin olduğunu deyə bilmərəm. Düşüncələrimdə, dünyaya baxışlarımda, fikirlərimdə elə bir yenilik, dəyişikliklər yoxdur.

– Doğum gününüzü necə qeyd etdiniz?

– Adətən doğum gününü dar çərçivədə qeyd etməyə üstünlük verirəm. Bu dəfə də elə oldu, ancaq ailəmlə bu günü keçirdik. Ad günümdə Türkiyədə idim. 40 yaşım tamam olanda yubiley kimi partiya rəhbərliyi, qəzetçi dostlarımla keçirmişəm. Yəni 45 illik həyatımda cəmi 3-4 dəfə daha geniş çevrə ilə ad günümü qeyd etmişəm. Qalan illərdə isə ailəmlə birgə olmuşam.

– Siz 45 ilin, demək olar, yarısını mətbuata həsr etmisiniz. Mətbuatda çalışan bir çox insanlar sonradan düşünürlər ki, əgər başqa sahədə çalışsaydılar daha yaxşı olardı. Yəni bir növ onlarda peşmançılıq hissləri yaranır. Siz bu barədə nə düşünürsünüz?

– Mən 22 ildir mətbuat sahəsindəyəm. Qeyd etdiyiniz kimi bu, az qala 45 illik ömrümün yarısını təşkil edir. Bundan çox məmnunam, xoşbəxtəm ki, illərimi məhz bu sahəyə həsr etmişəm və Allahımdan da çox razıyam ki, başqa sahə üzrə oxumağıma, başqa baza təhsili almağıma baxmayaraq, məni mətbuata gətirdi. Bu vasitə ilə mənə, ailəmə ruzi verdi, məni həm tanıtdı, həm də bir sənət verdi. Hesab edirəm ki, ötən illər ərzində Azərbaycan mətbuatında müəyyən qədər xidmətlərim olub. İndi də bu xidmətlərim var və ümid edirəm ki, gələcəkdə də olacaq. Düşünürəm ki, mətbuatdakı illərimi boşuna yaşamamışam, bunlar ən gözəl, ən məhsuldar illərdi. Allaha yalvarıb dua edirəm ki, bu imkanı, bu xidmətləri daha da artıq etsin.

– İllərinizi həsr etdiyiniz “Yeni Müsavat” qəzetinin sizin həyatınızda yeri və rolu nə qədərdir?

– “Yeni Müsavat” qəzetinin, təbii ki, həyatımda yeri çox böyükdür. Mənim üçün elə “Yeni Müsavat” qəzeti Rauf Arifoğlu adı qədər mənimkidir və şəxsi adım nə qədər həyatımın parçasıdırsa, o qədər də

 

“YENİ MÜSAVAT” MƏNİM HƏYATIMIN PARÇASIDIR.

 

Bu baxımdan da mənim üçün çox şeyi ehtiva edir. İkincisi, “Yeni Müsavat” ancaq övladlarımla müqayisə oluna bilər.

–Bu yaxınlarda Ali Media mükafatına layiq görüldünüz. Necə qarşıladınız bu mükafatı?

– Mən dostlarıma, bu mükafatı vermək təşəbbüsü qaldıran həmkarlarıma, media camiəsinə buna görə çox böyük təşəkkür edirəm. Bu olmasaydı da mən heç nə umub, gözləyən deyildim. Ali Media mükafatı mənim üçün əslində sürpriz oldu, yəni bunda xəbərim yox idi. İki gün əvvəl bu barədə məlumatım oldu. Əməkdaşlarım dedilər ki, tərcümeyi-halımı istəyirlər, maraqlandım nə məsələdir, bildirdilər ki, belə bir şey gözlənilir. Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov zəng vurdu, nə vaxt Bakıda olacağımla maraqlandı, mən də bildirdim ki, iyulun 26-da. Hətta mənsiz rəhbərlik etdiyim qəzetin direktoruna bu mükafat təqdim olunub. Bu mənim üçün önəmlidir, çox qiymətlidir və dostlarıma təşəkkür edirəm.

– Mətbuatda keçən 22 ildə nələrə nail oldunuz və nələri edə bilmədiniz?

