"Sərbəst"
pəncərə
Rəsul Rza-
“Ömrün birinci yüz ili” kitabına sözönü
Modern şeir məktəbinin qurucusu. Fəlsəfi-intellektual şeirin qüdrətli siması. Ədəbiyyat və mədəniyyətimizin böyük təəssübkeşi. Görkəmli ictimai xadim. Tarixin sınaqlarında müdhiş çətinliklərlə üzləşən əzabkeş nəslin nümayəndəsi. Və bu əzab-əziyyətləri özündə sinirərək dirçələn, əzəmətli çinar kimi ucalan etalon şəxsiyyət. Və hər müstəvidə Rəsul Rza adlı bu şəxsiyyətin ömür “naxışı” olan mübarizə.
“Mən nə istəyirəm”?
Gündüzlər aydın olsun,
Gecələr qara olsun;
ay doğana kimi.
Hər şey bol olsun-
yaqutdan soğana kimi.
Şeir
də bol olsun,
Ancaq təsbeh dənəsi kimi
bir-birinə bənzəyən
şeirlərdən
yaxa qurtarmağa
bir imkan,
bir yol olsun.”
Bu Yol uğrunda
30-cu illərdən mübarizəyə
başlayan Rəsul Rza 50-ci illərin sonlarında müasir Azərbaycan poeziyasının
təməl istiqamətlərindən
olan modern şeir məktəbini formalaşdırmağa
müvəffəq oldu.
Amma onu birmənalı şəkildə modernist adlandırmaq düzgün olmazdı. Fikrimizcə, Amerika modernist şeirinin banilərindən olan Tomas Eliot haqqında tədqiqatçıların işlətdiyi “modernist, eyni zamanda, tradisionalist və klassisist” təyinləri Rəsul Rzaya da şamil edilməlidir. Çünki Eliot kimi, Rəsul Rza şeiri də yeniliklə bir neçə poetik ənənənin vəhdətindən yaranır.
Yeri gəlmişkən, bir məsələyə də toxunmağı vacib bilirik; bəzən Rəsul Rzanın sərbəst şeir quruculuğunda Qərb və rus şairlərinə isnad etməsi barədə mülahizələr səslənir. Lakin onun yaradıcılığı da, sərbəst şeir barədə nəzəri fikirləri də bu əsassız mülahizələri rədd edir. “Kanonları pozaraq” adlı məqaləsində ustad — ““Dədə-Qorqud” dastanındakı şeir parçalarının hamısı sərbəstdir. Bu şeirlər sərbəstin ulu babası kimi gəlib bizə çatıb” — deməklə isnad etdiyi yolu bəlirləyir. Və şəksiz bir həqiqətdir ki, Rəsul Rza türkdilli Azərbaycan şeirinin zamanın qumsallığında batan yolunu yenidən fəth edərək ona ikinci həyat vermişdir.
Təbii ki, zəngin mütaliə sahibi kimi o, Uitmen və Apollineri də, Pol Elüar və Tomas Eliotu da, Aleksandr Blok və Mayakovskini də yaxşı bilirdi. Hətta Türkiyə modern şeirinin nəhəngi Nazim Hikmətlə qardaş və arxadaş idi. Bununla belə, o sərbəst şeirə ciddi poetik sistem kimi baxan bu sənətkarlardan ayrılırdı. Çünki məqsəd, sadəcə, Azərbaycan poeziyasını dünyanın yeni şeir axınları ilə qovuşdurmaq deyildi. Təməl prinsip milli şeiri ənənəvi ölçülərdən azad etməklə vəzn, qafiyə çərçivəsində sıxılan Sözün, poetik fikrin hüdudlarını genişləndirmək idi. Və yeni şeirin qurucusu “əlhavasına” hərəkət etmirdi. 50-ci illərdə qələmə aldığı “Kanonları pozaraq” adlı məqalədə sərbəst şeirin konseptual əsaslarını, nəzəri modelini, qayda-qanunlarını da müəyyənləşdirmişdi. Aşağıdakı iqtibasdan da göründüyü kimi, bu, Azərbaycan ədəbi dilinin poetik imkanlarına və milli poeziya ənənələrinə əsaslanan özümlü bir modeldir.
