Oralarda kimlər
var: Yazar ailələr
Müsəllim Həsənov
– publisist, Şəhla Nağıyeva – pedaqoq-tərcüməçi
Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailəri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasınız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram: dünyaca məhşur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib: ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.
Şükürlər Allaha ki, mənim
bu proyektimin sahibləri nə işlə məşğuldular
özləri də bilirlər.Və düşünürəm
ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma
bunların da ən qorxulu tərəfi, birinin
yazısını o birisi bəyənməməsi və
inkarlığıdır.
Ailədə
bir oğlan, iki qız böyüyür.
– Yuxarıdakı mənim təxminim olan “belə mehriban ailələrdən biri” ifadəsinə münasibətiniz?
Müsəllim: Ey böyük şair, ey böyük Tofiq Abdin! Sən uzun müddət Türkiyədə yaşayandan sonra azəri türkcəsində yazanda durğu işarələrinə qətiyyən əhəmiyyət vermirsən. Mən isə, bildiyin kimi, həmişə sənin bu adətinin əksinə olmuşam. Ona görə də sualdakı dırnaq işarəsini atmaqla həmin ifadənə münasibətim normaldır...
Şəhla: Problemlərlə dolu olan bu həyatda bu fikrin hər bir ailəyə aid edilməsini ürəkdən istəyirəm. Məncə, ailə elə mehriban olmalıdır.
– İlk dəfə harda və nə vaxt tanış olmusunuz?
Müsəllim: Biz, demək olar ki, gözümüzü açandan, adamları tanımağa başlayandan tanış olmuşuq. Zarafat bir yana, eyni kənddə, qonşu evlərdə doğulmuşuq. Bir məktəbdə oxumuşuq. Sadəcə, Şəhla xanım məndən bir neçə sinif aşağıda oxuyub. Yəni tanışlığımızın tarixi qədimdir. Amma bu tanışlığın ailə qurmaq səviyyəsinə qədər qalxması sonrakı illərə təsadüf eləyib.
Şəhla: Mən isə tanışlıq tariximizi bir neçə mərhələyə bölərdim: qonşu kimi gözümüzü dünyaya açandan, məktəb yoldaşı kimi Şiştəpə kənd orta məktəbinə gedəndən, həyat yoldaşı kimi isə iyirmi beş il öncə.
– Ailə
quranda sizə mane olan vardımı?
Müsəllim:
Yox, bizə mane olan olmayıb. Hər halda mən
belə bilirəm, bəlkə də kimsə və ya kimlərsə
mane olmağa cəhd göstərib, amma biz onu nə
bilmişik, nə də hiss etmişik. Elə
ona görə də 25 ilə yaxındır ki, bir yerdəyik.
Şəhla:
Mənim də yaddaşımda bu məsələyə vaxtilə
mənfi münasibət bəsləmiş bir kimsə yoxdur.
– Hər
halda siz indiki həyat yoldaşınızla evlənəndə
bilirdiniz ki, o da yazar dünyasının insanıdı və
açığını deyək ki, jurnalist qadınlara
baxış bir az ayrı cürdü. Ortama baxıb bu sualı verirəm. Məntiqsiz çıxırsa, üzr istəyirəm.
Mənə elə gəlir, məni başa düşərsiz...
Müsəllim:
Biz evlənəndə Şəhla xanım yazar
dünyasının insanı deyildi. O, orta məktəbdə
ingilis dilindən dərs deyirdi. Amma ingilis dilindən
Azərbaycan dilinə və əksinə ədəbi nümunələr
tərcümə etdiyindən xəbərim var idi. Ona görə də mən o vaxtlar ona yazar qadın
kimi yox, savadlı qadın kimi baxırdım. Sonralar, biz
evlənəndən sonra tərcümə sahəsində elmi
tədqiqat apardı, dissertasiya müdafiə elədi və ədəbi
tərcüməyə bir az da
yaxınlaşdı. Yəni əgər o, bu
gün yazar qadındırsa, onun da “günahkarı”
özüm olduğum üçün inciməyə və
günahkar axtarmağa dəyməz. Amma hər halda tərcümə
işi yaradıcılığın digər sahələrindən
fərqli olaraq qadını evdən çox da
uzaqlaşdırmır...