– Edə bilmədiklərimiz və bilmədiyim əlbəttə, çox şeylər var. Çox planlarım həyata keçmədi, gerçəkləşmədi. Düşünürəm ki, bunun səbəbi də mənimlə bağlı deyil. Bu daha çox obyektiv səbəblərlə, ölkə ilə, atmosferlə, dünya və regiondakı proseslərin gəlişməsi ilə bağlıdır. Amma əldə etdiklərimdən danışanda ən əsası Azərbaycan media tarixinə, müstəqil media tariximizə adımı yaza bildiyimi qürurla vurğulamaq istəyirəm. Ən əsası isə 13 ildir ki, Azərbaycanın ən çox tirajlı, daha doğrusu, Güney Qafqazın ən çox tirajlı qəzetinə başçılıq edərək onun bu mövqedən geri çəkilməməsi üçün əlimdən gələni edirəm və bunu bacarıram. Ötən müddət ərzində “Yeni Müsavatı” qorumağı bacardım. Bu da etdiklərim içərisindədir. Gözəl bir kollektiv formalaşdırdım. Daha doğrusu, bir neçə media quruluşuna çata biləcək kollektiv formalaşdıra bildim. Azərbaycan mətbuatına çoxsaylı imzaların verilməsində, namuslu, dürüst, eyni zamanda istedadlı yazarların üzə çıxmasında hər halda hesab edirəm ki, az da olsa rolum var. Bu da məmnunedici faktlardandır. Yarım qalmış planlarımızı da inşallah ömrümüzün bundan sonrakı hissəsində Allah fürsət verərsə, həyata keçirməyə çalışarıq.

– “Yeni Müsavat” qəzeti bir zərurətdən meydana çıxmışdı. Həmin ərəfədə insanların qəzetə tələbatı çox böyük idi. İllər keçəndən sonra isə yeni qəzetlər yaranmağa başladı. Eyni zamanda son illər yeni media – internet mediası gündəmə gəlib. Bütün bunlar çap mətbuatına, o cümlədən “Yeni Müsavat”a, onun tirajına necə təsir edib? İnternet mediasının çap mediasını arxa plana keçirməsi fikirlərini bölüşürsünüzmü?

–”Yeni Müsavat”ın yaranması sovet hakimiyyəti dövrünə təsadüf edir. Biz onu gizli yaratmışdıq, ölkədə söz-mətbuat azadlığı yox idi. İnformasiya qıtlığı, ehtiyaclar var idi. Bu baxımdan qeyri-formal olsa da qəzeti böyük tirajla və böyük məbləğdə qiymətlə çıxarıb satırdıq və bütün xərclərimizi, məsrəflərimizi ödəyirdik.

İndiki məqamda, konkret 2011-ci ildə alternativ media, yəni İnternet mediası daha çox gündəmə gəlməyə başladı və Vikileks saytının məlum açıqlamalarından sonra isə alternativ mediaya maraq həddən artıq çoxalıb. Eyni zamanda Facebook sosial paylaşma şəbəkəsi gəncliyin bir hissəsini, ciddi siyasətçiləri, özünə ciddi yanaşan insanları məcbur edir ki, onlar da burada hesab açsınlar, bunun üçün isə kompüteri olmayanların kompüter almaq ehtiyacları yaranıb. Bu baxımdan biz bu gün özümüz özümüzün rəqibiyik. O mənada ki, bizim

 

İNTERNET VERSİYAMIZ ÇAP VERSİYAMIZA RƏQİBDİR.

 