“Sərbəst şeir hər şeydən əvvəl ənənəvi qafiyə sistemini, donmuş ölçüləri, bəndin məcburi formalarını və arxitektonikasını rədd etməklə meydana çıxır.... Bununla belə, Azərbaycan sərbəst şeiri qafiyəni tamamilə rədd etmir. Əksinə, sərbəst şeirdə iki, üç, dörd, beş və daha çox misra ardıcıl qafiyələnə bilər. Eyni zamanda, bir neçə misra qafiyələnməyə bilər, yaxud, həmqafiyə misraların arasında iki, üç, dörd, beş qafiyələnməyən misra gələ bilər.
Deyilənlərdən aydın olur ki, sərbəst şeir bütün qaydalardan azad olmaq demək deyil. Hər şey fikrə, məzmunun konkret ifadəsinə, ritmə tabedir. Sərbəst şeir poetik fikrin tam, təbii və sadə ifadəsi üçün böyük imkanlar açır. Şeir əlavə bəzək-düzəksiz, poetik olmalıdır. Qafiyə o zaman lazımdır ki, poetik fikrin daha qabarıq ifadəsi onu tələb etsin. Ölçü kimi bənd də fikri buxovlayır, poetik orqanizmə bir çox lüzumsuz, gərəksiz şeylər gətirir.
Qafiyə və ya ölçü poeziya illüziyası yarada bilər, forma etibarilə oxucuların diqqətini cəlb edə bilər, lakin poeziyadan məhrum olan fikrə poetik ruh verə bilməz. Bir sözlə, poeziya qanuniləşmiş ölçü və ya qafiyə deyil, fikrin, hissin, qavrayışın poetik ifadəsidir ki, bu da başqa komponentlərlə birlikdə sözü şeirə çevirir.”(Rəsul Rza: Seçilmiş əsərləri, Bakı-2002)
lll
Rəsul Rza yaradıcılığı milli poeziyada seyrək rastlanan süjetli şeirin mədənidir. Təəssüf ki, bəzən araşdırıcılar poetik süjetlə nəsr süjetini eyniləşdirərək şairin “Bəxtiyar”, “Sarı dana və balaca qız” kimi müəyyən şeirlərini misal gətirməklə kifayətlənirlər. Halbuki, poetik süjet əhvalatları dinamik inkişafla bir-birinə bağlayan nəsr süjetindən fərqli olmaqla, rəngkarlıq süjetlərinə daha yaxındır. Populyar ifadəylə desək, poetik süjet hisslərin, duyğuların süjetidir, fikirlərin rabitəsidir.
“Qara bir gündə
yaralı bir ölkənin üstündə
dikəldi qüvvətdən sərxoş,
qan ləkəli bayraq.
Günəşli bir gündə
qəzəbli bir ölkənin üstündən
endirildi ölüm kölgəli bayraq.
Qollarını geniş-geniş
açdı insan,
Qucaqlaşdı günəş,
hava, torpaq.”
Bir məmləkətin süqut,
dirçəliş, əsarət və istiqlal tarixini əks
etdirən “Azadlıq” adlı bu kiçicik şeirin
bütöv bir əsər təəssüratı
yaratması da məhz duyğuların, fikirlərin rabitəsiylə
təmin olunub. Ümumiyyətlə, süjetlilik Rəsul Rza
poeziyasının ümumi xassəsidir və əksər
şeirlərinə monumental tamlıq verən bu xassəyə
görə o, iyirminci əsr Türkiyə şeirinin korifeylərindən
olan Fazil Hüsnü Dağlarca ilə bir
müstəvidə dayanır.
lll
Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı mövqeyi yalnız poeziyada yeni məktəb yaratması ilə məhdudlaşmır. Geniş ədəbi-tənqidi fəaliyyəti ilə o, ümumi ədəbi prosesin inkişafı üçün də böyük işlər görüb. Yeniliklə mühafizəkarlığın, nəsillərin fikir toqquşması ilə ideya axınlarının, mövzu, dil-üslub təzələnməsi ilə cilvəli qrafomanlığın çulğaşdığı 60-70-ci illərdə bu yöndə daha intensiv qələm çalaraq obyektiv, cəsarətli yazıları ilə mühitin və ədəbi prosesin durulmasında yaxından iştirak edib.