Şəhla:
Biz ailə quranda hələ mən yazı-pozu adamının
problemlərindən xəbərsiz idim. Jurnalistin
qəzet çap olunan günlərdə evə gec gəlmələrinə
isə yavaş-yavaş alışmalı oldum.
– İlk uşağınız olana qədərki
dövrlə, uşaq doğulandan sonrakı vaxt nə ilə
fərqlənir?
Müsəllim:
Bizdə bu məsələ çoxdan, lap çoxdan
olduğu üçün çox şeyi xatırlamıram. Amma hər halda fərq böyük idi, səhv etmirəmsə.
Bir fakt yadımdadır ki, cavan vaxtı stolun
üstündə ya yarımçıq yazı vərəqlərim
qalırdı, ya da sonradan oxuyacağım, atılması məsləhət
bilinməyən qəzetlərim. Anaları
belə kağızların mənim üçün çox
vacib olduğunu və toxunulmazlığını uşaqlara
balaca yaşlarından anlatmışdı. Ona görə də hələ dil açıb
normal danışa bilmədikləri halda hər cür kağızı
atmazdan, cırmazdan əvvəl mənə göstərirdilər
ki, bunu atmaq olarmı? Bu da yazı-pozudan
başı çıxan xanımın uşaq tərbiyəsindəki
fövqəladə rolundan xəbər verir, məncə.
–
Çox vaxt siz ikiniz də evdə olmursunuz. Belə vaxtlarda
uşağınıza kim baxır və
vaxtı necə bölürsünüz?
Müsəllim:
Bu da bizim üçün keçilmiş mərhələdir.
Amma uşaqlar balaca olanda yadımdadır ki, o
vaxtkı – sovet uşaq bağçaları dadımıza
çatırdı.
Şəhla:
Uşaqların tərbiyəsində valideyn kimi səhvimiz
olmadığını da demək olmaz. Onların
hər birinin musiqi və rəsmə böyük
marağı olmasına baxmayaraq biz vaxt tapıb onları dərnəklərə
apara bilməmişik. Hətta bəzən
kiçik yaşda olsalar da, onları bir-birinin
qayğısına etibar edib evdə tək qoyduğumuz vaxtlar
da olub. Bu anlarda Allah onların
yardımçısı olub.
– Ən çox incik gününüz nə vaxt olub? Nə
üstündə? Küsəndə necə
barışırsınız?
Müsəllim:
Bir məşhur televiziya tamaşasında deyildiyi kimi, “mən
belə provakasion suala cavab verməyəjəm”...
Şəhla:
Belə hallar qaçılmazdır. Küsüşməyimizin
və barışmağımızın konkret tarixi və səbəbi
yadımda deyil. Hər halda səbəbindən
və şəraitindən asılı olaraq gah mən, gah da
həyat yoldaşım barışıq üçün
addım atmışıq və atırıq. Ən azından ailədə əhval-ruhiyyənin
korlanmaması və uşaqların tərbiyəsi xatirinə.
–
Yaradıcılıq və uşaqlarınızın tərbiyə
məsələsini necə qurmusunuz? Uşaqlarınızla
çoxmu vaxt keçirirsiniz?
Müsəllim:
İndi uşaqlar, maşallah, böyük olduqlarından bu
suala da keçmiş zaman formasında cavab verəcəyəm.
Uşaqların tərbiyə məsələsini
onlar lap uşaq olandan Şəhla xanım öz üzərinə
götürmüşdü. O, müəllim və
pedaqoq idi axı! Ona görə də belə məsul işi
qəzet işində işlədiyinə görə adətən
evə gec gələn qeyri-pedaqoqa etibar etməməkdə
çox düzgün iş görüb. Amma mən
də evə çox vaxt gec gəlməyimə baxmayaraq
uşaqlar yuxarı siniflərdə oxuyanda rusların məşhur
“Çto? Qde? Koqda?”
intellektual oyununun nisbətən sadə suallarını
toplayıb evə gətirirdim və evdə yarış təşkil
edirdim. Ona görə də oğlum və böyük
qızım ali təhsilli mütəxəssis
kimi məsul işlərdə çalışsalar da boş
vaxtlarını hələ də belə intellektual
yarışlara sərf etməkdən ləzzət alırlar.
Şəhla:
Təəssüf ki, uşaqlar balaca olanda onlara çox vaxt
ayırmağa imkanımız olmurdu. Amma onların sabahkı
dərsə hazırlıq məsələsini yoxlamaq mənim
üzərimə düşürdü...