Bunu öz dostlarımız da deyirlər. Mənim yüzlərlə tanıdığım insan var ki, son bir ildə onlar çap variantını oxumaqdan, ona pul verməkdənsə, onu İnternetdən oxumağa üstünlük verir. Düzdür, biz xüsusi xahiş edəndə qəzetimizi almaqda davam edirlər, amma bu bir faktdır. Bu bir prosesdir, tendensiyadır və davam edir. Amma bunun da yolları var. Məsələn, biz elə edirik ki, qəzetin özəl xəbərləri, əsas xəbərləri və manşet xəbərləri İnternet versiyasında bir gün sonra olsun. Bu baxımdan da tirajımızın yüksəkliyini hələ ki, qoruya bilirik. Başqa yollar da var, əgər çox kritik ehtiyac olarsa, onları da tətbiq edib, o üsullardan da istifadə etməyə cəhd göstərəcəyik. Gələcəkdə də buna hazırlıq görmək lazımdır. Amma bu o demək deyil ki, çap mediası tamamilə gündəmdən düşəcək və düşməkdədir. Onun gələcəyi yoxdur, bu cür söz- söhbətlər, məsələlər radio yarananda da, genişlənəndə də ortaya çıxıb ki, kağız-qəzetlərin sonu gəldi, televiziyalar yarananda bu xüsusi bir məsələ kimi müzakirə olunurdu ki, artıq qəzetləri sonu gəldi. Hər dəfə doğurdan da müəyyən mərhələdə qəzetlər geriləyib, tiraj itirib, amma sonradan naşirlər, qəzet sahibləri variant tapa biliblər. Qəzetləri maraqlı edərək bu günə qədər gətirə biliblər, biz də çalışırıq və məcburuq ki, bu barədə düşünək. Ağıllı, maraqlı gedişlər tapmışıq, hələ onları tətbiq edirik, eyni zamanda tətbiq etməkdə də davam edəcəyik və yeni üsulları da zaman-zaman, mərhələ-mərhələ həyata keçirəcəyik ki, çap mediası Azərbaycanda gözdən, nüfuzdan və tirajdan düşməsin.

–Bunu siz edəcəksiniz. Bəs ümumilikdə bu proses çap mətbuatına necə təsir edəcək?

–Düşünürəm ki, digər qəzet sahibləri də bunu edəcəklər. Ona görə ki, buna məcburdurlar. Bura insanların iş yerdir, özünü ifadə imkanlarıdır, həm də bu bir növ onların missiyalarıdır. Bəzən insan özü fərqində olmur, Allah ona elə bir yol açır ki, missiya həmin insanı özü dartıb aparır o yola, tapıntıya. Hesab edirəm ki, Azərbaycanda çap mediasının gələcəyi var və o bitməyib. Gələcək yüksək perspektivlərlə olmasa da, hər halda müəyyən perspektivlərlə bizi gözləyir. Üstəlik də hələ bizim qəzetlərimiz axı çox aşağı texnologiya ilə çap olunur. İmkan olacaq, inşallah bir-iki ilə yeni çap texnologiyası gələcək və onun ticari görüntüsü dəyişəcək. Yeni texnologiyalar əsasında çap versiyalarına aktual xəbərləri yükləyə biləcəyik. Önəmli xəbərləri, təhlilləri ora yerləşdirə biləcəyik. Yəni bu fərqliliyi yaratmaqla biz hətta elə edə biləcəyik ki, İnternet versiyalarımız və İnternet mediası bizim ənənəvi mediaya kömək etsin. Tiraj üçün oxucuları maraqlandırsın. Oxucular bir gün əvvəldən məlumat ala bilsinlər ki, sabah “Yeni Müsavat” qəzetində hansı maraqlı mövzuların getməsi gözlənilir və onlar bunu oxusalar nədən xəbər tuta biləcəklər, nəyi qazanacaqlar. Bunları inşallah biz yavaş-yavaş, mərhələ mərhələ tətbiq edəcəyik.

– “Yeni Müsavat” qəzeti sovet rejimi dövründə yarandı və indiyə qədər müxtəlif mərhələlərdən, çətinliklərdən keçdi. Bu mərhələlərin hansı sizin üçün daha yaddaqalan, maraqlı olub?

–Keçilən dövrü mərhələlərə bölmək ancaq belə əlamətdar, xüsusi günlərdə insanın yadına düşür. Biz həyatımızı o cür yaşayırıq ki, kənardan baxanlar üçün heyratəmiz görünə biləcək həyat tərzi bizim üçün adi prosesdir. Bu baxımdan mən əvvəlcədən bunu düşünməmişəm. Amma şübhəsiz ki, gənclik dövrünə aid mərhələ, məqamlar daha maraqlıdır, cəlbedicidir. Amma həm də ona görə ki, onlar şirin keçmişdir, xatirədir və artıq arxada qalıb. Əlbəttə ki, çox xoş və çox acı xatirələr də var. İrili xırdalı olaylar, hadisələr, fəlakətlər, müharibələr görmüş bir cəmiyyətin qəzeti özündə tarix olaraq nəyi əks etdirə bilirsə, onu da biz əks etdirmişik. Bu mənada bütün mərhələlər maraqlıdır. Çətinliklər olub, indi də asan deyil və az maraqlı da deyil.