Bu dövr həm də ədəbi prosesdə peşəkar yazıçı tənqidinin (Mir Cəlal, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mikayıl Rəfili-yeri gəlmişkən, qeyd edək ki, sərbəst şeirin nəzəri əsaslarının hazırlanması da məhz Rəfilinin xidmətidir — Cəfər Xəndan, Anar, Elçin, Kamal Abdulla və s.) fəallaşması ilə fərqlənirdi və bu sahədə ən fəal iştirak edən yazarlardan biri də Rəsul Rza idi.
“Tənqidimiz haqqında bəzi qeydlər” məqaləsində o, tənqidi iki qismə bölərək yazırdı: “Tənqid iki cür olur. Mən “olmalıdır” demirəm. Təəssüf ki, “olur”deyirəm. Bunlardan biri, sadə dildə desək, düzünəqulu tənqiddir. Yəni, açıq-aydın, əmmasız. O birisi rəviyyəçi tənqiddir. Yəni, sözün bazarına baxan, yazdığı məqalədən şəxsi mənfəət gözləyən, sözlərini, fikirlərini dolayısı ilə deyən tənqiddir”. (Rəsul Rza: Seçilmiş əsərləri, Bakı-2002)
Təbii ki, Rəsul Rza şəxsiyyəti üçün əbədi meyar düzünəqulu tənqid idi və onun tənqidi baxışları yalnız içində olduğu dövrü deyil, ümumi Azərbaycan ədəbiyyatını əhatə edirdi.
Nizami, Nəsimi, Mirzə Fətəli Axundov, Sabir, Cəfər Cabbarlı kimi dahi klassiklər, əsrdaşları olan Cavid, Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Bəxtiyar Vahabzadə kimi parlaq simalar onun düşüncə süzgəcində süni rənglərdən, pafosdan arınaraq gerçək ədəbi qüdrətində təqdim olunurdu.
50-60-cı illərdə ədəbiyyata gələn gənc yazarlar isə bütöv bir nəsil olaraq Rəsul Rzanın xüsusi diqqətində idi. Birmənalı demək olar ki, o, qayğı və təsdiqə ciddi ehtiyacı olan həmin nəslin ən böyük hamisiydi.
Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Məmməd Araz, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Vaqif Nəsib, Mövlud Süleymanlı, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə (Bayatlı Odər), Çingiz Əlioğlu, Abbas Abdulla, İltifat Saleh, Vahid Əziz, Rövzət, Şəkər Aslan, Eyvaz Borçalı, ...
Gəlişləri ilə ədəbiyyata yeni nəfəs gətirən bu gənc yazarlar haqqında yazdığı məqalələrdə (“Ümid və arzular”, “Əli Kərim haqqında söz”, “Duyğuların izi ilə”, “Fikrət Qoca haqqında”, “Durna günü”, “Geniş yollara çıx”, “Ramiz Rövşən”, “Uğur olsun, Abbas”, “İki şair haqqında”, “İstedad+zəhmət+dözüm”, “Qayğı sözü və qayğı özü”, “Dəyirman dərdi”və s.) Rəsul Rza onlara sadəcə, “uğurlu yol” yazmaqla kifayətlənmirdi. Yeni nəslin istedad və cəsarətini, yenilik axtarışlarını və ədəbiyyata nə verə biləcəklərini müdrik sənətkar təhlilindən keçirir, həm də tez-tez üzləşdikləri mühafizəkar hücumlardan qoruyurdu. Və bu elə də adi iş deyildi. Təkcə iki misal çəkmək kifayətdir ki, o, Mövlud Süleymanlının “Dəyirman” povestini kəskin hücumlardan müdafiə məqsədilə yazdığı “Dəyirman dərdi” məqaləsinə görə yüksək çinli partiya funksionerləriylə, Əli Kərim, Ələkbər Salahzadə, İsa İsmayılzadə və Fikrət Qoca haqqındakı “Qayğı sözü və qayğı özü” məqaləsinə görə isə Süleyman Rüstəm, Nəbi Xəzri, Qabil kimi nüfuzlu ədiblərlə qarşı-qarşıya gəlməli olmuşdu.
lll
“Ol nə bilir bu rəmzi kim, zənnü güman içindədir.”
Qeybdən ruhuna süzülən bu əsrarlı sözləri yazanda Nəsimi şeirlərindəki məcazi dilə, təsəvvüf simvollarına işarət etmişdi. Təsadüf elə gətirdi ki, klassik poeziya nəhənginin fəci taleyi də, yaradıcılığı da doğma vətənində yüz illər zənnü gümanlar, fərziyyələr içində görünməz qaldı.