– Həyat
yoldaşınızdan bir valideyn və bir qələm sahibi
kimi razısızmı?
Müsəllim:
Təbii ki!
Şəhla:
Müsəllimin qələminin gücünə dünyada hər
şeydən çox inanıram. Elə buna görə də
yazılarımı kənar oxucu gözü ilə oxumaq
üçün ona verəndə böyük məsuliyyət
hiss edirəm.
– Ailə
qayğılarınızı necə bölürsüz?
Müsəllim:
Evin əsas texniki işləri, eləcə də
çöl-bayırla bağlı problemləri mənim
çiynimdədir. Qalan bütün məsələlər
– məsələn, uşaqların hardan gəlib hara getməsindən
tutmuş xörək bişirilməsinə qədər
bütün “daxili problemlər” xanımın səlahiyyətindədir.
Şəhla:
Zahiri baxımdan bu qayğıları bölüşsək də,
hər cür qayğını hər ikimiz hiss edirik və
birlikdə həll etməyə çalışırıq.
– İkili imza ilə yazınız
çıxıbmı və bu yazı nə yazıdı?
Müsəllim:
2006-cı ildə “Adi və qeyri-adi Amerika” adlı
kitabımız ikili imza ilə nəşr olunub. Bu kitab bizim Amerika Birləşmiş
Ştatlarına birgə səfərimizin məhsuludur. Qısa məzmunu “Okeanın o tayındakı həyat
tərzinə Azərbaycanlı baxışı” olan bu kitab Təhsil
Nazirliyi Elmi-Metodik Şurasının qərarı ilə tədris
vəsaiti kimi nəşr edilib. Bu isə o deməkdir ki,
həmin kitabdan ali məktəblərin
Amerikanşünaslıq ixtisasının tələbələri
bəhrələnə bilirlər. Birgə işimizə belə
tədris vəsaiti statusu verilməsi, təbii ki, Azərbaycan
Dillər Universitetinin dosenti kimi xanımın xidmətidir...
Şəhla:
Ötən il yenidən dörd ay Amerika
Birləşmiş Ştatlarında yaşamışıq.
Ola bilsin ki, kitabın yeni və geniş variantını
çapa hazırladıq...
– Ailəvi
bayramlarınız hansılardı və onu kimlərlə
keçirirsiniz?
Müsəllim:
Övladlarımızın ad günləri bizim daimi ailəvi
bayramımız sayılır və həmin bayramları
çox azsaylı dairədə – bir neçə dost ailə
ilə birlikdə qeyd edirik. Hətta o dostlarda həmin
günə hər hansı tədbir düşürsə ad
gününü bir-iki gün irəli-geri çəkməklə
dostlarla qeyd etməyi üstün tuturuq. Bir
də uşaqların hər hansı uğuru – hansısa
yarışmada qalibiyyəti və ya hansısa imtahandan
uğurlu nəticə göstərməsi həmişə
bizim ailəvi bayramımız olub.
Şəhla:
Mən də bu fikirlərlə razıyam.
–
Xanım əfəndi, siz həyat yoldaşınızdan nə
soruşmaq istərdiniz?
Şəhla:
İyirmi beş illik ailə həyatımızda
hələ ki, cavabsız qalan və soruşulmamış sual
qalmayıb və bundan sonrakı həyatımızda yaranacaq
sualların da cavabının olacağını əminliklə
deyə bilərəm.
– Bəy əfəndi,
siz xanımınızdan nə soruşmaq istərdiz?
Müsəllim:
Ey böyük şair, vallah indi heç nə soruşmaq
fikrim yoxdur. Amma suallar olur və onları hələ ki,
xanımdan çəkinmədən soruşa bilirəm...
lll
NOT:
Olanı bu.Əlimdəki şəxsiyyət vəsiqəsinə
görə yaxınlarda yetmiş yaşım olur.Bütün
tay-tuşlara,həmkarlara bu yaşı arzu edirəm.Və ən
önəmlisi 70 yaşın ilk təbriki sevimli Xalq
şairimiz, əski Millət vəkili,xalqımızın
sevimlsi ZƏLİMXAN YAQUB bəy əfəndidən gəldi.Çox
dəyərli bir təbrik.İlahidən hörmətli
şairimizə cansağlığı,can
sağlığı və yenə də
cansağlığı arzu edirəm.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 6 avqust.- S. 23.