– Bəs həyatda nəyin peşmançılığını çəkirsiniz?

– Bilirsiniz, peşmançılıq hissləri hər kəsdə olur. Xırda hansısa peşimançılıqlar olub, amma onu da nəzərə almaq lazımdır ki, nəsə baş veribsə, artıq geridə qalıb, peşmançılıqla yenidən onu qazana bilməyəcəksən. Sadəcə insan olanlardan düzgün nəticə çıxarmağı bacarmalıdır. Şükürlər olsun ki, həyatımda mənə böyük peşmançılıq yaradacaq hadisələr baş verməyib.

– Azərbaycan mətbuatı ötən ay 136 yaşını tamamladı. Siz mətbuatımızın gələcəyini necə görmək istəyirsiniz?

– Problemlər var, amma əsas məsələ budur ki, Azərbaycanda elə bir jurnalist, redaktor zümrəsi var ki,

 

ONLAR ZAMANIN SINAĞINDAN ÇIXIBLAR,

 

öz qəzetlərini, adlarını qoruya, onları bu günlərə qədər daşıya biliblər. Amma əgər gələcəkdə Azərbaycan mediası güclənəcəksə, indiki media sahiblərinin qoruyub buraya kimi gətirdikləri qəzetlərin bazası da güclənəcək. Yəni sıfırdan başlamaq ehtiyacını biz qoymadıq. Nələrisə elədik və nələrisə bu günlərə, növbəti nəsillərə təqdim edənə qədər gətirib çıxara bildik. Təbii ki, könül istərdi ki, vəziyyət daha yaxşı olsun, imkanlar daha geniş olsun. Ölkəmizin imkanlarına, sərvətlərimizin səviyyəsinə uyğun deyil Azərbaycanda medianın səviyyəsi və vəziyyəti. Çox istərdik ki, imkanlı və özünün xüsusi imkanı olan bir kütləvi çap mediasına sahib olaq. Söhbət təkcə “Yeni Müsavat”dan yox, kütləvi media, KİV vahidlərindən, 10-15 güclü qəzetdən gedir. Belə bir mediası olan cəmiyyət də güclü olardı. Biz problemli və çox ciddi gözləntiləri olan bir xalqıq. Dağlıq Qarabağ problemi var və bu münaqişənin gələcəkdə həlli ilə bağlı gözləntilərimiz var. Bu baxımdan da media özü də bir toparlayıcı institut kimi kritik anlarda, fəlakət, müharibə dövründə çıxış edir. Ona görə də çox istərdik ki, millətin inandığı ünvanların imkanları daha geniş olaydı. Təəssüf ki, hələ Azərbaycanda rəngli qəzet çap olunmur. Bu, çox acınacaqlı haldır. Eyni zamanda çap mediası reklamdan demək olar, gəlir əldə etmir. Gələcəkdə bu problemlərin həllini tapmasını istərdim.

– Bir müddət əvvəl dövlət qurumlarının reklamlarının çap mediasında bölünməsi təşəbbüsü gündəmə gəlmişdi. Amma bu elə təşəbbüs olaraq qaldı, sizcə, niyə həyata keçmədi?

– Mən bunun dəqiq səbəbini deyə bilmərəm, amma bu, baş tutsaydı, yaxşı olardı. Çünki əgər dövlət qurumları tərəfindən belə bir addım atılsa, onda özəl təşkilatlar da hərəkətə gələr. Bu gün “Yeni Müsavat” qəzeti reklamdan gəlir əldə etmir. Çünki reklam verən yoxdur. “Yeni Müsavat”ın satış qiyməti 40 qəpikdir. Biz başa düşürük ki, bu qəzetin həcminə, səhifələrinə görə bahadır. Amma başqa yolumuz da yoxdur. “Yeni Müsavat”ın əsas gəliri satışdan gəlir. Ona görə qiyməti bu həddə saxlamağa məcburuq.

– Yeri gəlmişkən, son vaxtlar “Azərbaycanda qəzet oxuyan yoxdur” ifadəsini tez-tez eşidirik. Bunu yalnız bayaq qeyd etdiyiniz İnternet mediası ilə əlaqələndirmək olar, yoxsa insanların artıq ümumən qəzetə marağı azalıb?