1969-cu ildə Sovet nümayəndə
heyətinin tərkibində Suriyaya səfər edən Rəsul
Rza Hələb şəhərində laübalı sirrin izinə
düşərək şairin məzarını tapdı. “Hələb
şəhərinin tarixinə
aid materiallar” kitabından
isə edam tarixini dəqiqləşdirdi. Sonrakı səfərlərdə
ərəbcə yazdığı
“Divan”ını da əldə edərək Azərbaycana gətirdi.
O vaxta qədər Azərbaycan oxucusunun üç dildə mükəmməl Divan yaratmış
(Azərbaycan, fars və ərəb dillərində)
dahi şairlə tanışlıq fürsəti
yalnız iki mənbə hesabınaydı;
bu mənbələr Nəsimi adlı şairi vətənində
ilk dəfə tanıdan
böyük ədəbiyyat
fədaisi Salman Mümtazın “Seyid İmadəddin Nəsimi” və 1962-ci ildə “Uşaqgəncnəşr”in çap
etdiyi “Nəsimi: Seçilmiş əsərləri”
topluları idi. Hər iki topluda
şairin yalnız Azərbaycan və fars Divanlarından
müəyyən nümunələr
verilmişdi. Ərəbcə
yazılan, qəzəl,
qəsidə və rübailərdən ibarət
9 min sətirlik ən
böyük Divanın
Rəsul Rza tərəfindən aşkarlanmasıyla
Nəsimi Azərbaycan
ədəbiyyatında tam əzəmətiylə
bərqərar oldu.
Rəsul Rza Divanı gətirməklə kifayətlənməyərək
dahi şair haqqında bir neçə məqalə
yazdı. Həmin məqalələrdə Nəsiminin indiyə qədər çap olunmuş şeirlərindəki
çoxlu yanlış
və xətaları,
katiblərin səhvlərini
ərəb mətni əsasında, müəyyən
qismini isə, xüsusən, məşhur
“Ağrımaz” qəzəlini
özünün poetik-dəmir
məntiqi ilə bərpa etdi.
Ümumən, onun gözlənilməz tapıntısıyla Nəsiminin
taleyi və yaradıcılığı üzərindən
sirr pərdəsi götürülməklə ədəbiyyatımızda
və nəsimişünaslıqda
böyük dönüş
başladı. İsa Muğannanın “Məhşər” romanı
(bir qədər sonra bu roman əsasında “Nəsimi” filmi çəkildi), Qabilin “Nəsimi” poeması kimi ədəbi və ekran əsərləri də məhz bundan sonra yarandı.
Yeri gəlmişkən bunu da deyək ki,
İraqda yaranan türkdilli ədəbiyyatın,
xüsusən, ağız
ədəbiyyatının Azərbaycana
gətirilməsində və
tədqiqində də
Rəsul Rzanın xüsusi xidmətləri olmuş, bu sahədə həm şəxsən, həm də folklorçu alim Qəzənfər Paşayevlə birgə çox əhəmiyyətli
işlər görmüşdür.
lll
İyirminci əsr dünya poeziyasının əfsanələrindən olan məşhur Çili şairi və ictimai xadimi Pablo Neruda Nobel mükafatı mərasimində həyat, yaradıcılıq və mübarizə yolundan bəhs edərkən demişdi: “Mən ağır bir yol seçdim,... cəmiyyətdə öhdəmə düşən ən çətin, ən qaba işləri belə öz poeziyamın tərkib hissəsi kimi yerinə yetirdim.” Görkəmli Azərbaycan şairi və ictimai xadimi Rəsul Rza da müasiri, poeziya cığırdaşı Neruda kimi çulğaşıq bir yol keçdi; parlaq şair taleyini xalqının taleyüklü qayğılarından ayırmadı. İntəhasız təxəyyülündən yeni-yeni əsrarlı şeirlər, poemalar doğura biləcəyi vaxtı o böyük qayğıların həllinə sərf etdi. Və 70-ci illərin ortalarında ictimai düşüncəni calxalayan “yaşıl cildli Ensiklopediya” hadisəsi də bu qayğılar sırasında baş verdi.
On cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə rəhbərlik edən Rəsul Rza birinci cildin tam milli ruhda hazırlanmasına müvəffəq oldu. Qədim Azərbaycan xəritəsi, Qarabağ haqqında məqalə, həmçinin, digər fakt və tarixi sənədlərin nəşrə daxil edilməsi, nəhayət, üst qapağın simvolik işarəylə — yaşıl rəngdə verilməsi o rejimdə rəşadətə bərabər idi. Hərçənd ki, bu rəşadət redaktorun cəzalandırılıb Ensiklopediyadan kənarlaşdırılması və nəşrin bütün nüsxələrinin yığılıb ləğv olunmasıyla nəticələndi. Buna rəğmən, “yaşıl cild”dəki gerçəklər ağızdan-ağıza ötürülərək tarixindən, mənəvi dəyərlərindən ayrı salınmış xalqın milli yaddaşının dirçəlişinə böyük impuls verdi.
Şeirlərinin birində “Mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında” — deyən Rəsul Rza üçün mübarizə gündəlik həyat proqramı idi və bu proqramda ana dili müstəsna yer tuturdu. Tarixdən bir fakt:
1939-cu ildə-repressiyaların hələ səngimədiyi bir dönəmdə Azərbaycan Sovet Yazıçılar İttifaqında xüsusi dil müşavirəsi keçirilir. İttifaqın sədri Rəsul Rza müşavirədə “Azərbaycan dilinin bugünkü vəziyyəti və gələcək vəzifələri” adlı əsas məruzə ilə çıxış edir. Lakin çıxış məruzədən çox ittihamnamə kimi səslənir. Natiq hakim ideologiyanın əsas ruporu olan “Kommunist”, “Gənc işçi” kimi nüfuzlu qəzetləri, “Ədəbiyyat qəzeti”ni, “Maarif və mədəniyyət” jurnalını dili rus, ərəb-fars sözləri ilə zibilləyərək ona qarşı “mülkədar ağayanalığı göstərməkdə” ittihamlayır. Və hədəf yalnız mətbuat deyildi, ədəbiyyat, tərcümə, dilçilik və digər elm sahələri, həmçinin, Azərbaycan dilinin praktik şəkildə işləndiyi bütün sferalar məruzəçinin kəskin tənqidləri ilə üzləşir.
“Anamın laylası olmasa,
təəssüf etməzdim bir də
yatıb yuxudan ayılası olmasam”
— deyərək ana dilinə ana laylası, millətinin Ana Kitabı kimi baxan Rəsul Rza ömrü boyu dilin təəssübünü çəkmiş, ictimai nüfuzunu, deputat mandatını, yazıçı qələmini və yanar ürəyini səfərbər etməklə Azərbaycan dilinin saflaşması, xəlqiləşməsi mövqeyinin möhkəmlənməsi uğrunda Səməd Vurğun, Mirzə İbrahimov, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə kimi milli məfkurəli qələm yoldaşlarıyla çiyin-çiyinə mübarizə aparmışdır.
Özünün
yaratdığı yüzlərlə yeni söz hesabına
dilin zənginləşməsində də onun əməyi
böyükdür və demək olar ki, artıq çoxu
gündəlik leksikona daxil olan söz
yaradıcılığına görə o, zamandaş Azərbaycan
yazarları arasında şəriksiz bir
mövqeyə sahibdir.
lll
1500 illik Azərbaycan poeziyasında Füzuli bir yoldu, Nəsimi bir yoldu, Vaqif, Vurğun bir yoldu, Sabir bir yoldu. Və Rəsul Rza da bir yoldu. Bir də var bu yolla gedənlər. Özü yol olanlar az, o yolla gedənlər çoxdu. Rəsul Rza azların içindədi. 80 ildi o yola baxıb gedirlər.
Ümumazərbaycan poeziyası mərhələ-mərhələdi və bu mərhələlərdən birini sərbəst şeirimizin böyük ustadı Rəsul Rza aparır. “Pəncərəmi açdım sabaha, gördüm, qatar-qatar insanlar keçib gedir” deyən ustadın açdığı pəncərə çoxlu qələm adamlarının yolunu işıqlandırır. Və poeziya adlı sonucsuz bir yolda Sözün gücünü, işığını, sehrini, insanda insan oyatmağın sirrini axtaranlar üçün bu işıq əbədidi.
Bəsti Əlibəyli
525-ci qəzet.- 2011.- 6 avqust.- S. 20;
21.