–Qəzet oxuyan da, o həvəsdə olan insanlar da var. Amma bəzi problemlər mövcuddur. Məsələn, yayım problemi, oxucuya çatdırma problemi və sairə. Problemlər həddən artıq çoxdur. Qəzet oxumaq istəyənlərə vaxtında, yerində və məkanında qəzetləri çatdırmaq mümkün olsa, əlbəttə ki, belə bir söz-söhbət də ortaya çıxmaz. Oxucuların müəyyən hissəsinin qəzetlərdən küsən vaxtları olub. Amma bu bütövlükdə “Azərbaycanda qəzet oxuyan yoxdur” anlamına gəlmir. Azərbaycan savadlı cəmiyyətdir və burda məcburi orta təhsil olması səbəbindən hamı qəzet, kitab oxuya bilir. Hələ sovet vaxtından bu cəmiyyətdə kitab, qəzet oxumaq əmsalı həddən artıq yüksək olub. İndi də belədir. Ən ucqar kənddə belə 50-60 qəzet oxucusu var. Sadəcə təəssüf ki, Azərbaycanda yayım, dağıtım sistemi elə də yüksək səviyyədə deyil. Əvvəlki poçtalyon sistemindən tutmuş yayım sistemi heç olmasa sovet sistemindəki kimi olsaydı, tirajımız 5-6 dəfə bundan yüksək ola bilərdi.

– Sovet sistemindən söz düşmüşkən, o zaman mətbuatın məlum missiyası var idi. Necə düşünürsünüz, bu gün mətbuatın əsas missiyası nədən ibarət olmalıdır?

– Mətbuatın indi əsas missiyası məlumatlandırmaqdır, digər missiyaları isə reklam etmək, əyləndirmək, maarifləndirməkdir. Yəni mətbuatın 4 missiyası var. Beşincisi yoxdur, olsaydı, media tarixçiləri bunu qeyd edərdilər. Bunların hamısı həyata keçirilməkdədir, amma Azərbaycanda ən çox ehtiyac olan dürüst, doğru xəbərlərin, birbaşa mənbədən alınan məlumatların verilməsidir. Bizim əsas missiyasız bundan ibarətdir. Bunu nə dərəcədə həyata keçirdiyimizi isə tarix, oxucular deyə bilərlər, biz isə ancaq iddia edə bilərik.

– Yeri gəlmişkən, son günlər mətbuatda Yazıçılar Birliyinin sədri Anarla, yazıçı Şamo Arif arasında olan qalmaqalın mətbuat səhifələrinə gətirilməsi birmənalı qarşılanmadı. Bəziləri bu mübahisəni dərc edən qəzetləri qınadılar, mətbuatın ziyalıları üz-üzə qoyduğunu bildirdilər. Bu məsələyə münasibətiniz necədir?

– Mən burda mətbuatda günah görmürəm. Çünki mətbuat ən müxtəlif maraqlardan çıxış edərək ən maraqlı məqamları, polemikaları, çəkişmələri vermək funksiyası daşıyır. Məsələnin mahiyyəti budur. Sadəcə olaraq bizim hörmətli ziyalılarımız gərək qarşıdurmaya, bəzi mərhələlərdə isə etik çərçivələri aşan ifadələrə getməyəydilər. Amma mən xüsusilə Şamo Arifi qınayıram. Çox yolverilməz, ölçüyə gəlməz dərəcədə qəbahətli ifadələr, iddialar səsləndirdi. Bununla o, bir az polemikanı, oyun qaydalarını pozmuş oldu. Digər tərəfdən, bu məsələlərdə cəmiyyət və qəzetlər, ziyalılar yalnız müşahidə mövqeyində durmamalıdırlar. Bəzən iştirakçı mövqe daşıyıcıları da olmalıdırlar. Çünki bəzən elə bir ziyalını, şəxsi elə bir insan hədəfə götürür ki,

 

BURDA SUSMAQ MÜMKÜN DEYİL

 

və bir az da milli davranmağa ehtiyac var. Milli davranmağa, milli nöqteyi-nəzərdən təhlil etməyə ehtiyac var ki, Anar kimdir, bu millətin toplumun həyatında hansı rolu oynayıb. Şamo Arif kimdir, onun bu millətin taleyində hansı rolu olub, yaxud iddiaları nədir və nə istəyir. Bunları təhlil etmək lazımdır. Bəzən təhlildən çıxış etmək lazım gəlir. Bu insanların hər ikisi bərabər səviyyədə millətin, cəmiyyətin tarixində rol oynamış olsaydılar, əlbəttə ki, bizim tərəf tutmağımız düzgün olmazdı. Amma bir məsələ var ki, mən bilirəm, Şamo müəllim Azərbaycanın nəyi varsa da, onu başqa bir etnik çevrəyə çıxmağa maraqlıdır. Dəfələrlə bu barədə mənimlə şəxsən söhbəti olub, mətbuata açıqlamaları, polemikalarımız olub. Polemikaların nəticəsindən tarixdə də müəyyən səhifələr, məqamlar qalıb. Amma yazıçı Anarla bağlı vəziyyət tamam başqadır. O hansısa siyasi düşərgəni dəstəkləyə bilər, amma heç vaxt Azərbaycan xalqının maraqlarından kənara çıxmayıb və ölkəmizin əsas əhalisinin etdiyi şeyləri, torpağını, insanlarını, şairlərini başqa bir etnosun adına çıxmayıb. Əksinə o, millət, türkçülük, türk dünyası üçün böyük işlər görüb. Anar Dədə Qorquddan yazıb, bunu əsərləşdirib, təbliğ edib. Şamo Arif isə Toran dədədən, öz dədəsindən yazıb. Bunların biri türkün dədəsi, digəri isə Şamo Arifin dədəsidir. Bu baxımdan müqayisə o qədər böyük və fərqlidir ki, – biri milli, digəri fərdi etnik planda –, o baxımdan ziyalılar da münasibət bildirmək zorunda və məcburiyyətindədirlər. Sadəcə ictimai qınaq, yaxud çevrə qınağı olsaydı, onda qarşı tərəf də özündə cəsarət tapıb bu qədər həqarətlərə yol verməzdi.

–Bu məsələlərin indi gündəmə gəlməsi sizcə nə ilə bağlıdır?

–Onu deyə bilmərəm. Bu proseslər başlayanda xaricdə olmuşam, ona görə mübahisəni doğuran səbəbləri deyə bilmərəm. Sadəcə ortaya çıxan səhnə xoşa gələn səhnə deyil. Xüsusilə də dediyim kimi özünü bir kiçik etnosa aid edən, –bəlkə də elə deyil-, hər şeyi o etnosun adına bağlayan bir insan görkəmli ziyalımıza əl və dil uzadırdı, cəmiyyət isə sakit şəkildə baxıb müşahidə edirdi ki, bunun sonu nə olacaq. Bu yaxşı hal deyil. Ziyalılarımız çox zaman lazım olan anda mövqe bildirməyiblər, bunu onların nədənsə çəkinmələri ilə izah etmək olar. Amma təkrar edirəm ki, bu kimi məsələlərdə susmaq mümkün deyil.

–Rauf bəy, bu günlərdə qızınız yüksək balla tələbə adını qazanıb. Yəqin ki, bu ad gününüzə ən gözəl hədiyyə oldu. Bu uğuru necə qarşıladınız?

– Qızım 630 bal toplayıb, düzdür biz daha yüksək nəticə gözləyirdik. Amma bu da uğurlu bir nəticədir. Böyük qızım Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsidir, onun nəticəsi daha yüksək idi. Qızım ixtisas seçimində hüquq və jurnalistika fakültəsini yazıb. Yəqin ki, jurnalistika fakültəsinin tələbəsi olsa, onun üçün bu sahəni öyrənməkdə heç bir problem yoxdur. Çünki ailədə ona bu sənətin sirlərini öyrədəcək insanlar var və mən çox sevinərdim ki, ailəmizdə bu sənəti davam etdirən olacaq.

– Bəs gələcəyə hansı planlarınız, arzularınız var?

– Xüsusi nələrisə planlaşdırmıram. Qəzetçilik artıq mənim həyat tərzimə çevrilib, bu sahədə yeni planlar, inkişaf həmişə gözləniləndir. Mən elə bunu bacarıram, başqa bir şey də bacarmıram. Mətbuatımızın səviyyəsinin yüksəlməsini istəyirəm. Ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllini, torpaqlarımızın düşməndən geri alınmasını arzulayıram. Bu isə hər bir azərbaycanlının arzusu və istəyidir.

 

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2011.- 6 avqust.- S. 18-19.